Növbə - Anar Şamilin yeni hekayəsi

Növbə - Anar Şamilin yeni hekayəsi
17 may 2026
# 15:00

Kulis.az Anar Şamilin "Növbə" hekayəsini təqdim edir.


Kassanın önündəki növbədə dayanan insanlardan biri də mən idim. Qarşımdakı müştərilərin ərzaq arabalarına baxıb düşünmək üçün xeyli vaxtımın olacağına sevindim. Hekayəni əvvəlindən sonuna qədər xəyalən yenidən quracaqdım.
Əlindəki çörəyi sinəsinə sıxan yaşlı qadın gözlərini boşluğa dikmişdi. Sanki uzun bir yolun sonunu görməyə çalışırdı. Üzündə və əllərindəki qırışlar zamanla qurumuş çay hövzələrini xatırladırdı. Növbəsi çatmışdı, amma qadın tərpənmirdi. Asta şəkildə çiyninə toxundum. Əvvəlcə üzümə təəccüblə baxdı, sonra tanıyıb gülümsədi. Kassanı göstərdim. Qısa müddət sonra büzülmüş kağız pulları çıxarıb ödəniş etdi.
Növbə mənə çatdıqda əlimdəki ərzaqları kassanın yanına qoydum.
- 7 manat 98 qəpik.
8 manat uzatdım. Kassir qəbzi mənə verib təşəkkür etdi, lakin pulun qalığını almadan getmək istəmirdim.
Kassir və növbədəki insanlarla etdiyim mübahisəyə görə peşman idim. Lakin evə çatıb cibimdəki xırda qəpikləri bankaya atanda əks olunan səs baş verənləri unutdurdu. Mağazadan aldıqlarımı masanın üstünə qoyduqda konfetlərin əskik olduğunu gördüm. Geri qayıtmaq istəyərkən onları mağazanın qarşısında dilənən qadının uşağına verdiyimi xatırladım. Ərzağı yerləşdirdikdən sonra kranın altında yuyulmağını gözləyən qab dağına fikir vermədən digər otağa keçdim. Digər otaq dedikdə mətbəxdən fərqli məkanı nəzərdə tuturdum. Çünki yaşadığım mənzilin cəmi bir otağı var idi. Bir çarpayı, bir dolab, yemək masası və onun ətrafındakı stul hərəkət üçün çətinlik yaradırdı. Dolabın qapısındakı güzgü, stulun üstündəki paltarlar, çarpayının üzərində qırışıq halda olan mələfə — təklikdən xəbər verirdi. Dolabın üstündəki boş şəkil çərçivəsi otaqda ən çox sevgi və diqqət görən əşyam idi. Onu anam hədiyyə etmişdi — "Həyatın ən gözəl anını bu çərçivəyə qoyarsan". Çərçivədəki boşluqla baxışdıqdan sonra tozunu sildim. Çantamdakı analiz cavablarına bir daha nəzər yetirib dolaba qoydum. Xəstəxanadan çıxdıqdan sonra tanrı ilə səmimi söhbətimin işə yarayacağına və cavabların dəyişəcəyinə ümid edirdim. Lakin nəticə eyni idi. Dolabın qapısını örtərkən anidən tanımadığım biri ilə göz-gözə gəldim. Yorğun və yaşam enerjisi olmayan gözlər kassadakı yaşlı qadını xatırlatdı. Həyatımda ilk dəfə güzgüdən qorxdum. Mövcud olub amma bircə anı belə yaşamayan özümü tanımaq istəmirdim. Heç bir stansiyada düşmədən, 38 il sürət qatarı ilə yol gedən biri dayanmışdı qarşımda.
- Mənəm günahkar?
Sual cavab tapmaq üçün verilməmişdi.
Mətbəxə keçib yeməyi hazırladım. Kolbasa ilə yumurtanın qoxusu insana aclığın çox həzz verici bir hiss olduğunu xatırladırdı. Yeməyi bitirib son çörək tikəsi ilə qabı təmizlədim. Masanın üzərinə düşən çörək qırıntlarını da yeyib, qabı dağın tam zirvəsinə qoydum. Yorğun halda yatağıma uzanıb yeni aldığım kitabın ilk səhifəsini açdım. Səhifənin sonuna çatmamış kitabı örtdüm. Hava qaralmışdı, amma mən hələ də işıqda kitab oxuyurdum. Kitabı masanın üzərinə geri qoyub işıqları söndürdüm. Məntiqsiz sərfiyyatı sevmirdim. Xarakterim kitaba olan marağıma qalib gəlmişdi. Yatmağa çalışarkən güzgüdəki adama verdiyim suala tapdığım cavab yuxumu qovaraq əzab çəkməyimi istəyirdi. Məşhur əsərdə deyiləndən fərqli olaraq olmaq yoxsa yaşamaq arasındakı boşluqda qalmışdım. Analizlər və həkimin dediyi cümlə hər şeyin tez bitəcəyinə işarə idi — "Həyat tərzini dəyişməsən sənin üçün daha pis olacaq". Qısa müddətli mövcudiyyətin içinə böyük yaşam sığışdırmalı idim. Uzun düşündükdən sonra 05:30 göstərən zəngli saatı söndürdüm.
Pəncərənin önündəki göyərçinin boğuq səsinə oyandım. Günəşin şüaları havada asılı qalan toz zərrəciklərinin arasından otağı işıqlandırır, açıq pəncərədən içəri girən külək ağır qoxunu hiss edib, otağı tərk etməyə çalışırdı. Oyandıqdan sonra ilk olaraq qabları yudum.
Dişlərimi fırçalayarkən, dünən axşam kitabda oxuduğum cümlə yadıma düşdü. Əllərimi və üzümü tələsik yuduqdan sonra mətbəxə keçib soyuducunu açdım. Bu gün verdiyim qərarın ilk cəzası uzun müddətdir soyuducuda qalan dolmanı yemək oldu.
Əynimdə ağ, qısaqol köynək, cins şalvar və idman ayaqqabısı vardı. Lakin mənimlə birgə liftə minən insanları təəccübləndirən, yayda geyindiyim şərf və qalın papaq idi. Özgə baxışların mənim üçün önəmli olmadığını göstərmək üçün telefonla videolara baxdım. Qarşıma ilk çıxan video şəhər mərkəzində yerləşən “Kofee Sat”la bağlı idi.
Qarşılarında çay fincanları olan insanların çoxu pəncərə kənarında əyləşmişdilər. “Kofee Sat”ın daxili interyerində reklamda göründüyü kimi yaşıl tonlar üstünlük təşkil edirdi. İnsanların təəccüblü baxışlarına fikir vermədən baristaya yaxınlaşdım. Barista gülümsəyərək adımı soruşdu. Qara, işıltılı gözləri, ağ, lakin solğun dərisi var idi. Reklamdakı xanım daha gənc idi. Hisslərimə sərbəstlik versəm aşiq ola bilərdim. Qadının görünüşündə xoşlamadığım tək şey saçları idi. Quru və baxımsız görünürdülər. Bu onun ötürdüyü xoş enerjiyə heç bir təsir göstərmirdi.
- Taleh
- Adını kofenin üzərinə yazacağım ilk müştərisiniz.
Cavab vermədən səssizcə ona baxdım. Barista gülümsəyib digər sifarişləri qəbul etməyə başladı. Gözümə dəyən ilk boş masanı seçib əyləşdim. Qarşıdakı stolun arxasındakı qadın kədərli halda pəncərədən küçəni izləyirdi. Yan masada əyləşən iki gənc qız isə axşam keçiriləcək şeir gecəsindən danışırdı. Elə bu anda barista kofeni gətirib masamın üzərinə qoydu. Kofenin bir hissəsi fincanın kənarına dağılmışdı. Əslində mən kofeni “yol fincanı”nda içməyi xoşlayıram. Əlimdə tutarkən ovucumun içində yayılan istilik mənə qəribə bir rahatlıq verirdi. Barista təcrübəsiz idi, lakin işindən zövq aldığını hiss etmək olurdu.
Kofe tükəndikcə üzərində yazılmış “Taleh” sözü yavaş-yavaş silinirdi. Əslində, “onu yazanı” tapsaydım, veriləcək çoxlu sualım vardı. Və təəssüf ki, bu barista deyildi. Sakitliyin və kofenin xoş qoxusunun yaratdığı auradan istifadə edib dünən xəstəxananın önündə baş verənləri xatırlamağa çalışdım. Analizin cavablarını öyrəndikdən sonra yaradılan və yaradana qarşı oyanan qisas hissi “niyə mən?” sualına cavabı tapmağa mane olurdu. Artıq soyuq düşüncə yoldan keçən maşının önünə atlamağın ölüm olduğunu anlamaq istəmirdi. Bəxtimdən maşın kənardan keçməyi bacarmışdı. Sürücü yaxşı olduğumu görən kimi qışqırıb polisi çağıracağını dedi. – “Sənin kimilər bizi zibilə salırlar”. Çıxacaq xərcləri düşünüb, ayağımın sürüşdüyünü dedim. Həyatımın son anını yaşadığım halda belə hesab apardığıma görə çox utandım. Bəlkə də “Taleh” yazanlar şəxsi işimin üzərinə əvvəlcədən belə qeyd etmişdilər- “Ömrünü mühasib kimi yaşayacaq.” Elə bu an sifariş masasının yanında səs-küy qopdu. Barista sifarişi yanlış hazırladığına görə müştəri əsəbiləşmişdi. Cavan oğlan əlindəki fincanı baristaya atdı.
Oğlan dizlərimin arasından dişlərini qıcadaraq mənə baxırdı. Qorxduğu açıq-aşkar hiss olunurdu. Bir müddət sonra üzərindən qalxdım.

- Sabah… yerdə, saat doqquzda… gəlməyənin var yoxunu…

Gülümsəyərək razılığımı bildirdim.
Yerimdə əyləşəndən sonra müştərilərdən biri şərf və papağımı masanın üzərinə qoydu. Kofeni içərkən sabah oğlanla “strelka”ya getməmək üçün bəhanələr axtarmağa başladım. Əfsuslar olsun ki, tapammadım. Nə yaşamağa səbəbim, nə də məni istəyən biri vardı. Atamı üç yaşında, anamı isə dörd il əvvəl itirmişdim. Anamı çox sevirdim. O isə həmişə daha çox sevdiyini iddia edirdi. Bu yaşa qədər məni onun kimi sevəcək ikinci bir qadına rast gəlmədim. Tanış olduğum xanımlar planlı biri olduğuma görə məndən uzaq gəzirdilər. Universitetin ikinci kursunda ürəyimi açdığım qızın dediklərindən sonra qadın axtarışına son qoydum: "Həyatında təsadüfi heç nə yoxdur. Darıxdırıcı birisən." Plan mövzusunda haqlı idilər. Bu rejimdə özümü daha rahat hiss edir və uğur qazanacağımı düşünürdüm. Lakin həyatımdakı uğur rekordu sadəcə dünyaya gələrkən qeydə alınmışdı. Yəni ki, qoruyacaq qədər dəyərli bir həyatım yox idi. Təkcə canım qalmışdı. Analizlərə baxsan onun da qum saatı artıq işə düşmüşdü.
“Kofee Sat” darıxdırıcı gəlməyə başlamışdı. Bundan sonrakı istiqaməti necə təyin edəcəyimi düşündüm. Döngədən qara maşın gələrsə, kafeni tərk edəcəyimə qərar verib diqqətlə küçənin sonundakı döngəni izlədim. Qısa müddət sonra oyunun qaydalarına uyğun olaraq kafedən çıxıb yoluma piyada davam etdim. Bir müddət getdikdən sonra iki yolayrıcında dayandım. Əlimi cibimə atıb on qəpik çıxartdım. Onu göyə atdıqdan sonra yerə düşən üzü ilə istiqamətimi təyin edib təsadüflərə boyun əydim. Şəhərin qədim küçələrindəki cansız görünən daşlar belə insana xüsusi enerji ötürürdü. Küçələr dar, lakin təmiz idi. Hər qapının önündə balaca güllər əkilmişdi. Getdikcə özümü başqa ölkədəymiş kimi hiss edirdim. 38 il bu şəhərdə yaşamağıma baxmayaraq, turist kimi hər şeyi yenidən kəşf etməyim məni sevindirirdi. Bir müddət sonra göy minarəli məscidin qarşısında dayandım. Dar küçənin sonu idi. Qəpiyi cibimə qoyub məscidin həyətinə girdim. Qadınlar üçün olan çıxışda tanış simaya rast gəldim. Təəccübləndim, lakin maşınla gəlmə ehtimalının olduğunu düşünüb məntiqə bağladım.
Corabın cırıq hissəsini barmağımın arasına qatlayıb içəri keçdim. Məscidin mərkəzində əyləşdim. Başıma məsh çəkib göyə baxdım. Düşündüm ki, başımızın ən üst hissəsi məsciddəki minarəyə bənzəyir. Tanrı ilə əlaqə yaratmaq üçün vasitə rolunu oynayır. Əlimi açıb dua etdim. Mənəvi bir rahatlıq hiss etsəm də içimdə çöküş başladı. Özümə xəyanət etdiyimi anladım. Məsciddən çıxdıqdan sonra bir az kənarda dondurma satıldığını gördüm. Dondurmanı yeyərkən uşaqlıqdan xatırladığım həmin həzzi yaşamaq istədim. Amma hər bir hissdə zamanın payı olduğuna görə bənzər və təkrar heç nə olmur. Dondurmanı bitirən kimi dayanacaqda dayanan ilk avtobusa minib pəncərə önündə əyləşdim. Bir müddət getdikdən sonra sərnişinlərin sağ pəncərəyə baxdığını gördüm. Su maşını küçələri sulayırdı. Bayaq məsciddən çıxan xanım isə saçını tutaraq uşaq kimi həmin suyun altında rəqs edirdi. Bir dayanacaq sonra avtobus anidən dayandı. Sürücü nasazlıq olduğunu bildirdi.
“Kofee Sat” dakı qızların danışdığı məkanın qarşısında idim. Bir saat sonra orada şeir məclisi başlayacaqdır. Bu vaxt ayağıma top dəydi. Başımı çevirdikdə, balaca uşağın qarşımda dayanıb mənə baxdığını gördüm. Onunla oynadıqdan sonra oturacağa əyləşib insanları seyr etməyə başladım.
Tədbir kitab mağazalarından birində təşkil edilmişdi. Qarşılayıcı mənimlə bərabər boş yer axtararkən üzündə anidən gülüş yarandı. İşarə edərək boş yeri göstərdi. Əyləşərkən doğma qoxu hiss etdim. Yanımdakı xanım gülümsəyərək əlini uzatdı.
- Bu qədər təsadüf məncə kifayətdir. Selay.
- Haqlısınız təsadüf çox oldu. Yəni Ayselin əksi?
- Ardıcıllıq məsələsidir. (Gülərək) - Oğlan sizi izləmədi ki?
- Yox, məncə. Onunla sabah görüşəcəm.
- Mən onu qarşıdakı parkda gördüm bura gələrkən. Sabah görüşməsəniz daha yaxşı olar.
- Mən də sizi şəhərdə gəzən görmüşəm.
- Siz məni suyun altında rəqs edərkən də görmüsünüz.
O cavab verərəkən gözlərim boynundakı “qaranquş” təsvirinə sataşdı. Çox yaxşı çəkilmişdi, amma qızartı vardı. Selay tatuya baxdığımı hiss etdi.
- 2 saat olar. Çox qəşəngdir hə?
Səssizcə ona baxdım:
- Məni dəli zənn etməyin. Bu günü arzularıma həsr etmişəm. Yayda şərf və papaq geyinən adamsız..(gülür)
- Mən də təsadüflərə. Səhər dolabı açan kimi şərf və papaq təsadüfən qarşıma düşdü.
Gülümsədi. Bu vaxt aparıcı tədbiri açıq elan etdi. Ardıcıl bir neçə şeir səsləndi. Mühit elə gözəl idi ki, insan özünü fərqli aləmdə hiss edirdi. Nə şeir əzbərləməyi, nə də dinləməyi xoşlamamışam. Toxuna bilmədiyim şeyləri əhəmiyyətsiz hesab etmişəm, amma indi deyəsən ruhum yenidən dünyaya gəlirdi. Sözlər sanki rəqs edərək mənə nələrisə çatdırmağa çalışırdı. Hərəsi bir məna verir, birlikdə isə tamamilə dəyişilirdi. Bu vaxt isti və nəm barmaqların əlimə toxunduğunu hiss etdim.
- Ehtiyacım var.
Başını yavaşca çiynimə söykədi. Ağırlıq nəfəsimi və ürək döyüntümü sürətləndirdi. Enerji axınını bədənimdə titrəyiş yaratdı. Bütün hisslər səs salsa da, dayanmadan hesab aparan, rəqəmləri sayan, hər şeyin xərclərini çıxaran o səs susmuşdu.
- Tədbir haqqında məlumatlı idim. Birinin çiyninə söykənərək şeir dinləmək həmin an qurduğum xəyallardan biri idi .
- Mənə xoşdu.
Gülümsədi və gözlərini sildi. Gecə hər ikimizi isti və təravətli ağuşuna almışdı. Bədənim tamamilə təslim olmuşdu. Ömrüm gözümün qarşısından keçirdi. Anamın dizləri üzərində uzandığımı saymasaq, həyatımın ən gözəl anı məhz bu idi. Qalan hər şey boz rəngdə idi. Anidən sabahkı görüşə getməyəcəyimə qərar verdim. Yaşamaq üçün səbəb tapdığımı düşünürdüm.
- Tədbirdən sonra sizinlə şam etmək istəyirəm.
- Sonuncu şam yeməyi(gülümsədi).
- Anlamadım
- Boş verin. Məkanı siz seçərsiniz..

Şəhər işıqları qaranlıqla mübarizə aparır, dəniz isə ay işığını üzərinə alaraq uzaqlara daşımağa çalışırdı. Gecə, restoranın pəncərəsindən öz gözəlliyini göstərirdi.
- Saçlarıma toxuna bilərsiz?
Gülün tikanlarına toxunurdum sanki.
- Yumşaqdı.
- Yalan deyirsiniz .
- Canlı deyillər .
- Bax bu düzdür. Parikdir. (fasilə verdi)... Beynimdə şiş var . Partlama vaxtı bilinən qurğu kimidir (gülümsəyir). Həkimin dediyinə görə sabah günəşi görməyə də bilərəm. Yanlış anlamayın, bunları son anda kiminləsə paylaşmağa ehtiyacım vardı. Baristalıq, məsciddə dua, suyun altında rəqs, hamısı həyatının son anlarını yaşayan birinin edə biləcəyi hərəkətlər idi. Bu günü arzularıma uyğun qurmuşdum.
Diqqətlə Selaya baxır, onun yaşamağına ehtiyacım olduğunu hiss edirdim. Yad duyğular məni cəsarətli olmağa səsləyirdi.
- Həkimlər son vaxtlar yalan danışır .
- Anlamadım.
- Sən evlisən?
- Kimi bədbəxt edə bilərdim ki. Gənc yaşlarımdan beləyəm və xəstəliyim haqqında sizdən başqa heç kimə danışmamışam.
- İki xanımın əyləşdiyi, zalın sonundakı masanı görürsən?
- Gördüm.
Masadara işarə edərək yaxınlaşmasını istədim.
- Sabah səhər doqquzda həmin masanı rezerv etmək istəyirəm.
Selay təəccüblə mənə baxdı. Masadar qeydini aparıb uzaqlaşdı.
- Günəşi birlikdə seyr edərik. Sabah səhər yeməyində sənə sürprizim olacaq.
- Bəlkə razı olmadım.
- Təsadüflərin məyus etdiyi insanlardan biri olacağam.
- (Gülümsədi) Gələrəm. Amma sürpriz olmasa da olar.
Səsizlik oldu. Onunla masadakı eyni nöqtəyə baxdıq. Sanki düşünmək üçün fasiləyə ehtiyacımız var idi.
- Dünən oxuduğum cümlə səninlə tanışlığıma səbəb oldu.
- Hansı cümlə ?
- “Hər gün eyni günü yaşayaraq xoşbəxt ola bilməzsən”.
- Razıyam.
Üzünü çevirib pəncərəyə baxdı. Gözündə qaranlığı aydınlandıran balaca işıq közərirdi. Əlimi kamera çərçivəsi kimi tutaraq ona baxdım. Çox gözəl mənzərə idi.

İlk dəfə sevinc dolu hisslərlə evə qayıdırdım. Dəyişən həyatımın sabah ilk gününü yaşayacaqdım. Bu an arxamdan tanış bir səs gəldi…
- Bax bura.
“Kofee Sat”da dalaşdığım oğlanın gözlərində qisas və qəzəb vardı.
- İnsanların içində məni təhqir edib rahat gəzəcəyini düşünürdün?!
- Mənim elə bir......
Mənə doğru tutduğu bıçaq dərimi dələrək sürətlə dərinliyə getdi. Bədənimdən axmağa başlayan qanın təması fincandan yayılan istiliyi xatırladırdı. Əlimi oğlanın sinəsindən tutdum.
- Məni xəstəxanaya ap.....
Çiynimə toxunan əl məni sanki yuxudan oyatdı. Arxamda dayanan, çörəyi sinəsinə sıxan yaşlı qadın üzümə gülümsəyərək kassanı işarə etdi. İdeyasını yaddaşımda gizlətdiyim yeni hekayəmi final mərhələsində saxlayıb konfetin ödənişini etdim. Bu vaxt anasının yanında dayanan balaca uşaq mağazanın pəncərəsindən mənə baxaraq gülümsəyirdi.

# 78 dəfə oxunub

Oxşar xəbərlər

Qadın nələri bilməlidir? - Adrienna Riç

Qadın nələri bilməlidir? - Adrienna Riç

12:30 16 may 2026
Luvina - Xuan Rulfonun hekayəsi

Luvina - Xuan Rulfonun hekayəsi

10:00 16 may 2026
Oyunu tərk etməyənlər - Andre Morua

Oyunu tərk etməyənlər - Andre Morua

15:00 15 may 2026
"Paxıllığa kimsə haqq qazandıra bilərmi?" - "Master və Marqarita"dan bir hissə

"Paxıllığa kimsə haqq qazandıra bilərmi?" - "Master və Marqarita"dan bir hissə

14:28 15 may 2026
"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun  yeni hekayəsi

"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun yeni hekayəsi

12:00 15 may 2026
Nərgiz - Ulucay Akifin hekayəsi

Nərgiz - Ulucay Akifin hekayəsi

15:23 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər