Kulis.az Əli Şirin Şükürlü "Ədəbi suprematizm" silsiləsindən yeni şeirlərini təqdim edir.
İntersubyektiv
Uşaq idim hələ ağlım kəsəni,
sanki bir anın içində baş verdi dəyişmələr
(bəzən də uzun görünür mənə zaman) -
indi bir çox hadisələrlə dolu xatirələr;
mən də keçirib təcrübədən
bir çox həqiqətləri anlamağa çalışıram israrla:
cürbəcür təəssüratlarla zəngin hadisələr,
nə qədər açar sirrini görən?!
Hamısını danışmayacam müşahidələrin,
buna lüzum da yoxdu məna axtararkən;
bir neçə adi hadisə məqsədə yetmək üçün
bəs edər, məncə.
Ağac vardı eyvanla üzbəüz, quşlar qonardı.
Ağac qürurlu görünərdi, quşlarsa ürkək,
yeri boşdu indi ağacın,
quşlar da havada uçur (qalıb) - boşluğun üstündəki.
Boş yer vardı, uşaqlar futbol oynayardı,
hamı qələbəyə can atdığından qələbə sevinci
məğlubiyyət məyusluğu doğurardı hər zaman.
İndi bina ucalır o yerdə 17 mərtəbəli, bəlkə
bu binada o uşaqlardan da yaşayanlar var.
Tez-tez rastlaşardım, salam verib keçərdim,
təbəssümlə yola salardı adamı, ixtiyar yaşında idi –
həyatı
hər günü ilk gün olaraq yaşayan tək yaşayardı deyəsən,
dünən axırıncı dəfə gördüm onu.
İnandım bir daha:
“Öz ölümünün heç bir dəxli yoxdu insana”
Qonşu həyətdən çıxan uşaq səndərləyə-səndərləyə
açıq qapıdan girir həyətimizə, tələsik yonur çiçəkləri.
İlk dəfə görürəm,
təzəlikcə gəzməyi öyrənib yəqin,
ən tez də çiçəklər cəlb edir onu nədənsə.
...
Yox, fanilikdən – təkamül və tükənmədən
danışmaq istəmirdim, bunu hamı bilir onsuz da.
Amma bir şey deyim maraqlı ola bəlkə: Təkamül
ilk baxışdan inkişaf təsiri bağışlar; bütün sıçrayışlar
böyük tükənmənin içində əriyər zaman ötdükcə.
Nəsə başqa bir sirr var,
nəsə başqa bir sirr olmalıdı axı, dəqiq bilirəm,
xatirələri daşıran bu və başqa bu kimi gördüklərimdə
özü ilə daşıdığı həm adi, həm də gözlənilməz hadisələrlə birgə,
yoxsa neçə illərdi
bu qədər dərindən zəbt etməzdi düşüncəmi:
Yenə də noumen – tam tapa bilmədim,
əsl məna özündə qaldı hadisələrin;
yenidən dönə-dönə, nəticə nə olur-olsun,
dönə-dönə
məna axtarışına başlamaq lazım gələcək yəqin...
... – 19.07.2024
Superpazisiya prinsipi
Biz insanlar da
ayrı-ayrı məkanlarda eyni zamanda varıq,
təkcə bir qədər fərqli versiyalarda,
başqa var olan hər şey – məsələn,
aləmə işıq paylayan fotonlar kimi –
hər yerdə olduğumuzdan,
“heç yerdə”yik həm də:
Superpozisiya prinsipi.
İnkar edən
heç bir elmi fakt olmasa da,
mən bunu sizdən sonra
daha çox anladım,
yoxluğuna darıxdıqlarım,
doğrusu, daha çox inandım buna;
sizi
hər yerdə olduğunuza inana-inana
tapa bilməyəndə.
Tapa bilməyəndə sizi,
axtarıb tapa bilmədiyim
bir çox gerçək olanlar –
məsələn, ən sadəsi hamının
şahidi olduğu əriyən qar;
ta uşaqlıq illərindən
hopduğu hər yerdə
var olduğuna inana-inana
tapa bilmədim heç vaxt.
... – 01.05.2024
Manekenlər - düz xətt boyunca yaşayanlar
Yaxınlığından keçərkən
bəzən
adama oxşadıb diksinirəm.
Üzünün donuq ifadəsindən,
soyuq baxışlarından
tanıyaram onları.
Görən beyni olsa nə düşünər,
nə keçər ürəyindən
qəlbi döyünsə:
təzim eləyər həvəslə
mağazaya gəlib-gedənlərə,
baxıb pəncərədən gülümsəyər
küçədən keçənlərin üzünə.
Yoxsa bezib
gözlərini daima eyni nöqtəyə zilləməkdən
baxışları uzanan düz xətt boyunca
çırpar özünü pəncərə şüşəsinə, -
əyilər düz xətt.
Sərilər küçəyə. Aparar özüylə
bir parça pəncərə şüşəsini – üzərində
soyuq baxışlarının izi.
Partlamış ürəyi qucağında,
üzündə qan-qarışıq təbəssüm
zilləyər gözünü laqeyd baxışlara,
təəccüb dolu gözlərə.
Bəlkə də
nə təzim eləyər, nə gülümsəyər,
nə də özünü çırpar şüşəyə.
Eləcə
ast-asta çıxıb qapıdan,
üz alar “heç yer”ə -
kəsişər düz xətlər.
Düz xətt boyunca yaşayar manekenlər;
real həyatın
gerçək üzü - manekenlər.
Xəyallar
özgə dünyanın gerçək hadisəsi,
eynən yuxu kimi. Yuxularsa
çin olmur bu dünyada həmişə.
Təəssüf, çox təəssüf,
real həyatın o biri –
astar üzü görünmür.
Manekenlər – düz xətt boyunca yaşayanlar,
adama oxşadıb diksinirəm.
Ağacla torpağın dostluğu
Nə gözəl ağac idi bir zamanlar;
baxdıqca göz oxşayırdı, boyu uca, yarpaqları yamyaşıl.
Torpaqda təsviri – kölgə şəklində nazlanırdı.
Torpaqla dostlaşan kölgə şıltaqlıq edər hərdən,
qaçıb torpaqdan gizlənərdi. Yığardı özünə kölgəni ağac,
darıxardı kölgəylə doğmalaşan bir parça torpaq.
Böyüyürdü ağac. Böyüdükcə kölgəsi böyüyür,
kölgəsi böyüdükcə ağacın torpaqla dostluğu böyüyürdü.
Dostluğu böyüdükcə
ağacın altında, torpağın üstündə sevgilər böyüyürdü.
Sevgilər böyüdükcə
sevgi hekayələri çoxalırdı ağacın gövdəsində.
Qocalırdı ağac kölgəsi böyüdükcə. Kölgəsi böyüdükcə
sevdalar köhnəlirdi həm də. Sevdalar köhnəldikcə
az qala unudulurdu ağac.
İllər keçdikcə
qayğılı-qayğılı gah evə, gah işə tələsirdi
bir zaman kölgəsinə sığınan,
altında ilk sevdasından söz açanlar.
Çox pərişan görünürdü indi ağac;
məyus başı aşağı budaqlar.
Əvvəli qol-budağını kəsdilər ağacın;
kiçildi kölgəsi, azaldı dostu torpaq.
Sonra başını kəsdilər ağacın;
bir az da kiçildi kölgəsi, bir az da azaldı
dostu torpaq.
Axırda gövdəsini kəsdilər ağacın;
itdi kölgəsi, yox oldu dostu torpaq.
Ağacı kəsirdi
bir zaman kölgəsinə sığınan,
gövdəsinə ilk sevgi hekayəsi yazan. Elə
ağac kəsmək idi işinin adı. Çörək pulu qazanırdı
ağac doğraya-doğraya. Kəsdi ağacı hissə-hissə.
Əvvəlcə növbə öz adına çatdı, sonra sevdiyi qızın –
indi uşaqlarının anası.
Beləcə kəsdi, doğradı ağacı - arada üzündə təbəssüm,
arada kədərli.
Əvvəl
qol-budağını kəsdilər ağacın,
sonra başını,
sonra gövdəsini.
Qoruya bilmədi ağacı torpaq;
üstündə yoxluğu qaldı ağacın,
kökünü torpağın alti saxladı.
O gözəl, o sevdalı bir zamanlar –
qalan kökü oldu, o da
torpağın altında.
Dəniz və zaman
(şeir-esse)
Deyirlər varlıqlar var gözə görünməz, qulağa eşidilməz –
mən də razıyam
və başqa heç bir niyyətim olmadan dayanıb dəniz sahilində
seyr edirəm gözə görünənləri yaxından və uzaqdan;
ləpələr ard-arda, nizamla aparır dənizi harasa.
Elə hey aparsa da dəyişmir məkanı dənizin, yerində sayır
daimi gedişləriylə. Sanki tələsmir heç hara. Köksünün genişliyində
astagəllik hikmət paylayır ətrafa.
Zamandı deyəsən gözümə görünən,
dənizi durmadan aparan ləpələr şəklində; spiralvari forması bunu anladar.
Quştək qonublar dənizin səthinə və dəniz başdan-başa bürünüb zamana.
Varolan nə varsa zamandı təkcə - səda gəlir yavaşca dənizin genişliyindən.
Ləpələr dənizin özüdü elə ayrı-ayrı görünsələr də – bu, gözə görünəni,
zaman dənizin üzü – bu da ağlımdan keçəni.
Dəniz özünü “öz”ünə ötürürmüş bayaqdan demə.
Zaman dayanır sahildə.
Sonra sıçrayıb, dəyir sahildə dayanan adama əvvəlcə, yəni mənə.
Sonra toxunur sahildə var-gəl edən adamlara. Ordan sıçrayır yol boyu
sürətlə şütüyən avtomobillərə. Ordan keçir evlərə, ağaclara, otlara, çiçəklərə,
itlərə, pişiklərə, ... gəlib çatır qırmızı şala bürünmüş cənazəyə.
Dayanır təngnəfəs. Yox olur birdən.
“Götürün day, ömrü bura qədərmiş, nə gələr əlimizdən” –
dillənir pirani qoca başı aşağı, nədənsə utanır sanki.
Əyilir cənazəyə söykənmiş çiyinlər – dünyanın ən təmannasız yaxşılığı
üst-üstə yığılıb cənazədə gizlənən zamanın ağırlığından.
Sən, ey, səninləyəm, eşidirsən, sən, bəli, sən, mənə oxşayan,
zaman qonub üstünə, o qədər qonub başdan-ayağa zamansan mənimtək –
zamanüzlü dəniz ustufca sirr gəlir
dəniz qırağında baxışları uzaqlarda yox olan adama,
yəni mənə, yəni sənə, yəni ona, yəni hamıya -
baxışların bitdiyi sərhəddən o tayda uzaqlar var hələ də, məkan deyərlər adına,
cənazədən o yana zaman dalğavari nəhayətsiz gediş-gəlişləriylə.