Bu gün tanınmış polyak şair, yazıçı Tadeuş Borovskinin doğum günüdür.
Kulis.az onun "Çayın adları" şeirini təqdim edir.
Qəribədir, yuxu kimi...
axşamın dərin kölgələrində
dar dalanlara enmək...
gözlərimi zilləmək
qaranlığın kor divarlarına,
axtarmaq yarpaqsız budaqları —
hansıları ki, külək bənövşəyi səmaya sıxıb
yad bir əlifbanın hərfləri tək,
indi isə sovurur bu işarələri tüstü tellərinə.
uzaq pəncərələrin işığı,
ulduzların əksi və parıldayan gözlər
ağac qabığı üzərindən yavaşca sürüşür,
aşağıdan kölgələr boylanır,
əks olunan işıq barmaqlıqlar boyunca qaçıb yox olur
dalanın dərinliklərində -
bir titrəyiş dalğa kimi axır səmanın yumşaq çalarları boyunca,
ətəyindən parçalanmış daş evlərin və dirəklərin qaranlığı ilə —
səhnə dekorasiyası kimi yastı, kəskin və qeyri-real...
Qəribədir, yuxu kimi, amma nədənsə canlı və ağrılıdır,
axşam dalanlarında gəzmək,
işıqlara və kölgələrə baxmaq...
səyyar bir tamaşaya baxırmış kimi -
külək olmaq, budaq olmaq...
səmaya sıxılmış surətlərə bürünüb keçmək
axmaq bir çayın axını kimi...
hər surət bir dalğadır —
tənha, ucalan, səssizcə enən...
Tək bir bədənə sahib olmaq...
Yad bir çayın axıntısı kimi
dalğalarla ucalan...
bir kölgə kimi, bir budaq kimi, külək kimi,
ötüb keçən, tənha və lal, ani bir parıltı
hadisələrin səhnə dekorasiyasında...
yuxu və yorğunluq gəlir,
soyuq külək əsir, bədən titrəyir, dodaqlar ağarır,
yuxularda surətlər qarışır, hər şey dolaşır
küləyin ağacların çılpaq budaqları ilə
səmaya yavaş-yavaş yazdığı o tanış olmayan sətirlər kimi.
Qəribədir - bir dalanla getmək
tanımamaq doğma cizgiləri -
evlərin, küçə fənərlərinin, daşların adi adlarını,
dostların üzlərini su pərdəsi arxasından görmək,
bulanıq, qeyri-müəyyən...
boğuq bir harayla açılan ağızlar
harasa batır, yırğalanan dalğa ilə aşağı axır,
gözlər mənə dikilir intizarla,
parçalanmış şüşə səthinin səpələnən damlalarında burulub bulanıqlaşır,
fosforlu odla yanaraq.
səma dalğalanıb qırışır,
elektrikin fışıltısı qırılmış bir simin titrəyən akkordu kimidir...
yenə ağacların budaqları,
dəmir barmaqlıqlar boyu uzanan əks,
və yazılar kölgələrə tökülür - ötüb keçən çayın adları.
Qəribədir, yuxu kimi, amma nədənsə canlı, ağrılı...
axşam dalanlarında gəzmək və tanımamaq doğma
cizgiləri və adi adları, unutmaq dostların üzlərini,
yalnız işıq və kölgə olmaq, tənha, lal bir bədənə sahib olmaq,
və dayanmadan ötüb keçən yad bir çayın dalğası olmaq.
Mənə qayıdacaqsanmı bir dalğa kimi?
ayaqlarıma dolanan və ürəyimə sızan
qaranlıq kimi?
ağır, şişmiş bir səma - bax, bu sənsən...
kölgəm kimi, bədənim kimi gerçək,
gecənin qaraltdığı pəncərə şüşəsindəki
keyimiş əksim tək ələkeçməz və dərin.
özümü sadəcə geridə qoyub getmişəm,
eynilə bir masadan və ya yataqdan qalxıb getdiyim kimi.
amma yuxuya büründüyüm kimi özümə bürünmüşəm.
bilirəm ki, özümü yuxuda görürəm,
amma yuxu görərkən heç nəyi xatırlamıram...
Rus dilindən sətri tərcümə etdi: Aydan Ağayeva