Kulis.az Qismətin yeni şeirini təqdim edir.
Tiranın çıxışına ətək qeydləri.
Tiranın nəğməsiz səsi
əks-səda verdikcə yer üzündə,
bircə yerdə rahatlıq var sözün doğrusuna – ürəkdə.
Xəbərlərin yara sarğısı kimi dəyişdiyi günlərdə
anladım ki,
necə ki, mətnin həqiqəti yarımçıq görünəndə,
başqa mənbələr nişan verilir ətək qeydlərində,
ürək sözləri də ətək qeydləridir, təsəvvür edilən mətnə.
Tiran gələcəkdən danışanda paradoksa düşür,
çünki yalnız şanlı keçmişə tərif deyir,
kreslosunun rənginə düz gələn faktlarla qürrələnir.
Əslində sabahları sürətlə azalır deyə,
keçmişdən möhlət istəyir, heç olmasa, yuxarı faizlə.
Poeziyanı sevmir tiran – sözlərin çoxmənalı demokratiyasını.
Əgər bacarsaydı, dağıdardı, ancaq tuta bilmir
sözlərin minalar – məcazi mənalar basdırılmış torpağını.
Tiran rəqəmləri sevir,
cədvəlləri, soyuq statistikanı;
çünki rəqəmlərdə gizlətmək asandı insan həyatını.
Tiran istehzayla deyir: bütün xalqlar müstəqildir,
yəni ki, onlar kimə təslim olacaqlarını özləri seçir...
Sonra hava sahəsinin bağlanmasından danışır,
ancaq yanılır.
Çünki günəşin qızıl darağı
eyni cür darayırsa hamımızın saçını,
göyü bağlamaq mümkün deyil.