Kilsənin qorxulu yuxusu - Tanrı ilə Kainat arasındakı körpünü yandıran adam

Kilsənin qorxulu yuxusu - Tanrı ilə Kainat arasındakı körpünü yandıran adam
9 fevral 2026
# 11:00

Kulis.az İbrahim Azizin "Fəlsəfə gündəliyi (David Hume)" yazısını təqdim edir.

XVIII Şotlandiyasında Fransız inqilabından əvvəlki dövrün intellektual mühitində yaşamış Devid Yum fəlsəfə tarixində dərin iz buraxmış mütəfəkkirlərdən biridir. Edinburq əsilli filosof yaşadığı dövrdə dini görüşləri səbəbilə ciddi təzyiqlərlə üzləşmiş, həmin dövrün anlayışına görə "ateist" hesab edildiyi üçün Edinburq və Qlazqo universitetlərinə iş müraciətləri rədd edilmişdir. Bu səbəbdən akademik karyera əvəzinə kitabxanaçılıq kimi fərqli sahələrdə işləmək məcburiyyətində qalan Yum fəlsəfi əsərlərindən əvvəl yazdığı "İngiltərə tarixi" kitabı ilə böyük şöhrət və maddi qazanc əldə etmişdir. Onun gənclik illərində Fransada qələmə aldığı və şah əsəri sayılan "İnsan təbiəti haqqında traktat" (A Treatise of Human Nature) kitabı o dövrdə heç bir maraq görməyərək "ölü doğulmuş" bir əsər kimi qiymətləndirilsə də, sonradan "İnsanın idrakı haqqında tədqiqat" və ölümündən sonra yayımlanan "Təbii din haqqında dialoqlar" kimi əsərləri ilə düşüncə tarixində inqilab yaratmışdır.




Yumun fəlsəfəsi insan zəkasının işləmə mexanizmini və biliyin mənbəyini anlamaq üzərində qurulub. O, insan zəkasındakı bütün düşüncələrin təməlində "təəssüratların" dayandığını, yəni həm duyğu orqanlarından gələn məlumatların, həm də daxili hisslərin (duyğular, qavrayışlar, emosiyalar) biliyin yeganə mənbəyi olduğunu müdafiə edən radikal bir empiristdir (təcrübəçi).

Ona görə də təcrübədə qarşılığı olmayan hər hansı bir düşüncə və ya metafizik anlayış (məsələn: Tanrı, ruhun ölümsüzlüyü) zehində aydın və dürüst şəkildə formalaşa bilməz. Yum biliyi iki əsas kateqoriyaya ayırır: riyaziyyat kimi sırf ağıl yolu ilə əldə edilən və təcrübəyə ehtiyac duymayan "ideya münasibətləri" (apriori) və təbiət hadisələrini anlamağımızı təmin edən, təcrübəyə əsaslanan "faktiki məlumatlar" (aposteriori).

Devid Yumun fəlsəfəsində həm suyun 100°C-də qaynaması, həm də Günəşin sabah doğması məsələsi eyni məntiqi təmələ, yəni "Faktiki məlumatlar" (Matters of Fact) kateqoriyasına əsaslanır. Yum iddia edir ki, riyazi həqiqətlərdən fərqli olaraq, təbiət hadisələrinin əksini düşünmək məntiqi cəhətdən ziddiyyət yaratmır; yəni "sabah Günəş doğmayacaq" və ya "su odda donacaq" fikri nə qədər qəribə olsa da, "dördbucaqlı yumrudur" ifadəsi kimi daxili ziddiyyətə malik deyil.

Bizim suyun qaynamasına və ya Günəşin doğmasına olan inamımız məntiqi mühakiməyə deyil, yalnız keçmiş təcrübələrimizə əsaslanır. Lakin keçmişdəki təkrarın (Günəşin hər gün doğmasının) gələcəyə zəmanət verdiyini sübut edən heç bir məntiqi körpü yoxdur.

Bu epistemoloji zəmin üzərində Yum fəlsəfə tarixinin bəlkə də ən məşhur tənqidlərindən biri olan "səbəb-nəticə" analizini ortaya qoyur. O, səbəb-nəticə prinsipini rədd etmir, lakin bu prinsipin təbiətdəki hadisələrin özündə mövcud olan zəruri bir bağ deyil, insan zəkasının bir vərdişi olduğunu irəli sürür.




Devid Yum möcüzələr haqqındakı fikirlərini sadəcə səbəbiyyət prinsipi ilə məhdudlaşdırmayıb, bu mövzunu "İnsan idrakı haqqında tədqiqat" (An Enquiry Concerning Human Understanding) əsərinin məşhur onuncu bölümündə daha sistemli və riyazi bir zəminə oturdur. O, məsələyə bir növ "ehtimal" tərəzisi ilə yanaşır.


Tərəzinin bir gözündə bəşəriyyətin dəyişməz və vahid təcrübəsinə əsaslanan "təbiət qanunları" (məsələn: cazibə qüvvəsi və ya ölülərin dirilməməsi), digər gözündə isə yanılmağa və ya yalan danışmağa meylli olan insan şahidliyi dayanır. Yuma görə, bir möcüzə iddiası meydana çıxdıqda əslində, iki ehtimal toqquşur: ya təbiət qanunu pozulub, ya da şahid yanılır/yalan danışır. Tarixi təcrübə göstərir ki, bir insanın yalan danışması və ya yanılması təbiət qanunlarının pozulmasından qat-qat daha yüksək ehtimaldır; buna görə də sübut tərəzisi hər zaman şahidliyin əleyhinə, təbiət qanunlarının isə lehinə əyilir. Bu məntiqi çərçivədə filosof özünün fəlsəfə tarixinə keçən məşhur meyarını irəli sürür: heç bir insan şahidliyi bir möcüzəni sübut etməyə yetərli deyil, o hal istisna olmaqla ki, şahidin yalan danışması sübut etməyə çalışdığı möcüzədən daha "möcüzəli" (daha qeyri-mümkün) olsun. Yum bu məntiqi yanaşmanı tarixi və psixoloji arqumentlərlə də möhkəmləndirir. O qeyd edir ki, tarix boyu heç bir möcüzə şübhə edilməyəcək qədər dürüst, təhsilli və itirəcək nüfuzu olan kütlələr tərəfindən təsdiqlənməmişdir.




Bundan əlavə, insan təbiətindəki "heyrətlənmə və heyrətləndirmə" ehtirası fantastik hekayələrə olan meyli artıraraq rasional düşüncəni korlayır; bir hekayə nə qədər qeyri-adidirsə, insanlar ona inanmağa o qədər həvəsli olurlar. Möcüzə rəvayətlərinin daha çox sivilizasiyadan uzaq, "cahil" və ya barbar adlandırılan cəmiyyətlərdə yaranması və fərqli dinlərin (İslam, Xristianlıq və s.) möcüzə iddialarının bir-birini qarşılıqlı şəkildə ləğv etməsi də şahidliyə olan inamı sarsıdan amillərdir. Filosof həmçinin möcüzənin tərifini dəqiqləşdirərək onu sadəcə nadir bir hadisə (məsələn, sağlam birinin qəfil ölümü) kimi deyil, birbaşa "təbiət qanunlarının İlahi bir iradə və ya görünməz qüvvə tərəfindən pozulması" kimi xarakterizə edir.

Məsələn, bir bilyard topunun digərinə dəyib onu hərəkət etdirməsi hadisəsində biz sadəcə ardıcıllığı görürük, aradakı gizli "gücü" görmürük; lakin hadisələri "davamlı birləşmiş halda" təcrübə etdiyimiz üçün zehnimiz bu əlaqəni avtomatik qurur. Bu baxış bucağı onu möcüzələri rədd etməyə aparır, çünki möcüzələr təbiətin davamlı işləyişinə və ümumi təcrübəyə ziddir. Nəticə etibarilə, Yum möcüzələrin ontoloji olaraq baş verməsinin mütləq qeyri-mümkün olduğunu iddia etmir; o, epistemoloji bir nəticəyə varır və vurğulayır ki, əlimizdəki təcrübə hər zaman təbiət qanunlarını dəstəklədiyi üçün, bir möcüzəyə inanmaq üçün heç vaxt kifayət qədər rasional əsasımız ola bilməz.




Yumun din fəlsəfəsi də bu empirik yanaşmanın bir davamıdır. O, yaşadığı dövrdə ateist adlandırılsa da, bugünkü terminologiya ilə daha çox "aqnostik" kimi xarakterizə oluna bilər; çünki o, Tanrının varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini, bunun bir bilik deyil, inanc mövzusu olduğunu vurğulayır. İnamın isə ağıl və təcrübəyə zidd bir inanma forması olduğunu qeyd edərək, "fakt" ilə "uydurma" arasında kəskin bir sərhəd qoyur; Günəşin doğması bir faktdırsa, Tanrının varlığı bir uydurmadır və uydurma şeylərə kateqorik olaraq inanmaq mümkün deyil.

Bu çərçivədə o, Orta əsrlərdən qalan Kosmoloji (İlk Səbəb) və Teleoloji (Nizam-intizam/Dizayn) Tanrı sübutlarını tənqid edir; çünki Tanrı təcrübə edilə bilməyən, zaman və məkandan kənar bir anlayış olduğu üçün, onunla kainat arasında səbəb-nəticə əlaqəsi qurmaq epistemoloji cəhətdən qeyri-mümkündür.

Əxlaq fəlsəfəsində isə Yum rasiyonalist ənənəyə qarşı çıxaraq əxlaqın təməlində ağlın deyil, duyğuların dayandığını müdafiə edən "duyğuçu" (emotivist) bir mövqe sərgiləyir. Platon və Spinoza kimi filosofların əksinə, o, ağlın "ehtirasların qulu" olduğunu və elə də olması gərəkdiyini cəsarətlə bəyan edir.

Yumun bu kəskin və sistemli şübhəçiliyi, fəlsəfə tarixində yeni bir cığır açmışdır. Hətta böyük alman filosofu İmmanuel Kant, Yum üçün "məni doqmatik yuxumdan oyadan filosofdur" ifadəsini işlətmişdir. Şəxsi həyatında Jan Jak Russo kimi dövrün digər mühüm simaları ilə həm dostluq, həm də (Russonun paranoyaları səbəbindən) gərginliklər yaşayan Yum; həm əxlaq, həm din, həm də idrak nəzəriyyəsindəki fikirlləri ilə XVIII əsrin ən təsirli və "rahatlıq pozan" mütəfəkkirlərindən biri kimi qəbul edilir.

# 132 dəfə oxunub

Oxşar xəbərlər

Jurnalist Sevda Həsənova palataya köçürülüb, vəziyyəti stabildir

Jurnalist Sevda Həsənova palataya köçürülüb, vəziyyəti stabildir

12:18 9 fevral 2026
Cem Adrian Qəzzaya mahnı həsr etdi

Cem Adrian Qəzzaya mahnı həsr etdi

12:08 9 fevral 2026
“Çox qadın, əslində, heç bir qadın deməkdir” – Sizi yataqda xoşbəxt edənlər ruhunuzu necə öldürür?

“Çox qadın, əslində, heç bir qadın deməkdir” – Sizi yataqda xoşbəxt edənlər ruhunuzu necə öldürür?

12:00 9 fevral 2026
Allah bizimlə belə danışır: Nəyi görmürük?

Allah bizimlə belə danışır: Nəyi görmürük?

11:34 9 fevral 2026
Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert təşkil edildi

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert təşkil edildi

11:20 9 fevral 2026
Xalq düşmənini evində gizlədən, 14 yaşlı oğlu ilə sürgünə göndəriən "arzuolunmaz" qadın

Xalq düşmənini evində gizlədən, 14 yaşlı oğlu ilə sürgünə göndəriən "arzuolunmaz" qadın

10:45 9 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər