Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fuad Səyyahın “Miras qalan talelər” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Həyat yaşayan hər kəsi eyni sonda birləşdirən, müxtəlifliklərlə bəzədilmiş yoldur. Yaşanmış, yaşanan və yaşanacaq talelərin müxtəlifliyi, təxminən bu günə qədər yaşamış, yaşayan və yaşayacaq insanların müxtəlifliyinin sayına bərabərdir. Bir də, miras qalan talelər var. Atadan oğula, anadan qıza...
Həyatında böyük dönüş yaradacaq o, kiçik addımı atarkən Zümrüdün cəmi üç yaşı vardı. Bəlkə də ağlı kəssəydi, giriş qapısında "3 saylı Körpələr evi" yazısını oxuyar, o addımı atmaz, ağlayıb, qışqırıb, əlindən çıxmaqda olan həyatını geri qaytarmaq üçün üsyan edərdi. Ancaq o həmin gün ağlamamışdı. Öz körpə ağlıyla, dünyada tək qan bağı olan insana, ən sevdiyi və ən güvəndiyi birinə, anasına inanmışdı. Divarın dibindəki stuldan ayaqları yerə çatmayan Zümrüdün qarşısında oturduğu, qapısı bağlı kabinetdə hansı danışıqların getdiyi, hansı sənədlərin imzalandığı ağlına da gəlmirdi, gəlməzdi də. Artıq üstündən illər keçmişdi, unutmuşdu hər şeyi. Heç körpələr evi də yadına gəlmirdi. Tərk edildiyindən cəmi dörd gün sonra sonsuz bir ailə tərəfindən övladlığa götürülən Zümrüd, bu ailəni öz doğma ailəsi kimi qəbul etmişdi və körpəliyində yaşadığı acı həqiqətlərdən xəbərsiz xoşbəxt və şən yaşamağa davam etmişdi.
Sadəcə bir şey şüuraltısında ilişib qalmışdı. Tez-tez yuxularına girən, "Otur sənə gəlincik alıb gəlirəm" deyən və sadəcə arxadan gördüyü güllü don geyinmiş qadının kim olduğunu düşünərdi, ancaq nəticə əldə edə bilməzdi. Bəzən özündən asılı olmayaraq, saatlarla o qadın haqqında düşünər, o səsi eşidib diksinər və bütün günü gəlincik gözləyən uşaqlar kimi küskün-küskün qapıya boylanardı. Bir dəfə, rəhmətlik anası Sədəf xanımdan da soruşmuşdu o qadının kim olduğunu. Sədəf xanım savadlı və təcrübəli psixoloq olduğundan qızının travmasını anlamışdı. Bilərəkdən Zümrüdün yuxusundakı qadını mələyə, gəlinciyi isə Zümrüdün doğulmağına az qalmış uşağına yozmuşdu. Zümrüdün yeddi yaşı olarkən, qəfil ürək tutmasından həyat yoldaşını itirən Sədəf xanım demək olar ki, onu tək böyüdüb, tək oxutmuşdu. O, öz ətrafındakı və bütün dünyadakı insanlar üçün əsil ana olmağın uşaq doğmaqla heç bir əlaqəsinin olmadığının bariz nümunələrindən olan qadınlardan idi. Həlim xasiyyətli, mərd, zəhmətkeş və bir az da uzaqgörən Sədəf xanım, illərlə vücudunda yaşayıb onu içdən yeyən xəstəliyin varlığından xəbərdar olanda gözünün ağı-qarası, tək qızı Zümrüdün gələcəyindən narahat olmağa başlamışdı. Həyati önəm daşıyan orqanlardan birində gizlənib, sağalmaz həddə çatan xəstəliyini sirr kimi saxlamağa nail olsa da, Zümrüddən ötrü narahatlığını saxlaya bilməmişdi və öz bacısıyla məsləhətləşib bacısı oğlu Sadiqin ağzını aramışdı.
Sadiq hərbi xidmətini bitirdikdən üç il sonra ata-anasının təkidi ilə üç illik avaralığın daşını atıb ilk iş yeri kimi, özəl şirkətlərin birində mühafizəçi işləyirdi. Üç illik gecə həyatından və kef məclislərdən qismən də olsa uzaq düşən Sadiq ilk başlarda ata-anasının etimadını qazanmaq üçün işgüzarlıq maskasına bürünsə də, bu ona Sədəf xanımın da gözündə başı daşdan-daşa dəymiş, ağıllanmış biri kimi görünməyə yardımçı olmuşdu.
Anasının və xalası Sədəfin eşitdirdiyi sözlərdən Zümrüd məsələsini təxmin edən Sadiq özünü, ailə qurmağın məsuliyyətini, ciddiyyətini dərk edən, yüz ölçüb bir biçən adamlar kimi göstərsə də, ürəyində bu işin olmağına cani-dildən razı idi. Hər nə qədərdə öz düşüncə tərəzisinin bir gözünə, "ailəmizin qızı" deyərək Zümrüdü qoyub, özünü şirin satsa da, tərəzinin digər gözündəki, evlənəcəyi təqdirdə xalasından qalacaq miras hər zaman ağır gəlirdi. Sədəf xanımın xəstəliyinin ağırlaşdığı dönəmlərdə hər iki ailənin məsləhəti ilə Sadiqlə Zümrüdün toyunu edib evləndirdilər. Zümrüd, anasını xəstəliyindən ötrü tək qoya bilməyəcəyini, onlara köçüb, onlarla yaşamağı təklif edəndə, Sadiqin "gözütox"luğundan xəbər verən etirazları elə də təsirli olmadı. Toydan sonra Sədəf xanım olduqca rahatlaşmış, qismən də olsa Zümrüddən arxayınlaşmış və özünü, yoxluğuyla barışmadığı həyat yoldaşına qovuşduracaq ölümün gəlişinə hazır hiss edirdi. Ancaq hər şey get-gedə qəribələşdi. O, ölümün ağuşuna can atdıqca ölüm ondan qaçır, zamanında sonsuz deyə tənə edilən, aşağılanan, ərini vaxtsız itirən, sağalmaz xəstəliyə düçar olan, hər gününü son günü kimi yaşayan bu qadın həyatdan ümidini üzdükcə həyat onun üzünə gülməyə başlamışdı. Gün keçdikcə özünü daha da gümrah hiss edir, çöhrəsində yaşına uyğun olmayan gözəllik təcəssüm edirdi. Ölümdən rüsxət alıbmış kimi hər şeyi doyasıya yaşamaq istəyirdi. Gah Sadiqi bağrına basıb əzizləyir, gah Zümrüdün saçlarını sığallayır, gah da başını onun qarnına söykəyib, gəlişini gözlədiyi nəvəsini tələsdirməyə çalışırdı. Hətta, Sadiq iş növbəsində olarkən doğum sancıları tutan Zümrüdü, təkbaşına xəstəxanaya çatdıracaq və orda qulluğunda duracaq qədər yaxşılaşmışdı. İllər öncə etdiyi əhdə əməl etməyinin zamanı çatmışdı. Söz vermişdi ki, nəvəsinin doğulduğunu hər kəsdən öncə xəbər verən adama, həmin vaxt üzərində nə qədər pul və zinət əşyası varsa hamısını hədiyyə edəcək. Aldığı hədiyyələrdən çaş-baş qalan tibb bacısı, çırpılan qapı səsindən ayılanda iş-işdən keçmişdi. Sədəf xanım çoxdan doğum otağına girib, üzünün suyu qurumamış nəvəsinin qırmızı burnunu öpə-öpə qoxusunu içinə çəkirdi. Xəyalıyla ovunduğu Nazlısını dünya gözüylə görmüşdü. Bundan sonra ölsə də gözü arxada qalmayacaqdı.
Nazlı dünyaya gəldiyi gündən, düz iyirmi gün idi ki, Sədəf xanım hər gün səhər tezdən oyanır, Sadiqlə Zümrüdü səsləyir, onlar otaqdan çıxana qədər qapının ağzından getmirdi. Otaq "ikinci növbəli” insanlardan təmizlənən kimi, pişik cəldliyi ilə nəvəsinin yanına cumur, illərlə içində yatıb qalmış "acgöz"lüyünü doyuzdurmağa çalışırdı. Artıq nə Zümrüd ərini işə oyatmaq üçün, nə də Sadiq işə getmək üçün zəngli saat qurmurdu. Günün çox hissəsini Nazlının baş ucunda keçirən Sədəf xanım, eyni zamanda yarım qalan işlərini tamamlamağa çalışırdı. Bir tərəfi xoşbəxtlikdən qanadlanıb uçmağa can atsa da, bir tərəfi səxavətli olmaqdan çəkinmirdi. Ərinin sağlığında xarici ölkələrdən aldıqları bahalı əşyaları, sifarişlə hazırlatdıqları əl işlərini, çəkidə yüngül, qiymətdə ağır nə varsa ya kürəkəninə, ya qızına, ya da nəvəsinə hədiyyə edirdi. İş o yerə çatmışdı ki, Nazlının on günlüyündə evi Sadiqin adına keçirmiş, ən azı iki evin qiyməti qədər qızıl-zinət əşyasını Zümrüdə bağışlamışdı.
Nazlı artıq üçüncü həftəsinin son gününə qədəm qoymuşdu. Oyanmaq işini anasına etibar edən Zümrüd, otağın pəncərəsindən üzünə düşən günəşin şəfəqlərindən qurtulmaq üçün, yarı yuxulu halda yerinin içində dikəlib gözlərini ovuşdurdu və divardakı saata baxdı. Anidən yarıyumulu gözlərini geniş açıb, içini çəkdi. Yatıb qaldıqları üçün Sadiq işə gecikirdi. Tez qalxıb ərini oyatdı, mətbəxə keçib çaydanın altını yandırdı. Astaca anasının otağının qapısından boylandı. Sədəf xanım üstü yarıaçıq halda ağzı üstə uzanmışdı. Nazlının diliylə "Tənbəl nənəm" deyib, anasına yaxınlaşdıqda, yastığın üstündəki ağız suyuna qarışmış qan ləkəsini görüb dəhşətə gəldi. Baxdığı kinolardan yaddaşına həkk olunmuş hərəkəti biixtiyar təkrarlayaraq barmağını anasının boynuna sıxmağıyla, qışqırmağı haradasa eyni vaxtda baş verdi. Sadiq otağa girəndə Zümrüdü rəngi qaçmış halda çarpayının küncünə qısıldığını gördü. Ani düşüncəylə xalasından çox həyat yoldaşının köməyə ehtiyac olduğunu təxmin edib, Zümrüdü qucağında hamama doğru apardı. Sərin sudan sonra özünə gələn Zümrüd yenidən anasının olduğu otağa qayıdıb, anasının buz kimi soyumuş əllərini ovuclarına aldı. Qısa sükutdan sonra heç vaxt heç kimin, hətta özünün belə eşitmədiyi səs tonuyla ağı deməyə başladı. Ağı səsi yayıldıqca ən təcrübəli qonşular hər kəsdən öncə evə yığılmağa başladılar. Hansı ki, ömürləri boyunca dəfələrlə vaxtsız itkilərə, nakam ölümlərə şahidlik edib, ölüsü ölənin yanıqlı-yanıqlı ağı deməyini rahatlıqla ayırd edə bilirdilər. Kimi Sədəf xanımın hörməti xətrinə, kimisi insanlıq vəzifəsi naminə, kimisi də halı özündə olmayan ev sahiblərinə əl yetirmək məqsədiylə bir işin ucundan tutmağa can atırdı. Zilləndiyi nöqtədən gözlərini ayırmayan Zümrüd üçün zaman donsa da, saatın əqrəbləri öz işini məharətlə görürdü. Saatlar ötüşdükcə həm ev, həm də ki, həyətdə qurulmuş mağar insanlarla dolub boşalırdı. Üç-üç, beş-beş yığılan adamlar mərhumla bağlı xatirələrindən danışıb təəssüflənir, insan ömrünün faniliyindən şikayətlənirdilər. Günəş qüruba getməyə hazırlaşarkən dəfn mərasiminin ən əsas işləri görülmüşdü. Cənazə həyət qapısından çıxdıqdan sonra həyət dəqiqələr içində boşaldı. Qarşıda gedən cənazəni təqib edən, küçə boyunca ağır addımlarla irəlilələyən izdiham, sanki günəşin qüruba enməsi ilə Sədəf xanımın torpağa tapşırılması arasındakı zaman fərqini nizamlamağa çalışırdı. Hər gün yaşayıb bir gün öləcəyini unudan insanlarlarla dolu izdihama heyrətlə baxan ana torpaq, ağzı açıq şəkildə növbəti qurbanını gözləyirdi. O, sadəcə bir şeydən əmin idi.
Ölüm heç kimi unutmur...
Aradan illər keçmişdi. Hər şey dəyişmişdi. Nə Nazlı adına uyğun uşaqlıq yaşaya bilmişdi, nə də Zümrüdün gözlərində ki, zümrüd parlaqlığı qalmışdı. Bütün bunların başında da, xalasının ölümündən sonra arxayınlaşan və sərvət sahibi olan Sadiqin öz ailəsinə deyil, keçmişindəki qaranlıq səhifələrə sadiq qalması dayanırdı. Hər dəfə "dükan açmaq", "iş qurmaq", "xoş gələcək" kimi qulağa xoş gələn sözlərlə başlayan cümlələr qurub Zümrüddən qopardığı pulları, içki və qumar məclislərinə yatırım edən Sadiq, günlərlə evə gəlmir, gəldiyində isə uydurduğu hekayələrlə özünü sudan quru çıxara bilirdi. Ərinin hər sözünə uşaq kimi inanan Zümrüd onun gözünü açmağa çalışan və qaçılmaz uçurumdan qurtarmağa cəhd edən hər kəsin yanında Sadiqə bəraət qazandırmaqdan çəkinmirdi. Bəzən baş verənləri pazl kimi birləşdirib haqlı şübhələrə düşsə də, sonunda Sadiq haqqında bu şübhələrə düşdüyünə görə özünü günahkar çıxarıb sakitləşir və dualarının sayını artırırdı. Və nəhayət sonuncu hadisə baş verdiyində Zümrüd başa düşmüşdü ki, özünü oda atanı dua saxlaya bilməz.
Çöldə noyabr soyuğu vardı. Səhərin gözü yarıyumulu idi. Qapı döyüldüyündə, dörd gündür evə gəlməyən Sadiqin gəldiyini düşünən Zümrüd qapıya doğru şığıdı. Qapının açılmağıyla bir qara geyimli adamın evə girməyinin arasındakı zaman boşluğu o qədər az oldu ki, evə girən adamın siqaret qoxulu nəfəsini hətta üzündə hiss edib özünü itirdi. Qışqırmaq istədi, dili söz tutmadı. Biixtiyar geri çəkilib divara söykənə bildi. Üzündəki tüklərinin arasından saralmış dişləri görünən, gözləri parıldayan və başdan ayağa qara geyinən vahiməli adamın ona telefon uzatdığını görüb azacıqda olsa özünə gələ bildi. “Siz kimsiniz?” deyə verdiyi sualın cavabı, uzadılmış telefona işarə edilməklə verilmişdi. Telefonu alıb qulağına apardıqda Sadiqin xırıltılı səsi gəldi:
- Nazlını da götür çıx evdən. Polisə getmə.
Cavab verməyə macal tapmamış, "vahiməli adam" telefonu qapıb qulağına qoydu. Acgözcəsinə Zümrüdün gözlərinin içinə baxa-baxa, istehzalı səs tonuyla pıçıldadı:
- Əəə, bəs deyirsən oyuna qoymağa heç nəyim qalmayıb!
Cavabı gözləməmiş telefonu söndürdü. Şəhadət barmağını Zümrüdün dodaqlarına söykəyib, pıçıldadı:
- Ərinin sözünü eşit, polisə getmə. Bir saat vaxtın var. Sadəcə bir saat!
Çırpılan qapı səsindən diksinən Zümrüdün gözü, otağın qapısından üzünün yarısı görünən, qorxudan rəngi ağarmış Nazlıya sataşdı. Cəld qızını qollarının arasına alıb sinəsinə basdı. Dişini dişinə sıxıb iniltiylə ağlamağa başladı. Gah Nazlıya baxır, gah divardakı saata baxır, gah da "bir saat", "bir saat" deyərək otağın içində sağa-sola qaçırdı. Getməli idi. Ancaq hara? Sadiqin tərəfin saxlayıb acıladığı qohumlara mı getsin, "yoldaşımın acığı gəlir" bəhanəsi ilə üzünə qapı açmadığı qonşulara mı getsin?!
Beyni keyləşmişdi. Heç nə düşünə bilmirdi, sadəcə getməli olduğunu bilirdi. Artıq 20 dəqiqə idi ki, otağı gəzişirdi. Dünyadakı ən etibarlı yerə, ana qucağına sığınan Nazlı baş verənləri unudub, baş verəcəklərin fərqinə varmadan Zümrüdün qucağında yuxuya getmişdi. Uşağı astaca divanın üstünə uzadan Zümrüdün gözləri Nazlının üzünə sataşdı. Bu məsumanə gözəlliyi seyr etməkdən doymayıb xoşbəxt olduğu günləri xatırladı. Boğazı qəhərlənsə də özünü topladı. Ağlamağa belə vaxtı yox idi. Tez Nazlının paltarlarını toplayıb, əynini geyindi. Uşağı isti bir örtüklə büküb, qucağına aldı. Sanki onu orda görəcəkmiş kimi anasının otağına boylandı. Xoşbəxtliyindən geriyə qalan tək parçanı sinəsinə sıxıb evdən çıxdı.
Ən son dəfə, payızın ilk aylarında Nazlıya qalın paltar almaq üçün evdən çıxan Zümrüd havanın nə qədər soyuduğunu iliklərinə qədər hiss etməyə başladı. İlk dəfə o gün Sadiqdən icazəsiz bir iş görmüşdü və buna görə dəfələrlə özünü danlayan Zümrüdün gözləri yenə də Sadiqi axtarırdı. Son ümidi, son sığınacaq yeri idi Sadiq onun. Zümrüd indi bütün varlığını unudub, mücərrəd aləmlərin eşqinə düşüb, Allahdan sadəcə bir işarə görmək xəyalıyla yollara düşən, yorğun ayaqlarını hər addımda daha da həvəslə atan dərviş kimi idi. Ancaq onun "Allah"ından səs-səmir yox idi. Günorta olmuşdu. Əsən payız küləyi Nazlının yanaqlarını qızartmış, gözlərini sulandırmışdı. "Bəlkə o adama yalvarsaydım bizdən əl çəkərdi", “bəlkə Nazlını görməyib, görsəydi qıymazdı çıxıb gedərdi. Nə qədər daş ürəkdə olsa insan bir körpəyə qıya bilməz." kimi düşüncələr içində itib batsa da, evə qayıtmağa cürət etmirdi. Nazlı titrəməyə başlamışdı. Küçə həyatına öyrəşməyən, hər zaman nazıyla oynanılan, qayğısına qalınan Zümrüd küçənin ortasında aciz-aciz dayanıb Nazlının yanaqlarını nəfəsiylə isitməyə çalışırdı. Özü də üşüməyə başlamışdı. Birdən yadına yuxularına girən, sadəcə arxadan gördüyü güllü don geyinmiş qadın düşdü. Ani bir hərəkətlə yolu keçib geniş addımlarla yeriməyə başladı. Çoxmərtəbəli binaları arxada buraxdıqca, sanki hara getdiyinə daha da əmin olurmuş kimi sürətini artırırdı. Binalar bitən kimi başlayan ağaclıqların arasındakı ikimərtəbəli binanın çöl qapısından içəri girib dayandı. Ağlına düşünmə fürsəti vermədən binanın içərisindəki bütün qapılardan seçilən qapıya yaxınlaşıb, üstünü oxuyub, qapını döyməyə başladı. Dəvətedici cavabı gözləmədən içəri keçdi. Otağın sağ küncündə iş masası arxasında əyləşmiş, divara bərkidilmiş televizordan gözünü çəkməyən, illərlə bu kimi təlaşlara öyrəşən, səliqəli geyimiylə və otağının görünüşüylə bina daxilindəki mövqeyini açıq şəkildə ortaya qoymağı bacaran orta yaşlı qadın quru və hissiz səslə soruşdu:
- Sizə nə kömək edə bilərəm?! Niyə gəlmisiz?
Zümrüd bir az təəccüblü, bir az da incik səs tonuyla cavab qaytardı:
- Niyə gəlmişəm? Bura niyə gəlirlər deyib Nazlıya işarə etdi.
- Uşağı çıxart çölə çöldə otursun, özünüz gəlin. Uşaqlarda şüuraltı açıq olur, danışdıqlarımızı eşitməməlidir.
Zümrüd tələsik Nazlını otağın qarşısındakı növbə stullarından birinə otuzdurub müdirin otağına keçdi. Nazlı hər şeydən xəbərsiz halda, soyuqdan keyiyən barmaqlarını ova-ova gözlərini qapıdan çəkmirdi. Gah saçını oynadır, gah stuldan yerə çatmayan ayaqlarını yellədir, gah da otaqlardan gələn uşaq səslərinə qulaq asıb başını qatırdı. Ancaq gözləri sadəcə qapıdaydı. Xeyli keçdikdən sonra qapı açıldı. Ağlamaqdan gözləri qan salan Zümrüd baxışlarını gizlətməyə çalışsa da, qızına son dəfə baxmaqdan özünü saxlaya bilmirdi. Əyilib Nazlını bağrına basdı. Yanaqlarını, alnını, gözlərini öpüb, əllərini ovuclarına aldı. Gözlərinin içinə baxa-baxa barmaqlarının uclarını öpməyə başladı. Zümrüdün vidalaşma səhnəsini uzatmaqda tək məqsədi, qızına ilk və son yalanı danışmaq üçün özündə cəsarət tapmağa vaxt qazanmaq idi.
Var gücünü toplayıb ayağa qalxdı. Nazlını qucaqlamasın deyə barmaqlarını bir-birinə düyünləyib bir addım geri çəkildi. Gözlərini yumub bir nəfəsə pıçıldadı:
- Sən otur burda, sənə gəlincik alıb gəlirəm.
Cümlə bitər bitməz geri dönüb uzaqlaşdı. Uzaqlaşmadı, qaçdı. Öz yarımçıq xoşbəxtliyindən, miras qalmış taleyindən, yadların ümidinə qoyduğu can parçasından qaçdı. Elə qaçdı ki, hətta Nazlının ona "Yaxşı, anacan" deməsini belə eşitmədi.
Artıq iki gün keçmişdi. Nazlı anasını unutmasa da, gəlinciyi unutmuşdu. Hərdən uşaqlardan ayrılıb, anası gedən dəhlizin sonuna baxıb yenə də otağa qayıdırdı. Sonuncu dəfə Zümrüdün getdiyi yola baxmağa gələndə müdirin otağındakı televizordan dəhlizə yayılan aparıcı səsinin və dəhlizin o biri başından müdirin otağına doğru gələn qadının fərqinə belə varmamışdı.
Aparıcının həyəcanlı səslə: - "Bakıda çoxmərtəbəli binalardan birinin həyətindən, qucağında gəlincik olan naməlum qadın meyidi aşkarlanmışdır. Ekspertizanın və şahidlərin ilkin rəyinə əsasən baş vermiş hadisə intihar xarakterlidir." deməsi ilə, dəhlizin o biri başından gələn qadının müdirin otağına girməsi eyni anda vermişdi.
Kor-peşman otağına qayıdan Nazlı hələ də bilmirdi ki, onun Zümrüdü qayıtmasa da, "Sədəf"i gəlmişdi.
Adı Sədəf olmasa belə...