Qalib Arif
Dostum Tofiq Mamedovla göruşəndə biz yalnız kriminal hadisələrdən, detektiv hekayələrdən danışmırıq. Beynəlxalq siyasətdən tutmuş, bazarda meyvə-tərəvəzin qiymətinə qədər, hər sahəyə baş vururuq. Dostum peşəkar milis işçisi, təcrübəli hüquqşünas olmaqla bərabər, əsil ziyalıdır, çox savadlı, geniş dünya görüşlü adamdır.
Zarafat deyil, Moskva milisində 25 il işləyib, sahə müvəkkilindən şöbə rəisinə qədər şərəfli və çətin bir yol keçib. Amma bu çətin yolun eniş və yoxuşlarında da bircə gün oxumağından, öyrənməyindən qalmayıb. Özu də zarafatla deyir ki, bu, «Moskovskaya şkola»dır, mən indi də gündəlik qəzetləri vərəqləməsəm çörək yeyə, axşam xəbərlərinə baxmasam yuxuya gedə bilmirəm.
Artıq altıncı onilliyi yola salmaqda, pensiyada olsa da, səhər idmanından qalmadığı kimi, oxumaqdan, öyrənməkdən də qalmır. Hətta mən ona kriminal aləmlə bağlı suallar verəndə xoşuna gəlmir, deyir məgər mən başqa sahələri bilmirəm?! İstəyirsən dünyanın yaranmasından, ya da dinozavrların yox olmasından danışaq, mənimçün fərqi yoxdur.
Mən də bir dəfə dostumu sınamaq üçün məni çox düşündürən, faktiki olaraq, sosial sifariş olan sualı verdim. Soruşdum ki, özlərini ekstrasens, öncəgörən adlandıranlar indi yağışdan sonra çıxan göbələk kimi artır. Onlara inanmaq olarmı, bunun bir elmi, dini əsası varmı?! Deyəsən, televiziyada, mətbuatda Zirəddin adlı ekstrasens haqqında məlumat yayılan vaxtlardı, hamı ondan danışırdı. Dostum bu dəfə də sualdan yayınmadı, başladı, nə başladı...
- Deməli, ekstasenslərin, öncəgörənlərin əsaslandığı və elm adlandırdığı astrologiyadır ki, bunun da nə dini, nə də elmi əsası yoxdur. Çünki astrologiya əvvəlcədən yazılan taleyə, yəni alın yazısına əsaslanır, bu da islama və xristianlığa tamamilə ziddir və hətta kafirlikdir…
- Kafirlikdir? - Qeyri-ixtiyari sual verirəm.
- Bəli, kafirlikdir. Çünki islamın və xristianlığın, ümumiyyətlə səmavi dinlərin əsasında qiyamət günü, cənnət və cəhənnəmlə bağlı inanclar durur. Yəni sən bu dünyada etdiklərin üçün nə vaxtsa, hardasa cavab verməli olacaqsan. Doğrudur, bu fərziyyəni elmi cəhətdən izah etmək çətindir, amma əsas onun mənəvi tərəfidir. İslamın da, xristianlığın da mənəvi dəyərləri – günah etməmək və qadağalara əməl etmək bu inanclara söykənir. Alın yazısına inanmaq isə bütün bu inancların üstündən xətt çəkmək cəhdidir.
- Hansı mənada?
- Elə bütün mənalarda. Ən azı qiyamət günü sorğu-suala tutulanda deyə bilərsən ki, mənim heç bir günahım yoxdur, alnıma nə yazılıbsa onu da etmişəm. Odur ki, bütün səmavi dinlər yazılı tale məsələsini rədd edir. Yəni Allah insana ağıl verir, peyğəmbər, kitab göndərir, deyir yaşa, amma ağılla yaşa, şeytana uyma. Bir sözlə, alın yazısının dini cəhətdən heç bir əsası yoxdur və ola da bilməz.
- Bəs elmi cəhətdən?
- Elmi cəhətdən astrologiya elm deyil, sözün əsil mənasında, cəhalətdir. Bu, qədim dövrlərdən başlayan və insanların avamlığı səbəbindən bizim dövrlərə kimi gəlib çıxan bir cəhalətdir. Qədim dövrlərdə fırıldaqçılar bu yolla pul qazanırdılar, adlarını da münəccim qoyurdular. İndi isə özlərinə astroloq deyirlər, amma ad dəyişsə də, mahiyyət dəyişmir.
Bu barədə Molla Nəsrəddinin bir ibrətamiz lətifəsi də var. Deməli, günlərin bir günü Əmir Teymur Mollanı yanına çağırır, deyir: «Sən ağıllı adamsan, camaatı da yaxşı tanıyırsan, gərək mənə yaxşı bir münəccim tapasan. Amma münəccim səhv etsə, sən başını itirəcəksən».
Teymurun qabağında kim söz deyə bilər? Molla da deyir baş üstə. Səhəri gün arvadını götürüb gəlir Əmirin hüzuruna. Teymur soruşur, nə məsələdir, bu zənən kimdir? Molla deyir bu, mənim arvadımdır. Əmir mat qalır, lap ayağa qalxır. Molla izahat verir: «Teymur sağ olsun, mən gecə göyə baxıb desəm ki, yağış yağacaq, bizim arvad mütləq deyir yağmayacaq. Yağış ya yağır, ya da yağmır. Mən desəm ki, gün çıxacaq, arvad deyir, çıxmayacaq. Gün də ya çıxır, ya çıxmır… İndi sözümün canı odur ki, münəccimlik bir adamın işi deyil. Biz arvadla ikimiz işləsək, hər şeyi əvvəlcədən deyə bilərik və səhv etmərik».
Teymur ağıllı adammış, başa düşür ki, kişi haqlıdır, Allahın işinə qarışmaq olmaz. Odur ki, Mollaya yaxşı ənam verir, münəccimin əvəzinə isə özü fikirləşir.
- Bəs onda insanlarda astroloqlara, ekstrasenslərə inam hardandır? Axı, indi camaat avam deyil, qəzet oxuyur, televizora baxır.
- Kaşpirovski yəqin yadındadır, televiziya ilə camaatı müalicə edirdi - bu, kütləvi psixozdur. Amma əvvəlcədən təşkil olunan və idarə olunan bir psixozdur. Məsələn, Moskvanın baxımlı telekanallarında mütəmadi olaraq «Ekstrasenslərin yarışı» keçirilir. Əslində bu, teatrlaşmış şoudur. Cəmiyyətdə ekstrasens kimi ad çıxarmaq istəyən şəxslər bu şouları maliyyələşdirirlər.
Guya adama baxıb taleyini deyirlər, guya şəklə baxıb yiyəsinin nədən öldüyünü deyirlər və s. Belə verilişlər günlərlə, bəzən həftələrlə çəkir. Rusiya da böyük ölkədir, bu verilişlərə milyonlar baxır. Axırda bir nəfər, yəqin ki, ən yaxşı sponsor tapan ən yaxşı ekstrasens elan olunur. Sonrası da baxır bu şəxsin imkanına, fərasətinə, kütlə psixologiyasını bilməyinə. Fərasəti, imkanı olan Moskvada, ya başqa böyük şəhərdə ofis açır, reklam edir, camaatı cəlb edir və başlayır «ekstrasens» işləməyə. Yəni falçılıq və həkimlik etməyə.
Bu günlərdə mətbuatda, televizorda adı hallanan biri var, Moskvadan gəlib, deyəsən, Zirəddindir. Bax bu şəxs həmin qəbildəndir. Bakıda buna deyirlər, yaxşı sən ekstrasenssən, bir qabiliyyətini göstər. Deyir Bakıda məni gözləri götürmür, çünki mən əsil ekstrasensəm, Moskvada «Ekstrasenslərin yarışı»nda qalib gəlmişəm. Vəssalam…
- Axı, bu yarışlarda iştirak etməyən, amma bu sahədə işləyənlər də çoxdur?!
- Bəli, təəssüf ki, belədir. «Ekstrasenslərin yarışı» bu sahədə populyar olmağın, yəni müştəri yığmağın yollarından biridir. Başqa yollar da var, amma bu, yolların hamısı televiziyadan, mətbuatdan keçir. Burda vəziyyət, təxminən şou-biznesdəki kimidir – toy tutmaq, pul qazanmaq istəyirsənsə, gündəmdə olmalısan.
- Axı, ekstrasenslər bəzən, faktiki olaraq, ilk dəfə gördükləri insanın kimliyi və problemləri haqqında məlumat verirlər?
- Bu da şoudur. Məlum olduğu kimi, ekstrasenslərin qəbuluna bir-iki gün əvvəl yazılırlar. Bu müddətdə də onların koməkçiləri, asisentləri müştəri haqqında müəyyən məlumatlar toplayır. İndiki internet və informasiya texnologiyaları dövründə bu çətin məsələ deyil. Avropanın bütün ölkələrində, artıq Rusiyanın özündə də vətəndaşlar haqqında məlumat bazaları var. İnternetdə ad, familiyanı verməklə, bütün məlumatları almaq olar. Amma əsas bunlar da deyil, əsas müştərinin psixologiyasını bilmək, onun qəlbinə girməkdir. Yaxşı ekstrasens bilir ki, müştərinin cibinə aparan yol onun qəlbindən başlayır.
- Axı, Nostradamus, Messinq, Vanqa kimi beynəlxalq səviyyəli ekstrasenslər, öncəgörənlər olub…
- Tamamilə düz deyirsən, bunlar beynəlxalq səviyyəli dələduzlardır. 2012-ci il 21 dekabr, «Dünyanın sonu» məsələsi bunu bir daha sübut etdi. Sadəcə olaraq, onları məşhur etməkdə maraqlı olan qüvvələr var. Nostradamusun məktublarını fransızlar elə yozurlar ki, bu cür hətta çobanı da dahi etmək olar. Məsələn, Nostradamus XVI əsrdə yazır: «Ağ qurdlar qara gəminin canına daraşacaq və bu, gəminin sonu olacaq». XX əsrdə isə onu belə yozurlar: «Nostradamus beş yüz il bundan əvvəl xəbər vermişdi ki, nüvə raketləri dünyanı məhv edə bilər».
Amma Nostradamusun XX, XXI əsr haqqında öncəgörmələrini gizlədirlər. Məsələn, Nostradamus yazmışdı ki, 2010-cu ildə dünya müharibəsi başlayacaq və bütün Avropa məhv olacaq. Hanı dünya müharibəsi, bəs niyə başlamır?! Onun məktublarında Frankonun, Hitlerin, Stalinin adlarına gəlincə, bunun saxtakarlıq olduğu artıq sübut olunub. Bu adlar sonradan, XX əsrdə əlavə olunub. Əgər, bunlar əvvəlcədən vardısa, Nastradamus yazmışdısa, niyə beş yüz il səsi çıxmırdı?!
Messinq və Vanqa isə XX əsrdə yaşayıblar, faktiki olaraq bizim müasirlərimizdir. Messinqi deyilənə görə, hətta Stalin qəbul etmişdi. Amma beş dəqiqədən sonra peşman olub xudahafizləşmişdi. Onu hətta dələduz kimi Sovet İttifaqından qovmuşdular. Vanqanın görüşünə isə Brejnevi aparmışdılar. Amma bu görüş də beş dəqiqədən çox çəkməmişdi.
Yəni böyük, ağıllı adamlar qarşılarındakının dələduz olduğunu dərhal hiss edirlər və artıq vaxt itirmək istəmirlər. Vanqa haqqında sənədli film də çəkilib. Bu filmin başlanğıcında onun yaşadığı şəhərin meri çıxış edir, deyir Vanqa dahi idi, kor olsa da, yanına gələnlərin kimliyini, nə istədiyini həmən hiss edirdi. Sonra Vanqanı göstərirlər, insanları qəbul edir. Hər birinin üstünə qışqırır ki, sən kimsən, nə istəyirsən?
İndi hansına inanasan – gördüyünə, ya eşitdiyinə? Deyilənə görə Vanqa qarı son dövrlərində özü də öz qabiliyyətinə inanmağa başlamışdı, hətta o dərəcədə harınlamışdı ki, çoxdan ölmüş ölülərdən dirilərə salam gətirirdi... Bələ, bəli, deyirdi ki, birinin babasının, o birinin isə atasının ruhu övladlarına salam göndərir…
- Yaxşı, bu adamları ucaltmaqda, dünyaya tanıtmaqda məqsəd nə idi?!
- Bütün dələduzların və onların arxasında duranların, fərqi yoxdur, istər yerli, istər də beynəlxalq miqyasda olsun, bir məqsədi var: insanları aldatmaq və pul yığmaq. Məsələn, elə Vanqanı götürək. Bolqarıstanın ucqar bir kəndində doğulan və anadangəlmə kor olan bu savadsız qadın öncəgörən, ekstrasens kimi dünya şöhrəti qazanmışdı.
Deməli, bunda maraqlı olan, pul buraxan qüvvələr vardı. Məqsəd nə idi? Məlum olduğu kimi, Vanqa məşhur olduqdan sonra gündə hardasa 50 adamı qəbul edirdi (ayda mindən çox edir), yanına da yalnız məşhur, imkanlı adamlar gəlirdi. Qazandığı pullar da yaşadığı şəhərin büdcəsinə gedirdi. Deyilənə görə, söhbət milyonlardan gedirmiş və həmin dövrdə bu pullar kiçik şəhərin büdcəsi qədərmiş. Düşünürəm ki, məsələ aydındır, əlavə şərhə ehtiyac yoxdur…