Bu gün şair-pulisist Əkbər Qoşalının doğum günüdür. Kulis.az bu münasibətlə "Günün şeiri" layihəsindən şairin şeirlərini təqdim edir.
Gəmiləri sudan çəkib quru ilə sürərəm
İstanbulun eşqinə
Qılıncımı suvararam
«Babək» deyən bir cüt qolun eşqinə
Böyüdərəm doğma yurdu
Xətainin başladığı ulu yolun eşqinə
Yaşamaram künc-bucaqda onun-bunun eşqinə
Yaşayaram TURAN adlı bir acunun eşqinə
Yad sözlərə tövbə deyib
Öz dilimdə danışaram
Dədə Qorqud eşqinə
Bu duyğudan kənar türkün yaşamı nə,
Eşqi nə?!
***
Dünən biziydik orda –
O kafe, o masada.
Bu gün iki gənc gördüm,
bizim masamızdaca
vermişdilər baş-başa.
Səndən nə gizlədim, elə qısqandım,
istədim içəri keçəm, səs salam...
Ancaq
demədiyin sözə ayıldıım...
Və ən yeyin addımla
uzaqlaşdım özümdən...
Dünən qaldı dünəndə
Dünən masada qaldı,
Kor cərrah bıçağıdı –
Xatirə işə gəlməz.
Guya neynəmişdik ki?
Sən öz telinnən oynadın,
Ürəyim mənnən oynadı.
Hər təbəssüm edəndə,
çökəldi gözəl üzün
və mən zalımcasına dözdüm o gözəlliyə...
Dünən neynəmişdik ki? –
Bir az söhbət elədik
və baxışdıq bir xeyli.
Sən Bakıdan danışdın, mən Daşkənddən,
Sən Bakını təriflədin, mən Daşkəndi;
Mən əslində səndən danışır,
səni tərif edirdim,
yəqin, sən də düşündün ki,
mən heç nə anlamıram,
anlamıram ki,
bir şəhəri bu qədər adamlaşdırmaq olmaz...
Nə dedinsə, sağ ol,
sağ ol, çox sağ ol.
Amma
mənim Bakılığım qoy hələ qalsın.
sənsə dəqiq Daşkəndsən –
həsrətin daş kimi düşür ürəyə.
Dünən başqa dünəndi,
gah hər şeydən danışdıq,
gah hər bir sözə susduq,
üzə daldıq,
üzdə qaldıq...
Dünən nəydi,
nəydi dünən, İlahi?
Hər şeydən danışırdıq,
amma büsbütün sözlər
gəlib-gəlib tıxanırdı bir yerdə.
Hər şeydən danışırdıq,
amma o hər şey dediyin
tək bircə kəlməyə xidmət edirdi –
ikimiz də bilirdik,
noolsun, ikimiz də deyə bilmirdik...
Sahi, nə deyəcəkdik?
Məndən heç soruşma,
Mən nə dediymi bilmirəm,
zalim,
Sənsə bildiyini demirsən
Bu gün o iki cavan
dirsək qoyan masada
ürək qoyub gəlmişik,
onlar hardan biləcək?..
Eh, hardan bilsinlər ki,
dünən elə ordaca
necə vurub ürəklər,
boğaz necə quruyub,
topuq çalıb necə dil?
Nəydi kafenin adı? –
birdə geri dönməyim.
Sən də xatırlamazsan,
Sevgistan olsun –
İki nəfərçün bir ad...
Dünən dünəndə qaldı,
Dünən qaldı masada.
Kor cərrah bıçağıdı,
xatirə işə gəlməz...
HƏSRƏTİN HEKAYƏTİ
İl yarım olmuşdu biz ayrılalı,
İl yarım deyirəm, zarafat deyil.
Şeytanın qıçını sındırdıq axır,
İkimiz də kövrək, ikimiz dəli...
Bilmirəm, həsrəti necə keçirib,
Bilmirəm, o zalım nə yeyib- içib?
Özümə çəkilib o aylar boyu,
İçimi yemişdim mən gizlin-gizlin.
Bilirəm, daha çox həsrət çəkən var,
Bilirəm, tez küsüb-barışıb kimsə.
Söz var: od düşdüyü yeri yandırar,
Bizim ilyarımmız bəs edər bizə...
Deyirdim, nə geyər bu gün üçün o,
Qırmızımı geyər, qaramı, ağmı?
Qapqara geymişdi günü ağ olmuş,
Kəməri, çantası qıpqırmızıydı.
Deyirdim, ilk sözü nə olacaq, nə?
Sinəmə sığmırdı yarımcan ürək.
O gəldi, mən baxdım, ikimiz susduq...
unutduq ilk sözü,
nə deyəcəkdik?..
sonrası: itotu, bağayarpağı...
Elə bil dünəncə sağollaşmışıq...
Ah, mənim ilyarım yaşadıqlarım,
Ah, mənim hələ də yaşamadığım...