Rok musiqisinin ən nüfuzlu tədbirlərindən biri bu gün Los-Ancelesdə keçiriləcək.
Kulis.az xəbər verir ki, “Rock & Roll Hall of Fame”in 2026-cı il qəbul mərasimində Billi Aydol, Fil Kollinz, “Oasis”, “Iron Maiden”, “Sade”, “Wu-Tang Clan”, “Queen Latifah” və başqa məşhur ifaçılar musiqi tarixindəki yerlərini rəsmən möhkəmləndirəcəklər.
Ancaq tədbirdə bütün ulduzları görmək mümkün olmayacaq. “Oasis” üzvləri mərasimə qatılmayacaqlar: Noel Qallaqer Britaniyada konsert verəcək, Liam Qallaqer isə mükafatlandırma mərasimlərini sevmədiyini bildirib. “Iron Maiden” Avstraliyada qastrol səfərində olacaq, “Sade” də tədbirdə iştirak etməyəcək. Fil Kollinz isə səhhəti ilə əlaqədar mahnılarını canlı ifa edə bilməyəcəyini açıqlayıb.
Bu ilki mərasimin digər əlamətdar tərəfi də var. Fela Kuti “Rock & Roll Hall of Fame”ə qəbul edilən Afrika əsilli ilk musiqiçi olacaq. Selia Kruz isə əsasən ispandilli ifaçılıqla tanınan ilk sənətçi kimi tarixə düşəcək. Mərasimin canlı yayımı nəzərdə tutulmayıb; qısaldılmış televiziya versiyası dekabrın 9-da “ABC” və “Disney+”da yayımlanacaq.