Bu gün Fransa ədəbiyyat nəzəriyyəçisi, esseist, filosof, tənqidçi və semiotik Rolan Bartın doğum günüdür.
Kulis.az onun "Eşq söhbətindən fraqmentlər" essesindən müəyyən hissələri təqdim edir.
Mən aşiqəmmi? Hə, çünki gözləyirəm. O biri əsla gözləmir. Bəzən gözləməyən adam rolunu oynamaq istəyirəm; başqa yerlərdə məşğul olmağa, gecikməyə çalışıram, amma bu oyunda həmişə uduzuram. Nə etsəm də, özümü orada tapıram: heç bir işim yoxdur, dəqiqəm, hətta vaxtından əvvəl gəlmişəm. Aşiqin ölümcül şəxsiyyəti məhz budur: mən gözləyən adamam.
***
Görürsünüzmü, sevdiyimiz ilk şey bir mənzərədir. Çünki ilk baxışdan eşq onun qəfil olmasının əlamətini tələb edir və hər şeydən əvvəl, elə bir mənzərədir ki, sanki ilk dəfə ən yaxşı şəkildə görülür: pərdə aralanır və hələ heç görülməmiş olan gözlər tərəfindən udulur: mənzərə sevməli olduğum obyekti müqəddəsləşdirir. Kontekst aşiq subyektin təcrübəsini əhatə edən, harmonik şəkildə düzülmüş elementlər bürcüdür...
***
İlk baxışdan eşq həmişə keçmiş zamanda danışır. Mənzərə bu zaman fenomeninə mükəmməl uyğun gəlir: aydın, qəfil, çərçivəyə alınmış, o, artıq bir xatirədir (fotoşəkilin təbiəti təmsil etmək deyil, əbədiləşdirməkdir)... bu mənzərə qəzanın bütün əzəmətinə malikdir: istədiyimlə qarşılaşmaq kimi bu böyük bəxtə sahib olduğuma inana bilmirəm.

Digəri ilə qovuşma həsrəti... Bu anda hər şey dayandırılır: zaman, qanun, qadağa: heç nə tükənmir, heç nə tələb olunmur, bütün arzular aradan qalxır, çünki onlar qəti şəkildə yerinə yetirilmiş kimi görünürlər... Təsdiq anı - müəyyən bir müddət üçün, qısa da olsa, dəli bir interval, bir şey uğurlu alınmışdır...
***
Qısqanc bir kişi olaraq, dördqat əziyyət çəkirəm: qısqanc olduğuma görə, belə olduğuma görə özümü qınadığıma görө, qısqanclığımın digərini yaralayacağından qorxduğuma görə, banallığa düçar olmağa icazə verdiyimə görə - kənarda qalmaqdan, aqressiv olmaqdan, dəli olmaqdan və adi olmaqdan əziyyət çəkirəm.
***
Həyatımda milyonlarla bədənə rast gəlirəm - bu milyonlardan yüzlərcəsini arzulaya bilərəm, amma bunlardan yalnız birini sevirəm.
***
Dil bir dəridir: mən dilimi o birinin üzərinə sürtürəm. Elə bil barmaqlarım əvəzinə sözlərim var, ya da sözlərimin ucunda barmaqlarım var. Dilim arzu ilə titrəyir. Emosiya ikiqat təmasdan qaynaqlanır: bir tərəfdən, bütün diskurs fəaliyyəti tək bir işarə olana təmkinlə, dolayısı ilə diqqət yetirir ki, bu da "səni arzulayıram" deməkdir və onu partlayış nöqtəsinə qədər azad edir, qidalandırır, digər tərəfdən, mən digərini öz sözlərimə bükürəm, bu təmasını əzizləyirəm, toxunuram, danışıram, əlaqənin davam etməsini təmin etmək üçün özümü uzadıram.
***
Kimsə mənə deyir: bu cür sevgi həyat qabiliyyətli deyil. Amma həyat qabiliyyətini necə qiymətləndirmək olar? Niyə həyat qabiliyyətli olmaq yaxşı şeydir? Niyə yanmaqdansa davam etmək daha yaxşıdır?

Aşiqin ölümcül şəxsiyyəti məhz budur: mən gözləyən adamam.
***
Əgər mən asılılığımı etiraf edirəmsə, bunu ona görə edirəm ki, o, mənim üçün tələbimi bildirmək vasitəsidir: sevgi aləmində mənasızlıq "zəiflik" və ya "absurdluq" deyil: o, güclü bir əlamətdir: nə qədər mənasızdırsa, bir o qədər çox məna kəsb edir və özünü güc kimi təsdiq edir.
***
Dilimlə hər şeyi edə bilərəm, amma bədənimlə yox. Dilimin gizlətdiyini bədənim deyir. Mesajımı qəsdən formalaşdıra bilərəm, səsimi yox. Səsimlə, nə desə də, o biri "məndə nəsə səhv olduğunu" başa düşəcək. Mən yalançıyam (qəsdən xatırlatmamaqla), aktyor deyiləm. Bədənim tərsinə addımlayan uşaqdır, dilim isə çox sivil yetkin bir insandır...
***
Bu matəmin ən həssas nöqtəsi mənim dili - eşq dilini itirməli olmağım deyilmi? Artıq heç bir "Səni sevirəm"lər olmayacaq.
***
Kimsəni gözlətmək: bütün hakimiyyətin daimi imtiyazı, insanlığın "əsr-əsr əyləncəsi".
***
Məsələnin həqiqəti odur ki, müstəsna bir paradoksla - sevildiyimə etiqad etməkdən əsla əl çəkmirəm. Arzuladığım şeyi qarabasma kimi görürəm. Hər yara şübhədən daha az, xəyanətdən qaynaqlanır: çünki yalnız sevən xəyanət edə bilər, yalnız sevilməsinə inanan qısqanc ola bilər: digərinin epizodik olaraq öz varlığında - məni sevmək olan varlığında - uğursuz olması - bütün bəlalarımın mənbəyi budur. Lakin sayıqlama, insan ondan oyanmayınca mövcud deyil (yalnız keçmişə aid sayıqlamalar var): bir gün başıma gələnləri başa düşürəm: elə bilirdim ki, sevilməməkdən əziyyət çəkirəm, amma bu, sevildiyimi düşündüyüm üçün əziyyət çəkdiyimdəndir; eyni anda həm sevilən, həm də tərk edilmiş olduğumu güman etməyin mürəkkəbliyində yaşayırdım. Mənim intim dilimi eşidən hər kəs çətin uşaq haqqında olduğu kimi hayqırmalı olardı: Amma axı o, nə istəyir?
***
Bu dözülən yoxluq unutqanlıqdan başqa bir şey deyil. Mən fasilələrlə sədaqətsizəm, bu, sağ qalmağımın şərtidir.
***
Sevginin məndə açdığı şey enerjidir.
***
"Tutaq ki, başqa birinin xəbəri belə olmadığı insident ucbatından ağlamışam (ağlamaq aşiq bədəninin normal fəaliyyətinin bir hissəsidir) və bu görünməsin deyə şişmiş gözlərimi gizlətmək üçün tünd eynək taxmışam (inkarın gözəl nümunəsi: görünməmək üçün görmə qabiliyyətini qaraltmaq). Bu jestin məqsədi hesablanmışdır: mən stoisizmin, "ləyaqətin" mənəvi üstünlüyünü saxlamaq istəyirəm (özümü Klotild de Vo hesab edirəm) və eyni zamanda, ziddiyyətli olaraq, incə sual verməyə təhrik etmək istəyirəm ("Amma sənə nə olub?"); mən həm acınacaqlı, həm də heyranedici olmaq istəyirəm, eyni vaxtda həm uşaq, həm də yetkin olmaq istəyirəm. Bununla mən qumar oynayıram, risk edirəm: çünki həmişə o biri bu adəti olmayan eynəklər haqqında heç bir sual verməməsi mümkündür; o biri bu faktda heç bir əlamət görməsin.

İlk baxışdan eşq hipnozdur: mən bir obraza valeh olmuşam: əvvəlcə sarsılmış, elektrikləşdirilmiş, heyrətlənmiş, Sokratın Menon kimi "iflic olmuş", sevilən obyektlərin modeli, əsir edən obrazlar, yaxud yenidən bir təzahürlə çevrilmiş, aşiq olma yolunu Dəməşq yolundan ayırmayan heç nə yoxdur. Sonradan tora düşmüş, bərk tutulmuş, hərəkətsizləşdirilmiş, burun şəklin üstünə yapışmış (güzgü)...
***
Mənim davranışımla bağlı narahatlıqlarım boşunadır, getdikcə daha çoxdur, sonsuzluğa qədər. Əgər o biri təsadüfən və ya səhlənkarlıqla müəyyən saatlarda onunla əlaqə saxlaya biləcəyi yerin telefon nömrəsini verərsə, dərhal çaşqınlıq içində qalıram: zəng etməliyəm, yoxsa etməməliyəm? (Mənə zəng edə biləcəyimi deməyin heç bir faydası yoxdur - bu, mesajın obyektiv, məntiqli mənasıdır - çünki məhz bu icazəni necə idarə edəcəyimi bilmirəm.) Boşuna olan şey odur ki, heç bir nəticəsi yoxdur və olmayacaq. Amma mənim üçün, aşiq subyekt üçün hər yeni olan, hər narahat edən fakt kimi deyil, təfsir edilməli olan işarə aspektində qəbul edilir. Aşiqin nöqteyi-nəzərindən, fakt nəticəli olur, çünki dərhal işarəyə çevrilir: nəticəli olan fakt deyil, işarədir. Əgər o biri mənə bu yeni telefon nömrəsini veribsə, bu nəyin əlaməti idi? Bu, dərhal zəng etmək üçün dəvət idi, yoxsa təkcə zərurət yaranarsa, fürsət düşəndə? Mənim cavabım özü də bir işarə olacaq və o biri bunu qaçılmaz olaraq təfsir edəcək və aramızda imicələrin qaynar manevrini hərəkətə gətirəcək. Hər şey məna daşıyır: bu müddəa ilə mən özümü tələyə salıram, özümü hesablamalarda bağlayıram, özümü həzz almaqdan məhrum edirəm. Davam et, zəng et, çünki sən istəyirsən! Amma belə bir müraciət boşunadır: aşiq zamanı subyektə imkan vermir ki, impulsu və hərəkəti uyğunlaşdırsın, onları üst-üstə düşürsün: mən tək "hərəkətə keçmə" adamı deyiləm - mənim dəliliyim mülayimdir, görünmür; nəticələrdən, hər hansı nəticədən dərhal qorxuram: qorxum - müzakirəm - "spontandır".
***
"Səni tanıya bilmirəm"in mənası "sənin mənim haqqımda həqiqətən nə düşündüyünü heç vaxt bilməyəcəyəm" deməkdir. Mən səni deşifrə edə bilmirəm, çünki məni necə deşifrə etdiyini bilmirəm.
Türk dilindən tərcümə etdi: Aydan Ağayeva