İsrail düşməni yəhudi yazıçı

İsrail düşməni yəhudi yazıçı
28 fevral 2013
# 08:00

Hanna Arendt. “Şərin banallığı”

“Az qala komediya kimi başlayan tamaşa nə qədər böyük qanla bitərsə, bu, insan qüruru üçün bir o qədər böyük təhqirdir. Eynilə Fransada Dreyfusun işi kimi. Komikdir və ona görə də daha çox utanc vericidir ki, Hitleri məhv etmək üçün Dünya müharibəsinə ehtiyac yarandı”

(Hanna Arendt. “İmperializm haqqında”)

1940-cı ilin 26 sentyabrı. Fransa ilə İspaniyanın sərhədində keçid məntəqəsi. Buraya çoxlu sayda yəhudi qaçqın toplaşıb. Onların əksəriyyəti əvvəllər Hitler Almaniyasından Fransaya qaçıb, indi isə Parisin çöküşündən sonra İspaniyaya keçməyə çalışır.

Həmin gün gözlənilmədən ispan sərhədçilər keçidi bağlayır və qaçqınlar geriyə, birbaşa gestaponun pəncəsinə qayıtmalıdırlar. Onlardan biri - məşhur filosof, yazıçı və antifaşist Valter Benyamin gecə qaldığı mehmanxanada intihar edir. Bu hadisə sərhədçiləri elə bərk heyrətləndirir ki, onlar maneələri açaraq hamının vizasız İspaniyaya keçməsinə icazə verirlər. Bir neçə gündən sonra isə keçid qadağası ümumiyyətlə ləğv olunur. Benyamin intiharı ilə minlərlə adamı xilas edir.

Sərhədi keçərək əvvəl İspaniyaya, oradan isə Portuqaliyaya və son marşrut nöqtəsi kimi ABŞ-a yollananlardan biri də Benyaminin dostu, tanınmış filosof, tarixçi və totalitarizm nəzəriyyəsinin yaradıcısı Hanna Arendt olur.

İllər sonra özünün “Qaranlıq dövrlərdə adamlar” kitabında Arendt dostu Benyaminə - bu “ən qəribə marksist”ə ayrıca məqalə həsr edir. “Bircə gün əvvəl Benyamin sərhədi heç bir maneə olmadan keçərdi, bircə gün sonra Marseldən çıxsaydı sərhədin müvəqqəti bağlandığını bilərdi. Faciə yalnız həmin yeganə gün baş verməliydi” - Arendt yazır.

Onun digər fikri ilə də razılaşmamaq çətindir: “Çox vaxt dövr öz damğasını o şəxslərə vurur ki, onlar dövrün təsirlərinə ən az məruz qalıblar, hadisələrdən daha uzaqda durublar və elə buna görə də çəkdikləri yük başqalarınkından çox olur. Prust, Kafka, Karl Kraus kimi. Və Benyamin kimi...”

***

“Onun günahı itaətkarlığı ilə bağlıydı, itaətkarlıq isə həmişə yaxşı məziyyət sayılırdı. “Mən heç də təsvir olunduğum kimi yırtıcı deyiləm, - Eyxman deyirdi, - mən yalanın qurbanıyam...”

(Hanna Arendt. “Şərin banallığı”)

1906-cı ildə Hannoverdə dünyaya göz açıb 1975-ci ildə Nyu-Yorkda vəfat edən Hanna Arendtdən bizlərə bir çoxu masaüstü kitab sayıla

biləcək xeyli əsər qalıb. “İnqilab haqqında”, “Totalitarizmin qaynaqları”, “Mədəniyyətdə böhran”, “İnsan situasiyası”, “Kütlə və totalitarizm”,

“Məsuliyyət və mühakimə” və başqaları. Söhbət açacağımız kitab isə onun 1961-62-ci illərdə yazdığı “Şərin banallığı. Eyxman Qüdsdə”

kitabıdır.

Bu kitabı II Dünya müharibəsində də, ondan sonra da şərin radikallığına inanan Arendtin fikirlərində dönüş nöqtəsi də saymaq olar. Eyxmanın məhkəməsini yaxından izləyən alimin verdikti yeni və ilk baxışda təəccüblüdür: Şəri heç də “başqa mayadan yoğrulan” tək-tək fərdlər törətmir (yəni, şər radikal deyil), cəlladlar və canilər adətən adidən adi adamlardır (şər banaldır).


1880-cı ildə “Narodnaya Volya”nın əfsanəvi personajı Aleksey Mixaylov “Danışmamaq üçün ağızlarımızı qapayanlar - əllərimizi açırlar” söyləmişdi. Ondan 70 il sonra isə Hanna Arendt yazacaqdı: “Tiraniya şəraitində hərəkət etmək düşünməkdən asandır”.

Bu sözlərin müəllifi olan qadın özünü intellektual saymaq istəyən hər kəs üçün oxumağa böyük irs qoyub. O, totalitarizmin məşhur tədqiqatçısı idi və elə ona da “Totalitarizm heç də insanlar üzərində despotik ağalığa can atmır. O, elə bir sistemin qurulmasına çalışır ki, orada ümumiyyətlə insanlar lazım deyil” - fikri məxsusdur.

...“Lion cəlladı” Adolf Eyxmanı 1960-cı ildə İsrail Argentinadan oğurlayıb mühakimə və 2 il sonra edam edir. O, yəhudilərin kütləvi məhvinə görə bilavasitə məsuliyyət daşıyan nasist funksioneri, gestaponun “yəhudi məsələsinin tam və birdəfəlik həllinə” cavabdeh olan şöbəsinin rəisi idi. Müharibədən sonra tutulur, sonra qaçır, 5 il Almaniyada gizlənir, nəhayət katolik kilsəsinin yardımı ilə Argentinaya yollana bilir.

“Mossad” tərəfindən izlənib tapılan və İsrailə gizli yolla gətirilən Eyxmanın məhkəməsi 1961-ci ildə başlayır. Həmin vaxt 55 yaşlı Arendt prosesi işıqlandırmaq üçün “Nyu Yorker” jurnalının xəttilə Qüdsə yollanır. Onun məhkəmədən reportajları əvvəlcə qəzet məqalələri kimi dərc olunur, sonra isə kitab şəklinə salınır.

***

“O, bütün əməllərini qanuna tabe olan vətəndaşın əməlləri sayırdı. Polis istintaqında da, məhkəmədə də o, daima öz borcunu yerinə yetirdiyini, əmrlərə və qanuna tabe olduğunu təkrarlayırdı”

(Hanna Arendt. “Şərin banallığı”)

“Şərin banallığı” kitabının əsas sualı heç də hüquqi sual deyil: “Nə qədər vaxt tələb olunur ki, adi adamın cinayətlərə olan anadangəlmə

nifrəti yox olsun və bu vaxt onun daxilində hansı proseslər gedir?”

Arendt göstərir - nasistlər heç də anadangəlmə cəllad deyildilər, Hitler hakimiyyətə gəlməsəydi, Himmler öz quşçuluğu ilə məşğul olar,

Heydrix fortepianosunu çalardı. Sıravi nasistlərdən isə heç danışmağa dəyməz - onlar normaldan normal adamdılar. Ancaq sonra...

Qüdsdə məhkəmə zamanı Eyxmana Fransadakı vəhşiliklərin, kütləvi edamların fotoxronikasını göstərəndə, sakit intellektuala oxşayan (hətta vəkili Robert Servatsius onu “poçtalyon qəlbli insan” adlandırmışdı) Eyxman özünü pis edir, gah bayılma dərəcəsinə çatır, gah təzyiqi qalxır. O, kütləvi edam səhnələrinə (özünün əmri ilə icra olunan ekzekusiyalara) baxa bilmir. Eyxman böyük qızğınlıqla istintaqa - “Ömrüm boyu Kantın əxlaq haqda baxışlarına əməl etmişəm” - deyir.

Onun öz cinayətlərinə şərik kimi böyük filosofun əxlaq fəlsəfəsinə müraciət etməsi absurdun şedevridir. Elə bunu nəzərə alaraq məhkəmə

prosesində hakim Eyxmandan hansı haqla özünü Kantın tələbəsi saydığını soruşur. Və hamının təəccübünə səbəb olan cavab eşidir: “Mənim iradəmin əxlaq normaları ümumi qanunların əxlaq normalarına uyğun gəlməlidir”.

Dayanın, bu ki, Kantın kateqorik imperativinin kifayət qədər dəqiq təyinidir! Kant yazırdı: “Başqaları ilə elə davran ki, bu davranışın ümumi qanuna çevrilməsini arzulayasan”. Və təbii ki, bu, oğrulara, cəlladlara şamil olunmur - onlar heç də özlərini soymağa və öldürməyə icazə verən hüquqi sistemdə yaşamağı arzulamazlar.

3-cü Reyxin “kateqorik imperativ qanunu” isə tamam fərqli idi və onu ömrünü Nürnberqdə, kəndirdə bitirmiş cani, Polşanın general-qubernatoru Hans Frank lakonik formada bu cür ifadə etmişdi: “Elə davran ki, fürer sənin əməllərindən xəbər tutsa tərifləyə bilsin”.

“Eyxmanın problemi ondadır ki, onun kimiləri çox idilər və əksəriyyəti nə cəlladdı, nə sadist - onlar dəhşətli dərəcədə normal adamlardı” - Arendt yazır.

Elə Eyxman da hər vəcdlə yəhudilərə heç bir nifrətinin olmadığını vurğulayır, bu fikri bioqrafiyasından faktlarla möhkəmlədir. Məsələn, onun ögey anasının qardaşı yəhudi sənayeçisinin qızı ilə ailə qurub, elə onların köməyilə də Eyxman nasistlər hakimiyyətə gəlməzdən əvvəl işlə təmin olunub, hətta karyerasında da yüksəlib. Yaxud, müharibənin ən qızğın vaxtlarında belə o, analığının yəhudi qohumlarını həbsdən qurtarıb, İsveçə mühacirət etmələrinə yardım göstərib. Bir sözlə, qarşımızda antisemitizmdən çox uzaq görünən, yəhudi probleminə biganə olan birisi dayanıb və elə bu biganə şəxs də xolokostun icrasına nəzarəti yerinə yetirib. Paradoks, bir sözlə...

Və Arendt öz nəticəsini açıqlayır: “Eyxman da, əksər nasist caniləri də sadəcə Sistemə can-başla qulluq etmək, öz sədaqətlərini təsdiqləmək üçün cəllad olmuşdular”.

Nasist dəftərxanalarının dilində həbs düşərgələri “administrativ”, ölüm düşərgələri isə “iqtisadi” adlandırılırdı. Hər Sistemin öz terminologiyası olur. Və bu terminlər hər saat, hər gün təkrarlanmaqla məsələnin əsas məğzini unutdurur. Ölüm düşərgəsi doğrudan da “iqtisadi düşərgə” kimi qavranılır.

Və “qətl” dönüb olur “deportasiya”, “məcburi köçürmə”, “filtrasiya”.

Nasizmin pəncəsindən möcüzə hesabına xilas olmuş filosof-kommunist Viktor Klemperer o illərin filoloji analizi ilə göstərmişdi - “özü özünü yaradan və sənin yerinə düşünən dil” necə yaranır, necə olur ki, basmaqəliblər insanlar üzərində hakimiyyət əldə edirlər.

Eyxmanın yerinə də bu sözlər, onların “məqsədəuyğun”luğu fikirləşir. Və Eyxman səmimi şəkildə inanır ki, ən böyük “ləyaqət” - dövlət (Sistem) qarşısında borcunu ödəməkdir. O, mükəmməl ifaçı olmağı ilə fəxr edir və bu fəxarət hissi onu hətta istintaqda da, məhkəmədə də tərk etmir.

Nəticədə vicdan özünün tam tərsi olan kateqoriya ilə - vicdansızlıqla eyniləşdirilir. Arendt yazır: “Onlar “Mən necə dəhşətli işlər görürəm!” əvəzinə “Mən öz borcumu yerinə yetirmək üçün necə dəhşətli işləri müşahidə etməyə məcburam! Mənim işim necə ağırdır!” deyirlər. Elə bu da “nasist vicdanı” adlanır.

***

“Yəhudilər üçün yəhudi liderlərinin öz xalqının məhvindəki rolu bu qaranlıq tarixin ən qaranlıq səhifəsi oldu”

(Hanna Arendt. “Şərin banallığı”)

Hanna Arendti sionistlər xoşlamırlar, İsraildə o, arzuolunmaz müəllifdir. Bunun da səbəbi aydındır - Arendt “Şərin banallığı”nda təkcə cəlladların yox, həm də qurbanlıqların, “hər səhər könüllü şəkildə öz dəfninə yollanan xalq”ın psixologiyasını açır, yəhudi liderlərinin nasistlərlə çoxsaylı əməkdaşlıq faktlarını sadalayır və bir hökm kimi yazır: “Əgər yəhudi xalqı həqiqətən də təşkilatsız olsaydı və onun liderləri olmasaydı... itkilər də bu qədər nəhəng olmazdı”.

İlk baxışda paradoksal görünən bu nəticə sağlam mühakiməyə söykənir. Arendt xatırladır ki, Berlini yəhudilərdən nasistlər istisnasız olaraq yəhudi polisi vasitəsilə təmizləyiblər. Yaxud, ölüm düşərgələrində bütün mənfur işləri (əsirlərin və əşyaların çeşidlənməsindən başlamış cəsədlərin yandırılmasına qədər) yəhudilər icra edirdilər. Berlinin baş ravvini Leo Beki yəhudilər də, almanlar da “yəhudilərin füreri” adlandırırdı. Nasizmə xidmət edən yəhudi polislər alman polislərdən daha qəddar idi, çünki, yumşaqlıq özlərini ölüm düşərgəsinə göndərə bilərdi. Yaxud Eyxman 1944-cü ildə Macarıstan yəhudilərini məhv etmək üçün Budapeştə gəldiyində bu xalqın müqavimət göstərəcəyini gözlədiyini xatırlayır, ancaq heç bir dirənişlə rastlaşmır. Əksinə, yəhudi icmasının lideri doktor Kastnerlə çox rəvan işgüzar münasibətlər yaranır (Kastneri 1957-ci ildə Təl-Əvivdə vaxtilə nasist düşərgəsində məhbus olmuş 2 yəhudi qətlə yetirir).

Və məxsus olduğu xalqın liderlərinin nasistlərlə sıx əməkdaşlığından, adi yəhudilərin isə müqavimətsiz qaz kameralarına yollanmasından geniş bəhs edəndən sonra Arend yazır: “Əgər doktor Servatsius (Eyxmanın vəkili - Red.) bu ifadələrdən yararlansaydı, ittiham tərəfi razılaşmalı olacaqdı ki, müqavimət qrupları olduqca azsaylıydı, nasistlərə heç bir hiss olunan xətər yetirə bilməmişdi, üstəlik yəhudi əhalisinin əsas hissəsini təmsil etmirdi”.

***

Arendtin kitabları aktualdır. Xırda burjuanın, obıvatelin əxlaqı heç yerə yox olmayıb. O, hər yerdədir. Yeni eyxmanlar da öz şəraitini gözləyir.

# 4404 dəfə oxunub

Müəllifin son yazıları

# # #