Bu gün tanınmış psixoanalitik, psixoanaliz elminin banisi olan avstriyalı nevroloq Ziqmund Freydin doğum günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.
***
Axmaqlığın ilk əlaməti abır-həyanın tam olmamasıdır.
Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır.
***
Anatomiya – taledir.
***
Avara adamlar nadir hallarda məşğul insana qonaq gedirlər. Qaynar qazana milçəklər yaxınlaşmır.
***
Bədbəxtlikdən, boğulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və onlar daxildən insana təsir etməyi davam etdirirlər.
***
Bil ki, əhəmiyyətli deyil neçə dəfə məğlub olduğun… Çünki əsl əhəmiyyətli olan, məğlubiyyətdən sonra yenidən dirçəlməyindir.
***
Bir gün keçmişə boylananda mübarizələr içində keçən illərinizin həyatınızın ən gözəl illəri olduğunu görəcəksiniz.
***
Biz bir-birimizi təsadüfən seçmirik...Biz yalnız şüuraltımızda mövcud olanlarla qarşılaşırıq.
***
Biz çox əlamətdar dövrlərdə yaşayırıq. Biz tərəqqinin barbarlıqla ittifaq bağladığını təəccüblə görürük.
***
Biz heç vaxt sevdiyimiz qədər müdafiəsiz və sevgi obyektini və ya sevgini itirdiyimiz qədər bədbəxt olmuruq.
***
Bütün hallarda unutmağın əsas səbəbi istəməməkdir.
***
Bütün yuxular ümumi xüsusiyyətlərə malikdir. Belə ki, onların hamısı gün ərzində cuşa gələn, amma həyata keçirilməyən arzuların biz yatanda təmin edilməsindən ibarətdir. Yuxular arzuların ən sadə və açıq şəkildə həyata reallaşdırılmasıdır.
***
Çoxlu qadın sevən qadınları tanıyır, bir qadını sevən isə sevgini dərk edir.
***
Daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın banisidir.
***
Depressiya dondurulmuş qorxudur.
***
Depressiya və özünə aşağı hörmət diaqnozu qoymazdan əvvəl, axmaqlarla əhatə olunmadığınıza əmin olun.
***
Dəli - oyaq olarkən yuxu görən insandır.
***
Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür.
***
Əgər insan həyatın mənasıyla maraqlanmağa başlayırsa, deməli, o xəstədir.
***
Gördüyünüz kimi, həyat bizə qarşı çox qəddardır: bizi tez-tez öhdəsindən gələ bilmədiyimiz əzablar, məyusluqlar və reallaşması qeyri-mümkün olan cürbəcür başqa hallarla sınağa çəkir. Nəyəsə daha çox dözə bilmək üçün gördüyümüz müvəqqəti tədbirlər bizi həmin vəziyyətdən çıxarmır. Bu cür tədbirləri üç yerə ayıra bilərik. Birincisi, düşdüyümüz acınacaqlı vəziyyətə əhəmiyyət verməməyimizə səbəb olan güclü yayındırıcı hallar; ikincisi, bu səfalət hissini azaldan müvəqqəti məmnuniyyətlər; üçüncüsü, bizləri bu hissə qarşı biganələşdirən uyuşdurucu maddələrdir.
***
Hara getsəm də, oraya məndən qabaq başqa bir şairin getdiyini görürəm.
***
Hazırcavablıq, başqa yolla edilə bilməyən düşmənçilik hissi üçün bir vasitədir.
***
Xoşbəxtlik dediyimiz şey, uzun müddət davam edən ehtiyacların ödənilməsi nəticəsində baş verir.
***
İnsan sevildiyinə əmin olanda nə qədər cəsarətli olur...
***
İnsan sevəndə sərsəmləyir.
***
İstədiyini əldə edə bilmirsənsə, əldə etdiyini istəyəcəksən.
***
Qadın kişini yumşaltmalı, amma zəiflətməməlidir.
***
Qarımış qız it saxlamağa, yaşlı subay isə heykəlciklər kolleksiyası toplamağa başlayanda birinci ərə getməməsini kompensasiya edir, ikinci isə çoxsaylı sevgi qələbələrinin illüziyasını yaradır. Bütün kolleksionerlər bir növ Don Juandırlar.
***
Problemi tanımaq, onun həll edilməsindəki uğurun yarısıdır.
***
Psixoanaliz əslində sevgi vasitəsilə müalicə etməkdir.
***
Seksuallığına “sərbəstlik” verən insan sağalır.
***
Sevən insan qürurunu sındırır, təvazökar olur. Sevən insan narsistliyinin bir hissəsini, başqa cür desək, sevdiyinin yanında girov qoyur.
***
Şairlər və filosoflar təhtəlşüuru məndən əvvəl kəşf etdilər. Mən isə təhtəlşüuru araşdırmaq üçün lazımi elmi metodu kəşf etmişəm.
***
Şəxsiyyətinizin miqyası sizi dəli etməyə qadir olan problemin böyüklüyü ilə müəyyən edilir.
***
Zahirən qüsursuz olan insanın daxilində şeytanlar gizlənir.