Məni kitab sərgisindən niyə qovdular?

Mehdi Dostəlizadə, yazar

Mehdi Dostəlizadə, yazar

23 dekabr 2021
# 10:23

Kulis.az Mehdi Dostəlizadənin “Piştaxta” yazısını təqdim edir.

Ey könül, məscid yolun tərk et, rəhi-meyxanə tut,

Tutma əldə zahidin təsbihini, peymanə tut.

Seyid Əzim Şirvani

Ürəyim elə möhkəm döyünür ki, sinəmi cırıb onu ordan çıxarmaq istəyirəm. Kitab sərgisində olduğum bir neçə saat ərzində hər şey yaxşı idi. Mədəniyyət zəvvarları kitab piştaxtalarının ətrafında təvaf edir, mən də gördüyüm mənzərədən şükranlıq duyub səbəbkarların əmvatına salavat göndərirdim. Hərdənbir bu müqəddəs ayinə qoşulsam da, əsasən bir küncdə qərar tutmuşdum.

Bu mərasimin özünəməxsus zikrləri, ibadətləri vardı. “Müjdə, ey dil, yenə də gəldi bahar əyyamı” misrası dillərdə təkbirə dönmüşdü. Məbədin kahinləri, övliyalar bir-birilərini gördükdə məhz həmin şüarı səsləndirirdilər. Qucaqlaşan kim, kitab hədiyyə verən kim, ağlayan kim, gülən kim. Əsl qohum-əqrəba məclisi idi. Ordakı adamların hərəsi ayrı yerdən gəlsələr də, elə bil axırda hamısı eyni yerə gedəcəkdilər.

Yığıncağın şirin yerində əcaib görkəmli bir adam içəri daxil oldu. Üst-başı cır-cındırdan ibarət olan bu adamın başında çələng var idi. Təngnəfəs olduğuna görə, ağzını açıb nəfəs alırdı, əyilib əllərini dizlərinə qoymuşdu. Ondan aralıda olsam da, ağzından gələn üfunət iyini yanındakı adamların sir-sifətindən hiss edirdim. Birdən başındakı tikanlı çələngi çıxarıb yerə çırpdı, piştaxtalara tərəf qaçmağa başladı. Kitabsatanların yaxalarından tutub onları silkələyir, üstlərinə qışqırırdı:

– Siz kimsiniz ki, mənim evimi bazara döndərmisiniz?

Peyğəmbərlərin öz kitablarını, müridlərin öz mürşidlərini tərk edib qaçdığı bu həngamədən mən də qaçmalı oldum. Bir qədər əvvəl hamının dilində təkbirə dönən misra özünü başqa beytlə əvəzləmiş, mərsiyəyə çevrilmişdi.

“Xəbər aldım neçə kəsdən ki, nə həngamədi bu,

Dedilər bir nəzər et, gördüm ol güləndamı.”

Mən nə baş verdiyini anlamağa macal tapmamış hamı istiqamətini dəyişib mənim dalımca qaçmağa başladı. Bulvardan “Tarqovu”ya qədər qovalandım. Arxamca düşənlər gah başıma kitab tullayır, gah lənət oxuyurdular. Kukla teatrının önündəki keçiddən keçən kimi izdihamın içinə daxil oldum. Burdakı camaatın içində gözdən itdim, üstümə hücum çəkənlər isə dayanmadılar, onlar da mənimlə birlikdə qələbəliyə girdilər. Gözləri məni axtarırdı, tutsalar yəqin ki, nə hala salacaqdılar. Əllərim, ayaqlarım əsirdi, məndən nə istədiklərini başa düşməyə çalışırdım. O adam kim idi? Niyə camaatın üstünə cumdu? Bəs onlar məndən nə istəyir? Bu suallara cavab axtarırdım.

İzdihamın içindən sıyrılıb “Soyuq əllər, isti ürəklər” adlı yerə daxil oldum. İçəri girən kimi yaşılgöz, ağappaq, huriyə oxşayan bir qız məni qarşıladı:

– Meyxanənizə xoş gəlmisiniz, ağa.

– Ağa? O kimdir? – sağa-sola baxdım.

– Ağamız zarafatı çox xoşlayır – gənc bir oğlan o biri tərəfdən səsləndi.

Nə dediklərini zərrə də başa düşmürdüm. Hələ cavab tapmalı olduğum xeyli suala bir neçəsi də əlavə olundu. Gözlərimi ovuşdurub içəri keçdim, burdakı adamların sayı Kitab Sərgisindəkilərin sayından azı on dəfə çox idi. Sayları çox olsa da, ağızlarından bir şüar, təkbir çıxmırdı, ancaq yeyib-içirdilər. Susuzluqdan ölürdüm, çox qaçmışdım. Bayaq gördüyüm cavan oğlandan bir stəkan su istədim. Heç iki dəqiqə keçməmişdi ki, əlində bir badə ilə qayıtdı. Təşəkkür edib badəni aldım, başıma çəkdim.

– Nə vaxt istəsəniz, qulluğunuzdayam, ağam.

Ağa sözü əsəblərimə toxunsa da – deyəsən içdiyim şey adi su deyildi – kefim düzəlirdi. Gəzə-gəzə camaatın söhbətlərinə qulaq asır, danışıqlarının tör-töküntüsündən suallarıma cavab axtarırdım. İşıq dirəklərindən birinin yanında, masa arxasında ağbaş bir kişi oturmuşdu. Məni görən kimi başı ilə təzim etdi. Bu hörmətdən məmnun oldum, bəlkə bir az da tətmin olmaq üçün yanındakı masaya stul çəkib əyləşdim. Az sonra yanına üç adam da gəldi, söhbətləşməyə başladılar. Saqini çağırıb badəni doldurmasını xahiş etdim. İkinci qədəhi başıma çəkəndən sonra qulaqlarımı o biri masadakı söhbətə şəklədim.

– Onu tanıyırsınız? – ağbaş kişi soruşdu.

– Yox, tanımırıq. – üçü də birdən cavab verdi.

– Meyxanənin ağasıdır. Bulvardakı meyxanədən qovulandan sonra, hamımızı bura köçürdü. Özü isə neçə vaxtdır gözdən itmişdi, indi yenidən qayıdıb.

– Bulvardan niyə qovulub ki? – üçü də birdən soruşdu.

– Kahinlərə görə. Onlar Ağanı eyş-işrət düşkünü adlandırıb qovdular. Həmin yeri ibadətxanaya çeviriblər, ayinlər, kitab sərgiləri keçirirlər.

Bilmirəm, içkinin təsirindən idi, yoxsa həmişə belə cəsarətliyəm, yan masadakı cəfəngiyyata burun soxmalı oldum.

– Sən nə danışırsan? Nə Ağa? Nə meyxanə? Kimi qovublar? Eyş-işrət nədir? Niyə yalan söz deyirsən?

Hamı əlindəki badəni yerə qoyub mənə zilləndi. Camaatın içindən bir nəfər qışqırdı:

– O Ağa deyil! O xaindir! Onun cibində kitab var!

Kitab sözünü eşidən kimi camaat qıc oldu, qəribə hərəkətlər etdilər. Birinci saqi mənə yaxınlaşdı, əlini cibimə saldı, doğrudan da cibimdə kitab olduğunu gördü. Gözlərinə inana bilmirdi. Saqi mənə güvənmişdi, etibar etmişdi. Məni saqidən çox qapıda qarşıma çıxan yaşılgöz, ağappaq qızın halı narahat edirdi.

Sualın üstünə sual, kədərin üstünə kədər gəlirdi. Bir də içməyəcəyimə ordaca and içdim. Kitabı cibimdən çıxarıb camaata göstərdi. Onlar birinci öz paltarlarını, sonra mənim üst-başımı cırmağa başladılar. Ağbaş kişi işıq dirəyinin üstündən asılmış tikanlı çələngi başıma keçirdi. O ki var döyülürdüm.

Nəhayət özümdə güc tapıb ayağa durdum, qaçmağa başladım. Qaça-qaça düşüncəmdə özümü xilas etmək üçün plan cızırdım. Tapmışdım. Onları Ağa olduğuma inandırmalı idim. Bulvara qaçdım, ibadətxanaya. Meyxanə camaatı məni yarı yolda tərk etdi. Mən isə xilasımı tamamlamaq üçün içəri girdim. Nəfəsimi dərəndən sonra başımdakı çələngi yerə atıb, kitabsatanların üstünə cumdum:

– Siz kimsiniz ki, mənim evimi bazara döndərmisiniz?

# 3343 dəfə oxunub

Müəllifin son yazıları

# # #