AzTV-nin əfsanəvi idman şərhçisi Kulisə danışır

AzTV-nin əfsanəvi idman şərhçisi Kulisə danışır
2 oktyabr 2012
# 04:00

LAYİHƏ: EKRAN ÜZÜ

Tanınmış futbol şərhçisi Fikrət Adıgözəlli ilə müsahibə təyin etdiyimiz vaxtda alınmadı. Sonuncu dəfə 17 il bundan əvvəl müsahibə verdiyini söyləyən şərhçi fikirlərinin təhrif olunduğunu əsas gətirərək danışmaq istəmirdi. Xeyli inaddan sonra onu danışmağa razı sala bildik.


- İdman jurnalistikasına gəlişiniz barədə danışardınız…

- 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul oldum və 1983-cü ildə fərqlənmə ilə bitirdim. Hələ tələbə olduğum vaxt “Araz” radiosunda verilişlər hazırlayırdım. İdmanda sahəsində işləyəcəyimi ağlıma gəlmirdi. Televiziyada da məni tanıyırdılar. Universiteti bitirəndən sonra, 29 avqust 1983-cü ildə Teleradio Verilişləri Komitəsinin sədri Elşad Quliyevin əmri ilə işə götürüldüm. Televiziyada ştat üzrə boş yer idman redaksiyasında olduğu üçün orada kiçik redaktor kimi işə başladım. Düşünürdüm ki, idman redaksiyasında müvəqqəti işləyəcəyəm və gələcəkdə başqa redaksiyada boş yer olan kimi yerimi dəyişəcəyəm. Ancaq elə alındı ki, idman redaksiyasında qaldım və şöbə müdiri vəzifəsinə qədər yüksəldim. Sonradan başqa redaksiyalarda boş ştat olanda yerimi dəyişmək haqqında düşündüm. Ancaq hamı məni idman jurnalisti kimi tanıyırdı. İdman jurnalisti kimi çalışıb, tanınasan və tutaq ki, siyasətlə, ictimai mövzularla bağlı verilişlər aparasan. Fikirləşdim ki, bu tamaşaçılar, dinləyicilər tərəfindən yaxşı qəbul olunmaz. Buna görə də idman redaksiyasında qaldım. İşimdən razı idim və indiyə kimi də idman jurnalisti kimi çalışıram.

- İlk dəfə şərh etdiyiniz oyun hansı olub?

- O gün heç vaxt yadımdan çıxmaz. 1987-ci il mayın 18-i idi. SSRİ çempionatında “Neftçi” Gürcüstanın Kutaisi şəhərində yerli “Torpedo” ilə qarşılaşacaqdı. Bizim qocaman şərhçimiz Çingiz İsmayılov “Neftçi” futbol klubunun rəhbəri təyin olunmuşdu. Televiziyada “Neftçi”nin oyunlarını mərhum Valid Sənani şərh edirdi. O vaxt video siqnal bizə Tbilisidən ötürülürdü. Valid müəllim Kutaisidə idi. Əvvəlcədən deyilmişdi ki, canlı yayım vaxtı müəyyən problemlər yarana bilər. Oyun başlayan ərəfədə redaksiyada oturub informasiya bülleteni hazırlayırdım. Oyunun 3-cü dəqiqəsində səs kəsildi. Aləm bir-birinə dəydi. Sədrin köməkçisi qaça-qaça gəldi ki, reportajda səs kəsilib, tez bir nəfər bizi vəziyyətdən çıxartmalıdır.

Redaksiyada ancaq mən idim. Studiyaya keçdim və oyunu şərh etməyə başladım. Komandaların heyətləri belə əlimdə yox idi. Oyunu təxminən, 20 dəqiqəyə yaxın şərh etdim. Səs bərpa olunduqdan sonra işarə etdilər ki, saxla. Həmin reportaja görə Elşad müəllim təşəkkürünü bildirdi və növbəti turun oyunu ilə maraqlandı. Növbəti turun oyunu isə bir həftə sonra İrəvanda “Ararat”la olacaqdı. Göstəriş verdi ki, İrəvandan reportajı Fikrət Adıgözəlli aparsın. Mayın 25-də “Ararat” və “Neftçi” komandaları arasındakı keçirilən oyunu canlı şərh etdim. Bu oyundan sonra mərhum yazıçımız İsmayıl Şıxlı rəhbərliyə öz təşəkkürünü bildirmişdi ki, nəhayət Azərbaycan dilində normal bir reportaj izləyə bildik. Bunu eşidəndə çox sevindim.

- 1996-cı ildəki Azərbaycan - İsveçrə matçında unudulmayacaq bir ifadə işlətdiniz: “Görəsən, bizim iztirablarımızın sonu olacaqmı?”

- İsveçrə ilə oyun unutmadığım oyunlardan biridir. Bu qələbə yığma komandamızın ilk rəsmi qələbəsidir. İsveçrə yığmasının heyətində Şapyuza, Murad Yakın, Kubilay Türkyılmaz kimi məşhur futbolçular oynayırdı. Belə futbolçuların oynadığı komandanı məğlub etmək asan məsələ deyildi. Hətta heç-heçə komandamız üçün qələbəyə bərabər hesab olunardı. Həmin oyunda stadiona Ulu Öndərimiz Heydər Əliyev gəldi. Oyunu 30-32 dəqiqə izlədi. Matçın 26-cı dəqiqəsində Vidadi Rzayev qol vurandan sonra heç nəyin fərqinə varmırdım. Oyunu necə şərh etməyimə belə fikir vermirdim. Özümü meydançada futbolçularla bir yerdə hiss edirdim. Hakim qapımıza ədalətsiz penalti verdi. Murad Yakın isə penaltini vura bilmədi. O an bu sözləri səsləndirdim ki, “Haqq-ədalət öz yerini tutdu. Bu 11 metrlik cərimə zərbəsi qolla nəticələnməməli idi”. “Görəsən bizim iztirablarımızın sonu olacaqmı?” ifadəsi də onunla bağlı idi ki, hamı komandamızın qalib gəlməsini arzu edirdi. İsveçrəli futbolçular isə vəziyyəti o həddə çatdırmışdılar ki, hamı hesabın bərabərləşəcəyini gözləyirdi. İsveçrə ilə matçdan sonra bərk həyəcan keçirmişdim. Bu faktı heç kim bilmir, ilk dəfə sizə deyirəm. 2 ay ürək ağrısından müalicə olundum. Həkim dedi ki, bərk həyəcan keçirmisiniz. Məsələ barədə həkimə heç nə demədim.

- 2001-ci ildə Azərbaycan – Moldova matçında isə yığmamızın oyununu unudulmayacaq şəkildə tənqid etmişdiniz...

- Futbolçularımız 20-25 dəqiqə ərzində 9 nəfərə qarşı oynayırdı. Siz deyən cümləni necə dediyimi xatırlaya bilmədim. Hətta qəzetlərdə də dediyim sitatı vermişdilər. Bir neçə yerdən zəng vurub, dedilər ki, bu ifadə ilə ürəyimizdən tikan çıxarmısınız. Özüm sonradan videoyazıya baxdım. 11 nəfərlə 9 nəfərin müqavimətini qıra bilməyən komandamızın növbəti hücumu idi. Yenə də qol vura bilməmişdilər və mən belə bir ifadə işlətmişdim: “Bu oyunda moldovalılar topu öz qapılarına vurmasalar, bizim komanda 90 yox, 590 dəqiqəyə də qol vura bilməyəcək”. Əlbəttə ki, bu təəssüf, məyusluq hissindən yaranan bir fikir idi. Bu ifadə oyunun bütün məzmununu əks etdirirdi. Reportaj şərhçini öz qoynuna alıb aparırsa, o zaman istər-istəməz bir ifadə deyirsən və sonradan bu ifadə dildən-dilə düşür...



- Türkiyənin “SHOW TV” televiziyasının “Ana haber” proqramında 2000-ci ilin oktyabrında qardaş Türkiyə yığması ilə matçdakı şərhləriniz barədə süjet hazırlanmışdı və süjetdən sonra proqramın aparıcısı Reha Muhtar sizin haqqınızda belə demişdi: “Ağzına sağlıq azeri kardeş”.

- Həmin oyunu idarə edən hakimin adı yadımda qalmayıb. Hakim bizim futbolçulara qarşı ədalətsiz mövqe tutmuşdu. Türkiyəlilər futbolçularımıza qarşı çox kobud oynayırdılar. Bir sarı vərəqə ilə bu kobudluqları dayandırmaq olardı. 70-ci dəqiqədən sonra hakim türk futbolçuya birinci sarı vərəqəni göstərəndə belə bir ifadə işlətdim ki, “Hakim şeytanın ayağını sındırıb, rəqib komandanın futbolçusuna sarı vərəqə göstərdi”. Bu oyunda dediyim ifadələri toplayıb siz deyən süjeti hazırlamışdılar. Baxdım, maraqlı idi.

- Futbol matçları ilə yanaşı digər idman yarışlarını apararkən də maraqlı fikirlər səsləndirirsiniz: “Fikir verin, Azərbaycan bayrağı ABŞ bayrağından hündürdədir” kimi...

- Gənc şərhçilərimiz təbii olaraq əvvəlki dövrü yaşamayıblar. Gözlərini açıb özlərini müstəqil respublikada görüblər. Sovet dövründə yaşadığım üçün deyə bilərəm ki, Azərbaycanın adını nadir hallarda çəkərdilər və idmançılarımızı nadir hallarda yığmaya dəvət edərdilər. Bunun üçün nə qədər maneələrdən keçmək lazım idi. İndi idmançılarımız olimpiya yarışları kimi mötəbər turnirlərə lisenziya qazanırlar. Amma o vaxt bu belə deyildi. İttifaq çempionatlarında qalib gəlməliydin. Bundan başqa da səbəblər vardı. Azərbaycanlılara münasibət fərqli idi. Gürcülər, ermənilər heyətə dəvət olunurdular, bizə isə üstünlük vermirdilər. O vaxt bizim ağlımıza gəlməzdi ki, Azərbaycan Respublikasının bayrağı ABŞ, Kanada, Avstraliya, İngiltərə, Almaniya kimi qüdrətli ölkələrin bayraqları ilə bir sırada dalğalana bilər. İndi baxanda böyük fəxr hissi keçirirəm ki, Azərbaycanın bayrağı yüksəklərdə dalğalanır. 2000-ci il Sidney Olimpiadasında güləşçimiz Namiq Abdullayev çempion olanda, siz fikir verdiniz, ABŞ-ın, Olimpiadanın vətəni Yunanıstanın bayrağı bizim bayraqdan aşağı idi. Mənə elə gəlir ki, bundan böyük iftixar hissi ola bilməz.

- Sizcə, şərhçilər oyunu necə aparmalıdır? İndiki şərhçilərin danışığı, qurduğu cümlələr, işlətdiyi sözlər çox vaxt qınağa tuş gəlir.

- Şərhçi obyektivliyi qorumaqla komandasına azarkeşlik etməlidir. Təbii ki, bizim komandamız qalib gəlirsə, güləşçimiz qızıl qazanırsa, azərbaycanlı kimi bu mənə böyük zövq verir, sevindirir və tamaşaçılarla birlikdə bu sevincə şərik oluram. Bunu göstərmək normal haldır. İkinci, ilk növbədə onu nəzərə almaq lazımdır ki, sən özün üçün reportaj aparmırsan, hökmən tamaşaçı ilə ünsiyyət qurmalısan. Bilməlisən ki, onun məsələyə münasibəti necə ola bilər. Tamaşaçılarla qiyabi polemikaya girməlisən. Bu əlaqəni yarada bilməsən reportajın əhəmiyyəti olmayacaq və səni dinləməyəcəklər. Artıq sözlərdən çəkinmək lazımdı. Güləş yarışlarında, voleybol turnirlərində və digər idman yarışlarında ümumi təsvirdən başqa konkret bir neçə məqam var ki, onları da bilməlisən.

İndi idman efirində danışıq dilinə uyğun olmayan ifadələr çoxdur. Şərhçinin qəzet cümləsi ilə danışması tamaşaçıda ikrah hissi oyadır. Gənc şərhçilərə məsləhət görürəm ki, normal danışıq dilində tamaşaçılarla ünsiyyət qursunlar. Danışıq dilini bilmək üçün bizim dastanları, heç olmasa nağılları oxusunlar. Nağıl deyən kimi hamısı təəccüblə soruşur ki, nağılların idmanla nə əlaqəsi? Çox böyük, birbaşa əlaqəsi var. Bir də görürsən ki, şərhçi futbolçunun kiçik zədəsini böyük problem kimi təqdim edir. Ancaq “böyük problemi olan” idmançı 5 dəqiqədən sonra elə qaçır ki, ona çata bilmirlər. Şişirtməyə ehtiyac yoxdur. İdman efirində möhtəşəm sözü sementlənib. Möhtəşəm qol, möhtəşəm qurtarış ifadələri yerində işlənmir axı... Möhtəşəm abidə , möhtəşəm bina ola bilər. Möhtəşəm qol nə deməkdi?

- İdman jurnalistlərindən daha çox kimlərdən öyrənmisiniz?

- Tanınmış şərhçilərimizdən, kollektivimizin bütün üzvlərindən çalışdığım qədər öyrənmişəm. Bizim televiziyada gözəl ənənə var idi. Hər reportajdan sonra istər idman jurnalistləri, istərsə də digər redaksiyaların əməkdaşları nöqsan vardısa, dərhal deyirdilər. Kiçik qeydlər üst-üstə yığılanda deyərdim təhqiqat işi yaranırdı. Heç vaxt yadımdan çıxmaz. Valid müəllim reportajdan sonra mənə dedi ki, deyirsən ki, “oyunun qurtarmasına 5 dəqiqə vaxt qalır”. Vaxt sözünü cümlədən çıxartmağımı istədi. “Oyunun qurtarmasına 5 dəqiqə qalır” daha asan və danışıq dilinə uyğundur. Qocaman jurnalistlərimiz Qərib Əhmədli, Sabutay Quliyev, Çingiz İsmayılov, Aydın Əliyev, Ceyhun Şərifov gənclərə daima qayğı göstərirdilər.

- Şərh etdiyiniz oyunlarda kobud səhvlər buraxmısınız?

- Səhvlərdən kim sığortalanıb ki?! Əsas səhvlər televiziyadan reportaj aparan zaman olur. İspaniya, İngiltərə çempionatlarını video siqnalla alırıq və oyunu televizor qarşısında tamaşaçı kimi əyləşərək şərh edirik. Futbolçu uzaq planda veriləndə onu müəyyənləşdirmək çətin olur. Səhvlərin üzərindən isə sükutla keçmək lazım deyil. Tamaşaçıdan üzr istəmək lazımdır ki, əziz tamaşaçı, bu həmin oyunçu deyildi, mən səhv etmişəm.

- Hansı kluba azarkeşlik edirsiniz?

- Azərbaycan yığmasına və yerli klublarımıza. “Neftçi” klubunun Avroliqaya vəsiqə qazanması bizi çox sevindirdi. “Partizan”la bərabər səviyyəli oynaması da gözlənilməz idi. 70-ci illərdən bəri “Neftçi”nin oyunları gözümün önündədir. O vaxt oyunlar bayram kimi keçirilirdi. Azarkeşlər bilet tapa bilmirdilər. İnanıram ki, “Neftçi”nin bu uğuru azarkeşləri yenidən stadionlara qaytaracaq. “Qalatasaray” və “Mançester Yunayted” klublarının oyunlarına da maraq göstərirəm, amma onların fanatı deyiləm.

- Bəyəndiyiniz əcnəbi şərhçilərdən kimləri qeyd edə bilərsiniz?

- Rus şərhçilərinin adını çəkə bilərəm. Rusiyanın “İctimai” televiziyasının şərhçisi Roman Qusevin şərhinə qulaq asanda hiss edirsən ki, o, futbolun bütün incəliklərini bilir. Vladimir Masloçenko, Vladimir Pereturin kimi şərhçilər futbola dərindən bələd idilər. 1989-cu ildə Moskvaya iki aylıq kursa getmişdik, o zaman Masloçenkodan çox şey öyrəndik. Türkiyəli şərhçilərə də qulaq asıram. Oyunları həddindən artıq emosional tərzdə şərh edirlər. Matçda ayrı-ayrı məqamları izah etmək, müəyyən informasiyalar vermək məsələsində geri qalırlar.

- Son Olimpiya oyunlarında cüdoçu Elnur Məmmədlinin məğlub olma xəbərini tamaşaçılara çox gec verdiniz. Elnurun məğlubiyyətinə inanmırdınız ya bəd xəbəri çatdırmaq çətin idi?

- Biz Elnurun döyüşünü kompüter vasitəsilə izləyirdik. Əvvəlcə baxdıq və sizə səmimi deyirəm ki, gözlərimə inanmadım. Dedim yəqin ki, kompüterdə səhv olub. Ola bilməz ki, Elnur Məmmədli heç bir uğur qazanmayan kanadalı idmançıya məğlub olsun. Bunu dəqiqləşdirməyə çalışdıq. Üç dəqiqə keçdi, mən yenə də Elnurun məğlub olmasına inanmaq istəmirdim. Elnurun ilk görüşdəcə, heç bir fənd tətbiq etmədən uduzmağı məni məyus etdi. Ona görə siz deyən pauza yarandı. Tamaşaçılara gec də olsa böyük məyusluqla xəbər verdim ki, Elnur Məmmədli məğlub olub...



EKRAN ÜZÜ:

Nanə: “Diş düzəldəndə həyatım mənasız idi”
Cəlalə Nəzəroğlu:“Şou-biznes proqramlarını efirdən yığışdırardım”
Elgiz Əkbər: “Mentaliteti qəbul etmirəm”
İlkin Həsəni: “Bir toyda qazandığım TV-nin iki aylıq maaşı qədərdir”
DJ Fateh: “İnsan fərqli olanda uğur qazanır”
İradə İsaq: “Jurnalistikada qeyri-ciddi heç nə etməmişəm”

# 8463 dəfə oxunub

Oxşar xəbərlər

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

10:29 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

10:19 23 noyabr 2024
# # #