Kulis.az “Hekayə günü” layihəsindən Mehdi Dostəlizadənin "Motor səsi" adlı hekayəsini təqdim edir.
Maklerin dönə-dönə təriflədiyi su motoru iki gün keçməmiş xarab oldu. Məndən olsa yerimdən qalxmağın əvəzinə susuz qalmağı seçərdim, amma arvadımın dır-dırından canımı qurtarmaq üçün qəsəbənin mərkəzinə, usta axtarmağa getdim. Qarşıma çıxan ilk xırdavat dükanına girib yaxınlıqda motor ustasının olub-olmadığını soruşdum. Satıcıdan müsbət cavab alan kimi təşəkkür edib deyilən ünvana tərəf tərpəndim. Zibil iyi ilə kanalizasiya iyinin bir-birinə qarışdığı küçələrdən sovuşub İlqar ustanın evinə çatdım. Qapının zəngini bir-iki dəfə basmışdım ki, arxadan kimsə məni dürtmələdi:
— Kimi axtarırsan?
— İlqar ustanı axtarıram. — balacaboy, burnundan fırtdıq axan bu gülməli kişini aşağıdan yuxarı süzdüm.
— İlqar usta mənəm. Nə lazımdır?
— Bizdə motor xarab olub, soruşdum, sizin adınızı verdilər. Gəlib baxa bilərsiniz?
— Yox, mən heç yerə getmirəm. Gərək motoru çıxarıb gətirəsən, burda düzəldim. Harda qalırsan?
— Elə burda, kənd tərəfdə qalıram, uzaq deyil.
— Lap yaxşı. Get motoru gətir, gözləyirəm.
Darvazanı döyməkdən az qala barmaqlarım qırılacaqdı. Səs gəlmədiyini görüb hasardan həyətə tullandım. Qapını açıb içəri girdim, arvadımı səslədim. Otaqlara bir-bir baxdım, hamısı boş idi. Birdən motor səsinin gəldiyini eşidib həyətə çıxdım. Motor işləyirdi. Təzədən evə girəndə arvadımı hamam xalatında gördüm. Motorun düzəldiyini deyib qurulanmağa getdi. Keçib bir qıraqda oturdum. Əgər motor indi işləyirsə, bəs səhər niyə işləmirdi sualına cavab axtarmağa başladım. Mövzu ilə uzaqdan-yaxından əlaqəm olmadığına görə heç bir cavab tapa bilmədim. Ən yaxşısı əl-üzümü yuyub bir tikə çörək yeməkdir deyib tualetə getdim. Krantı açanda qurultu səsindən başqa heç nə gəlmədi. Əlacsız qalıb həyətə düşdüm, hələ evə yerləşdirməyə ərindiyim veşlərin içindən bir-iki açar götürüb motoru sökdüm.
— Bu işləyir axı — İlqar usta başını motordan qaldırıb sifətimə baxdı.
— Vallah, səhər işləmirdi, bir az işləyəndən sonra bayaq yenə xodlanmadı.
— Tinin başında material dükanı var. Mən indi ora zəng vururam, gedib deyərsən İlqar usta göndərib. 20 manat da verərsən, dediyim şeyləri götürüb gələrsən bura.
Şey-şüyü alıb gətirəndə gördüm ki, İlqar usta qapını bağlayıb, çıxıb gedib. Evinə qalxıb xəbər almaq istəsəm də, orda da kimisə tapmadım. Bir-iki saat oralarda fırlandım, gələndən-gedəndən İlqar ustanın hara gedə biləcəyini soruşdum, cavab ala bilmədim. Əlimdə bir klyok dəmir-dümür, çar-naçar evə qayıtdım. Arvadıma söhbəti danışan kimi mənim fərsizliyimdən bəhs edən monoloqa başladı (“Niyə telefon nömrəsini götürmədin? Niyə qonşulardan hara getdiyini öyrənmədin?”).
Əsəbdən başımı götürüb evdən çıxdım, təzədən İlqar ustanın yerinə getdim. Qapısı açıq idi, özü də içəridə oturub paltaryuyan maşın düzəldirdi. Bayaq hara yoxa çıxdığını soruşanda kürəkəninin qızını döydüyünü, ora gedib təzə evlənmiş cütlüyü barışdırdığını dedi. Motoru özümə verib məni yola saldı, bayaq aldırdığı şey-şüyü də götürmədi. Evə çatan kimi ilk işim motoru quraşdırmaq oldu. Həmin gecə səhərə qədər yatmayıb tez-tez suyu açdım. Hər dəfə motorun səsi gələndə arvadımın mənim haqda düşüncələri yerlə-yeksan olur, fərsizliyim öz yerini məharətə verirdi. Sübh azanından sonra yuxuya getdim. Bir neçə saat sonra qışqır-bağır səsinə oyandım. Arvadım atamın goruna qarğışlar yağdırır, mənə ərə gələn yerdə başına daş düşməsini arzulayırdı. Mətbəxə keçib gördüm ki, su yenə gəlmir.
— Usta, bu andıra qalmış niyə belə eləyir axı? İki gündür işimi-gücümü atıb motorun dalınca düşmüşəm. Sən canın, elə elə ki, bir də xarab olmasın.
— Bunun “datçik”i işləmir. Dünən fikir verməmişəm, indi gördüm — burnunun fırtdığını silib bic-bic gülümsədi. — Belə şeylər çox olur atam, ürəyini sıxma. Adam deyil ki, sözlə başa salasan. İndiki motorların keyfiyyəti yoxdur özü də. Haçan almısan?
— Mən bura üç-dörd gündür köçmüşəm, maklerin dediyinə görə, təzə motordur.
— Makler qələt eləyir. Deyirsən təzə köçmüsən? Nə əcəb bura?
— Əvvəl qayınatamgillə bir yerdə qalırdım, sonra oraları sökdülər, evləri yekə idi deyə bizə də pul qaldı. Qalmağına qaldı, amma az qaldı deyə ancaq burda ev götürə bildik. – arvadım söhbətimizi eşitsə, yəqin ki, mənim hər şeyi ustanın ovcuna qoymağıma əsəbləşib cin atına minərdi.
— Xeyirli olsun! Hə, nə deyirdim, indiki motorların keyfiyyəti yoxdur. “Turetski” şeylərdir də bunlar, o vaxt “rossiski” motorlar var idi, az qala Leninin vaxtından Qorbaçova kimi işləyirdi.
“Datçik”i dəyişəndən sonra motor xoda düşdü. Evə gətirib əvvəlki qaydada yerinə saldım. Həmin gecəni də səhərə qədər yatmadım, hətta qorxumdan sübh azanından sonra da yuxuya gedə bilmədim. Bütün gün suyu açıb-bağlayır, motorun işləyib işləmədiyini yoxlayırdım. Arabir mürgüləsəm də, arvadımın səsini eşitcək ayılırdım. Başqa şeyə əsəbiləşdiyini görüb rahatlaşır, yenidən başımı divana söykəyib televizorda kanalları çevirirdim.
Üç-dörd gün keçəndən sonra arvadım qayınatamgilin bizə qonaq gələcəyini dedi. Bir həftədir həyətdən evə yığmağa ərindiyim əşyaları yerbəyer elədim. Arvadımla dükana gedib bazarlıq elədik, qonaqların gəlişinə əməlli-başlı hazırlaşdıq. Başımız elə qarışmışdı ki, axşamın necə düşdüyünü hiss etməmişdik. Qapı döyüləndə ayıldıq ki, hava qaralıb, qayınatamgil də artıq burdadır. Darvazanı açdım, maşını həyətə saldılar. Bir külfət adam maşından tökülüşüb arvadımla öpüşüb-görüşdülər. Məni vecinə alan yox idi. Süfrənin başına qayınatam keçdi, araqlar süzüldü. Qayınlarım bir-bir durub atalarının sağlığına rumka toqquşdurdular. Mən də arabir özümə araq süzməyə çalışır, arvadımın zəhrimar yağan sifətini görəndə fikrimi dəyişirdim. Qayınanam ona ana əvəzinə “xala” dediyimə görə məni bir xeyli danladı. Qayınatam da əlində rumka ayağa durub öz cavanlığından, özünə necə gün-güzəran qurmağından, balalarını yerbəyer eləməyindən danışdı. Rumkanı başına çəkəndən sonra süfrənin üstünə qusdu. Qolundan yapışıb onu tualetə apardım, qapını bağlamamağını dönə-dönə tapşırdım. Bir az gözləyəndən sonra səs çıxmadığını görüb içəri girdim. Qayınatam tualetin hər tərəfinə qusmuş, özü də yerdə uzanmışdı. Suyu açıb onun üst-başını təmizləmək istəyəndə qurultu səsindən başqa heç nə gəlmədi. Gedib vəziyyəti arvadımın qulağına pıçıldadım, o isə səsini başına atıb tualetə yüyürdü. Qolundan tutub onu sakitləşdirmək istəyəndə böyük qaynım süfrədəki bıçağı götürüb üstümə cumdu, qaynanam araya girdi. Çarəsiz qalıb təcili yardım çağırdım. Təcili yardım gələnə kimi qayınatam ayılmış, arvadım da onlara qoşularaq maşına minib evi tərk etmişdi. Hadisədən iki saat sonra gələn təcili yardımın həkimi məni polisə şikayət edəcəyini deyib qışqır-bağır saldı, 20 manat verəndən sonra sakitcə çıxıb getdi. Səhərə kimi yatmadım. Tez-tez krantı açıb motorun işləyib-işləmədiyini yoxladım. Sübh azanına qədər motordan səs çıxmadı. Səhər açılanda su gəldi. Hamam-tualeti təmizləyəndən sonra motoru yerindən çıxarıb tulladım, gedib təzə motor aldım.