Qirqoryanın başı - HEKAYƏ

Qirqoryanın başı - HEKAYƏ
21 iyun 2016
# 12:01

Kulis.Az Qalib Arifin “Mehdi” hekayəsini təqdim edir.

Mehdi bizim batalyon komandirinin - Füzulinin müavini idi. O vaxt hələ rota, vzvod bölgüsü yox idi, bir komandir vardı, bir də onun müavini. Füzuli əsasən batalyonun strateji - təhcizat, təşkilat məsələlərinə baxırdı. Postlar, kəşfiyyat, əsgərlər - bunlar hamısı Mehdinin nəzarətində idi. O, əsl komandir idi, güclü xarakteri vardı, çox səbirli və tədbirli adam idi, amma dönməz, qətiyyətli idi. Başına bir şey girsəydi, mıxla da vurub çıxarmaq olmazdı. Onun qətiyyətini mən kompasın şimal əqrəbi ilə müqayisə edərdim. Kompası vurmaq, əzmək, sındırmaq olar, amma onun şimal əqrəbi şimalı göstərəcək - аxıra kimi. Mehdi də belə idi. Orta boylu olsa da, lay divar kimi idi, iki adam onu yerindən tərpədə bilməzdi. Heç kimə də güzəştə getməzdi. Amma ədalətli idi, özünə rəva bilmədiyini özgəsinə də rəva görməzdi. Onun igidliyi isə bir ayrı söhbətdir.

1-ci postda hündür bir qaya vardı, Mehdi çıxardı bu qayanın üstünə, dimdik dayanardı. Erməni tərəfə bir-iki qatar boşaldardı. Erməni yığışardı qarşı tərəfdəki sıldırımın üstünə. Onlar atırdı, bu atırdı, bir atışma başlayırdı ki, gəl görəsən. 10-15 dəqiqədən sonra Mehdi ratsiya ilə deyirdi: «Ay kor erməni, sən məni açıq hədəfdə götürə bilmirsən, bəs döyüşdə neyləyəcəksən?» Sonra qayanın dalına yatırdı, qumbaraatanla erməni tərəfə bir-iki qumbara buraxırdı. Bir qaçhaqaç düşürdü, gəl görəsən. Erməni dovşan kimi qaçırdı. Mehdi belə oğlan idi. Ermənilər onun başına neçə min pul qoymuşdular. Özü bu barədə lağla danışırdı: «Ermənilər Rusiyada qızıl alverinə baxırlar, yəqin mənim də başım qızıldandı». Başı isə, doğrudan da qızıldandı - saat kimi işləyirdi.

Mehdinin xalası oğlanları vardı: Eldar, Etibar. Allah rəhmət eləsin, igid oğlanlardı, hər ikisi torpaq yolunda şəhid oldu. Eldar Mehdi ilə, qardaşım Füzuli ilə bir sinifdə oxumuşdu. Dağda qoyun briqadiri idi. Hələ 89-da, müharibə təzə başlanan dövrdə şəhid olmuşdu. Ermənilər Qara Qayada qoyun binələrinə hücum etmişdilər, qoyunları aparmaq istəmişdilər. Eldar verməmişdi, neçə saat erməni ilə atışmışdılar. Bunlar çox olmuşdular, Eldarı vurmuşdular, qoyunu da aparmışdılar. İki gündən sonra isə çayın dərəsində balıq tutan iki erməninin meyitini tapılmışdı. Hər ikisinin də qulağı kəsilmişdi. Etibarın işi idi, qardaşından sonra harda erməni görürdü, qulağını kəsirdi.

Deyirlər, ölən haqqında danışmazlar, danışanda da yaxşı söz danışarlar. Amma Etibar haqqında yaxşı söz danışmaq çətindir. Etibar olmasaydı, heç Mehdi də həlak olmazdı. O, mənimlə bir sinifdə oxuyub. Əsgərliyə qədər dağda qardaşının yanında qoyuna getmişdi, sonra isə sürücü işləyirdi. Qardaşı şəhid olandan işi atmışdı. Dost-tanışını başına yığıb bir dəstə düzəltmişdi. Ov tüfəngi, quş tüfəngi ilə silahlanmışdılar. Rayondan da hansı idarəninsə «UAZ»ını sürüb gətirmişdilər, dəstə ilə bu maşında gəzirdilər. Erməni kimi bunlar da mal-qara oğurlayır, aparıb Ağdam bazarında satırdılar. Sonra da içib şuluq salır, kənddə ona-buna sataşırdılar ki, bəs biz vuruşuruq, siz vuruşmursuz, torpaq qeyrəti çəkmirsiz və s. Bir sözlə, Etibar əməlli-başlı problemə çevrilmişdi.

Bu, erməni hücumlarının gücləndiyi, müharibənin başlandığı bir dövr idi. Quşçularda müdafiə dəstəsi yaratmaq, kəndi müdafiə etmək lazım idi. Kənd camaatı da ağsaqqal-qarasaqqal yığışmışdı, bu işi kənd soveti Füzuliyə tapşırmışdı. Füzuli də artıq işə başlamışdı, kəndin ətrafına postlar qoyulmuş, daimi növbə təşkil olunmuşdu. Amma Etibar cığallıq edirdi ki, kənddə birinci şəhidi verən də, birinci ayağa qalxan da mən olmuşam, müdafiə dəstəsinin komandiri də mən olmalıyam. Hələ mən Qara qayadakı postda növbədə olanda dəstəsini yığıb hücum çəkmişdi, axşama kimi atışmışdıq. Doğrudur, ölən-itən olmamışdı, amma qarşıdurma yaranmışdı. Etibarın dəstəsi ləğv olunmalı idi. Ya xoşluqla, ya da zorla. Başqa yol yox idi. Əks halda qardaş qardaşa qarşı qalxacaq, kənd müdafiəsiz qalacaqdı.

Etibarla o vaxt Mehdinin atası, məktəb direkoru Arif müəllim özü danışmışdı. Etibar da, qohumları da ona müəllim kimi hörmət edir, ağsaqqal kimi sözünü eşidirdilər. Arif müəllim onu başa salmağa çalışmışdı ki, müdafiə dəstəsinin rəhbəri rayonda tanınan, nüfuzu olan adam olmalıdır, böyük adamlarla görüşüb danışmağı bacarmalıdır. Burda qüvvət, cəsarət azdır, səbir, tədbir, savad da lazımdır. Söhbət səndən, məndən getmir, söhbət Vətəndən gedir. Olsun ki, Vətən məsələsi Etibarın başına batmışdı, ya ağsaqqalın müraciəti onu yola gətirmişdi. Amma bir müddətdən sonra özü müdafiə dəstəsinə gəlmişdi. Deyəsən, elə həmin dövrdə Arif müəllimin madar oğlu Mehdi də Rusiyadan qayıtmışdı. Mehdi İdman İnstitutunu bitirmişdi, Rusiyaya işləməyə getmişdi. Onun gəlişindən sonra dəstəmiz də əməlli-başlı möhkəmlənmişdi. Bir pulumuz çatmırdı, onu da Mehdi Rusiyadan gətirmişdi.

Mehdi dediyim kimi, möhkəm adam idi, dostla dostluq, düşmənlə düşmənçilik etməyi bacarırdı. Deyirdi, çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu. Ermənidə qisas qoymaq istəmirdi. Qara qayada Eldarı vuran, qoyunu aparan ermənilərə Sergey Qriqoryan adlı birisi rəhbərlik etmişdi. Quldurun biri, çox qansız adam idi. Sonralar ermənilərin batalyon komandiri idi, Quşçulara hücumları, soyğunçuluğu, quldurluğu təşkil edirdi. Deyirdilər, Xocalı hadisəsində də öz dəstəsi ilə çox fəal iştirak edib, qocaya, qadına divan tutanlardan biri olub. Doğrudur, Xocalı hadisəsindən sonra biz də dağın dalındakı erməni kəndlərinə hücum etmişdik, ermənilərin dərsini vermişdik. Amma Sergey dəstəsi ilə gaçıb aradan çıxmışdı, qisasdan qurtula bilmişdi.

Mehdinin həmin bu Sergeylə xüsusi haqq-hesabı vardı. Yaşca da hardasa tay-tuş idilər, bir-birlərini uşaqlıqdan tanıyırdılar. Mehdi ona «Ser Gey» deyirdi, ratsiya ilə də elə belə çağırırdı. Neçə dəfə onu təkbətək döyüşə dəvət etmişdi, silah seçməyi də özünə həvalə etmişdi. Sergey isə gəlmirdi, qorxurdu. O, cəsarətli adam deyildi, amma tülkü kimi hiyləgər, canavar kimi amansız idi. Qocaya, cavana baxmazdı, heç kimə aman verməzdi. Bizim əsgərlərdən əsir düşən olanda isə özü başını kəsirdi. Başsız meyiti də pulsuz vermirdi. Mehdi bu «Ser Gey»i aradan götürmək istəyirdi, əməlli-başlı plan da cızmışdı. Başında plan hazır olanda bizi də dəvət etmişdi - məni və Etibarı. Planı dördlükdə müzakirə etmişdik: Füzuli, Mehdi və biz ikimiz.

Etibarla on il bir sinifdə oxusam da, ondan xoşum gəlmirdi. Əsgərliyə qədər həmişə dalaşırdıq. Sonralar isə, sadəcə olaraq, bir-birimizin varlığına dözürdük - camaatdan abır-həya edirdik. Etibar yeyib-içən, səxavətlt oğlan olsa da, ağzının sözünü bilən deyildi, kimə nə istəyirdi, harda istəyirdi deyirdi. Mən də belə şeyləri sevmirdim. Odur ki, salam, sağolla ayrılırdıq, yollarımız kəsişmirdi. İndi isə kəsişmişdi - birlikdə kəşfiyyata getməli idik. Nə Etibar Mehdinin sözünü yerə sala bilirdi, nə də mən. İkimiz də onu çox istəyirdik. Həm də Mehdi bizim komandir idi.

Mehdinin planı sadə olduğu qədər də cəsarətli idi - o, canavarı öz yuvasında boğmağı təklif edirdi. Qriqoryan daim 5-6 cangüdənin əhatəsində gəzirdi. Erməni tərəfə keçmək olsa da, gündüz ona yaxın düşmək mümkün deyildi. Amma deyilənə görə, gecə evində yatırdı. O vaxt hələ sərhəd kəndləri boşalmamışdı, camaat evlərində yaşayırdı. Mehdi də Qriqoryanın evində pusqu qurmağı təklif edirdi. Canavar gülləyə gəlməsə də, tələyə gələr deyirdi. Məni və Etibarı özü ilə götürməkdə də məqsədi vardı. Etibargil dədə-babadan çoban olmuşdular, bu dağların hər daşına, cığırına bələd idilər. Etibar özü də üç-dörd il sürücü işləsə də, günü dağda qoyunda keçmişdi. Həm də kənddə erməni dilini ondan yaxşı bilən yox idi.

Mən isə Əfqanıstanda qulluq etmişdim, döyüş təcrübəsi keçmişdim. Hər cür silah-sursatdan başım çıxırdı. Əldəqayırma minalar üzrə isə əməlli-başlı mütəxəssis idim. O vaxt piyadaya qarşı «plastmas» minalar yox idi, əldə düzəldirdik. Deməli, qumbaranı cığırın kənarındakı ağacın, kolun budağına bağlayır, fitilindən leska ilə çəkib qarşı tərəfdə bərkidirdik. Leska adətən adamın qurşağı hündürlükdə tarım çəkilirdi. Yəni təsadüfən heç vaxt bunun üstündən adlaya bilməzdin. İlişdin, fitil çəkilir, qumbara partlayırdı. Amma bunun da bir zəif yeri vardı. Qumbaranı bağlamaq, leskanı çəkmək üçün cığırın hər iki kənarında, mümkün qədər qarşı-qarşıya ağac, kol olmalı idi. Biz tərəfdən minaları özüm düzdüyümdən yerini bilirdim, erməni tərəfdən də yerinə görə təxmin edirdim, kəşfiyyata gedəndə minaya toxunmadan leskanın üstündən keçə bilirdim. Bu, kəşfiyyatdan salamat qayıtmaq üçün çox vacib idi: əgər leska kəsilməyibsə, deməli, o tərəfə heç kim keçməyib.

Biz əməliyyata gecə getməli idik. Birinci, üçüncü postlardan keçmək olmayacaqdı, çay dərələrində erməni postları vardı. İkinci postdan, Qara Qayadan düşən cığırlarda isə hər yerdə minalar düzülmüşdü. Özümüzünkilərin yerini dediyim kimi, mən bilirdim, ermənilərinkini isə gecənin qaranlığında da tapa biləcəyimə ümid edirdim. Etibar Qara qayada erməninin bilmədiyi heyvan cığırlarının olduğunu, bunların tam təhlükəsiz olduğunu israr edirdi. Mehdi də axşam «adboy»dan sonra Qara qayadan getməyi məsləhət görürdü. Deyilənə görə, Qriqoryan evə hardasa gecə saat 12-dən sonra gəlirdi.

Mehdi bütün bunları bizim iştirakımızla Füzuliyə danışdı. Füzuli bir xeyli fikrə getdi. Aydındır: bizi buraxmaq istəmirdi. Mən qardaşı idim, Mehdi dostu. Etibar isə, qəliz adam olsa da, igid oğlandı, döyüşdə beş nəfərə bərabər idi. Amma Qriqoryanı da aradan götürmək lazım idi - bu, həm erməniyə dərs olardı, həm də qisas qiyamətə qalmazdı. Etiraz etməyin isə xeyri yox idi. Füzuli Mehdinin xasiyyətinə bələd idi - qət etmişdisə, edəcəkdi, tək gedəcəkdi, amma ermənini öldürməmiş əl çəkməyəcəkdi. Odur ki, razılıq verdi, bir-birinizdən muğayat olun dedi. Yaddan çıxarmayın: Vətənə ölü yox, diri oğullar lazımdır.

May ayı, qaranlıq bir gecə idi. 2-ci posta növbəyə əsgər aparan maşınla Qara Qayaya qalxdıq. Əsgərlər növbəni təhvil alanda biz qayadan xəlvətcə sürüşüb cığıra düşdük. Əməliyyat haqqında məlumat məxvi saxlanırdı - bu haqda hətta bizi yola salan növbə rəisi də bilmirdi. O, bizim sadəcə olaraq, kəşfiyyata getdiyimizi zənn edirdi. Qara Qayadan aşağı, erməni tərəfə üç-dörd cığır gedirdi, hamısı təhlükəli idi. Etibar isə tamam başqa yol seçdi, bizi heyvan cığırı ilə apardı. Dağlarda belə cığırlar olur, bu cığırlarla dağ keçiləri dərəyə su içməyə düşür. Amma bu cığırları nəinki gecə, heç gündüz də daşın, qayanın üstündə seçmək olmur. Etibar isə bu cığırların yerini gecə qaranlıqda bilirdi. Bu, narahat olduğu qədər də təhlükəsiz yol idi. Narahatlıq isə bizi qorxutmurdu - üçümüz də kənd uşağı idik. Əvvəl az qala sürünə-sürünə gedirdik, ancaq kolluq başlayandan sonra dikəlmək oldu. Yavaş-yavaş irəliləyirdik, irəlidə mən gedirdim. Əllərimi aşağı sallayıb, arxa tərəfi ilə azca irəli vermişdim. Çay dərəsinə çatınca əlimə leska dəymədi - bu cığırda mina yox idi. Sabah qoyarıq - fikirləşdim. Postun yanından keçəndə ermənilər bizi gördülər. Biri qışqırdı hardan gəlirsiz? Etibar ona ermənicə cavab verdi: «Sənin ananın yanından gəlirik. Ay «bozi vorti», gecənin bu vaxtı hardan gələrlər?!» Əsgər tez səsini kəsdi. Keçdik.

Gecikməyək deyə sürətlə gedirdik. Yükümüz də ağır deyildi. Hərəyə bir avtomat, iki «maqazin» götürmüşdük. İki də qumbaramız vardı. Tezliklə kəndə çatdıq. Bu, bizim qəbiristanlıqdan baxanda fermaları görünən kənddir. Adı əvvəllər Çinarlı idi, sonra ermənilər dəyişmişdilər, Stepanik eləmişdilər. Quşçulardakı kimi burda da axşam qaralandan sonra küçələrdə adam olmurdu. Odur ki, cəsarətlə gedirdik. Həm də Mehdi yanımızda olanda heç nədən qorxmurduq. İtlərdən başqa bizə hürən yox idi. Onlar da tanımırdılar deyə hürürdülər. Biz isə kəndi yaxşı tanıyırdıq, uşaqlıqda o qədər kinoya, toya gəlmişdik ki. İrəlidə Etibar gedirdi. Hələ arada rastımıza çıxan iki erməniyə salam da verdi. Yaşlı adamlar idilər. Salamımızı aldılar, hələ bir ermənicə «bunların da günü gün deyil»,- dedilər.

Bu da «Ser Gey»in evi. İkimərtəbəli evdir, iki metrdən də hündür daş barısı var. Əvvəllər hasarı belə hündür deyildi, yəqin pullanandan sonra tikdirmişdi. Bu dəfə Mehdi irəli düşür, bizə gözləyin deyir, özü isə quş kimi barının belinə qalxır. Bu endə adamın bu qədər cəld olması görünməmiş şeydir. O, barının üstündə uzanıb həyətə baxır. Sakitlikdir. Onun işarəsi ilə mən də barının üstünə qalxıram, ondan bir az aralı uzanıram. Həyətdə it hürməyə başlayır. Mehdi bunu gözləyirmiş kimi həyətə tullanır. İt sürətlə yaxınlaşır. Adi qoyun iti deyil, qara rəngli alman «ovçarka»sıdır. Belələrini mən əsgərlikdə, Əfqanıstanda çox görmüşəm. Ağıllı və təhlükəli itlərdir. Mehdi isə sakitcə gözləyir, it onun yanına çatan kimi əlindəki qaz balonunu onun üzünə fısqırdır. İtin zingiltisi balonun səsini batırır. İt sərt hərəkətlə geri dönür və səhnəni bir dəfəlik tərk edir. Hər halda sonrakı hadisələr onun iştirakı olmadan baş verir. Mənim dalımca Etibar da həyətə tullanır. Bir müddət yerdə uzanıb qalırıq. Sakitlikdir. Ağacların, qızıl gül kollarının arxası ilə sürətlə giriş qapısına yaxınlaşırıq. Mehdi əlinin işarəsi ilə göstəriş verir. Etibar evin tinində yerini rahatlayır. Mən pilləkənin altında gizlənirəm. Mehdi özü isə ikinci mərtəbəyə eyvana qalxır. O, kölgə kimi səssiz hərəkət edir, aynabəndin açıq pəncərəsindən içəri keçir. Gözləyirik...

Dəqiqələr keçir, saata çevrilir. Hətta soyuq olur. Ev yiyəsi isə gəlmir ki, gəlmir. Nə «qanacaqsız» ermənidir - fikirləşirəm. Biz burda bunu gözləyirik, bu da hardasa veyllənir. Arada bir-iki sarsaq xoruz da banlayır. Nəhayət... «Ser Gey»in maşını həmcinslərinin səsinə səs verir. Darvazanı birbaşa bayırdan açarla açırlar. Ağ «Niva» həyətə girir, «UAZ» isə bayırda qalır. Evdən səs-səmir gəlmir - gecə yarıdır, hamı yuxudadır. Qriqoryan maşından düşür, ətrafına göz gəzdirir. Bu, ortaboylu, cüssəli adamdır, hərbi formadadır. Üçümüz də onu yaxşı tanıyırıq. Sürücüsü isə doğma qardaşıdır - Vazgendir. Maşından düşüb darvazanı baglayır. Yalnız bundan sonra «UAZ»ın səsi eşidilir - mühafizə gedir. Biz isə səbrlə gözləyirik. Vazgenin evi qonşuluqdadır, indi gedəcək, səhnəni bayaqkı it kimi tərk edəcək. Amma itdən fərqli olaraq, onun zingiltisi uzun müddət kəsilməyəcək. İşdə də belə olur. Vazgen xudahafizləşir, evin arxasına doğru gedir. Dəmir qapı cırıltı ilə açılır, taqqıltı ilə örtülür. Və həyətə sükut çökür.

Ev yiyəsi bir siqaret çıxarıb yandırır, həyətə göz gəzdirir. Bir-iki dəfə «Mamed, Mamed» deyə qışqırır, itin səs vermədiyini görüb təəccüblənir. Qayıdıb həyətə doğru bir-iki addım atır, deyəsən, iti axtarmaq istəyir. Bu vaxt evin dalından itin zingiltisi eşidilir. Qriqoryan ermənicə kök bir söyüş söyür, geri qayıdır, pilləkənin yanında, lap mənimlə yanaşı dayanır. Özümü ələ verməmək üçün nəfəsimi də saxlayıram. Qriqoryan əlini divardakı düyməyə atır, həyətdəki generatoru işə salır. Pilləkənin üstündə işıq yanır. Sonra yuxarı - Mehdinin yanına qalxır. Şüşəbəndin qapısı açılır və örtülür. Açıq pəncərədən küt bir tappılıtı eşidilir. Elə bil baltanın küpü ilə çüy vurursan. Sonra hər şey sükuta qərq olur. Xeyli müddət belə davam edir. Siqnal - pişik miyovultusu eşidilmir. Odur ki, nə mən, nə də Etibar yerimizdən tərpənməyə cəsarət edirik. Gözləyirik... Nəhayət... Şüşəbəndin qapısı sakitcə açılır, Mehdi pişik kimi asta-asta aşağı düşür. Əlində deyəsən, nə isə bir torba var. Düşən kimi evin tininə, Etibarın gizləndiyi yerə tələsir. Mən əvvəl əlimi düyməyə atıb generatoru söndürürəm, sonra onu təqib edirəm.

Bəli, elədir ki, var - Mehdinin əlində torba var və torbadakı da «Ser Gey»in başıdır. Mehdi əlini salıb başı qaldırır, sonra yenə torbaya salır. Bu, əməliyyatın bitdiyinə işarədir. Əfqanıstanda qulluq etsəm də, çox dəhşətlərdən keçsəm də, özümü pis hiss edirəm. Təzə qanın şirin qoxusu burnuma dəyir, ürəyim bulanır. Etibarın isə heç vecinə də deyil, o, Qriqoryanın arvad-uşağını qırmağı, evini soymağı təklif edir. Deyir, bunun evində çoxlu qızıl, dollar var. Qriqoryanın neçə il quldurluq etdiyini nəzərə alsaq, Etibar həqiqətə yaxındır. Amma bu həqiqət Mehdini maraqlandırmır. O, biz «Ser Gey»in tayı deyilik, arvad-uşağı qırmağa gəlməmişik deyir, təcili həyəti tərk etməyi əmr edir. Etibar razılaşmır ki, adama axmaq deyərlər - Qriqoryanın evinə gələsən, əliboş gedəsən. Mən iki xalaoğlunun mübahisəsinə kənardan baxıram, qarışmıram - Etibardan onsuz da xoşum gəlmir, Mehdinin isə köməyə ehtiyacı yoxdur. Etibar öz niyyətini reallaşdırmaq , evə tərəf getmək istəyir. Təbii ki, səhv edir. Mehdi arxadan əlini atıb onun gödəkcəsinin boynundan tutur, sərt hərəkətlə dartıb evin divarına çırpır. Etibar çırpınır, əlini avtomata atmaq istəyir. Mehdi sanki bunu gözləyir, onun çənəsinin altından ağır bir zərbə endirir. Amma bir az gecikir - Etibarın əli titəyə çatır, o, yıxılmazdan əvvəl ünvansız bir qatar boşaldır. Güllələr havaya sancılsa da, aləmə səs salır...

Sonrakı hadisələr ildırım sürəti ilə baş verir. Mehdi əlini atıb Etibarı qaldırır, ona ayaq üstdə durmağa, hətta qaçmağa imkan yaradır. Sürətlə daş barıya doğru qaçırıq. Birinci mən dırmaşıram. Mehdi Etibarı qaldırır, mən götürüb barının o biri tərəfinə salıram. İnsafən düşən kimi özünə gəlir, hələ özü bizə yol göstərir. Kəsə yolla qaçırıq, neçə dəfə yıxılıb dururuq. Dalımızca itlər hürür, güllələr atılır. Ancaq hələlik heç biri bizə çatmır. Birtəhər özümüzü çay dərəsinə çatdırırıq, amma burdakı postdan keçə bilmirik - mühasirəyə düşürük.

Səhər açılana qədər bir neçə dəfə mühasirəni yarmağa çalışdıq, alınmadı. Gülləni ehtiyatla atırdıq, qızıl qiymətinə idi. Qumbaranın da dördünü işlətmişdik, cəmi ikisi qalmışdı. Erməni postundan kənd tərəfdə mühasirəyə düşmüşdük, ona görə bizimkilər də kömək edə bilmirdilər. Səs-küydən mühasirəyə düşdüyümüzü hiss edirdilər, amma hücuma keçmək, erməni postlarını yarmaq üçün vaxt lazım idi. Vaxt isə yox idi. Ermənilər harda gizləndiyimizi bilirdilər, havanın açılmasını gözləyirdilər. Hava azca işıqlaşan kimi, mühasirə dairəsini daraltdılar, üstümüzə tank sürdülər. Vəziyyətimiz lap çıxılmaz oldu. Bu, azmış kimi Mehdi də ağır yaralandı. Qumbara qəlpəsi diz qapağını tamam dağıtmışdı, kəmərlə sıxıb birtəhər qanı kəssək də, yerindən tərpənə bilmirdi. Tank isə gəlirdi, nə edəcəyimizi bilmirdik. Mən də, Etibar da tamam özümüzü itirmişdik.

Mehdi isə özünü itirmədi, axı, komandir idi. Tankla aramız əlli metrdən azalanda özündəki qumbaranı çıxarıb yanına qoydu. Dedi, Fərhad, biri də səndə qalıb, onu da ver. Əvvəl onun niyyətini başa düşmürdük, komandir kimi əmrlərini yerinə yetirirdik. Amma o, «indi siz yavaş-yavaş geri çəkilin» deyəndə etiraz etdik. Dedik biz bir yerdə gəlmişik, bir yerdə də öləcəyik. Mehdi Füzulinin sözünü təkrar etdi: «Vətənə ölü yox, diri oğullar lazımdır», sonra qanlı torbanı bizə doğru itələdi, dedi bunu da aparın, mütləq Füzuliyə çatdırın. Yenə etiraz etdik. Etibar ağladı ki, mən Arif müəllimə nə cavab verəcəyəm. Mən də kövrəldim, gözlərim yaşardı. Bu, Mehdini hövsələdən çıxardı. Tankla aramız 20-30 metr qalmışdı, bizi hələ görməsə də, düz üstümüzə gəlirdi. Mehdi avtomatı bizə doğru çevirdi, üçə qədər sayıram dedi. Xasiyyətini bilirdik, ağlaya-ağlaya geri çəkildik. Gözümüzü Mehdidən çəkə bilmirdik. O, yavaş-yavaş yolun qırağına, ağacın arxasına doğru süründü. Qumbaraların hər ikisini belinə bağladı. Tank yaxınlaşırdı. 5-6 metr qalmış Mehdi sürünüb yola çıxdı, dartıb qumbaraların fitilini çıxardı. Tank onu görüb dayandı, amma gec idi. Mehdi tankın tırtılları altına atıldı. Qumbaraların ikisi də birdən partladı. Erməni tankı çarəsiz halda yerində fırlanmağa başladı. Biz qarışıqlıqdan istifadə edib qaçmağa başladıq...

***

Burda müəllif özünü saxlaya bilmir, sonra özünə də yersiz görünən sualını verir:

- Əl qumbarası ilə tankı partlatmaq olarmı?

- Söhbət tankı partlatmaqdan getmir, heç buna ehtiyac da yox idi. Tankın tırtılları zədələnən kimi yerində fırlanır, irəli gedə bilmir. O vaxt Mehdi ən düzgün yolu seçdi, bizim uşaqlardan kim olsaydı, belə edərdi - həm tankı sıradan çıxardı, həm də düşmənə sağ təslim olmadı. Onun dizi dağılmışdı, onsuz da mühasirədən çıxa bilməyəcəkdi...

- Siz necə çıxdınız?

- Xeyli uzaqlaşmışdıq. Ermənilər atırdılar. Etibar da budundan yaralandı. Sümüyü salamat olsa da, əti dağılmışdı, yeriyə bilmirdi, qan da kəsilmirdi. Onu belimə aldım. Qismətdən gəldiyimiz cığırı tapa bildik. Belimdə Etibar, əlimdə avtomat, qanlı torba - mina axtarmağa imkan yox idi. Əgər, cığırda bircə mina olsaydı, batmışdıq. Yolda neçə dəfə torbanı atmaq istədim, Mehdinin tapşırığı yadıma düşdü, atmadım. Elə bildim, sağ-salamat qurtardıq, dağın başına çatdıq. Etibarı hansı əziyyətlə belimdə dərədən dağın başına çıxarmışdım, onu bir Allah bilirdi. Yuxarıda bizimkilər məni gözləyirdi, kömək etdilər, onu Qara Qayanın başındakı vaqona kimi gətirdik. Etibarın yarası yüngül idi, amma tərpənmirdi. Deyirdik, yəqin çox qan itirib. Ratsiya ilə təcili maşın da çağırdılar. Amma bunun tərpənməməyi məni şübhələndirdi. Nəbzini tutmaq olmurdu. Ağlıma nə desən gəlirdi. Onu üzü üstə çevirdik. Başının arxasında, peysərində xırdaca güllə yarası gördük. Mən onu dalımda dağa qaldıranda arxadan atılan güllələrdən biri peysərinə dəymişdi. Demə, o, belimdəcə keçinibmiş. Mən də tələsirdim, qorxurdum, qan itirər...

Fərhad bir siqaret yandırır, acı tüstünü acgözlüklə sinəsinə çəkir. Elə bil xatirələrin acısını tütünün acısı ilə söndürmək istəyir. Nə qədər alınır müəllif bilmir, cəmi bir neçə gün tanıdığı, amma illərin dostu kimi bağlandığım bu «qoca» döyüşçünü nəzərdən keçirir. «Mimino»nun məşhur qəhrəmanını xatırladır, bir vertolyotu çatışmır. Otuzu təzə haqlasa da, artıq başına dən düşüb. Bəxtinə bu qədər ağrılar-acılar düşənin başına dən düşməsin, nə düşsün? Müəllif onu və oxucunu daha çox maraqlandıran sualı verir:

- Yaxşı, sonra necə oldu?

- Sonrası yaxşı olmadı. İki xalaoğlunun yası bir-birinə qarışdı. Mən Qriqoryanın həyətində olanı, Etibar Mehdiyə silah qaldıranı yalnız Füzuliyə danışdım. O da susmağı məsləhət ğördü, dedik Arif müəllim bilməsin, dərd üstünə dərd gəlməsin. Amma dərd gəldi, necə gəldi. Ruslar düz deyir, dərd də buketlə gəlir. Ən böyük dərd isə yasın iki, meyitin bir olması idi. Mən Etibarın meyitini olsa da gətirə bilmişdim. Mehdinin meyiti isə ermənidə qalmışdı. Elə həmin gün özləri gətirib 1-ci postda çayın dərəsinə atmışdılar. Başını kəsmişdilər...

Fərhad yaddan çıxıb qaralmış siqaretini yandırır, söhbətinə davam edir:

- Füzuli iki gün erməni ilə danışıqlar apardı. Qriqoryanın başını qaytarıb Mehdininkini ala bildik. Görünür, buna görə Mehdi qanlı torbanı mənə vermişdi, apar, mütləq Füzuliyə çatdır demişdi... Mehdinin atasına, anasına lap çətin idi. Anası dözmədi, Mehdinin heç yeddisi çıxmamışdı, quş kimi uçdu, getdi... Arif müəllimdə mən təpər gördüm, dözdü, yaşadı, döyüşdü... Dizi bərk kişi imiş...

Bu dəfə sükut uzun çəkir, siqaret-zad kömək etmir… Müəllif nə vaxtsa çoxdan oxuduğu, möcüzə kimi yadında qalan, elə möcüzə olan bir əhvalat haqqında fikirləşir. Hardasa isti ölkələrdə, deyəsən Cənubi Amerikanın düzənlərində baobab adlı ağac bitir. Bu ağac min illərlə yaşayır, gövdəsinin diametri 5-6 metrə çatır, oduncağı isə sümük kimi bərk olur. Onun gövdəsini müasir texnika ilə kəsmək olmur - balta batmır, mişar sınır. Yerli hindular bu ağacı yıxmaq üçün qəribə üsul tapıblar. Ağacın dibinə hərrəməsinə çır-çırpı yığır, əməlli-başlı tonqal qalayırlar, sönməyə qoymurlar. Ağacın gövdəsi aylarla tüstüləyir. Nəhayət bir gün yıxılır. İndi Arif müəllim da bu əfsanəvi baobab ağacını xatırladır. Dərd əlindən illərlə tüstüləyir...

# 1569 dəfə oxunub

Müəllifin son yazıları

# # #