4 yaşlı Ceyran: “Tanrı bütün uşaqlara bulkular versin” – Müsahibə

Ceyran, şair Oğuz Ayvazın qızı

Ceyran, şair Oğuz Ayvazın qızı

10 iyun 2022
# 09:00

Kulis.az “Uşaq sözü” layihəsindən şair Oğuz Ayvaz və yazar Dəniz Pənahovanın 4 yaşlı qızları Ceyranla müsahibəni təqdim edir.

- Ceyran, ən yaxın dostun kimdir?

- Məryəm. O məndən küsdü, getdi. Parkda oynayırdıq. Ondan sonra parkda tək oynadım.

- Niyə küsdü?

- Mənə cavab vermədi. Dedim niyə küsdün məndən? Dedi özümə dost tapmışam. Ona görə mən də özümə dost tapacam, məndən küsməyəcək.

- Bu gün nəyə şükür etmisən?

- Anam don alıb.

- Kitab yazsan adını nə qoyardın?

- Piko. Mənim Piko adında pişiyim var idi. Atam onu azdırmışdı.

- Ən çox hansı rəngi sevirsən?

- Ağı, qırmızını, sarını, yaşılı, çəhrayını. Ən çox çəhrayını.

- Tanrı nədir?

- Göydə yaşayır. Evi yoxdur.

- Ondan nə istəyərdin?

- Sehrli olum, qanadlarım olsun.

- Qanadların olsa hara uçarsan?

- Pikonun yanına uçaram. Gedib ona çəhrayı köynək geyindirəcəm. Sonra onu evə gətirəcəm.

- Dünyada nəyisə dəyişmək istəyərdin?

- Köynəyimi.

- Ən çox nədən qorxursan?

- Evimizdə divarda bir şəkil var, onu görəndə qorxuram. Amma uşaq şəkillərindən qorxmuram. Bir də qara paltarlı qadınlardan qorxuram.

- Bağçaya gedirsən?

- Bağçaya gedəndə bir uşaq şəpitimi geyinmişdi. Mən də müəllimələrə dedim ki, şəpitimi geyiniblər. Sonra küsdüm uşaqlardan. Müəllimlər də deyirdi ki, sakit olun. Bağçaya getmək istəmirəm.

- Məktəbə gedəndə nə edəcəksən?

- Orda hərfləri öyrənəcəm. Şiri, zürafəni, Pikonu yazacam.

- Böyüyəndə nə olmaq istəyirsən?

- Şair.

- Niyə şair olmaq istəyirsən?

- Piko üçün darıxıram. Yağış yağanda onun üçün darıxdım.

- Ən çox nəyə gülürsən?

- Kimsə məni qıdıqlayanda gülürəm. Ən çox bibim qıdıqlayanda gülürəm.

- Uşaqlara nə hədiyyə verərdin?

- Kukla. Məryəmə verməyəcəm amma. Diləyə (Ayxan Ayvazın qızı nəzərdə tutulur – red.) böyük tort verəcəm. Özümə də hədiyyə alacam.

- Özünə nə alacaqsan?

- Özümə də kukla.

- Nə vaxt xoşbəxt olursan?

- Mehdi bizə gələndə (məni nəzərdə tutur – M.D).

- Ən çox sevdiyin nağıl hansıdır?

- Tülkünün nağılı, Fifinin nağılı, Canavarın nağılı.

- Hansı heyvan olmaq istəyirsən?

- Heyvan.

- Hansı fəsli sevirsən?

- Qışı sevirəm. Qar yağsın istəyirəm, qartopu oynamaq istəyirəm. Amma qar yağmır.

- Hansı cizgi filmlərə baxırsan?

- Nastyaya baxıram.

- Bəs telefonda oyun oynayırsan?

- Yox. Qorxuram gözüm kor olar.

- Bütün uşaqlara nə demək istəyirsən?

- Tanrı bütün uşaqlara bulkular versin.

- Çox sağ ol, Ceyran. Əla müsahibə oldu.

- Gördün, ürəyimdən çıxan sözləri?

Foto: İlkin Nəbiyev

# 4838 dəfə oxunub

Müəllifin son yazıları

# # #