Ədəbiyyat dünyasında süni intellektin müəllif yerini tutub-tutmayacağı ilə bağlı mübahisə yeni mərhələyə keçir.
Kulis.az xəbər verir ki, Fransada süni intellektin köməyi ilə yazılmış əsərlərə veriləcək yeni ədəbi mükafat təsis olunub.
“Paskal” adlanan mükafatın ilk müsabiqəsinə hələ nəşr edilməmiş fransızdilli əsərlər qəbul edilir.
İştirakçılar noyabrın 30-dək 300 min simvoladək mətn təqdim etməli, əsəri hazırlayarkən hansı süni intellekt modelindən və ya proqramından istifadə etdiklərini açıqlamalıdırlar. Onlardan həmçinin əsərin yaranmasına səbəb olan ilkin ideyanı izah edən ayrıca sənəd tələb olunur. Mükafatın münsiflər heyətinə fransız yazıçısı və esseisti Jak Atalli rəhbərlik edəcək.
Maraqlıdır ki, Atalli qalib əsərin ənənəvi roman olmasını istəmir. Onun fikrincə, mükafat insanlığa və ətraf mühitin qorunmasına töhfə verən yeni ədəbi formaları üzə çıxarmalıdır. Təşkilatçılar bu təşəbbüsü yazıçını süni intellektlə əvəzləmək cəhdi deyil, yeni yaradıcılıq imkanlarını araşdırmaq vasitəsi kimi təqdim edirlər. Bununla belə, layihə müəlliflik hüququ və bədii yaradıcılığın sərhədləri ilə bağlı müzakirələri daha da qızışdırıb.