"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri

"Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri
14 avqust 2026
# 13:30

Bu gün polyak şair, tərcüməçi, esseist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşun anım günüdür.

Kulis.az onun şeirlərini Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.

Təki Həqiqət qayıtsın nitqimizə...

Daha bir ziddiyyət
Görəsən, görməli olduğum işləri gördümmü?
Bəli, bir evdə qonaq oldum, buludların altında,
Çaylar axırdı, otlar cücərirdi.
Seçilmişdim, çağırılmışdım, amma çox az şeyi anlayırdım.
İmkanım olsaydı, gələn dəfə, yalnız hikmət arayardım.
Hamı kimi olmağa əsla cəhd etməzdim.
Bu yalnız iztirab və şər mənbəyidi.
Özümü inkar edib təslimiyyəti seçərdim.
Canavar baxışlarımı söndürər, ac qursağımı kəndirləyərdim.
Hündür bir yerdə, monastırda öz hücrəmə çəkilərdim -
Aşağıda şəhərin işıqları sayrışardı,
Qoca sidrlərin dövrəsində körpü,
altından kiçik bir çay axardı.
Özümü yalnız bir işə həsr edərdim.
Amma belədə bu mümkün olmazdı.

***

Necə bacardım,
Necə eləyə bildim bütün bunları?!

Bu dəhşətli dünyada yaşadım,
Onun qanunları ilə oynadım,
Onun qanunlarına əyildim.

Mənə hökmən Allah gərəkdir...
Günahlarımın bağışlanması üçün
Hökmən Allah lazımdır mənə.
Şöhrət haqqında söhbət.

Oxuyurdular, şöhrətin pisliyini öyrənirdilər guya...
Amma boşunaydı: bu, onları əsla xilas etmədi.
Şöhrətin gurultusu naminə qanlı bifşteksdən də,
Qadın ağuşundan da, hətta başqasına əmr vermək kimi
Ləzzətdən də vaz keçərdilər. Amma bir şərtlə ki,
Ad-san, şöhrətin çələngi onların olsun, yadda qalsınlar.

- Sənə nə var, sənin qarnın belə şeylərdən toxdur.
Çələnglər quruyub, xələtlər, bəxşişlər toplanıb.
Yaxşıydımı-pisdimi, bundan sonra
nə desələr də, vecinə olmayacaq.
Çünki sən onsuz da qalibsən...

- Yox, elə deyil, ya gündüz olsun, gecəyarı, fərq etməz,
xoşagəlməz, ağır düşüncələr bir saat belə, məni tərk eləmir.
Yatanda belə, yaxamdan əl çəkmir, yuxularım əzab verir.
Yəni üzümü əllərimlə örtəcək qədər çox şey baş verib...

Ruhani traktat: giriş

Bu traktatı gənc adam yaza bilməz.
Yox, bunu ölüm qorxusunun diktə etdiyini düşünmürəm.
Bir xeyli cəhdlərdən sonra bu, eləcə minnətdarlıq
və əsrimə xas poetik dilin mübtəla olduğu
düşkünlüklə vidalaşmaqdır həm də.
Bəs niyə ruhani traktat?
Çünki ilk olan elə birinci də olmalıdır.

İlk olan - Həqiqətdir. Və yeri gəlmişkən,
poeziya özünün şəffaf şüşəyə çırpılan
hürkmüş quş davranışıyla sübut edir ki,
bizə xəyallar bəs eləmir.

Təki Həqiqət qayıtsın nitqimizə...
Yəni elə bir məna ki,
mütləq istinad nöqtəsi olmadan mümkün deyil.

Dua

Doxsanı haqlayıb hələ də ümid edirəm ki,
yenə nəsə deyə biləcəm, xırıldayacam.

Adamların qabağında olmasa da,
məni bal və yovşanla yedizdirən Sənin qarşında.

Xəcalət çəkirəm,
sanki qarşında hansısa əlahiddə xidmətlərim varmış kimi
Sənin mənə yol göstərdiyinə, qoruduğuna inanmalıyam çünki.
Düşərgədə şam budaqlarından xaç düzəldib
Dəmir çarpayılarda dua edənlər kimiydim, əslində.

Mənim, bu eqoist adamın xahişini yerinə yetirdin amma...
Yəqin, istədin ki, istəklərimin mənasızlığını anlayım.

Adamlara yazığım gəldiyindən möcüzə istəyib dua edəndə
Həmişəki kimi, yer də, göy də susurdu.

Sənə inam məsələsində mənəviyyatım şübhəliykən
inanmayanların sadəlövh inadkarlığına heyrələnirdim.

Dini özüm kimi zəiflər üçün uyğun sığınacaq bildiyim halda
Sənin böyüklüyün qarşısında
mən çox pis oyunbaz və rəqqasam...

Hələ onda, keşiş Xomskinin sinfindəki
ən qəribə şagird sayıldığım vaxtlar,
qədərin bu uzun-uzadı cığırşıına qulaq kəsilirdim.
İndi sən bütün beş hissimi tədricən qapayırsan,
İndi mən - zülmətdə uzanıb qalmış xəbərsiz ahıl qocayam.

Məni iztirab çəkməyə məcbur edən şeylə,
irəli can atmağımla və şeirlə tək qalmışam.

Həqiqi və yalançı günah hissindən azad elə məni,
Bütün zəhmətin Sənin şanın üçündür deyə əminlik ver.

Dünyanı ağrıdan xilas eləyən şəfqətinlə
son anımda yanımda ol.

# 448 dəfə oxunub

Oxşar xəbərlər

Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

Bizim dost itirən vaxtımız deyil... - Hafiz Baxış

15:20 7 sentyabr 2026
"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

"Unutqanlığın ağır pəncəsi üstünüzdən keçəcək..." - Yuliya Sendreinin şeiri

13:30 6 sentyabr 2026
Unut məni, aldat məni, at məni - Məmməd Araz

Unut məni, aldat məni, at məni - Məmməd Araz

14:10 5 sentyabr 2026
"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

"Gözümü bir qızın gözündə görsən..." - Günün şeiri

12:30 4 sentyabr 2026
"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

"Yerdə bir ruh itmiş bədənini axtarır..." - Yunan şairdən "Səhər saatlarının baxışı"

17:00 2 sentyabr 2026
"Sən elə gəlirsən ki, gedənə oxşayırsan..." - Tofiq Abdinin şeirləri

"Sən elə gəlirsən ki, gedənə oxşayırsan..." - Tofiq Abdinin şeirləri

14:30 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər