Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna
30 may 2026
# 10:00

Kulis.az Alov İnannanın "Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı" yazısını təqdim edir.

Alov INANNA

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı

Bu yazının mövzusu kulturamızda almanlarla ortaq olduğumuz iki motivdir: Dilək ağacı kimi ağcaqayın ağacı və May ayına verilən adın mənası.

Hər il may ayının birində Almaniyanın bəzi yerlərində çox qədim bir ritualın izlərini daşıyan bir ənənə gerşəkləşir: gənc oğlanlar sevdikləri qızların evlərinin qabağına rəngli lentlər bağlanmış ağcaqayın ağacları və ya budaqları qoyurlar. Bu ritual mayın birində baş verdiyinə görə, ona “Liebesmaien”, yəni “sevgi mayı”, ya da “Maibaumstellen” – “may ağacı qurmaq” deyirlər. Bu ağac, ya da budaq mayın sonuna kimi qız evinin qabağında durur.

Şəkil 1.

Bununla oğlan qıza həm sevgi etirafı edir, həm də öz niyyətini sanki onunla əhdi-peyman bağlayırmış kimi lentlər şəklində ağaca bağlayır.

Ağaca parça bağlayıb ondan dilək diləmək Azərbaycanda da mövcuddur.

Şəkil 2.

O zaman bu ortaq ənənənin kökü hara gedib çıxır?

Və niyə dilək bağlamaq üçün ağcaqayın ağacı seçilir?

Ağaca çalma bağlamaq:

Ümumiyyətlə, düyünlər, bağlar, saplar, qaytanlar, hörgülər cadu-pitik düzəltmələrində, hansısa bir niyyət tutmada, ittifaq qurmaqda və s. hər zaman təsiredici və möhürləyici vasitə kimi istifadə edilib. Bağ həm hərfi, həm də məcazi mənada iki nəsnə arasındakı əlaqə, bağlılıq, ilişik, rabitə, birləşdirici mənasına gəlir. Məsələn, bağlamaq felinin istifadə edildiyi ifadələrə baxaq: biri ilə ittifaq bağlamaq, birinin dilini-ağzını bağlamaq, canavar ağzı bağlamaq, bəxt bağlamaq, müqavilə bağlamaq, əhd-peyman bağlamaq və s. Bir niyyət tutub simvolik olaraq onu parça və ya lent kimi ağaca bağlamaq da eyni məntiqlə edillir.

İlk dəfə bağ anlayışına verilən məna – göbək bağı ilə bağlı ola bilərdi; yəni, ana bətnində göbək bağı ilə anamıza bağlanıb aylar içində insana çevrilməyimizlə.

Bir niyyət tutub ağaca bir şey bağlamaq, həmin niyyətin böyüməsini, gerçəkləşməsini istəmək deməkdir: “niyyətimi göbək bağı kimi sənə bağlayıram, onu böyüt və gerçəkləşdur”. Niyə? Çünki ağac müqəddəs, doğucu, yaradıcı qadın, ana kimi görülür:

Şəkil 3.

Ağcaqayın – ağcaqadın

Ağcaqayın sözünü anlamaq üçün qədim türk mənbələrindən olan “Divanü-lüğat-it-türk”ə baxaq. Burada qayın sözü – qadın kimi yazılır. Bəzi türk xalqlarında məsələn, saka türklərində, şorlarda və tuvalarda qayınağacına qadınağacı deyirlər.

Ağcaqayın ağacı türk mifologiyasında ən müqəddəs ağaclardan biridir. Çünki insanları yaradan, onlara ruh, can, qut verən ana tanrılarla bağlıdır. Ulu qadın tanrı Umay bu ağacın sahibidir.

Altay türklərinə görə isə başqa bir qadın tanrı Kübey xatun bu ağacın içində yaşayır.

Yakutlarda isə yer yiyəsi olan Aan Alahçın Xatun ağcaqayın ağacının üzərində məskunlaşıb.

Müqəddəs ağacların yiyə-sahibləri Umay da, Kübey də, Aan Alahcın xatun da həm də sevgi, doğum, məhsuldarlıq, bolluq-bərəkət, şaman ayinləri, bayramlar, toy-düyünlərlə əlaqəli qadın tanrılardır. Qayın, ya da qadın sözü bu baxımdan, həmçinin nigah, kəbin, nigah qohumları mənasını da verir. Bu baxımdan “qayın”, “qayınata”, “qayınana” sözləri nigah vasitəsilə qohumlaşmış adamları nəzərdə tutur. Uyğur türkləri qayınanaya qadınana deyirlər. Bizdə evlənən cütlüklərin valideynləri üçün “quda” sözündən istifadə edilir, bu söz də “qadın” sözü ilə eyni köklüdür.

Digər tərəfdən, bir vaxtlar “qadın” sözü cinsiyyət bildirməklə yanaşı, müqəddəslik, hörmət, sayğı kimi etik mənaları da ehtiva edirdi. Bu gün patriarxal mentalitetin təsiri ilə qadın cinsini bildirən sözlər, məsələn, “arvad” sözü bir çox məqamlarda söyüş kimi işlədilsə də, vaxtilə tam bunun əksinə olub. Məsələn, Dədə Qorqud dastanında Uruz anasına “qadın ana” deyə müraciət edir. Yeri gəlmişkən, “Divanü-lüğat-it-türk”də xətir, hörmət, dəyər demək olan “urvat” sözünün “uraqut”dan, yəni “arvad”dan törəndiyi yazılır; arvad < urvat < uraqut < urqut. “Urqut” qədim sumercə hömətli, qutlu ur, yəni hörmətli, uca, müqəddəs qadın demək idi.

Ağac və şax bəzəmə ritualı

Yazının əvvəlində dedik ki, almanlar nigah bağlamaq istədikləri qızlara öz sevgilərini bildirmək üçün onların evinin qabağına bəzənmiş ağcaqayın ağacı qoyurlar.

Bizdə də ta bu günə qədər toylarda ağac budağının üzərinə müxtəlif şirniyyatlar, meyvələr bağlanaraq şax bəzənərdi. Bu adət Borçalıda, Qazaxda, Naxçıvanda və s. hələ də qalır. Buna “şax bəzəmə”, ya da “şax qaldırdı”deyirlər.

Eyni adət Türkiyədə də mövcuddur; ənənəvi kənd toylarında bəyin və sağdışın evindən meyvələrlə və rəngli dəsmallarla bəzənmiş ağac budaqları asılır.

Ağac və ya budaq (şax) bəzəmə ritualı təkcə toylarda, ağac pirlərində görülmür. Bu ritual “həyat ağacı” ilə bağlı inanışlarla bağlıdır. “Həyat ağacı” motivi qədim türklərin yaradılış əfsanələrində bolluq bərəkətlə, doğum, yenidən doğum, ölümsüzlük, soy ağacı (ailə), nəsil ilə əlaqəlidir. Bir sıra araşdırmalar hətta Nardoğan, Çillə gecəsi, Milad bayramının, xüsusilə yeni ildə yolka ağacını bəzəməyin də eyni mənbədən gəldiyini göstərirlər.

Şəkil. Yolka

Ağac koğuşundan/ oyuğundan törənmə

“Divanü-lüğat-it-türk” də “tengri” (tanrı) sözünün izahı kimi yazılır ki, gözə böyük görünən dağ, ağac kimi şeylərə də “tengri” adını verilir və bunlara səcdə edilir. Bu baxımdan tanrılaşdırılılan “ulu ağac” arxetipi qədim türklərin dünyagörüşündə yaradıcı ünsür kimi böyük əhəmiyyətə malikdir.

Türk mifologiyasına görə ilk doqquz insan və onların soyları 9 budaqlı ağacdan yaradılıb. (Radloff)

Ağ oğlan dastanında da ilk insan olan Ağ oğlan və dünyadakı bütün varlıqlar ağacdan doğulur.

Simvolistikada ağac koğuşu ağacın analıq orqanı kimi qəbul edilir. “Koğuşdan doğulma” mövzusu türk xalqlarının yaradılış miflərində xüsusi yer tutur.

Oğuz xaqan dastanında Oğuz xaqan ağac koğuşundan doğulan qızla evlənib bir yerdə üçoxlar boyunu meydana gətirirlər.

Xalqımızın soy-kökündə oğuzlarla birgə yaxından iştirak edən qıpçaqlar da ağac koğuşu motivi ilə birbaşa əlaqəlidir. Bir sıra türkoloqlara görə “qıpçaq” sözü ağac koğuşu/oyuğu deməkdir. İlk dəfə “Came ət-təvarix” əsərinin müəllifi F. Rəşidəddin qıpçaq adını ağac koğuşu/oyuğu ilə əlaqələndirir. (Əsərdə qıpçaq ağac koğuşunda doğulur.) Etimoloqlar M.Resenen, A.N.Kononov bunu belə izah edir: “... Kıpçak soy adı < kabu-çaq < kabuq ~ “kavuq” ~ “kovuq” ~ “oyuq”un kiçiltmə şəklindən gəlir.”

Qıpçaq sözünün kökü olan “qıp-qıb-qab” – Dədə Qorqud dastanında “Qaba ağac”la eynidir. Dastandakı qəhrəmanlardan biri olan Basat, düşməni Təpəgözə özünü “Qaba ağac oğlu” kimi təqdim edir. “Qaba Ağac” dastanda dəfələrlə keçir. Banu Çiçək Beyrəyin ölməyib yaşadığını onun ata-anasına xəbər verərkən – “Qaba ağacın qurumuşdu, yaşardı axı..” deyir. Səkrəyin sağ olduğunu eşidən ana da sevincini belə bildirir: “Qaba ağacda dal-budağın qurumuşdu, yaşarıb göyərdi axı..” Burada əslində qurumuş ağacın təkrar yaşıllaşması metaforik dillə soyun bundan sonra davam edəcəyini işarə edir.

Xakas türklərinə görə də ağac eyni zamanda – “insan”, “insanın canı”, “soy” mənalarıyla bağlıdır. (C.Bəydili)

Ağac-uşaq əlaqəsi

Bəzi altay türklərinə görə uşaqlar doğulmamışdan qabaq onların ruhları ağcaqayın ağacının budaqlarında kiçik quşlar şəklində otururlar.

Qoldu və ya Çulım türklərinə görə isə göydə olan bir ağacın üzərində hələ doğulmamış uşaqların ruhları var. Onlara omiya deyilir. Omiyalar dünyaya gəlməmişdən əvvəl öz analarını seçib sonra onların bətninə girirlər.

Hakaslar uşağı olmayan qadın üçün “Imay toyı” adlı mərasim keçirirlər. Mərasimdə Umayı simvolizə edən ağcaqayın ağacı bəzədilir, mərasim bitəndən sonra əkilir. Əgər bu ağac qurumadan bitərsə, adına mərasim təşkil edilən bu qadının uşağı olacağına inanılır. (C.Bəydili)

Şaman ayin zamanı istifadə edəcəyi yay-oxu da ağcaqayın ağacından düzəldir. Şamanlar həmçinin inanırlar ki, tanrı Umay uşağın yanından getdiyinə görə uşaq xəstələnir və onu geri qaytarmaq üçün ağcaqayın ağacının altında ayin keçirirlər.

Qadınların uşaq yiyəsi olması tanrı Umayın icazəsi ilə mümkün olur. Ona görə də ana olmaq arzusunda olan qadınlar onun simvollarından biri olan ağaca parça bağlayıb ondan uşaq istəyirlər.

Umay adı doğumla əlaqəli bir sıra nəsnələrə verilir. Məsələn, “plasenta” mənasında uşaqlıq yoldaşına da, ana rəhminə də “umay” deyilir. Bir sıra türk xalqlarında yeni doğulan uşağın göbəyi də “umay” adlanır. Hətta doğuşun baş verdiyi yerə “umay” deyən türk xalqları da var.

Ağac kultu təkcə doğum anlayışında deyil, ölüm düşüncəsində də öz əksini tapır. Qazaxların təsəvvürünə görə ölmüş insanların ruhu dünya ağacı olan Bay-Tereyin (Bay Dirək) yarpağına qonur. Sonra həmin ruhlar yenidən qadınların rəhminə düşüb bir də doğulurlar. Bu baxımdan Bay-Terek ağacı əbədi ölüb-dirilmənin dövriliyini rəmzləşdirir.

XX əsrə qədər saqay, şor, Todzin və Tofa türkləri erkən ölən uşaqları ağaclarda dəfn ediblər. Yakutlar ölü doğulan çağaları və ölən südəmər körpələri qayınağacı qabıqları ilə bağlayar və bir ağaca asarlardı. Bu adət – onların yenidən doğulmasını asanlaşdırmaq üçün idi.

Türk mifologiyasında ağac təkcə doğan ana kimi deyil, həm də ona əmanət edilən uşaqları böyüdən qadın kimi təqdim olunur. Ağcaqayın ağacının qadın cinsində təsəvvür edilməsi bir çox əfsanə və dastanlarda qəhrəmanları öz südüylə qidalandırmasında da özünü göstərir. Bu ağacı çərtəndə ondan şirə gəldiyinə görə, ağcaqayın ağacı süd verən ana ağac kimi metaforalaşdırılıb. “Ər Soqotox” adlı saka-yakut dastanında Xaqan ağac əsərin qəhrəmanı Soqotoxa “tuluq kimi döşlərindən süd verərək” onu böyüdür. Altay türklərinin “Maaday Qara” eposunun qəhrəmanı yeni doğulmuş körpəsini düşməndən qorumaq üçün çarə fikirləşir. O, çağaya analıq etməsi üçün onu ağcaqayın ağaclarının altına qoyur.

Ağ oğlan əfsanəsində də dünya ağacının içindən yarıya kimi çıxan qadın Ağ oğlana süd verir.

May Ayı, Umay ayı??

Ağcaqayın ağacının ana-tanrı Umayla əlaqəsindən sonra, indi də may ayının adının ana tanrı Umaydan gəlməsinə keçək.

Avropalı etimoloqlara görə, may ayına verilən ad, yunan-latın mənşəli tanrıça Maiadan gəlir. Ancaq Fransız tarixçisi Field daha dərinə gedib deyir ki, bütün ana tanrı fiqurları 35 min ilə bundan qabaq Asiyadan yayılıb. Onun fikrincə, may ayının adını qədim romalılar Asya tanrısı Umayın adından götürüblər.

Bir vaxtlar başlanğıcı, yenidən doğulmanı və canlanmanı təmsil edən may ayında kütləvi evliliklər olurdu. Xristianlığın gəlişindən sonra may evlilikləri matriarxal-paqan ritualı kimi aradan qaldırılır. Ardınca may ayını ölüləri anma ayı kimi yas ayı elan edirlər. Bu ayda olan evliliklər uğursuz sayılır. Latıncası ilə desək: “Mense maio malae nubent”, yəni, “may ayında yalnız uğursuz və pis qadınlar ailə qurur”. O vaxtdan bəri bütün xristian dünyası may ayında toyları yığışdırır. Yeri gəlmişkən, bu adət ruslardan və ermənilərdən bizə də keçib. Yəni, mayda toy etməyənlər bizdə də çoxdur.

Ancaq maraqlı budur ki, may ayı evlilik üçün nə qədər uğursuz sayılsa da, almanlar may ayında bizim üçün də müqəddəs olan ağcaqayın ağacı ilə hələ də sevgi ritualları edirlər və bu çox gözəldir.

# 127 dəfə oxunub

Oxşar xəbərlər

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında  nə yazmışdı?

"İştə Səttarxan, baxız..." - Səhhət Sabirin İran mövzusunda şeirləri haqqında nə yazmışdı?

11:00 30 may 2026
"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

"İnsan yüksək təhsilli olmaya bilər, amma mədəniyyətli olmalıdır" - Sənətşünas və rəssamla müsahibə

10:30 30 may 2026
Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

Xankəndidəki Mədəniyyət Mərkəzində səhnə fəaliyyəti üçün şərait yaradıldı

16:20 29 may 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

14:07 29 may 2026
Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

Asəf Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

13:02 29 may 2026
APA TV-nin 13 yaşı tamam olur

APA TV-nin 13 yaşı tamam olur

10:17 29 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər