Təzadların rəqsi - Türkanə İsrafilli

Təzadların rəqsi -  Türkanə İsrafilli
7 mart 2025
# 13:48

Kulis.az Türkanə İsrafillinin "Təzadların rəqsi" yazısını təqdim edir.

Həyat təzadların rəqsidir. Eyni anda dünyanın bir ucunda həyat başlayanda, digər bir ucunda sona çatır. Bu yalnız bir poetik təsvir deyil, hər saniyə baş verən həqiqətdir. Doğum şöbəsindəki yeni doğulanın nəfəsi ilə reanimasiya otağındakı son nəfəs arasında bəzən cəmi bir divar dayanır. Bir ana balasını ağ gəlinlikdə yola salanda eyni anda başqa bir ana da balasını kəfəndə yola salır... İnsan taleyinin ən dərin paradoksu da məhz buradan başlayır: başlanğıcın və sonun bir-birinə bu qədər yaxın olmasından...

Birinin üzündə sevinc işığı yanır – bəlkə də, həyatında mühüm bir dəyişiklik baş verib. Elə həmin anda kimsə ürəyində dərin bir kədər daşıyır – bəlkə də, uzun müddət əmək sərf etdiyi vəzifəsindən azad edilib. İnsan simasında həyatın bütün çalarları öz əksini tapır – kədərin bozluğu, sevincin işıltısı, ümidsizliyin solğunluğu, ümidin rəngli ahəngi. Bir pəncərədən ümid günəşi boylanır, digər pəncərədən isə kədərin kölgəsi süzülür. Eyni şəhər, eyni küçə, eyni saat – sonsuz təzadlar. Ömrün simfoniyası ziddiyyətlərin kəskin akkordlarında öz kulminasiyasına çatır.

Kasıbın daxması ilə varlının villası arasındakı məsafə bəzən cəmi bir neçə metrdir. Amma o kilometrlərdə bir dünya fərq gizlənir. Birində uşaqlar ac yatır, digərində isə yeməklər zibilliyə atılır. Bu, təkcə maddi təzad deyil. Bu, daha dərin bir əxlaqi paradoksdur. Bir tərəfdə bolluq, digər tərəfdə yoxluq; bir tərəfdə səpələnmiş nemətlər, digər tərəfdə göz yaşları ilə sulanmış boş süfrələr.

Həyatın təzadları bəzən amansız görünə bilər. Amma onlar bizim ən böyük müəllimlərimizdir. Kədəri dadmadan sevincin şirinliyini duymaq mümkünsüzdür. İtkilər olmadan qazancların dəyərini bilmək çətindir. Xəstəlik olmasa, sağlamlığın qiymətini kim anlaya bilər?
Bəlkə də, həyatın ən böyük müdrikliyi bu təzadlarla barışmaq, onları qəbul etməkdir. Çünki həyat özü təzadların harmoniya yaratdığı bir axındır. Gecə gündüzü, qış baharı, kədər sevinci əvəz edir. Bu sonsuz prosesin içində biz həm tamaşaçı, həm də aktyoruq. Həm iştirak, həm də müşahidə edirik. İnsanın daxili dünyası bir-birinə zidd hisslərin, düşüncələrin məskənidir.

Təzadlar yalnız ətrafımızda yox, içimizdə də mövcuddur. İnsan qəlbi ziddiyyətlərin məskənidir. Eyni anda həm sevinci, həm də kədəri hiss edə bilərik. Həm qorxularımız, həm də cəsarətimiz eyni damın altında baş-başa verər. Düşüncələrimiz, hisslərimiz, arzularımız – hamısı bir-birinə zidd, amma birlikdədir. İnsan olmaq bu ziddiyyətlərin içində yaşamaq, onları hiss etmək və onlardan öyrənməkdir.

Həyatın əsl mənası, bəlkə də, budur: təzadların ortasında tarazlıq tapmaq. Həyatın bizə verdiyi dərsi dərk etmək. Gecənin qaranlığında ulduzlar görünər, amma gündüzün işığında itər. Həyatın mahiyyəti də məhz budur – ziddiyyətlər arasında gizlənmiş həqiqəti görmək və onu qəbul etmək.


Türkanə İsrafilli

# 1099 dəfə oxunub

Oxşar xəbərlər

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

Dünyanın ən məşhur 10 arxeoloji abidəsi

15:00 6 iyul 2025
Uilyam Folkner:  “Amerikada yazıçı it kimidi”

Uilyam Folkner: “Amerikada yazıçı it kimidi”

12:00 6 iyul 2025
Ruslan Əhmədoğlu vəfat etdi

Ruslan Əhmədoğlu vəfat etdi

11:37 6 iyul 2025
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə

22:30 5 iyul 2025
Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

14:17 5 iyul 2025
Rahid Uluselin yeni kitabı çap olundu

Rahid Uluselin yeni kitabı çap olundu

13:11 5 iyul 2025
# # #