Ana bir tərəfə çəkir, qız bir tərəfə DUSTAQ SÖHBƏTLƏRI

Ana bir tərəfə çəkir, qız bir tərəfə DUSTAQ SÖHBƏTLƏRI
20 fevral 2014
# 14:58

Kulis.Az Qalib Arifin “Zindan” hekayəsini təqdim edir.

Yaddaşımın kəbəsindən asılan qara daş kimidir bu xatirələr. Müqəddəs olduğu qədər də ağırdır mənə... Üstündən illər keçsə də, keçib gedən illərlə getmir bu xatirələr. Döyür, döyür yaddaşımın pəncərəsini... «Pəncərə»ni açmaq istəyirəm - əssin Bakının xəzrisi, aparsın dərdi-səri...

Qanun keşikçisi ağır dəmir qapını açır. Paxıl adamın qəlbi kimi pas atmış qapı çətinliklə açılır. Mən də tərəddüd edirəm. Bu, qanun keşikçisini qane etmir və o, vəziyyətə aktiv müdaxilə edir. Yıxılmamaq üçün qapıdan tuturam. Zəif olmasam da, zərbənin ağırlığından güclə özümə gəlirəm. Qıl körpüdən keçirəmmiş kimi kövrək addımlarla içəri keçirəm. “Cəhənnəm» qapısı” gurultu ilə arxamca bağlanır.

3x4x3 ölçülü beton kameranın içindəyəm. Şükür edirəm ki, bu dünya üç ölçülüdür. Döşəmə uzununa yarıya qədər, eninə o baş buş yerdən bir metr aralı taxtdan ibarətdir. Qapını saymasaq «qapalı» sistemdir. Qapının gurultusu kamerada bərabər paylanır, bu sistemdəki ətaləti pozur. Taxtın üstündə uzanmış adamlar hərəkətə gəlir. Altı nəfərdirlər, məni məndən əvvəl görüblər. Salamımı alırlar, zemlyak (üzdə «zemlyak», dalda «çernoj...»), keç otur, deyirlər, «girdin qaba, oldun yeməli». Söz fəlsəfəsinin qanası halda deyiləm. Ayaqqabılarımın bağını çıxardıqlarından kövrək addımlarla irəli gedirəm, bir əlimlə də şalvarımın belindən tuturam ki, düşməsin. Burada kəmər taxmağa da icazə verilmir.

Həmtalelərim sıxlaşıb mənə yer verirlər. Dəri gödəkçəmi quru taxtanın üstünə atıb üstündə uzanıram. Ən əvvəl taleyin zərbəsindən pozulmuş fikirlərimi sahmanlamaq istəyirəm. Bəxtimdən taleyimə uzanan simin harada qırıldığını bilmək istəyirəm. Anadan azərbaycanlı doğulandamı? Ya güləşi atıb Tümenə gül satmağa gələndəmi? Yerli azərbaycanlılarla yerli ermənilər arasında münaqişə düşəndəmi? Mən də bu münaqişəyə qoşulandamı? Millət sözü danışan erməninin ağzını dartıb cırandamı? Qanun keşikçiləri məni «cinayət başında» yaxalayandamı? Sonra gətirib bura salandamı? Sahmana salmaq istədiyim sahmansız fikirlərin içində itib batıram. Əlimi qara qrafitə salmağım, sonra ağ kağıza basmağım, ağ kağızda qalan qara barmaq izlərim gözlərimin önündən getmir…

Gözlərim yumulu olsa da, yuxuda deyiləm. Ayıq olsam da, ayıq düşünə bilmirəm. Yuxu ilə ayıqlıq arasında «bitərəf zona»da uzun müddət uzanıb qalıram. Açılanda cırıldayan, bağlananda guruldayan dəmir qapının səsi, deyəsən, məni real həyata bağlayan yeganə vasitə olur. Hər dəfə qapı guruldayanda yerimin daraldığını hiss edirəm.

Yox, məncə, ancaq qapının səsi yox. Sol tərəfimdə uzanan saqqallı kişi (bilmirəm, onun saqqalı əvvəlcədən diqqətimi cəlb etmişdi, ya sonradan görmüşdüm, xatırlamıram) sanki bunu sübut etmək üçün tez-tez «ürəkdən» öskürür. Həm də elə ürəkdən öskürür ki, bu zaman dəmir qapının səsi «musiqi» təsiri bağışlayır. Qonşum, deyəsən, mən tərəfə çevrilir.

Çünki, bu dəfə ürəkdən gələn səsləri boğazdan gələn damcılar müşayiət edir. Səksənib gözlərimi açıram. Saqqallı arıq kişi ağzını alnıma dirəyib xorna çəkir. Geri çəkilirəm, əlimi alnıma çəkirəm. Damcılar realdır, hələ deyəsən, içərilərində «qırmızı»ları da var. Dəhşətə gəlirəm, sağ çiynimin üstünə çevrilirəm. Sağ qonşumun yaxın keçmişdə qırxılmış, indi tüklənməkdə olan başı az qala ağzıma girir. Keçəl fonda keçəl yaraları aydın görünür. Uzanmağın daha mümkün olmayacağını anlayıram. Durub otururam. Tərin «dabanımdan» töküldüyünü” (uzanan yerdə bu, sadəcə olaraq, mümkün deyil) indi hiss edirəm. Kamerada təcrübə kamerasında olduğu kimi istidir. Və buranın təcrübə kamerasından fərqli, öz özəllikləri var. Tütün tüstüsündən baş çatlayır, tüstü tavandan sallanır, «dumanlı dağlar» illüziyası yaradır. Mənə elə gəlir ki, tüstünü pambıq kimi gödəkcəmin içinə doldurub üstündə yata bilərəm. Amma, əvvəl isti köynəyimi çıxarıram (dəri gödəkçə ilə yun köynək az qala Tümenin simvoludur), tüstü dolu havadan bir «qullab» vurub kameranı müşahidə etməyə başlayıram. Ən əvvəl diqqətimi cəlb edən həmtalelərimin iki dəfə artması olur. (Dəmir qapı nahaq yerə açılıb örtülmürmüş.) Taxtın üstündə az qala, bir-birinin «içinə» girib on iki nəfər uzanmışdı. Aralarında tamam soyunub, bir alt tumanında yatanlar da vardı. İki nəfər də ayaq tərəfdə oturub mürgü vururdu. Bunlara, sadəcə olaraq, uzanmağa yer yox idi.

Görəsən, saat neçədir? Adətim üzrə saatıma baxıram. Biləyimdə saatın yeri ağarır. Burda saat taxmağa da qoymurlar. Vaxtın qiyməti olmayan yerdə saatın da əhəmiyyəti yoxdur - düşünürəm. Fikir verirəm ki, taxtın üstündə uzananlar da hamısı yatmayıb. Mənim sağdan ikinci qonşum, kosa, çəpgöz oğlan (ilahi, adamın nə qədər eybi olar, ona hətta yaş vermək mümkün deyil) divarın dibində oturub. Əllərini də kəmərdən (əgər, kəmər olsaydı - deyirəm) aşağı salıb, qoturunu qaşıyır. Əlləri çox aktiv işləyir, xartıltısı «saqqal»ın xorultusundan bərk gəlir. Eyni zamanda ağzı da aktiv işləyir - dil boğaza qoymur. Mən on beşinci adamı ancaq indi görürəm. Dediyim kimi, döşəmənin uzununa yarısını taxt tutur, o biri yarısı boşdur. Bu boşluq beton divarla sərhədlənir. Bu sərhədin sağ tərəfində «əsərimizin qəhrəmanı» - dəmir qapı durur. Sol tərəfdə isə açıq ayaq yolu yerləşir. Mən bu ayaqyolunu da, on beşinci adamı da indi görürəm. Orta yaşlı sarışın adamdır, sakitcə ayaqyolunda oturub, öz işindədir. Çəpgöz ona «moizə» oxuyur. Ayaq tərəfdə mürgü vuranlar da qulaq kəsiliblər. «Auditoriya» məni də özünə çəkir. Rusca pis danışsam da, yaxşı başa düşürəm.

-Qız çox gözəl qız idi. 15-16 yaşı ancaq olardı. Mən də saldat adam idim. Mənə nə lazım idi?.. (Burda çəpgöz elə «duzlu» ifadələr işlədir ki, bu barədə nəinki danışmaq, hətta düşünmək də şərəf gətirmir). Tansda tanış olmuşdum. Bişirmişdim. Dedim gedək sizə. Dedi gedək. Getdik bunlara. Anası da evdə idi. Anası qızından gözəl idi. Sonra bildim, idarə müdiri imiş. Mənə nə var, saldat adamam. Mənə stol açdılar. Stolun üstünə «Sibirski» araq da, qara ikra da qoydular...

On beşinci» ayaq yolundan etiraz edir ki, sən məndən az cavan olarsan, biz qulluq eləyəndə hələ «Sibirski» araq yox idi. Çəpgöz məmnuniyyətlə razılaşır, deyir ki, «bəs stolun üstünə qoyulan «Sibirski» araq deyildi, «Stoliçnı» araq idi.

-Mənə nə lazım idi, mən saldat adam idim. Qərəz, yedik, içdik. İndi anası məni bir tərəfə dartır, qızı o biri tərəfə...

İndi də taxtda uzananlardan biri, onsəkkiz-iyirmi yaşlarında artistə oxşayan oğlan söhbətə qarışır ki, sən çəpgözsən, bəlkə qız elə bir imiş, sən iki görmüsən. Çəpgöz bu dəfə prinsipiallıq nümayiş elətdirir, deyir iki nəfər idilər, vəssalam. Sonra isə qayıdır ki, burda kamerada bir nəfər «çyornı» var, mən ki, onu iki görmürəm.

Daşın kimin bostanına atıldığını ayıq olanlar hamısı görür. Mən də öz payımı götürürəm, yavaş-yavaş çəpgözə doğru çevrilirəm. Çəpgöz gərginliyi barometrdən yaxşı hiss edir, «o zemlyak, tı vidno borets. Maxaç-kala, Solneçnıy Daqestan»,-deyir. «Artist» müdaxilə edir:

-Demə, sən yalnız gopçu deyilsən, həm də rasistsən. İlişəndə bax gör, kimə ilişirsən...

Çəpgöz and-aman edir, hər iki ittihamı rədd edir.

Mənsə «şeytana lənət» deyirəm, auditoriyadan ayrılıram, öz müşahidələrimi davam elətdirirəm. Taxtın sağ küncündə, Çəpgözün ayaq tərəfində, yerdə böyük çən qoyulub. Bu Bakıda, evdə anam paltar qaynadan həmin çənin eynidir. Hətta bu eynilikdən doluxsunuram, gözlərim yaşarır. Çəpgöz isə danışdıqca boğazını yaşlamaq üçün elə çənin yanında, taxtın üstündə duran alüminium kruşkanı doldurub başına çəkir. Artist yenə də onu «prikol»a tutur: «Ağ eləmə də, bir yataqda ana ilə qızı bir kişi ilə, lap qoy sənin kimi oğlan olsun...» Çəpgöz üzünün tükü kimi seyrək, sarı dişlərini göstərir, xəstə təxəyyülünün zay məhsullarını kameraya sırımaqda davam edir. Bu zaman «on beşinci» işini qurtarır, bayaqdan Çəpgözün su içdiyi kruşkanı su ilə doldurur, «əllərini yaxalayır»… Mən də boğazımın quruduğunu hiss edirəm, ayaqyolunun havası ilə «zənginləşmiş» tütün tüstüsünü daha susuz udmaq mümkün deyil. Kruşka isə bir dənədir. İndi də ondan, artıq ayılmış olan və auditoriyaya qoşulan saqqallı-çuxotkalı qonşum su içir...

Bu zaman dəmir qapının bayaqdan görmədiyim pəncərəsi metalı metala sürtəndə çıxan tükürpədici səslə açılır. Bu pəncərəyə burda «kormuşka» deyirlər. «Kormuşk»anın dalından qanun keşikçisi bağırır ki, hamı durub yerində otursun. Yatanları yoldaşları itələyib ayıldırlar. Hətta mənim keçəl qonşum da ayılır. Qanun keşikçisi kameranın jurnalını «hazır-qayıb» edir. Yadıma məktəbdə jurnal yoxlayan ciddi müəllimlər düşür. (Burda olmayıb nə edəcəksən, orda - olmasan nə edəcəklər?!) «Kormuşka» bağlanmamış Çəpgöz tullanıb qapıya yaxınlaşır, açıq qoymağı xahiş edir, nəfəs almaq olmur, - deyir. Mənim təəccübümə rəğmən qanun keşikçisi «kormuşka»nı açıq qoyur. Çəpgöz izahat verir ki, tanışımdır, bir məktəbdə oxumuşuq. Qapının ağzında onu mən əvəz edirəm. Bu kiçik pəncərədən gələn «təmiz» havanı acgözlüklə ciyərimə çəkirəm. Məni qınamasınlar - bu hava mənə bizim Bakının dəniz havasından «şirin» gəlir. Su yanğısı isə mənə aman vermir. Deyilənə görə, çənin suyunu gündə iki dəfə - səhər saat səkkizdə və axşam saat səkkizdə dəyişirlər. Çəpgözün tanışı isə deyir ki, indi saat altıdır. Deməli, daha iki saat gözləmək lazımdır.

Hazır-qayıbdan sonra heç kim yatmaq istəmir. Ancaq bayaq yatmağa yer olmadığından taxtın ayağında mürgü vuran iki nəfər boşalmış yerlərə «ölü kimi» düşür. Qalanları siqaretə güc vurur. Siqaretin «əhəmiyyəti»ni mən də başa düşməyə başlayıram.Əgər kamerada siqaret çəkilməsəydi, yəqin tər, çirk iyindən baş çatlayardı.Yenə tütün tüstüsünə şükür...

Kamerada hamı danışır. Ağız deyəni qulaq eşitmir. Qarğa bazarını xatırladır. Danışan çox olsa da, mövzu eynidir. Hamı günahsız olduğunu, bura «axmaq» bir təsadüfün nəticəsində düşdüyünü bəyan edir. Hamıdan çox canfəşanlıq edən qurşaqdan yuxarı, üzündən başqa bütün bədəni qəzet kimi yazılı olan bir tipdir. «On beşinci» daha mənasız söhbətlərə dözə bilmir, bütün kameraya müraciət edir: «Sizin hamınızın bir günahı var, o da ilişməyinizdir. Vəssalam». Ağıllı söz (olsun ki, «avtoritet» dediyinə görə) hamıya təsir edir. Hətta çəpgöz, qısa müddətə olsa da, «ağzına su alır».

Mənsə qapının yanında oturmuşam, «kormuşka»dan gələn havanın köməyi ilə içimdəki yanğını «söndürmək» niyyətindəyəm. Mən indi azad olmaq istəmirəm, mən indi anamı görmək istəmirəm. Mən ancaq su istəyirəm. Qeyri-ixtiyari olaraq su çəninə yaxınlaşıram. Su yalnız çənin dibində qalıb, kruşkanı doldurmaq üçün çənin bir tərəfini qaldırmaq lazımdır. Nəfsimi boğub «müdafiə mövqeyinə» - dəmir qapının yanına çəkilirəm.

Bu zaman «kormuşka» tükürpədici səslə açılır, adına uyğun fəaliyyətə başlayır. Axşam yeməyinə məşhur «balanda» verirlər. Bu, bulanıq rəngli əcaib horra alüminium boşqablarda verilir. Üzündə bişmiş soğan qırıqları ağarır, dibində nə isə dənəvər çöküntü görünür. Məni isə «heyrətlərə» qərq edən əvvəlki naharların qabın qıraqlarında qurumuş izləridir. Burda qablar yuyulmur... Canımı dişimə tutub bir qaşıq dadmaq istəyirəm... Bacarmıram... Su yanğısına aclıq ağrısı da qarışır. Həmtalelərim isə hərəsi bir qaşıq götürüb «balanda»ya hücum edirlər. Bir horultu düşür ki, elə bil çöldən gələn naxır arxdan su içir. Keçəl qonşum isə əlinə heç qaşıq da götürmür, elə inək kimi əyilib «balanda»nı birbaşa boşqabdan içir.

Məndən başqa daha bir nəfər «oyundankənar» vəziyyətdədir. Bu, bayaq yer olmadığından mürgü vuranlardan biridir. İndi yemək olsa da, yemir. Mürgü də vurmur - narahatdır. Arabir dişi ağrıyan adamlar kimi üz-gözünü turşudur, amma dişini yox, qarnını tutur. «On beşinci» onu sözsüz başa düşür, əli ilə işarə edir ki, nə gözləyirsən? Ona eyni işarə ilə yemək yeyənləri göstərirlər. «On beşinci» yenə səsini ucaltmalı olur:

-Özünüzdən «fokus» çıxarmayın. Tutaq ki, kamerada 15 yox, 55 nəfər var. Onların da 25-i «panos»dur. Deməli, ya bu 25 nəfər qarınağrısından ölməlidir, ya da o biri 30 nəfər acından?! Bura kameradır, buranın «volya»dan fərqli öz özəllikləri var. Dur işini gör…

Nəhayət... Saat səkkiz olur. Özümdə olan dözümə özüm heyrət edirəm. Çənin bir tərəfindən yapışıb (qulpu yoxdur) açılan qapıya cumuram. Tərəf müqabilim Keçəldir. Mətbəxdə çəni onun öhdəsinə buraxıram, ağzımı su kranına dirəyirəm. Əlimdən alınmış havanı, suyu, azadlığı bu krandan içmək istəyirəm. İçdikcə içirəm... Doymuram...

Gecəni rahat yatıram. Yuxu-zad görmürəm. Səhər 8-də durub çənin bir tərəfindən yapışıram. Acqarına ağzımı krana dirəyib içirəm, içirəm. Bircə şey düşünürəm: axşam 8-ə qədər dözə biləcəyəmmi. Aclıq məni qorxutmur...

Növbə dəyişən kimi Çəpgözə «peredaça» gətirirlər. Bu, iki «buxanka» qara çörək və bir «palka» sarımsaqlı kolbasadır. Burda bir gözəl qayda var: kameraya girən ərzaq da, siqaret də ümumidir. Bu qaydaya uyğun olaraq on beş nəfərlik «sürü» Çəpgözün «peredaça»sına hücum edir. Hələ mənə də bir iri tikə kolbasa və elə bu tikəyə uyğun çörək parçası düşür. Aclıq nə pis şeymiş, İlahi...

Yeməkdən sonra, dərin fikirlərə qərq oluram... Bu günyanın etibarı yoxuymuş. Bu dünyada Çəpgözün «blat»ı mənimkindən çoxuymuş... «On beşinci» sanki fikirlərimi oxuyur: «Zemlyak», yəqin düşünürsən ki, niyə sənə «peredaça» gətirmirlər. Qanuna görə birinci üç gün buna icazə verilmir. Bu, adamı sındırmaq üçündür. Gərək dözəsən».

Dözürəm, çarəm nədir...

Bu gün dəmir qapı dünənkinə nisbətən tez-tez açılıb örtülür, kamera sürətlə dolur. Axşam, hardasa qırxa yaxın oluruq. Artıq nəinki uzanmağa, oturmağa belə yer yoxdur. «Kormuşka» da bağlıdır, bu gün Çəpgözün tanışı növbədə deyil. Deyirlər ki, bugünki növbə ən pis növbədir. Hətta dəhlizdən kameraya baxmaq üçün qapıda qoyulan, burda «volçok» adlanan gözlük də bağlıdır. Siqareti növbə ilə çəkirlər, nəfəs almaq getdikcə çətinləşir. Təzə gələnlərdən biri deyir ki, bayırda şaxtadır, qar yağır, elə təmiz hava var...

Kamerada isə hava çatışmır. Kimsə kibrit yandırmaq istəyir, kibrit yanmır, sönür. Burada hər şey sönür… Bura zindandır…

# 2753 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #