[b]“AST” Telmanın 50 yaşlı aktrisaya seks təklifi edən qohumu - HEKAYƏ[/b]

[b]“AST” Telmanın 50 yaşlı aktrisaya seks təklifi edən qohumu - HEKAYƏ[/b]
21 iyun 2017
# 15:54

“AST” Telmanın 50 yaşlı aktrisaya seks təklifi edən qohumu

Son vaxtlar Moskva qəzetləri Telman İsmayılovdan yaman yazırlar: onun tam müflis olmasından, ona qarşı cinayət işi qaldırılmasından və s. Dostum Tofiq Mamedovla da bu barədə danışırıq, soruşuram ki, nə məsələdir, İsmayılova qarşı əməlli-başlı kampaniya gedir?! Tofiq acı-acı gülümsəyir ki, bəli elədir, yıxılan ağacın baltalanması prosesi gedir. Balta vuranlar da Moskvada da kifayət qədərdir...

Dostum bir siqaret çıxarır, yandırır, tüstüsünü həlqə-həlqə ağzından buraxır. O, yalnız fikirli olanda belə edir. Bilirəm, odur ki, müdaxilə edirəm:

- Sən Moskvada uzun illər işləmisən, yaşamısan, yəqin Telman İsmayılovla şəxsən tanışsan?!

Tofiq səssizcə başını tərpədir, pencəyinin sol qolunu azca geri çəkib biləyindəki qızıl “Omega” saatını göstərir, “onun hədiyyəsidir” deyir.

- 90-cı illərin əvvəlləri idi, bütün İttifaqda ara qarışıb məzhəb itmişdi. Yuxarıda demokratlarla partokratlar hakimiyyət uğrunda didişir, aşağıda adi adamlar bir qarın çörək uğrunda mübarizəyə girişirdilər. Bakıda artıq 20 Yanvar baş vermiş, qırmızı qərənfillərin faciəsi gerçəkləşmişdi. Fürsətdən yararlanan, Bakıda qəbir gülləri statusuna qədər qiymətdən və hörmətdən düşmüş qərənfilləri Moskvaya daşıyıb varlanan işbazların gəlhagəli idi. Həmyerlimiz Telman İsmayılov da belələrindən biri, bəlkə də birincisi idi, Moskvada gül alverinə girişmişdi. Mən onda Moskvada Qorki (indiki Tver) rayon milisində rəis müavini idim. “Belorus” dəmir yolu vağzalı və eyni adlı metro stansiyası bizim rayonun inzibati ərazisində yerləşirdi. “Belorus” metro stansiyasının arxasında kiçik bir gül bazarı vardı, burda bizim uşaqlar gül satardı. Eşitdiyimə görə, bazarın müdiri (onda belə deyilirdi) İsmayılov əslən azərbaycanlı idi, amma onu şəxsən tanımırdım. Günlərin bir günü bu İsmayılovun vəkili mənə müraciət etdi, onun adından bir yerli kimi kömək istədi. Dedim, məsələni araşdırım, bir “zondlama” aparım, baxarıq.

Deməli, Moskva teatrlarından birinin uğursuz aktrisalarından biri “Belorus” metro stansiyasının arxasındakı gül bazarında öz premyerası üçün bahalı qızılgül buketi sifariş vermişdi. Amma aktrisanın adı yox, yaşı çox olduğundan buketin pulunu verən tapılmamışdı və satıcı ilə alıcı arasında konflikt yaranmışdı. Aktrisa bahalı buketi, faktiki olaraq, havayı almaq istəmiş və qarşı tərəfin haqlı müqaviməti ilə üzləşmişdi. Nəticədə aktrisa qarşı tərəfi təhqir etmiş, onları “Moskvanın çörəyini yeyib moskvalılara şıllaq atan” məlum ev heyvanı ilə müqayisə etmişdi. Təbii ki, qarşı tərəf də borclu qalmamışdı və əməlli-başlı qarşıdurma yaranmışdı. Qarşı tərəfdən canfəşanlıq edənlərin biri də bazarın müdiri İsmayılovun bacısı, ya da qardaşı oğlu idi. Aktrisa da məhz ondan Milis idarəsinə şikayət etmiş, gül almağa gələrkən bazarda pozğun satıcılarla qarşılaşdığını, seksual təkliflər aldığını ərizəsində göstərmişdi. Xülasə, məsələ “bir buket qızılgül”ün miqyasından çıxmış, xeyli təhlükəli hal almışdı.

Dostum deyir bir xeyli fikirləşdim, əvvəl həmin şikayətçi aktrisanı dəvət etdim. Xanımın xarici görünüşü, uğurlu rolları, anşlaqları barədə (Moskvada hamı teatra gedir) bir-iki yüngül komplimentdən sonra mətləbə keçdim. Dedim, xanım, siz cavan görünsəz də, 50-ni keçmisiz, amma sizə seksual təklif edən satıcının heç 30 yaşı yoxdur, bildiyimə görə, sizin qızınızla yaşıddır. Onun dayısı Moskvada tanınan, imkanlı adamdır, artıq yaxşı bir vəkil də tutub. Siz mənə deyin görək, Moskva kimi bir yerdə cavan, yaraşıqlı bir gəncin anası yaşda qadına seksual təkliflər etdiyinə məhkəməni inandırmaq olarmı? Həm də siz bütün Moskvada tanınmış, məşhur aktrisasız, bu lazımsız səs-küy, adınızın mətbuatda hallanması sizə lazımdırmı?! Mənim təəccübümə rəğmən, xanım mənə diqqətlə qulaq asdı, sözlərimlə razılaşdı, amma sonda qayıtdı ki, bunu belə qoymaq olmaz, axı, onlar məni təhqir ediblər. Dedim qələt ediblər, artıq səhvlərini başa düşüblər. Siz zəhmət olmasa, rəisin adına bir ərizə yazın ki, onları bağışlayırsız, artıq şikayətçi deyilsiz. Onlar da həmin buketi, yox, cərimə kimi ikisini sizin evinizə gətirərlər və Moskvanın ən böyük aktrisalarının birindən üzr istəyərlər. Aktrisa iki qızılgül buketi haqqında söhbəti eşidəndə gülümsədi, amma dedi, evimə yox, bazar günü tamaşadan sonra teatra, mənim adıma gətirsinlər. Razılaşdıq, xanım barışıq ərizəsi yazdı və getdi.

Bir neçə gündən sonra İsmayılovun vəkili qəbuluma gəldi. Mənə konvertdə yerlimizin adından pul gətirmişdi. Onu əvvəlcədən də tanıyırdım, abrını ətəyinə bükdüm, dedim Telmanla biz azərbaycanlıyıq, qürbətdə yaşayırıq, bir-birimizə kömək etməyə borcluyuq. Amma İsmayılov əl çəkmədi, şəxsən zəng etdi, məni ofisinə dəvət etdi. Yerliyik deyə getdim, həm də şəxsən tanış olmaq istəyirdim. Ofisi Belarus vağzalının yaxınlığında, “Malaya Qruzinckaya” küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 3 otaqlı mənzildə yerləşidi.

O vaxt indiki cah-cəlal yox idi, amma mühafizəsi, katibəsi vardı. Məni gülərüzlə qarşıladı, xeyli söhbət etdik (Azərbaycanca salamlaşsaq da, rusca danışırdıq). Yerevan konyakı ilə şokolad nuş etdik, üstündən də ətirli “Pele” kofesi içdik. Ayrılanda dedi sənə qardaş, bir yurddaş (“zemlyak”) kimi bir hədiyyəm var, qoy Telmandan Tofiqə yadigar olsun.

Etiraz etmədim, mənə üstü şəkilli kağız paketin içində bir qutu verdi. Evdə açdım, Telman İsmayılovun “ekstrasensliy”inə heyrət etdim. O vaxt eşitmişdim ki, Mixail Qorbaçov ağ qızıldan “Omega” taxır. Mən də istəyirdim... Amma qara bazarda 2-3 min dollar (indiki kursla 7-8 min) idi...

...Dostum sönmüş siqaretini yandırır, sonra bir xeyli saatına baxır. Xəyala dalır...

Daha sonra köks ötürərək əlavə edir: “Bax, bu “Omega” həmən “Omega”dır.”

# 6587 dəfə oxunub

Müəllifin son yazıları

# # #