"Onda məni verin tribunala!" - Döyüş bayrağı kölgəsində baş verənlər

"Onda məni verin tribunala!" - Döyüş bayrağı kölgəsində baş verənlər
18 aprel 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının on beşinci hissəsini təqdim edir.

On dördüncü hissə burada

Səhəri gün tıxaca düşməmək üçün “Qarmoşka” binanın yanına metroyla getdim. Yolda nə deyəcəyimə hazırlaşdım. Patrulların tutub sorğu-sual etməsindən ehtiyatlanıb mülki paltar geyinmişdim. Biri səndə nöqsan axtarırsa mütləq tapacaq.

Pəncərələrinə baxdım. Dibçəkdəki güllər yerində idi. Evlərinə zəng edəndə götürən olmurdu. Deməli, gülləri sulamaq üçün mütləq evə gələn vardı. Qapılarını döydüm, açan olmadı. Qonşularının qapısını döydüm. Dörd aydan çoxdur Türkiyəyə getdiklərini dedilər. Hərdən evə cavan bir qohumları gəlirdi. Kənan oxuyan universitetə getdim. Akademik məzuniyyət götürmüşdü. Vaqifin iş yerinə getdim. Obyekti təhvil vermişdi və harda işlədiyini bilmirdilər. Geri qayıdıb Günkagilə getdim. Özü Türkiyədə magistr təhsili alırdı. Anası açdı qapını. Məni tanıyırdı:
– Salam, oğlum, necəsən? Maşallah, əsgər olmusan.
– Çox sağ ol, xala. Mən Günay xanımın rəfiqəsi Cəmalənin nişanlısıyam.
– Tanıyıram səni, oğlum.
– Dörd aydır Cəmalədən xəbər yoxdur. Mənə Günay xanımın nömrəsi lazımdır. O bilər.
– Qoy özünə zəng edim. Hə, nəsə görünmürlər.

Türkiyəyə zəng edib dəstəyi verəndə Günkanın səsi məni kövrəltdi. Qəhərləndim. Uşaq kimi həyəcanla dedim:
– Günay, salam, necəsən, bacı?

Səsim titrədi. Cincilimi biryolluq itirməkdən qorxurdum.
– Günka, mən onsuz yaşaya bilmərəm, atam şərəfsizlik edibsə, mənim günahım yoxdur.

Anası məni sakitləndirmək üçün su gətirməyə getdi.
– Ərəl, özünə gəl. Aaa, noolub? Özünə gəl.
– Cincilim hardadı?

– Sakitləş.

İki dəfə dərindən nəfəs alıb dedim:
– Sakitəm. Hardadı bu?
– Səni bərk axtarırdı.
– Hə, mən quppaxdaydım.
– Quppax nədir?
– Əsgərlərin türməsi.
– O vaxdan bəri zəng çatmır, emailə də baxmır.
– Məni niyə axtarırdı?
– Sənə bərk hirslənmişdi. Amma niyəsini demədi.

Bu niyə məni bərk axtarsın? O vaxtdan heç kimlə əlaqəsi yoxdur. Bəlkə yanıb eləyib, tanınmaz haldadır, ona görə hamıdan qaçır? Lap küpəgirən qarıdan da çirkin olsa, atmaram onu. Özü bilmir guya? Qardaşı akademik məzuniyyət götürüb. Heç birinə zəng çatmır. Nəsə baş verib. Bəlkə, başları bərk qarışıqdır? Mənim anam tərtəmizdir. Bunu polis də təsdiq edir. Natəmiz olsa, məndən əvvəl dayım onu bağışlamazdı. Mənim anam heç vaxt Murtuzaya xəyanət etməyib. Etsə belə Cincilim məni atmaz. Anam “Neftçilər”dəki körpünün altında dayansa belə, Cincilim məni atmaz. Vaqifə, ondan ötrü oğraşlıq da edərəm, demişdim. Məni qoyub heç Bred Pittə də qız verməz. Cincilimə yuva quracaqdım. Hər səhər yarım saat tez durub, onun mələk üzünə tamaşa edib işə gedəcəkdim. Klassik kişilərdən fərqli olaraq, xanımımı yuxudan oyatmadan, qapını çöldən bağlayıb işə gedəcəkdim. Onun oxuduğu romanları oxuyurdum. Cincilim məni ata bilməz. Səbəb nə olur olsun, ata bilməz. Yox, yox o məni ata bilməz.

Bu mənim düşündüklərim idi. Cincilimin gördüyü isə tamam başqaydı. O əvvəl eşidib ki, mən bibim qızını hamilə qoymuşam. İnanmayıb. Sonra qızın qarnı şişməmiş dabanqırma məzuniyyətə çıxmışam. İnanmayıb. Bibim qızıyla tez bazar evlənib orduya qayıtmışam. İnanmayıb.

Məni axtarıb söz söhbətə aydınlıq gətirmək istəyib. Tapmayıb. Çinar müəmmalı danışıb. Əzizov ezamiyyətdə olduğumu, orda mobil şəbəkə tutmadığını deyib. Bu vaxt ataanası mənim “toy kasetimə” baxıb və qıza məlumat verib. O ataanasına da inanmayıb. Məni axtarmağa davam edib. Anası Londona gedən başqa tələbədən ona göndərdiyi sovqatın içərisinə mənim “toy kasetimi”, bibim qızıyla fotolarımı, şəxsiyyət vəsiqəmin fotoşopla işlənmiş “evli” variantını da qoyub.

Cincilim bunlara inanıb! İnanmaya bilməyib.
Və hər şeyi lənətləyərək yaxın rəfiqələri də daxil bütün keçmişini silib.
O da, ailəsi də bu barədə heç kimlə danışmamaq qərarına gəlmişdilər. Vaqif bir dostunun biznesini idarə etmək üçün ailəsini də götürüb Türkiyəyə getmişdi. O işi tam mənimsəyib Bakıdakı filiala rəhbərlik edəcəkdi.

Bibimlə atam anamı əclafcasına aldatmışdılar. Ondan xeyir dua alıb kaseti ustalıqla montaj etmişdilər. Bu həngamənin ardınca atamın anamı qumarda uduzması xəbəri yayılmışdı. Onların araşdırmasında guya Cəlil anama sahiblənmişdi. Bunu təskinlik muştuluğu kimi qızlarına dərhal çatdırmışdılar.

Cincilim məni tapanacan axtarmalı idi. Dostoyevskidən belə bir cümlə oxumuşdum nə vaxtsa:
“İnsanları bir birinə ən yaxşı tanıdan zaman ayrılıqlarına az qalmış zamandır”.

O isə məndən ayrılmamışdı, sadəcə məni atmışdı.
Daha doğrusu, tolazlamışdı.

Məzuniyyətimin qalan günlərini “Qarmoşka” binanın həndəvərində keçirdim.

Sonuncu gün baş qatmaq üçün bir neçə kitabı alıb hərbi hissəyə geri döndüm.

Çatan kimi məni döyüş bayrağı xidmətinə yazdılar. Bu digər əsgərlər üçün şərəf və üstünlük hesab olunsa da, mənə göstərilən etimad xoşməramlı deyildi. Həmin gecə xidmətdə olanların siyahısına baxdım: hamısı Əzizova yalmanan əsgərlər idi. Təkcə NBM növbətçisi onun adamı deyildi.

Dərhal “sançast”a gedib səhhətimin yerində olmadığını, özümü döyüş bayrağı xidmətinə hazır hiss etmədiyimi rəsmi ərizə ilə bildirdim. Çox götürqoydan sonra baş verəcək arzuolunmaz hadisədən özlərini sığortalamaq üçün rəsmi sənəd verib məni xidmətdən azad etdilər. Leytenant Əzizovun planı baş tutmadı.

Gecə saat 2 radələri tualetə qalxdım. Şalvarımı, buşlatımı geyinib, şəpitimi ayağıma keçirdib, əlüz dəsmalımı boynuma atıb kazarmadan çıxdım. Kitelsiz idim. Növbətçinin tumbuçkası boş idi. Silah otağının qənşərində döyüş bayrağı xidmətini icra edən Dumbuzovu – xidmətə mənim əvəzimə çıxmışdı – yerində görmədim. Buranı heç vaxt boş qoymaq olmazdı. NBM, avtopark, QSM, qərargah növbəsi – fərqi yoxdur, fərasətin var, boş qoy, yıxıl yat, amma silah otağının qarşısı... Burda bizim döyüş bayrağımız saxlanılırdı. Yəni hamımızın şərəfi. Zabitləri bir kənara qoy, sıravi əsgərlər də buranı boş qoyanı bağışlamırdılar. Bu xidməti yerinə yetirərkən yatan və ya buranı boş qoyan əsgərə ana söyüşü qoyulmuşdu. Kimliyindən aslı olmayaraq “peysər” çıxardırdılar. Həmin əsgəri vətən xaini, hərbi hissənin ən şərəfsiz adamı hesab edirdilər. Zərurətdən hansısa bir general orda xidmət zamanı yatardısa, onu da “açko”da sındırıb “peysər” çıxardardıq. Əgər düşmən qəfil hücum edərsə, hərbi hissəni tərk etmək məcburiyyəti yaranarsa, bu bayrağı da özünlə götürməlisən. Bunu edə bilmədinsə, bütün şəxsi heyəti qurban vermək bahasına da olsa, döyüşməlisən. Hərbi hissə komandiri, yoxsa döyüş bayrağı? İkisindən birini xilas etmək zərurəti yaranarsa, döyüş bayrağını seçməlisən və lazım gələrsə, bu bayraq üçün şəhid olmalısan. Döyüş bayrağı müqəddəsdir, onu namusun kimi qorumalısan. Onu qoruyan zaman yatan adamın namusu yoxdur. Komandirin vacib əmrini yerinə yetirərkən buranı boş görürsənsə, əmrin icrasını dayandırıb buranı qorumağa başlamalısan. Əgər ingilis kişi – qürurum naminə ölərəm, fransız kişi – istədiyim qız uğrunda ölərəm, amerikalı kişi – azadlığım uğrunda ölərəm, deyirsə, biz Azərbaycan kişiləri, döyüş bayrağı üçün ölərəm, deyirik. Çünki döyüş bayrağı bizim vətənimizdir. Vətən bizim hər şeyimizdir. Mən bunu bütün dünyaya sübut edərəm.

İstirahət otağına tərəf addımladım. Kim olurolsun, təpəqapaz edib üzünə tüpürəcəkdim. Dumbuzov idi. Başını masaya qoyub yatmışdı. Oyatsam, yatdığını sübut edə bilməyəcəkdim. Şahid tapıb onunla birlikdə gəlməliydim. Əslində, orda dayanıb xidməti özüm davam etdirməliydim, amma şahid axtarmağı üstün tutdum. Əllərimi yuyub tualetdən çıxanda gözümə bir cüt rezin əlcək sataşdı. Bu tualet “naryad”ının əlcəkləri idi. Bura adətən “çumo”lar seçilirdi. Çoxu oğurluq etmiş əsgərlər olurdu. Mən də oğurluq edirdim, amma əsgər yoldaşımdam yox, dövlətdən. Bu, qəbahət sayılmırdı.
Hava soyuq olsa da, sakit idi. NBMə gəldim. Heç kimi görmədim. Növbətçi otağına baxdım. Şəxsi heyətə bir günlük cavabdeh Leytenant Əzizov başı yuxarı kresloda yatmışdı. “Makarov” tipli xidməti tapançası açıq kəmərindən sallanırdı. Hərbi hissə növbətçisinin köməkçisi Xəbərov da yatmışdı. O da mənimlə bərabər tərxis əmrini gözləyirdi. Orta təhsilli olduğundan 1 il 6 ay qulluq edəcəkdi. Digər xidmətləri yoxladım. Heç kim yerində deyildi. Bu fürsəti Tanrı özü mənə hədiyyə etmişdi. Əzizovun silahını oğurlamalıydım. Bu onun loru əsgər dilində desək, “polojna”sıydı. Oğurlamasam, günah olardı və Tanrı məni bağışlamazdı.

Tualetə qayıdıb rezin əlcəkləri geyindim. Təkrar pəncərədən baxdım. Əzizov elə gözəl yatmışdı ki, az qalırdım, girəm içəri, üzündən öpəm. Tapança qobura qarışıq süzülüb yerə yaxınlaşmışdı. İsaak Nyuton bu vəziyyəti görsəydi, cazibə qüvvəsini təzədən kəşf edərdi. Əvvəlcə NBM in ağır qapısını yarıaçıq qoydum. “Tribuna” deyilən səhnənin arxasından ağac budağı qırdım. Bunlar izi azdırmaq üçün idi. İçəri keçəndə qapını tez örtdüm ki, çölün soyuğu Əzizovu ayıltmasın. Tapançanı səliqə ilə çıxartdım. Ürəyim soyumadı. Ehtiyat darağı da qoburdan ayırıb otağı sakitcə tərk elədim və “Kurilka”nın arxasındakı hasardan QSM in həyətinə düşdüm. Patron sandığını silahdan ayırdım. Çəkburax edib silahı yoxlamaq istədim. Yoxlamadım. Sağlam kürək götürüb ocaq qalanması ehtimalı az olan yer seçdim. Torpağın üst hissəsini qarpızsatanların üsulu ilə qazıb kənara qoydum. Dibini dərinləşdirib sellofan kulyoka bükdüyüm “Makarov”u dəfn etdim.
Geri qayıdanda bir yerdə diqqətsizlik etdiyimi anladım. Kazarmanın pəncərəsindən tapançanı basdırdığım yer açıq görünürdü. Amma oyaq adam yox idi. Silaha əl izim də düşməmişdi. Hasarı aşıb təkrar tualetə qayıtdım. Əlcəkləri ayrıayrı unitazların deşiyinə atıb sifonu çəkdim. Yaxşıca yuyunub arınarxayın kazarmaya qayıtdım. Xidmətə çıxanlar hələ də yatırdı. Yataq yerinə gedən dəhlizdə özözümə dedim: “Düşmən gəlib dalımızı dağıtsa, xəbərimiz olmayacaq”. Belə düşünməyə haqqım var idi. Çünki məndən başqa hərbi hissənin bütün şəxsi heyəti yuxuda idi.

Mən də yerimə girib dərin yuxuya getdim.
Səhər “dur” komandasını Əzizov özü verdi. Bu dəfə fərqli şəkildə:
– Bölük, diqqət! Padyom! Geyiminizi geyməyin. Sıraya düzülün.

Sıraya düzüldük. Əzizov və Xəbərovdan başqa hamının kefi yerindəydi. Əzizov Xəbərova və NBM növbətçisi Tağızadəyə “axtarın” əmrini verdi. Üzüm güldü. Bəli, məni görən olmamışdı!
Kortəbii axtarış keçirildi. Bizə kazarmadan çıxmamaq göstərişi verilsə də, tualet məsələsi əmrə tabe olmamaq məcburiyyəti yaradırdı. Az sonra Əzizovun verdiyi əmr qüvvədən düşdü. Onun əmrləri həmişə qüvvədən tez düşürdü. Guya komandir gələnə qədər hamını bir yerdə saxlamağı uyğun bilmişdi.

Hələlik silahın oğurlandığını Əzizov, Xəbərov, növbətçi Tağızadə və məndən başqa heç kim bilmirdi. Bir yandan da hərbi hissədə ciddi yoxlama gedirdi. Belə bir vaxtda zabitin silahını itirməsi heç yerinə düşmürdü. Bir neçə şübhəli, komandirin otağında dindiriləndən sonra növbə mənə çatdı. Otağa daxil olanda komandir başda oturmuşdu. Qərargah rəisi və “zampolit” də orda idi. Əzizov “zampolit”lə üzbəüz oturmuş, Xəbərov ayaq üstdə durmuşdu. İçəri keçib hərbi salam verdim:
– Cənab polkovnik, əsgər Fərzəliyev sizin əmrinizlə gəlmişdir.
– Azad.
Əzizov birbaşa hücuma keçdi:
– Cənab polkovnik, bu oğurlayıb.
– Nəyi? – mən idim.
– Tapançanı.
– Hardan oğurlamışam?
– Tualetdən, – Əzizov batırmışdı, komandir suvayırdı. Düz deyirdi, tapançanı mən oğurlamışdım, amma tualetdən yox, növbətçi otağından. Əzizov hər kəsi aldatmışdı. Guya yatmayıb, tualetdə kəməri açıb, iki kabin arasındakı sürahıya qoyub, silah ordan oğurlanıb. Komandir ona inanmışdı.

Sakit halda dedim:
– Əla blef edirsiniz.
Qərargah rəisindən başqa heç kim sözümü anlamadı. Komandir:
– Blef nədir, ayə?
– Blef şahmatçıların, siyasətçilərin və müstəntiqlərin qarşı tərəfi çaşdırmaq üçün etdiyi gedişdir. Amma səhərki axtarışdan əvvəl edilsəydi, daha yaxşı olardı. Artıq oğru bilir ki, onu görən olmayıb. Heç bağça uşaqları da oğurladığı şeyi yastığının altında gizlətmir, Cənab polkovnik, mən 696 balla universitetin hüququna daxil olub, fakültəni fərqlənmə diplomu ilə bitirmişəm. Cinayət axtarışı üzrə mütəxəssisəm. Bir neçə aydan sonra müstəntiq işləyəcəm. Mən silah oğurluğunun cinayət olduğunu bilirəm. Dılğır tapançadan ötrü karyerama son qoymaq niyyətim yoxdur. Mənə ayırdığınız zaman vaxt itkisidir. Bundansa müəyyən edin, görün, silah itibmi, yoxsa oğurlanıbmı. İtibsə, onu tapmaq asandır. Oğurlanıbsa, iş mürəkkəbləşir və ortaya çoxlu suallar çıxır. Ən pisi odur ki, həmin silahı oğurlayan onunla qətl törətsin. O zaman iş daha da ağırlaşacaq.
Bu yerdə komandir əlini dizinə çırpdı. Mən davam etdim:
– Məncə, lazımi yerlərə məlumat verin. Komandir:
– Düz deyir. Çox pis haldır. Mən dedim:
– Gedə bilərəm, cənab polkovnik?
– Bu axtarışda bizə köməklik elə.
– Bu işdə yox, amma yoxlama işində kömək edə bilərəm.
– Necə?
– Tibbi müayinə başlamamış bədənində döyülmə izi olan əsgərləri ezamiyyətdə olan əsgərlərlə dəyişdirin. Qulağı partlayanları da həmçinin. Marketlərdə xəlvət satılan ərzaqları və aptekə verilən dərmanları təcili yığışdırın. Qalan kəmkəsiri payızda baş verən yanğın hadisəsinin üzərinə köhnə tarixlə aktlaşdırın.
– Necə yəni döyülmə izi? Kimi döyürlər hərbi hissədə? O hərbi hissədə baş verənlərdən xəbərsiz idi. Çünki ilk dəfəydi, bir əsgəri adam yerinə qoyub onunla söhbət edirdi. Sözüm onu təəccübləndirdi. Komandiri heç vaxt kazarmada görməmişdik. Əsgərləri adətən kazarma, ütü otağı, tualet, yeməkxana və avtoparkda döyürdülər.
– Mən gedə bilərəm?
– Get.
Hərbi salam verib geri döndüm. Qapının dəstəyini tutanda dayandım. Təkrar geri çevrildim:
– Əslində, bu işdə də kömək edə bilərəm, amma etmirəm.
– Niyə?
– Əzizov mənə zülm edib. Şər atıb. Mən lövhəyə hörmətsizlik etməmişdim. Əgər yoxlama məni dindirsə, onun yol verdiyi nöqsanların hamısını deyəcəm. Çünki cinayəti bilib gizlətməyin cinayət olduğunu bilirəm. Məni də quppağa göndərin, elə edin, məndən söz soruşmasınlar.
Araya qısa sükut çökdü. Komandir dedi:
– Şantaj edirsən bizi?
– Xeyr.
– Bu əsgərdən başqa hamı bayıra çıxsın.
Heç bir əsgər komandirinin yanında bir zabitə əmr verə bilməzdi, mən verdim.
– Qərargah rəisi də qalsın.
Hamı şoka düşmüşdü. Əsgərin qudurğanlığına bax! Qərargah rəisi təəccüblə mənə, sonra komandirə baxdı. Komandir ona gözüylə “qal” işarəsi verdi. Otaqda üçümüz qaldıq.

– Tapançanı tapa bilərsən? – Komandir idi.
– İki şərtim var.
– De.
– Birincisi, Əzizov məni şərlədiyini etiraf edib şəxsi heyyətin qarşısında üzr istəməlidir.
Dumbuzovun adını çəkmədim. Əzizovu bağışlamaq olardı, mən onun əsgərlik yoldaşı deyildim, amma Dumbuzovu əsla. Əzizov məni əsgərlik yoldaşım Dumbuzovun şahidliyi ilə şərləmişdi.
– Bəs ikinci?
– Həkim kapitan Rəcəbov məni bir diaqnozla Bakıdakı hospitala göndərsin. Mən “saçok” deyiləm. Amma Əzizov əsəbimi elə pozub ki, bir az sakitliyə ehtiyacım var. Tərxisimə üç aydan bir az çox qalıb. Bunun iki ayını hospitalda keçirməliyəm. Amma əvvəlcə and içməlisiz.
Qərargah rəisi Mayor Qocayev dedi:
– Mənim qalmağımı niyə istədin, əsgər?
– Bütün şəxsi heyət deyir ki, siz kişi adamsız. Əsgərin ərzağına göz dikmirsiz. Mən özüm də sizi ən vicdanlı zabit kimi tanıyıram. Sizdən sağlam şahid tapa bilməzdim. Öz əməkhaqqından əsgərlər üçün nəsə alan bir zabit görmüşük, o da sizsiniz. Bunu yaltaqlıq üçün demirəm. Yaltaq olsaydım, komandir haqqında deyərdim.
Komandir istehza ilə güldü:
– Yaxşı, birdən Əzizov üzr istədi, sən də silahı tapa bilmədin, onda necə olacaq?
– Mən təklif verirəm və şifahi centlmen müqaviləsi bağlayıram.
– Sən çox qabağa gedirsən aaa! Sən kimsən, mənimlə müqavilə bağlayasan, şərt qoyasan?!
Papağımla kəmərimi açıb stolun üstünə qoydum. Halbuki əsgər komandirin yanında özbaşına geyim qaydasını poza bilməzdi. Bunun cəzası ağır idi. Ancaq mən hər şeyi gözə aldığım üçün qorxmurdum:
– Əgər tapançanın tapılmasını istəyirsinizsə, mən bu işə əsgər kimi yox, hüquqşunas kimi yanaşmalıyam.
– Sən özünü Şerlok Holms kimi aparma. Silahı tapa biləcəksənmi, onu mənə de!
– O silahı tapmasam, fərqlənmə diplomumu gözünüzün önündə cırıb atacam. Hüquq fakültəsini boşuna oxumamışam. Rəhmətlik Ulu Öndərimizin imzasıyla təqaüd almışam. Praktikant kimi getdiyim prokurorluqda mühüm cinayətin üstünü açıb şəxsən baş prokurordan təşəkkür məktubu almışam. “Vayenkomat”da o məktubların kopyasını şəxsi işimə tikdirmişəm. Deyin, gətirsinlər, baxın. Mən tapançanı demək olar ki, doxsan doqquz faiz tapmışam. Şərtlərimi qəbul etsəniz, biriki adamı dindirib oğrunun kim olduğunu bilərəm. Ya da ip ucu verərəm, özünüz dindirərsiniz. Gecə xidmətdə olan əsgərlərdən biri edib bunu. Əzizov daxil onları dindirməliyəm. Amma Əzizov üzr istəyəndən və siz ikinci şərtimi qəbul edəndən sonra.
– Nə bildin, xidmətdə olanlar edib?
– Dedim axı, cinayət axtarışı üzrə mütəxəssisəm.
– Silahı sən oğurlamısan. Əzizov düz deyir. Mən papağımı, kəmərimi geyinib dedim:
– Onda məni verin tribunala. Mən artıq Sizə kömək etməyəcəm. Hərbi prokurorluğa isə köməklik edəcəm. Əsil cinayətkarı üzə çıxaracaqlar. Cinayəti bilib gizlətməyin özünün də bir cinayət olduğunu dərk edirəm. Verin məni prokurorluğa. Gedə bilərəm?

O tam əmin oldu ki, silahı mən oğurlamamışam, amma oğrunu tanıyıram.
Qərargah rəisi nəhayət dilləndi:
– Silahı tapmasan, necə olacaq?

– Onda məni qubbağa göndərərsiniz. Amma dediyimlə razılaşsanız, silah da tapılacaq, oğru da.
– Təklifini qəbul elədim. Silahı tap, iki ay hospitala yerləşəcəksən. Amma ev şəraitində müalicəyə söz vermirəm.
– Əzizov “stroy”un önündə üzr istəsin.
– Danış. Hə, silah hardadı?
– Gecə yuxudan ayıldım. Qolumdakı saata baxdım. Bax bu saata. İstəklim alıb. Oğurlanmasın deyə yatanda da qolumda olur. Məzuniyyətə gedəndə evdən gətirmişdim. Saat 02.17 ni göstərirdi. Tualetə çıxdım. Pəncərələrin önündən keçəndə gördüm, bayırda bir əsgər qurdalanır. Onu izlədim.
– Aha. Harda qurdalanırdı?
– Əzizov üzr istəsin. Hamısını deyəcəm. Komandir mayor Qocayevə dedi:
– Əzizovu bura çağır. Düzül komandası ver.
Nəyimiz də olmasa, üç dəqiqədən də tez sıraya düzülə bilirdik. Mən də hamıdan sonra sırada öz yerimi tutdum. Zabitlər sıranın önündə, komandirin yanında dayandılar. Komandir əmr verdi:
– Əsgər Fərzəliyəv.
– Mən.
– Çıx cərgədən!
– Oldu! – deyib önümdəki çavuş Xəbərovun çiynindən vurdum. O mənə yol vermək üçün əsgəri yerişlə sıradan çıxdı. Ardınca mən də çıxıb “rus şaqatı”yla komandirə yaxınlaşdım, hərbi salam verdim, – Əsgər Fərzəliyev Sizin əmrinizlə gəlmişdir.
– Azad!
Əlimi yanıma salıb farağat vəziyyətində durdum. Komandir:
– Davay, Əzizov. Əzizov pərt halda:

– Fərzəliyevlə aramızda anlaşılmazlıq olub. İndi barışacağıq.
Əlini mənə uzadıb qucaqlamaq istəyəndə dedim:
– Mənim əsgər şərəfim şərlənərək ləkələnib. Mən hərbi hissəmizə heç vaxt hörmətsizlik etməmişəm. Leytenant Əzizov sizə bir həqiqəti deyəcək.
Gözlədim.
– Sözün açığı, gözüm məni aldatmışdı. Olan qanqaraçılığa görə Fərzəliyevdən üzr istəyirəm. O hərbi hissəmizə hörmətsizlik etməyib.
Yalnız bundan sonra onun məni qucaqlamasına imkan verdim. Şəxsi heyət bu barışığa əl çaldı.
Komandir “dağıl” komandası verdi. Biz təkrar onun otağına qayıtdıq. Bu dəfə “zampolit” və “TIL” da yanımızda idi.
Dedim:
– Qurdalanan əsgər yeri qazıb nəyisə gizlədirdi. “Kurilka”nın yanından “Tribuna”nın arxasına keçib ağac budağı qırdı. Sonra NBM ə tərəf gedib qayıtdı. Kazarmanın giriş qapısından girsə də, yatacaq yerinə gəlmədi. Mən təxminən qırx dəqiqə yata bilmədim. Kazarmaya heç kim gəlmədi. Bu, xidmətdə olan əsgərlərdən biri idi. Kazarmanın giriş qapısından da çıxmadı. Bu onu deməyə əsas verir ki, silahı ya döyüş bayrağı xidmətində olan əsgər, ya “dinivalnı” oğurlayıb. Üzünü dəqiq görmədim. Hündürboy idi. Daha dəqiqini əl izi ilə müəyyən etmək olar. Tapançada onun əl izi var. Polisdə tanışınız varsa, əl izi götürdün. Hə, bir də o, tualetə girib, çıxdı.
Onların əl izi axtaracağına inanmırdım. Hərbi hissəyə əlavə problem lazım deyildi. Yalnız tapança lazım idi.
– Gedək, tapançanın gizlədildiyi yeri göstər.

Mən həmin yeri göstərdim. Çavuş Xəbərov torpağı qazıb “Makarov”u çıxartdı. Əlamətlərin Dumbuzova gətirib çıxardığını biləndə komandir onun üzünə qarşı rus dilində ana söyüşü söydü. Dumbuzov and içib günahsız olduğunu desə də, heç kim ona inanmadı. O ona etibar edilmiş vətəni – döyüş bayrağını yiyəsiz qoyub oğurluğa getmişdi. Elə həmin gün 15 sutka qaupvaxt verdilər. Sonra isə tualetdə sındırıb sifəti ilə unitaz sildilər. Bundan sonra hərbi hissədə tualet “naryad”ından başqasına çıxmadı.

Axşam həkim Bakıya hospitala gedəndə orada deyəcəyim sözləri mənə əzbərlətdi. Bir az da gileyləndi ki, gərək səni özüm aparaydım, yolpulunu sonra verəcəklər. Otuz “şirvan” sayıb ona verdim.

# 94 dəfə oxunub

Oxşar xəbərlər

Üçrəng pişik balası - Kamal Abdullanın hekayəsi

Üçrəng pişik balası - Kamal Abdullanın hekayəsi

17:00 17 aprel 2026
«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

«Vətən - ən gözəl uydurmadır, anacan!» - "Patriarxın payızı"ndan bir hissə

15:00 17 aprel 2026
"İnsanın daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur..." - Sabir Əhmədli

"İnsanın daxili imkanlarını şәraitdәn gözәl açıb ortaya çıxaran şey yoxdur..." - Sabir Əhmədli

11:15 17 aprel 2026
Elvira - İlham Əzizin hekayəsi

Elvira - İlham Əzizin hekayəsi

12:35 16 aprel 2026
"Yatmayan səslər:  26..., 7..., 13..." - İlqar Rəsulun yeni hekayəsi

"Yatmayan səslər: 26..., 7..., 13..." - İlqar Rəsulun yeni hekayəsi

10:00 16 aprel 2026
Varis - Aytac Məmmədlinin hekayəsi

Varis - Aytac Məmmədlinin hekayəsi

16:20 14 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər