Şahid - Vüqar Vanın yeni hekayəsi

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

26 avqust 2025
# 09:00

Bu gün gənc yazıçı Vüqar Vanın doğum günüdür. Kulis.az bu münasibətlə müəllifi təbrik edir və onun "Şahid" adlı yeni hekayəsini oxuculara təqdim edir.

Saat səhər doqquz olardı. Həmin gün uşaq Quran dərsinə həmişəkindən tez gəlmişdi deyə məsciddə tək idi və yekə məscid indi onun ixtiyarındaydı. Uşaqlar məsciddə tək qalanda nə oyun çıxarırlarsa, o da əlinə düşən bu fürsətdən ürəyincə istifadə edirdi. Gah o tərəf bu tərəfə qaçır, gah minbərə çıxıb aşağı tullanır, gah yumşaq xalçaların üstündə dombalaq aşır, gah qadınlar üçün ayrılmış tərəfə keçib gizlincə, bir az günahkarlıq duyğsuyla ətrafa baxır, gah üst-üstə düzülmüş döşəkçələrin üstündən yerə hoppanır, gah təsbehləri qoluna dolayır, gah da azan aparatını qurdalayırdı. Bir sözlə, molla ona hansı qadağaları qoymuşdusa, hamısını indi pozurdu və sanki bu şıltaqlığı ilə məscidin zahidanə, ciddi mühitinə xoş ovqat, canlılıq gətirirdi.

Mollanın gəlib-gəlmədiyini yoxlamaq üçün pəncərədən çölə baxanda həyətdə bir kişi və bir qadın gördü. Kişinin başında papaq vardı, gözlərinin altı kölgələnmişdi, əlli beş-altmış yaşlarında olardı. Qadın isə cavan idi, sifətindən biganəlik yağırdı. Kişi onun qolundan tutub nəsə danışırdı və qadın üzünün ifadəsini dəyişmədən ona qulaq asırdı. Hər ikisinin davranışında yad adamlara xas çəkingənlik hiss olunurdu. Kənar adamın gözündə onlar ər-arvada oxşamırdılar. Heç pəncərədən onlara göz qoyan uşaq da başa düşmədi ki, qadın kişinin nəyidir.

Uşağın birdən ovqatı dəyişdi. Bir anlığa boş məsciddə hər şey əvvəlki maraqsız, boz-bulanıq halına qayıtmışdı. Aydındır ki, uşağın əhvalı həyətdə dayanıb söhbət edən bu naməlum adamların gəlişindən belə olmuşdu. Onların burda nə işi vardı, səhər-səhər nə üçün məscidə gəlmişdilər, həyətdə dayanıb nə danışırdılar... bunu heç kim bilmirdi.

İlk baxışdan hiss olunurdu ki, qadın nədənsə sıxılır, utanır, elə bil nəyisə özünə ayıb bilir. Kişi isə dayanmadan danışır, həvəslə ona nəsə başa salmağa çalışır. O sakit danışsa da, hər halda, hərəkətlərində nəsə bir gərginlik var. Qadın gözünü məscidin həyətində əkilmiş, göyə millənən dümdüz gövdəli çinar ağaclarına dikib. Həyəcan, sıxıntı, narahatlıq hər ikisinin sifətlərinə enməkdədir.

Uşaq onlara baxmaqdan yorulub məscidin bir küncünə çəkildi. Bir azdan başlayacaq dərsini təkrarlamağa çalışsa da, fikri hələ də həyətdəki kişi və qadının yanında qalmışdı. Az sonra yaşlı kişi ilə cavan qadın məscidin qapısının ağzında göründülər. Kişi şüşəli qapıdan məscidin içinə göz gəzdirdi. Elə bil içəri keçməyə heç biri ürək eləmirdi. Nəhayət, kişi qapını ehmalca açdı və başının hərəkətiylə qadını içəri dəvət etdi.

Qadın məscidə girdiyi üçün başına göy rəngli yaylıq bağlamışdı. Yaylığın ucu çiynindən sürüşən kimi qadın onu ehmalca düzəltdi. Bunu da çox təbii, sifətini turşutmadan elədi. O, son dərəcə gözəl olsa da, indi özünü elə aparırdı, sanki öz gözəlliyinə güvənmir. Bir az ətrafa baxandan sonra kişi uşağı öz yanlarına çağırdı. Uşaq bayaqkı həyəcanıyla onlara yaxınlaşanda kişi onun başını sığallayıb soruşdu:

– Sən bu vaxt burda nə gəzirsən? – Elə bil ürəyində hansısa fikri götür-qoy eləyirdi.

– Mollanı gözləyirəm, bir azdan gələcək. Mənə Quran oxumağı öyrədir. – Uşaq cavab verib qadına baxdı. Qadın başını aşağı salmışdı, intəhası bu hərəkətində cəsarətsizlik yox idi.

– Səndən başqa kimsə var burda? – Kişi qara saçlarını sığalladı, əllərini ovuşdurdu.

– Yox, hələ heç kəs yoxdur. – Uşaq nədənsə şübhələndi, başını geri çəkib yenə qadına baxanda, niyəsə ona elə gəldi ki, qadın onlara qulaq asmır.

– Quranların yeri hardadır? – Kişi səsini bir az alçaltdı.

– Quranlar? – Uşağı anlaşılmaz bir həyəcan bürümüşdü. Qəfil verilən bu sualı gözləmədiyi üçün duruxdu. – Gəlin göstərim. – Onlara heyrətlə baxa-baxa nəhayət cavab verdi.

Qadın və kişi dinməzcə onun arxasınca düşüb minbərə tərəf getməyə başladılar. Minbərin yanında qoyulmuş cürbəcür Quranlara yaxınlaşdılar. Kişi Quranlardan birini əlinə götürüb dedi:

– Uşaq da şahidin olsun – ona tərəf çevrilərək soruşdu – şahid olmaq istəyirsən? – uşağı diqqətlə süzən kişi sanki ondan şahid çıxıb çıxmayacağını təyin eləməyə çalışdı.


– İstəyirəm, – uşaq tərəddüdlə dedi.

– Onda başla, – Qoca kişi bunları deyib heç nə olmamış kimi sakitcə Quranı qadına verdi.

Qadın əlini Quranın üstünə qoyub gözlərini yumdu və titrək səslə and içdi. Günəş pəncərədən qadının çiyninə düşürdü. Bu vaxt uşaq özünü tamamilə itirib qadının heyrətli dərəcədə gözəl dodaqlarına, nazik, balaca burnuna, qövsvarı sıx qaşlarına heyranlıqla baxdığı üçün onun nəyə görə and içdiyinə fikir vermədi. Uşaq ilk dəfə belə gözəl mənzərə ilə qarşılaşırdı. Həyəcandan az qala nəfəsi təntiyəcəkdi. Qadın bir neçə saniyə hərəkətsiz dayanandan sonra gözlərini açıb Quranı kişiyə qaytardı. Qəfil çökən sükutu kişinin saymazyana sualı pozdu:


– Şahidsən?

– Bəli – uşaq utana-utana cavab verdi...

Qoca kişi Quranı yerinə qoyub uşağa dedi:

– Bax ha, şahidlik elədin. Bu söhbət üçümüzün arasında qalmalıdır. Qiyamətdə... – Kişi nə fikirləşmişdisə, sözünün davamını gətirmədi.

# 173 dəfə oxunub

Oxşar xəbərlər

"Anamın xərçəngə tutulduğunu yeni öyrənmişik..." - Şəhriyar del Gerani

"Anamın xərçəngə tutulduğunu yeni öyrənmişik..." - Şəhriyar del Gerani

15:26 21 avqust 2025
Qara bayram - Mövlud Mövludun hekayəsi

Qara bayram - Mövlud Mövludun hekayəsi

16:55 15 avqust 2025
"Ər və arvad" - Toqay Murodun hekayəsi

"Ər və arvad" - Toqay Murodun hekayəsi

12:00 15 avqust 2025
"Sünnətsiz" - Hikmət Orhunun hekayəsi

"Sünnətsiz" - Hikmət Orhunun hekayəsi

12:00 13 avqust 2025
Yazıçı - Faruk Mustafa Paşanın hekayəsi

Yazıçı - Faruk Mustafa Paşanın hekayəsi

12:10 9 avqust 2025
Qatilə didaktika dərsləri -  Rafiq Tağının hekayəsi

Qatilə didaktika dərsləri - Rafiq Tağının hekayəsi

14:30 5 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər