Kulis.az Xalq yazıçısı Kamal Abdullanın “Konsert” adlı yeni hekayəsini təqdim edir.
Zərnigar ərinin hərbi pencəyini şifonerin sağ gözündən alıb ora-burasına diqqətlə baxdı, pencəyin hər iki yaxasındakı orden və medalları barmaqları ilə sığalladı:
- Arif, bunu niyə geyinmək istəmirsən? - deyə-deyə yan otağa keçdi, əlindəki pencəyi silkələyə-silkələyə bütün cilvəsi ilə onun gözləri önünə tutdu.
Arif gözünün ucu ilə hər tərəfi orden-medalla dolu hərbi pencəyə ötəri nəzər salıb dodaqaltı mızıldandı:
- İstəmirəm. Ayıbdı. Adamlar elə bilər, özümü göstərirəm.
- Nəyi ayıbdı, bunları sən canını qoyub almısan. Səni tanıyan heç vədə helə deməz.
Axşam Arif Zəfər gününə həsr edilmiş konsertə dəvətli idi. Ordudan sağlamlığına görə tərxis edildikdən sonra adam arasına ilk çıxışı olacaqdı. Tanış-bilişlə görüşəcəkdi. Arif heç kimdən fərqlənmək istəmirdi.
- Zərnigar, köynək nooldu?
Arif, nəhayət, mülki kostyumunu geyinib saçını güzgü qabağında neçənci dəfə darayandan sonra:
- Mən getdim, - deyə səsləndi və evdən çıxdı.
Konsert binasının qarşısında adam adam üstündə idi. Hamı giriş qapısından keçməyə can atırdı. Adamlar bir əlində bilet, o biri əlindəki telefonda kovidlə bağlı özlərinə aid informasiyanı axtarır, girişdə duran biletyoxlayanlara göstərməyə çalışırdılar. Biletyoxlayanların arasında cüssəli bir gənc xüsusi canfəşanlıq göstərirdi. Bu, qara kostyum, ağ köynək geyinmiş, qırmızı qalstuk taxmış bir aktivist idi. Civə kimi gah sağa, gah sola qaçır, hərdən içəri keçir, hərdən bayıra çıxır, sürüşüb içəri keçmək istəyənlərin qarşısını alır, sırasını düzəldirdi.
- Qardaşım, sıranı pozma. Yerinə keç. Sıraya girin, qardaşlar. Sakitliyə riayət edin. Sakit olun. Arxayın olun. Konsert sizsiz başlamayacaq.
Qapı ağzındakı izdiham sakitləşmək bilmir, sıra yenə də pozulur, adamlar dalğa-dalğa gəlib qapıya çırpılır, gənc aktivistin geniş sinəsinə dəyib geri çəkilirdi.
Arif bu aktivistə, onun yersiz canfəşanlığına baxdıqca gülməyi gəlirdi. Bu oğlan qələbədən uzaqda "qələbə" qışqıranlara oxşayırdı. Arif düşündü: "Mən və yoldaşlarım "qələbə" bayrağını vətən torpağının bağrına sancanda bu adamlar maşınlarının pəncərəsindən televiziya kameralarına "Qələbə!!!" qışqıra-qışqıra poz verirdilər".
Gənc aktivist çoxdan Arifin baxışlarını tutmuşdu. Bu baxışların arxasındakı rişxənd dolu təbəssümü də deşifrə eləmişdi. Girəvə axtarırdı Arifə cavab verməyə. Növbəti dalğa Arifi düz onun önünə atdı. Dalğa geri çəkiləndə aktivist Arifi arxadan bərk-bərk qucaqlayıb kənara çəkdi.
- Məni niyə aparırsan? Mənim sıram ordadı. - Arif aktivistə sıradakı yerini nişan verməyə çalışdı.
- Dayı, sən hələ gəl bu tərəfə görüm. Ayaq altında qalarsan. Əvvəla, göstər görək, sənin kovid icazən varmı? - Aktivist çox ciddi şəkildə Arifdən soruşdu.
Arif bu basabasda istədi, əlini cibinə atsın və telefonunu çıxarıb kovid icazəsi olan səhifəni açıb göstərsin, alınmadı, sağdan-soldan onu möhkəmcə sıxışdırırdılar:
- Qardaşım, bax, bu mənim konsertə dəvətnaməm... - Arif əlindəki dəvətnamə ilə məsələni həll eləməyə çalışdı.
- Onu saxla. Kovid icazəni göstər.
- Al, bax, bu da mənim kovid icazəm. - Nəhayət, Arif onu məngənə kimi sıxışdıranlardan canını qurtarıb telefonu çıxardı və lazım olan səhifəni tapdı.
- Hə... tutalım ki, bunu gördük, indi şəxsiyyət vəsiqəni göstər.
- O niyə? O yanımda deyil.
- Yaxşı, nə bilək ki, bu icazə sənə aiddir?
Arif inanmaq istəmədi ki; aktivist oğlan bu dərəcədə ciddi ola bilər. O isə bir əlilə Arifin əlindən bərk-bərk yapışaraq səbrlə gözləyirdi. "İndi görərsən başqasına rişxəndlə gülmək necə olur?!"
- Bax, qardaşım...
- Nə bax, bax salmısan?! Baxıram da... Görmürəm. Çəkil kənara. Camaata mane olma. Çəkil! - Gənc aktivist Arifi bir kənara itələyə-itələyə hiddətlə onun qulağına pıçıldadı: - Hə, niyə gülmürsən? Gülsənə! Bayaqdan rişxəndlə gülə bilirdin... Nooldu?!
Gənc aktivist, nəhayət ki, niyyətinə çatıb Arifi sıradan çıxardı. Sıradakılar yenidən qapıya hücum etdilər. Səs-küy yenidən yüksəldi. Arif mat-məəttəl qalmışdı.
Elə bu zaman konsert binasının iyirmi addımlığında bir hərbi avtobus dayandı. İçindən hərbçilər enməyə başladı. Bunlar zəfər konsertinə dəvət olunan müharibə qəhrəmanları idi. Hamısının başında qırmızı beret var idi. Boy-buxunları, əyin-başları göz qamaşdırırdı. Bir anın içində iki səf düzəltdilər. Sonra konsert binasına doğru əsl hərbçi addımları ilə "bir-iki, bir-iki" yaxınlaşmağa başladılar. Camaat bir anın içində giriş qapısının ətrafını boşaltdı. Qapıya qədər adamlardan ibarət canlı tunel yarandı. Gənc aktivist Arifi arxaya itələyib ön sıraya keçdi. Amma hələ də arxasında gizlətdiyi Arifin əlindən bərk-bərk tutmuşdu ki, əlini ondan qoparıb içəri sürüşməsin. Hərbçilər qapıya yaxınlaşdıqca qapı ağzına toplaşanlar əl çalmağa başladılar. Bütün məhəbbətlərini gözlərinə yığıb hərbçiləri böyük bir ruh yüksəkliyi ilə qarşılayan bu insanlar əllərinin ağrımasına fikir vermədən hərbçilərin addım ritminə uyğyn əl çalırdılar.
Hərbçilər onlar üçün düzələn tuneldən keçməyə başlayan zaman irəlidə gedən taqım komandirinin peşəkarcasına sağa-sola qaynayan donuq gözlərinə birdən elə bil, işıq doldu. Gözləri sol tərəfə dirənib qaldı. Qapının dörd-beş addımlığında taqım komandiri qəflətən yerində saymağa başladı və bir an sonra komandirin bağırtısından yer titrədi. Bu bağırtı ətrafdakı çəpən səslərini qartal qıyı kimi batırdı:
- Diqqət... sola!!! Taqım dur!!!
Zəhmli, qaşqabaqlı hərbçilərin iyirmisinin də ayağı bir nəfər kimi yerə pərçimlənmədimi, pərçimləndi. Yenə haman tükürpədən bağırtı bu dəfə ətrafa hakim kəsilmiş sükutun bağrını yardı:
- Sola dön!!!
Hərbçilər bir nəfər kimi sola döndü. Qəflətən hamısının eyinləri açıldı, gözləri güldü. Hamısı öz köhnə komandirlərini görmüşdü.
Taqım hələ də farağaq halında idi. Yenə taqım komandiri Mübarizin qartal səsi ucaldı:
- Komandiri salamla!!!
Hərbçilərin hamısı bir adam kimi hərbi salama durdu. Gənc aktivist qarşısında duran hərbçilərin ona tərəf dönüb hərbi salamda farağat dayanmasını başa düşə bilmirdi. O, əməlli-başlı çaşıb qalmışdı. Kürəyindən tumanınacan tər axdığını hiss elədi.
Hərbçilərin farağat şəklində durduqları hərbi salamın nə qədər sürəcəyini bir nəfərdən başqa heç kim bilmədi. Bütün ətraf çaşqın halda susub qalmışdı. Birdən gənc aktivist hiss elədi ki, arxasında gizlətməyə çalışdığı o çəlimsiz kişi əlini onun əlindən sıyırıb azad elədi. Sonra Arif əlini ovuşdura-ovuşdura gənc aktivistin arxasından çıxıb ona hərbi salama durmuş hərbçilərin qabağına keçdi. Bir anlıq Arif də farağat vəziyyətini aldı. Qarşısında illər boyu çörək kəsdiyi, ölümə gedib salamat geri döndüyü, yaralısını çiynində, xəstəsini qucağında daşıdığı döyüş yoldaşları donuq şəkildə mil durub onun - sevimli komandirlərinin əmrini gözləyirdilər. Ancaq onun əmri bu adamları farağat vəziyyətindən çıxara bilərdi. Arif onların hamısını bir-bir, ciddi baxışla süzəndən sonra yavaş, amma sərt səslə "Azad!" - dedi.
Hərbçilərin sevinci yerə-göyə sığmırdı. Onlar bir anın içində komandirlərini əhatə etdilər, kimi Arifi qucaqlayır, kimi öpür, kimi də əlini onun kürəyinə, qoluna toxundururdu. Deyə-deyə, gülə-gülə, qucaqlaya-qucaqlaya onlar Arifi az qala əlləri üstə alıb giriş qapısına tərəf apardılar.
Bir neçə an qapı ağzına toplaşmış adamlar hərbçilərin arxasınca dinməz-söyləməz durub baxdıqca baxdılar. Sonra yenə də konsert binasına yürüş başladı.
Gənc aktivist taqətsiz bir halda bu insan selinin qarşısından çəkildi. Bir müddətdən sonra o, tamamilə tək qaldı. Kənara çəkilib bir pilləkənin üstünə oturdu. Qalstukunu boşaldıb köynəyinin yaxasını açdı. Özü də bilmədi ki, qəhər onu niyə belə boğur.
Noyabr, 2021
“Ədəbiyyat qəzeti”