Fahişəlik edən, qətl törədən və adam yeyən cütlük

Fahişəlik edən, qətl törədən və adam yeyən cütlük
23 yanvar 2014
# 12:09

Məlum olduğu kimi, kannibalizm kriminal praktikada ən az rast gəlinən, amma ən ağır cinayət növlərindən biridir. Düzü, adamın nə qədər fantaziyası olursa-olsun, bundan ağır cinayət təsəvvür etmək çətindir. Burda insanla vəhşi heyvan arasında milyon illərdə qazanılmış bütün fərqlər itir və burdan o yana artıq heyvan şüuru, heyvan vəhşiliyi gəlir. Odur ki, bu cinayəti törədənlərin çoxu əqli, pisixi cəhətdən qüsurlu, yəni ağlı özünü idarə etməyən adamlar olur. Məsələn, bu yaxınlarda Rusiyanın mərkəzi şəhərlərindən birində iki «BOMJ»-un oz yoldaşlarını kəsib yeməyi və ətin qalanını «dönərxana»ya satmağı barədə dəhşətli xəbər yayılmışdı. Məhz bu xəbərin təsiri altında dostum Tofiq Mamedova müraciət etdim, dedim sən Rusiya üzrə «ekspert»sən, uzun müddət Moskva milisində işləmisən, kannibalizm haqqında nə bilirsən, özün praktikada bu dəhşətli hadisə ilə üzləşmisənmi?!

Tofiq Mamedov bir xeyli fikrə getdi. Dedi, kannibalizm elə dəhşətli hadisədir ki, bu barədə danışmaq çətindir, amma belə bir problem var. Əgər problem varsa, onu gizlətmək yox, qabartmaq, ən azı haqqında məlumat yaymaq daha xeyirlidir. Əvvəl onu deyim kimi, kannibalizm çoxlarının düşündüyü kimi, adam əti yemək deyil. Məsələn, Afrikada adam yeyən aslanlara, ya Kanadada insanlara hücum edən canavarlara kannibal demirlər. Kannibalizm (fransız sözündəndir) sırf bioloji, daha dəqiqi, zooloji termindir, eyni cinsli canlıların bir-birini yeməsi deməkdir. Səbəbləri təbii ki, müxtəlifdir. Məsələn, canavarlar və siçovullar aclıq qorxusu hiss etdikdə, əqrəblər isə döyüşdə qalib gəldikdə həmcinsini yeyir. Təəssüflə qeyd etməliyəm ki, insanlar arasında da öz həmcinslərini yemək halları qeydə alınır və hətta mətbuata da çıxır. Rusiyada, bir qayda olaraq, «BOMJ»-lar arasında, az da olsa, kannibalizm faktlarına rast gəlinir. Bunlar isə, adından da göründüyü kimi («Bez Opredelyonnoqo Mesta Jitelstva») müəyyən yaşayış yeri olmayan, ağlı özünü idarə etməyən adamlardır. Amma istisnalar da olur, bəzən tamamilə anlaqlı adamlar da bu dəhşətli cinayəti törədirlər. Rusiyada işlədiyim dövrdə bir dəfə, 90-cı illərin ortalarında belə bir hadisə ilə üzləşmişəm. Doğrudur, hadisə Sverdlovsk vilayətində baş vermişdi, amma zərərçəknlərin biri Moskva şəhərindəndi, bizim inzibati ərazinin sakini idi. Odur ki, bizim bölmə də bu cinayət işinin açılmasında, dolayısı ilə də olsa, iştirak etmişdi.

Səhv etmirəmsə 96-cı ilin yazı idi. Həmin il Moskvada, ümumiyyətlə bütün Rusiyada çox gərgin keçən seçkilər ili kimi yadda qalıb. Həmin dövrdə kommunistlərlə demokratlar yəqin ki, birinci və axırıncı dəfə ölüm-dirim mübarizəsinə çıxmışdı. Yaxşı ki, axırı yaxşı qurtardı, demokratlar qalib gəldilər. Amma Rusiya Fransa deyil və burada seçkiləri Daxili İşlər Nazirliyi keçirmir. Rusiyada DİN-in vəzifəsi qanunçuluğu qorumaq və cinayətkarlıqla mübarizə aparmaqdır. Bizim milis bölməsi də həmin dövrdə məhz bu işlərlə məşğul idi. Və bölməyə ilk nəzərdən o qədər də maraqlı olmayan ərizə daxil oldu. Hardasa 1965-ci il təvəllüdlü Aleksey İvanov fevral ayında Sverdlovsk vilayətinin Sverdlovsk şəhərinə (indiki Yekaterinburq) ezamiyyətə gedib və itib. Getdiyi müəssisəyə vurulan teleqramlar, yazılan məktublar, edilən zənglər də bir nəticə verməyib. Nəhayət Alekseyin işlədiyi zavoddan ailəsinə məsləhət görüblər ki, milisə müraciət etsinlər.

Həmin dövrdə mən bölmə rəisi idim. Tapşırdım əməliyyatçılara Sverdlovskda həmkarlarla əlaqə yaratsınlar, məsələni aydınlaşdırsınlar. Cavab gəlincə özüm Alekseyin Moskvada işlədiyi zavodun rəhbərliyi ilə əlaqə saxladım. İş yerindən onu yaxşı, hazırlıqlı mühəndis kimi kimi xarakterizə edirdilər. Elə ona görə də Urala, sənəddə vaqon, əslində isə tank zavoduna məsul ezamiyyətə məhz onu göndərmişdilər. Amma rəyi soruşulan iş yoldaşları rəsmi arayışa xeyli rəngarənglik gətirdilər. Məlum oldu ki, Alekseyin güclü başı olsa da, iradəsi zəifdir, spirtli içkilərə və zərif cinsə qarşı hədsiz həvəslidir. Doğrudur, işdə özünü ciddi aparır, amma ailəli adam olsa da, qıraqda işləklərindən qalmır. Təbii ki, biz bütün bunları Sverdlovskdakı həmkarlarımızla çatdırdıq. Onlar da məlumat verdilər ki, Serqey nə birincidir, nə də axırıncı. Oktyabrdan bəri 7 ayda Sverdlovska qonaq gəlmiş 7 nəfər – 4 kişi, 3 qadın itkin düşüb, Serqey bu siyahıda beşincidir. Bütün bu cinayətlərin bir işdə birləşdirilməsinin təbii ki, əsaslı səbəbləri vardı. İtkin düşənlər 25-35 yaş arasında idilər, Urala qonaq gəlmişdilər. Demək olar ki, hamısı da mehmanxanada yaşamış, ordan itkin düşmüşdülər. Yaxşı yadımdadır, mən urallı həmkarıma telefonda zarafatla dedim ki, cinayətkarları da elə bu yaş arasında axtarmaq lazımdır, ola bilsin iki nəfərdirlər, biri kişi, o biri qadındır. Həmkarım güldü, dedi mütləq nəzərə alarıq.

Deyəsən, bir dəfə demişəm, Rusiyada qonşular arasındakı münasibətlər bizdəki kimi yaxın olmasa da, onlar bizdən daha diqqətlidirlər. Yazda, yayda həyətdə oturan «babuşkalar» var, bunlar hər şeyi izləyir, qozlərinə şübhəli bir şey dəydi, dərhal milisə xəbər verirlər. Əsl pulsuz agenturadır. Sverdlovskda baş verən hadisə də, şəhərdən aralı bir yerdə, ozu də ilin qış fəslində - qış burda xüsusilə qarlı, şaxtalı keçir , baş verib, ona görə də qonşuların, yəni «babuşkalar»ın gözündən yayınıb. Deməli, Sverdlovskdan 15-20 kilometr aralı Rudnik deyilən qəsəbə var. Burdakı mədənlərdən, bir vaxtlar mis filizi çıxarılırmış. Filizin çıxarıldığı 20-30 il ərzində mədənlərin ətrafında böyük bir qəsəbə yaranıb. Qəsəbədə əsas birmərtəbəli həyət evləridir, arada beşmərtəbəli, hətta doqquz mərtəbəli binalar da gözə dəyir. Həmin bu həyət evlərinin birində Vadim Kudaşkin adlı, 27-28 yaşlı bir kişi Tamara adlı cavan qadınla mülki nikahda yaşayırmış. Vadim anasını bir neçə il əvvəl dəfn edibmiş, atası isə əvvəlcədən vəfat edibmiş. Yəni gənc cütlük müstəqil həyat sürürmüş. Vadimlə Tamara əvvəllər Alekseyin ezamiyyətə getdiyi Vaqon zavodunda işləyiblər, elə burda da tanış olublar. Amma həmin dövrdə zavodda gedən ixtisarlar nəticəsində işlərini itiriblər. Yeri gəlmişkən, Rudnikdə mis filizləri tükəndikdən sonra qəsəbə əhalisinin yarıdan çoxu Sverdlovsk zavodlarında işləyirdi və eyni səbəbdən işini itirmişdi.

Deməli, qış başa çatır, yaz gəlir, qarlar qaralmağa, gecələr ağarmağa (Sverdlovsk polyar Uralın başlanğıcı olduğundan yazda, yayda gecələr işıqlı olur) başlayır. «Babuşkalar» yazda yuvasından çıxan qarışqalar kimi həyətə, bacaya axışır və təbii ki, ətrafa göz qoymağa başlayırlar. Görürlər ki, cavan qonşuları Vadimlə Tamara az qala bir ildir ki, işsizdirlər, amma əvvəlkindən də yaxşı geyinib-kecinirlər, yeyib-içirlər, özləri də hər gün «piyan»dırlar. «Babuşklar»ı da hövsələdən çıxaran deyəsən, elə bu axırıncı olur. Onu da deyim ki, Ural çox soyuq yer olduğundan buranın adamları spirtli içkilərə daha meylli olur. Və yaş artdıqca, bu həvəs də artır. Yəni «babuşkalar» içkiyə cavanlardan daha meylli olurlar. Sözümün canı odur ki, əgər, cavan qonşular «babuşkalar»a arabir «görüm-baxım» etsəydilər, bəlkə də bu işin üstü belə tezliklə açılmazdı.

Beləliklə, Rudnik milis bölməsinə əməliyyat məlumatı daxil olur ki, qəsəbədə adamların içməyə qazlı su, yeməyə kolbasa tapmadığı bir vaxtda heç yerdə işləməyən Kudaşkinlər hər gün qızardılmış ət yeyib araq içirlər, özləri də «firmenni» geyinirlər. Məlumdur ki, bizdə sovet dövründən qalma bir psixologiya var, kiminsə bizdən yaxşı yaşamasına dözə bilmirik, bunu hətta cinayət bilirik. 90-cı illərdə bu psixologiya lap güclü idi və bizim işin xeyrinə idi. Çünki milis də məhz belə düşünürdü və elə bu səbəbdən də heç yerdə işləməyən və «heç bir cinayət törətməyən» Vadim Kudaşkin milis bölməsinə dəvət olunur. Burda ona bizim dildə desək, «qarmaq atırlar», deyirlər ki, sənin nə işlə məşğul olduğunuzu biz bilirik, amma istəyirik ki, özün boynuna alasan, cəzan yungül olsun. Vadim «bərk qoz» çxır, ağzına «su alır». Onun arvadı Tamaranı milisə dəvət edirlər, eyni təklifi ona da edirlər. Və Sverdlovsk vilayətində 90-cı illərin ən dəhşətli cinayətlərindən birinin üstü açılır...

Yekaterinburq Sverdlovsk vilayətinin ən böyük şəhəridir, sahəsi də, əhalisi də təxminən bizim Bakı qədərdir. Şəhər bir neçə ayrı-ayrı rayondan və qəsəbədən ibarətdir. Təbii ki, hər rayonda yerli əhəmiyyətli hotellər var, mərkəzdə isə mehmanxanalar çoxdur. Bizim qəhrəmanlar isə qədim tarixli «Ural» və «Çexov» mehmanxanalarını seçmişdilər . Birinci Dəmir yolu vağzalının yaxınlığında yerləşdiyindən və həmin dövrdə nisbətən yaxşı şəraitli, yaxşı təmirli olduğundan mərkəzdən (xaricdən gələnlər çox az olurdu) gələnlər, adətən, burda qalırdılar. Kudaşkinlər də cinayət obyekti kimi məhz bu mehmanxananı seçirlər. Səhər saat 9-da Dəmir yol vağzalını, yəni mehmanxananın yanını kəsdirirlər. Təbii ki, arabir obyekti dəyişir, «Çexov»a da baş çəkirlər. Gözlərinə maraqlı, yəni geyim-kecimli, viddi-fasonlu kişi dəyəndə, Tamara irəli keçir, «klient» qadın olanda isə, Vadim işə girişir. Onu da qeyd etmək lazımdır ki, bu ər-arvad ikisi də boy-buxunlu, yaraşıqlı adamlar olublar və xarici görünüşlərindən «qonaqları yoldan çıxarmaq» işində əməlli-başlı faydalanıblar. Təbii ki, iş həmişə onlar deyən kimi alınmayıb, bəzən qonaqlar «inadkarlıq» göstərib, mehmanxananı tərk etmək istəməyib. Bu zaman Kudaşkinlər hər ikisi böyük məmnuniyyətlə «ailə namusu»nu peşələrinə qurban veriblər, yəni «kliyentlər»ə nömrədə pullu xidmət göstəriblər. Amma ayda bir-iki nəfər, adətən mehmanxanada iki-üç adamlıq nömrələrdə qalanlar Rudnikə səfər etməyə, Kudaşkinlərin evinə «qonaq» getməyə razı olub. Məsələn, moskvalı mühəndis Aleksey İvanov kimi. Bu zaman Kudaşkinlər hər ehtimala qarşı bacı-qardaş oyunu oynayırlarmış. Qonaq da bacını, ya qardaşı içirib kefləndirmək və gecəni «mənalı» keçirmək niyyəti ilə bu oyuna həvəslə gedirmiş. Yeyib-içəndən sonra qonağı, qadın, ya kişi olmasından asılı olmayaraq, arxadan boğazına ip salıb boğurlarmış. Deyilənə görə, zavodda dəmirçi işləyən və fiziki cəhətdən möhkəm olan Vadim «təzə sənətini» mükəmməl öyrənibmiş, bircə dəfə sıxmaq bəs edirmiş... Sonra isə mərhumu hamamxanaya aparır, əsil qəssab səliqəsi ilə şaqqalayıb soyuducuda yerləşdirirlərmiş. Qonağın üst paltarları, qızıl-zinət əşyaları və təbii ki, pulları istifadə olunurmuş. Lazımsız paltarlarını və sair qalıqlarını isə eyni səliqə ilə zirzəmidə basdırırlarmış.

Beləliklə, qonşuların burnunu qıcıqlandıran qızardılmış ət iyinin, spirtli içkilərin, «firmenni» geyimlərin də mənbəyi məlum olur. Təbii ki, Kudaşkinlərin evində axtarış aparılır, cinayətin izləri aşkar olunur. Cinayətin motivlərinə gəlincə, Vadim deyir ki, heç biri işləmədiklərindən evdə pula gedən hər şeyi satırlar, axırda Tamara məcbur olub mehmanxanaya «işə» gedir. Bir qayda olaraq, nömrələrdə pullu «xidmət» edir, amma bir dəfə müştərini evə gətirir. Vadim də dözə bilmir, içkinin təsiri ilə «qeyrət qanı» qaynayır, Tamaranın arxasınca evə gələn kişini boğub öldürür. Qonaq cavan, yaxşı geyimli-kecimli imiş, evdə də dişlərinə çoxdan karlı bir şey dəymirmiş, odur ki onun paltarından da, özündən də «istifadə etməyi» qərara alırlar... Sonra isə yavaş-yavaş öyrəşirlər – həm içkiyə, həm adam öldürməyə, həm də...

Tofiq Mamedov deyir bu, çox ağır mövzudur, ona görə də dərinə getmək istəmirəm. Yalnız onu demək istəyirəm ki, həmin dövrdə Rusiyada hələ ölüm hökmü ləğv olunmamışdı və Vadim Kudaşkin, o vaxtlar deyildiyi kimi, «vışka» aldı. Tamara isə cinayətin iştirakçısı kimi 7-8 illə canını qurtardı. Yəqin çoxdan türmədən çıxmış olar...

# 3292 dəfə oxunub

Müəllifin son yazıları

# # #