Məleykə Əsədova: "Buna görə uzun illərdir ürək problemləri ilə mübarizə aparıram" - Müsahibə

Məleykə Əsədova

Məleykə Əsədova

23 aprel 2026
# 10:00

Bu gün Xalq artisti Məleykə Əsədovanın 60 yaşı tamam olur.

Kulis.az Ülvi Bahadırın onunla yubiley müsahibəsini təqdim edir.

– Məleykə xanım, necə bir ailədə doğulmusunuz?

– Atam ağır təbiətli insan idi. Hətta məndən böyük bacılarımı Bakıda oxumağa qoymamışdı. Mən Neftçala rayonunda doğulmuşam. Amma uşaqlıqdan incəsənətə, musiqiyə böyük həvəsim olub. Bunu əvvəlcə uşaq şıltaqlığı kimi qəbul edirdilər. Ədəbiyyatı və tarixi çox sevirdim, məktəbdə şeirlər deyir, mahnılar oxuyurdum. Uşaqlıqdan musiqi məktəbində pianino üzrə təhsil almışam. Balaca qız olanda belə özüm üçün “mikrofon” düzəldib mahnı oxuyurdum və deyirdim ki, mən aktrisa olacağam.

Məktəbdə səkkizinci sinifdə yazdığım sərbəst inşada da qeyd etmişdim ki, aktrisa olacağam. Elə bil incəsənət mənimlə birlikdə doğulub. Bütün sahələrini sevsəm də, həmişə demişəm ki, mən aktrisa olacağam. Məktəbi çox sevirdim, dərslərə həvəslə gedirdim. Hətta məni bir il tez məktəbə qoymuşdular. Əlaçı olmuşam, xüsusilə ədəbiyyat və tarix fənlərini çox sevmişəm.

– Bu sənətə meyl sizə ailədən keçib?

– Xeyr, ailəmizdə belə bir ənənə olmayıb. Yalnız atam tərəfdən uzaq qohumumuz Ötkəm İsgəndərov var idi. Amma ümumilikdə ailəmizdə incəsənətlə məşğul olan yox idi. Atam qız uşaqlarının Bakıda, gözdən uzaq yerdə oxumasına razı olmurdu. Məktəbi bitirəndə ona dedim ki, sənədlərimi incəsənət institutuna vermək istəyirəm. Atam dedi ki, başqa universitetə icazə verirəm, amma incəsənətə yox. Mən isə çox inadkar uşaq idim. Dedim ki, əgər incəsənətə qəbul olmasam, hüquq fakültəsinə sənəd verəcəyəm. Nəhayət, növbəti il incəsənət universitetinə qəbul oldum.

Uşaqlıqdan Cəfər Cabbarlının “Aydın” əsərini oxuyanda Gültəkin obrazını özüm canlandırırdım. Bu obraz sonradan mənə böyük uğur gətirdi. İlk dəfə səhnəyə çıxanda da Gültəkini oynadım. Barat Şəkinskaya da mənim haqqımda çox gözəl fikirlər demişdi.

– İlk dəfə səhnəyə çıxdığınız anı necə xatırlayırsınız?

– Teatra yeni gələndə Həsən Əbluc məni görüb soruşdu ki, “Aydın”ı oxumusan? Dedim, bəli. Bir neçə gündən sonra məni rola hazırlamağa başladılar. Çox həyəcanlı idim – görəsən, hansı rolu verəcəklər? Gültəkin rolunu aldığımı görəndə çox sevindim. Diksiyam və zahiri məsumluğum nəzərə alınmışdı. Əvvəlcə dublyor da düşünülmüşdü, amma buna ehtiyac olmadı. Premyera günü mənim üçün unudulmaz oldu. Barat xanım dedi ki, Cabbarlının əsl “Gültəkin”i Məleykə Əsədovadır.

Sonralar Akademik Milli Dram Teatrında da bu rolu oynadım və həmin tamaşadan sonra Xalq artisti adına layiq görüldüm. Bu yolda Həsən Əbluc və Mikayıl Mirzə kimi ustadlarla işləmək mənim üçün böyük məktəb oldu.

– İlk uğurdan sonra teatrda sizə münasibət necə idi?

– Çox yaxşı idi. Məni tamaşaçılara sevdirən əsasən Lütfi Məmmədbəyovun teletamaşaları oldu. “Yad qızı” tamaşasındakı Jalə rolu mənə böyük uğur gətirdi. Səhəri gün küçədə hamı məni Jalə deyə çağırırdı. Bu mənim üçün çox xoş idi. Gültəkin və Jalə obrazları mənə böyük şöhrət qazandırdı.

Daha sonra teatrda bir-birinin ardınca baş rollar aldım. 1992-ci ildə Akademik Milli Dram Teatrına dəvət olundum və 1993-cü ildən burada çalışıram. O vaxtdan bu günə qədər demək olar ki, fasiləsiz işləyirəm.

Gültəkin və Jalədən sonra bir neçə teletamaşada oynadım. Tamaşaçıların qəlbinə “İtkin gəlin”də Əfsanə obrazı ilə yol tapdım. Bundan sonra ailələrdə Əfsanələr doğuldu.

– Bu qədər iş arasında yorulduğunuz, bezdiyiniz anlar olub?

– Xeyr. Mən başqa heç bir işi bacarmaram. Aktyorluq sənəti incəsənətin ən çətin və məsuliyyətli sahələrindən biridir. Mən bu sənət üçün doğulmuşam.

– Əgər aktrisa olmasaydınız, hansı sahəni seçərdiniz?

– Hüquq sahəsini seçərdim. Uşaqlıqdan ədəbiyyat, xüsusilə detektiv əsərləri çox sevirdim. Ədalət hissim güclüdür. Amma sənətdə qazandığım uğur hər kəsə qismət olmur.

– Obrazlarınıza necə hazırlaşırsınız?

– Hər obrazı özümküləşdirməyə çalışıram. Əsəri, müəllifi, dövrü dərindən öyrənirəm. Obraz mənim daxilimə hopduqdan sonra onu tamaşaçıya təqdim edirəm. Oynadığım rolların böyük əksəriyyəti klassik və mürəkkəb qadın obrazlarıdır.

Züleyxa, Kleopatra, Mariya Tüdor, Şirin, Leyli kimi obrazları canlandırmışam. Hazırda isə Xurşidbanu Natəvan rolunu oynayıram və özümü xoşbəxt sənətkar sayıram. Tamaşaçılar bu obrazı mənim ifamda sevdiklərini deyirlər.

Bundan əlavə, komediya və müasir əsərlərdə də fərqli rollar oynamışam. Hətta bəzi tamaşalarda mahnı oxuyur, rəqs edirəm. Mənim üçün səhnə bütöv bir həyatdır.

– Sənətdə daha çox kimləri özünüzə nümunə götürmüsünüz?

– Mən, ümumiyyətlə, böyüklərə hər zaman hörmət etmişəm. Bu gün də sənət dostlarıma böyük hörmətlə yanaşıram. Teatr sənəti çox çətin sənətdir. Digər sahələrdən fərqli olaraq, aktyor səhnədə iki-üç saat canlı şəkildə bir insanın taleyini tamaşaçıya çatdırır. Mənim oynadığım obrazlar da çox mürəkkəbdir – burada ürək, beyin, zehin və bütün varlıq birlikdə işləyir.

Aktyorlar çox fərqli insanlardır. Mən onları həmişə fenomen adlandırıram. Çünki bir insan öz həyatında bir taleyi yaşayır, amma aktyor səhnədə onlarla taleni yaşayır. Ona görə də aktyorlar çox həssas və emosional olur, fədakarlıq tələb edən sənətdir. Düşünürəm ki, onların qəlbinə dəymək olmaz, onları anlamaq lazımdır.

Barat Şəkinskayanı çox sevmişəm. Mənimlə tanış olmadan mənə xeyir-dua vermişdi. Sonradan tamaşalarıma baxıb haqqımda çox gözəl fikirlər yazmışdı. Onunla tanış olandan sonra tez-tez evinə gedirdim. Mənə deyirdi ki, səsimi yaz, dediklərimi yadda saxla. Mənim haqqımda çox dəyərli sözlər deyirdi, səhnə üçün doğulduğumdan, səs tembrimdən, plastikamdan, daxili enerjimdən danışırdı.

“Fərhad və Şirin” tamaşasındakı monoloqumu xüsusilə sevirdi və hər görüşümüzdə onu mənə söylətdirirdi.

Bundan əlavə, Leyla Bədirbəyli ilə birlikdə oynamışam, o da mənim haqqımda xoş sözlər deyib. Zərnigar Atakişiyeva ilə bir otağı bölüşmüşük, çox yaxın olmuşuq. Həsən Turabov, Mikayıl Mirzə kimi sənətkarlarla işləmək mənim üçün böyük məktəb olub. Mikayıl Mirzə həmişə deyirdi ki, sən mənim qadın variantımsan.

– Bu zərifliyinizi, incəliyinizi nəyə borclusunuz?

– Əvvəla Allaha borcluyam. Şükür edirəm ki, tamaşaçılarım məni 40 ildir sevir və alqışlayır. Mənə elə gəlir ki, bu sənət insana verilən bir vergidir. İnsan onunla doğulur. Amma püxtələşmək səhnədə olur. Hər rol, hər rejissorla iş bir məktəbdir. Yaradıcı insan daim işləməli, öyrənməlidir.

– Bu qədər işləməyin qarşılığında özünü qorumaq çətin olmur?

– Əlbəttə, çətindir. Mən aktrisayam və formada qalmalıyam. Baş rollar oynayıram, səhnədə plastika vacibdir. Uzun illər idmanla məşğul olmuşam, indi isə yoqaya maraq salmışam. Yoqa həm ruha, həm də nəfəsə çox yaxşı təsir edir.

Biz tamaşaçı qarşısındayıq, xalqa məxsusuq. Oturuşumuzla, duruşumuzla, danışığımızla nümunə olmalıyıq. Tamaşaçıların hörmətini qazanmışıqsa, özümüzə də hörmət etməliyik. Mən şükür edən insanam və düşünürəm ki, insanın xarakteri dəyişmir.

– 40 illik fəaliyyətinizdə ən çətin rolunuz hansı olub?

– Maraqlıdır ki, oynadığım bütün rollar çətindir. Əksəriyyəti klassik və mürəkkəb obrazlardır. Hətta indi üzərində işlədiyim rol da çox ağırdır. Bu obrazlar bəzən sağlamlığıma da təsir edib. Buna görə uzun illərdir ürək problemləri ilə mübarizə aparıram. Həkimlər də deyir ki, bu qədər emosional yüklü rollar çətindir. Amma mən səhnə üçün doğulmuşam və bu obrazlarla yaşayıram.

– Faciə janrı sizə daha yaxındır, yoxsa komediya?

– Komediya da çox ciddi janrdır. Mən hər iki janrda oynamışam. Aktyor üçün əsas məsuliyyətdir. Bir gün komediya oynayıram, ertəsi gün faciəvi obraz. Hər obrazın öz çətinliyi var. Amma dramatik rollar insanın həm ürəyinə, həm də beyninə daha çox təsir edir.

– Tamaşaçılar sizi daha çox “İtkin gəlin” və “Qırmızı qar”dan tanıyır. Niyə sonradan serial və filmlərdə az göründünüz?

– Təkliflər olub. Amma mən sənətimi çox sevirəm və hər rola razılaşmıram. Dramaturgiya güclü, obraz dərin və maraqlı olmalıdır. Təkcə mənim rolum yox, bütün yaradıcı heyət, rejissor, ssenari, aktyorlar yüksək səviyyədə olmalıdır. Mən sadəcə görünmək xatirinə görünmək istəmirəm. Əgər rolumla söz deyə bilərəmsə, o zaman qəbul edirəm.

– “İtkin gəlin”dəki rol üçün təklif necə gəldi?

– O vaxt kastinq keçirilirdi. Məni də dəvət etdilər. Əlibala Hacızadə məni görəndə dedi ki, mənim Əfsanəm budur. Mənim üzümün məsumluğunu qeyd etdi və məni seçdi.

Çəkilişlər çox sadə texniki imkanlarla aparılsa da, böyük sevgi ilə işlənmişdi. Bu gün də tamaşaçılar həmin obrazı xatırlayır. Hətta mənim adımla bağlı uşaqlara “Əfsanə” adı qoyan ailələr var. Küçədə “Əfsanə” deyəndə dönüb baxıram, bilirəm ki, məni çağırırlar. Bu, bir aktrisa üçün ən böyük xoşbəxtlikdir.

– Deməli, uğurlu alınıb.

– Əlbəttə, çox uğurlu alınıb. Bu gün Lütfi müəllimin yeri açıq-aydın görünür. O, yeni seriallar çəkərkən həmişə güclü ədəbi əsərlərə müraciət edirdi. Tək mən yox, bir çox xalq artisti məhz onun televiziya filmləri ilə tamaşaçılara tanınıb.

– Bəs serial və film təkliflərini necə dəyərləndirirsiniz?

– Təkliflər olub. Amma bir prinsipim var: əgər hansısa layihədə çəkilməmişəmsə, onun adını çəkmirəm. Çünki orada başqa aktyor oynayıb. Ümumiyyətlə, yaxşı əsərdə, yaxşı filmdə oynamağı çox istəyərəm.

– Yəni “yalnız teatr” kimi bir prinsipiniz yoxdur?

– Xeyr, qətiyyən. Əsas odur ki, iş keyfiyyətli olsun. Ssenari, rejissor, aktyor heyəti güclü olmalıdır. Mən çətinlikdən qorxan aktrisa deyiləm, əksinə, daha çox çətin rollara can atıram.

– Rol üçün vizual dəyişikliklərə nə dərəcədə hazırsınız?

– Rol nə tələb edirsə, ona hazıram. Məsələn, “Cəhənnəm sakinləri”ndə çox fərqli bir obraz oynamışam. Əgər lazım olsa, saçımı kəsdirərəm, rəngini dəyişərəm. Natəvan obrazında qara saçla çıxıram. Ümumiyyətlə, aktrisa üçün sərhəd olmamalıdır. Əsas olan başqalaşa bilməkdir.

– Qızınızın bu sahəyə marağı varmı?

– Qızımın çox gözəl səsi və danışıq qabiliyyəti var. Kiçik yaşlarından çox maraqlı fikirlər ifadə edirdi. Amma efirə çıxmaq istəmir. Hazırda diplomatiya sahəsində təhsil alır, ADA Universitetində oxuyur və magistratura planı var.

– Əgər özü istəsəydi, razı olardınız?

– Əlbəttə. Əgər istedadı olsaydı, mütləq dəstək verərdim. Amma bu sahə yalnız istəklə deyil, istedadla bağlıdır.

– Bir ana kimi qız övladı böyütməkdə çətinlikləri nə vaxt daha çox hiss etmisiniz?

– Mən qızımı tək böyütmüşəm, onun üçün həm ana, həm ata olmuşam. Mənim üçün əsas prinsip təhsil olub. Qızıma həmişə demişəm ki, dərs oxumaq mütləqdir. Məktəb illərində telefonu olmayıb, diqqətinin yayınmasını istəməmişəm.

Onu sevgi və qayğı ilə böyütmüşəm. Düşünürəm ki, övlada veriləcək ən böyük sərvət məhz diqqət, sevgi və düzgün istiqamətdir. Sosial şəbəkələrdən də uzaq tutmuşam ki, daha çox kitab oxusun.

– Bu sizin istəyiniz idi, yoxsa qızınızın seçimi?

– Əlbəttə, valideyn olaraq istiqamət verən mən olmuşam. Uşaqlar dünyaya saf gəlir, onları yönəldən valideynlərdir. Amma indi artıq özü də anlayır. Deyir ki, lazım olsa, gələcəkdə sosial şəbəkə hesabı açaram.

Uşaqlıqdan onunla çox vaxt keçirmişəm, səyahətlərə aparmışam, dünyagörüşünü artırmağa çalışmışam. Həm gəzmək, həm də kitab oxumaq onun inkişafı üçün vacibdir. Qalanını isə Allaha tapşırıram, hər kəsə gözəl tale arzulayıram.

– Sonradan ailə qurmamağınızın səbəbi qız övladınızın olması idi, yoxsa sadəcə uyğun insanla qarşılaşmadınız?

– Xeyr, əsas səbəb qızım idi. Onu tək böyüdürdüm və böyüdükcə qərara gəldim ki, ailə qurmaq düzgün olmaz. Ondan sonra ailə qurmaq istəmədim.

– Həyatınızda dəyişmək istədiyiniz bir an varmı?

– Belə anlar var, amma qoy o mənim içimdə qalsın.

– Daha çox hansı müəllifləri oxuyursunuz?

– Mənim işim elə mütaliədən ibarətdir. Uşaqlıqdan oxuya-oxuya böyümüşəm. Hazırda üzərində işlədiyim əsərə görə müəllifi daha dərindən öyrənirəm. Məsələn, Balzakı oxuyanda onun tamaşaçıya məlum olmayan tərəflərini də araşdırıram.

Natəvan obrazını canlandırmazdan əvvəl də onun həyatını dərindən öyrəndim. Ümumiyyətlə, mənim əsas mütaliəm şeirlərdir. Şeirləri əzbərləmirəm, sadəcə çox oxuyuram və zamanla yaddaşıma həkk olunur.

– Daha çox hansı şairləri sevirsiniz?

Bəxtiyar Vahabzadəni, Səməd Vurğunu, Zəlimxan Yaqubu, Cabir Novruzu çox sevirəm. Ümumiyyətlə, poeziyaya böyük sevgim var.

– Memuar yazmaq planınız varmı?

– Bu barədə çox deyirlər. Mənim haqqımda kitab yazmaq istəyənlər də olub. Amma hələ razı deyiləm. Düşünürəm ki, əgər yazılacaqsa, güclü bir kitab olmalıdır. Əslində, istəyərdim ki, gələcəkdə qızım mənim haqqımda kitab yazsın.

– Əgər haqqınızda kitab yazılsa, adı nə olardı?

– “Səhnəmizin Məleykəsi”. Bu ifadə mənə çox doğmadır. Çünki bu söz vaxtilə böyük sənətkarlar tərəfindən səsləndirilib və mənim üçün çox dəyərlidir.

Ümumiyyətlə, səhnə mənim həyatımdır. Səhnə böyük bir məktəbdir, canlı sənətdir. Burada müxtəlif insan talelərini yaşayırsan – kraliça da olursan, sadə qadın da. Ona görə səhnə mənim üçün ucalıqdır.

– Azərbaycan filmlərindən hansıları sevirsiniz?

– Köhnə filmlərimizi çox sevirəm. Məsələn, “Böyük dayaq” filmini dəfələrlə izləmişəm və yenə baxıram. Ümumiyyətlə, klassik filmlərimizə böyük marağım var.

– Kaş ki, bu gün də o cür filmlər çəkiləydi, deyirsiniz?

– Təəssüf ki, o səviyyədə filmlər az çəkilir.

– Gənclik arzularınızı bu gün reallaşdıra bilmisinizmi?

– Şükür edirəm. Mənim üçün ən böyük xoşbəxtlik tamaşaçı sevgisidir. Əgər 40 ildən sonra da tamaşaçı səni alqışlayırsa, səhnədən çiçəklərlə yola salırsa, bu, ən böyük mükafatdır.

Amma etiraf edim ki, bu illər ərzində insanlara olan inamım bir qədər azalıb.

– Niyə belə oldu?

– Həyatdır, hər şey olur. Amma mən yenə də səmimi insanam və bunu məni tanıyanlar bilir.

– Populyarlığın arxasında paxıllıq da olur...

– Əlbəttə. Əgər sən varsansa, bu da olacaq. Bu, normaldır. Mən buna təbii yanaşıram.

Mən dövlətimi, xalqımı çox sevirəm. Vətənimə bağlıyam. Həmişə eyni əqidədə yaşamışam. Ümumiyyətlə, həyatın əsası sevgidir. İnsanın daxilində sevgi varsa, hər şeyi gözəl görə bilər.

Mən hər anın qədrini bilirəm. Hər zaman xoşbəxt olmaq mümkün deyil, amma şükür edirəm ki, həm aktrisa, həm də ana kimi xoşbəxtəm. Mən səhnə üçün doğulmuşam.

# 202 dəfə oxunub

Oxşar xəbərlər

İki bəstəkarın irsi bir səhnədə: Muğam Mərkəzində yubiley gecəsi

İki bəstəkarın irsi bir səhnədə: Muğam Mərkəzində yubiley gecəsi

11:10 23 aprel 2026
Tarixi oyunun görünməyən tərəfi - "Qarabağ" nəyin qurbanı oldu?

Tarixi oyunun görünməyən tərəfi - "Qarabağ" nəyin qurbanı oldu?

10:48 23 aprel 2026
Bu gün Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür

Bu gün Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür

10:36 23 aprel 2026
Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”

Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”

10:20 23 aprel 2026
Kanye Uestin bu ölkəyə girişi qadağan olundu

Kanye Uestin bu ölkəyə girişi qadağan olundu

10:07 23 aprel 2026
Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı vəfat etdi

18:38 22 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər