İndi məkan və zaman yalnız bu dünyanın İlon Maskları tərəfindən qurulur - Laslo Krasnahorkainin Nobel nitqi

İndi məkan və zaman yalnız bu dünyanın İlon Maskları tərəfindən qurulur - Laslo Krasnahorkainin Nobel nitqi
12 dekabr 2025
# 12:00

Kulis.az Rəvan Cavidin tərcüməsində Laslo Krasnahorkainin "Nobel nitqi"ni təqdim edir.



Xanımlar və cənablar!

2025-ci il Ədəbiyyat üzrə Nobel Mükafatını aldığım zaman əvvəlcə ümidlər ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəmişdim, amma ümid xəzinəm qəti şəkildə tükəndiyi üçün indi mələklər haqqında danışacağam.

I

Mən aşağı-yuxarı gəzirəm və mələklər haqqında düşünürəm. Hətta indi, siz mənim mikrofon önündə danışdığımı görsəniz də, buna inansanız da, əslində mən otağın bir küncündən o birinə dövrə vura-vura gəzirəm, düşüncələrimdə isə mələklər var. Bəli… mələklər. Və birdən anlayıram ki, artıq onlar başqa cürdür – yeni mələklər, qanadları olmayan, sanki öz mahiyyətini dəyişmiş mələklər. Çünki təsəvvür edin, əgər o iki böyük qanad, həqiqətən, onların kürəyindən çıxsaydı, paltarlarını yarıb keçsəydi, biz səmavi dərzinin işinə heyrətlə tamaşa edərdik. Amma qanad yoxdur. Bu səbəbdən də onların bədənsiz paltarlarının nəyin ətrafına dolandığını, haranı örtüb, haranı gizlətdiyini təsəvvür etmək belə çətindir. Yazıq Botiçelli, yazıq Leonardo, yazıq Mikelancelo… yazıq Giotto və Fra Anceliko! Lakin bunların artıq bir önəmi qalmayıb. Çünki suallar da köhnə mələklərlə birlikdə yoxa çıxıb. Mənim danışdıqlarım yeniləridir. Otağımda gəzdikcə bunu daha aydın görürəm. Siz isə məni mikrofonun qarşısında dayanıb Nobel nitqini ümid mövzusu ilə açan biri kimi görürsünüz. Amma bu dəfə ümiddən yox, mələklərdən danışacağam.

İş yerim cəmi dörd metr genişlikdə olan bir qüllə otağıdır. Birinci mərtəbəyə enən pilləkənləri çıxsaq, qalanı balaca bir meditasiya məkanıdır. Elə-belə, romantik fil sümüyü qülləsindən danışmıram, ən ucuz Norveç küknar taxtalarından yığılmış, taxta evin sağ kənarına əlavə olunmuş kiçik bir otaq. Amma bünövrəsi yamacda olduğundan, bu kiçik yer aşağıdakı mərtəbənin üzərində ucalan bir qülləyə çevrilib. Mən isə bunu yalnız kitablar üçün daha çox yer lazım olduğuna görə inşa etmişdim. Amma indi… Nə isə, gəlin sadəcə mələklərdən danışım. Köhnələrdən yox. O, Orta əsr və İntibah dövründə çəkilmiş, renosans rəsmlərindəki qanadlı elçilərdən yox. O mələklər özləri mesaj idilər – doğulacaq olanın xəbərini daşıyan işıqlı cümlələr. Onları sözlərindən ayırmaq mümkün deyildi, sanki mesaj və mələk bir tək varlıq kimi nəfəs alırdı. Amma artıq onlar yoxdur. Onların əzəmətini içimizdə daşısaq da, indi yalnız yeniləri qalıb. Qanadsızlar… Küçə geyimlərində, aramızda gəzir, ən adi məkanlarda peyda olurlar. Köhnə mələklər kimi eyni vəziyyətlərdə qarşımıza çıxırlar, amma başqa ritmdə. Sanki addımlarında bu dünyanın tozunu deyil, başqa bir ahəngi gəzdirirlər. Və bəlkə də, deyə bilmərik ki, onlar “yuxarıdan” gəlirlər. Çünki, bəlkə də, artıq heç bir “yuxarı” qalmayıb, o da köhnə mələklərlə birgə çəkilib gedib. İndi məkan və zaman yalnız bu dünyanın İlon Maskları tərəfindən qurulur. Siz isə qarşınızda isidilməyən qüllə otağında Norveç küknar taxtalarının arasında addımlayan qoca bir adam görürsünüz - məni. Addımlarımı sürətləndirirəm. Çünki yeni mələklər haqqında düşünmək başqa bir sürət, başqa bir nəfəs tələb edir. Və birdən dərk edirəm, bu yeni mələklər nə qanad daşıyır, nə də mesaj. Onlar sadəcə aramızdadırlar. Tanınmadan da yaşaya bilərlər. Amma tanınmaq istəyəndə içimizdən birini seçirlər və qarşılaşma baş verir - gözlərimizdən qaranlıq çəkilir, qəlbimizin üstündən ağır lövhə düşür. “Bu bir mələkdir” — deyə heyrətlə dayanırıq. Amma mələk danışmır. Nə pıçıldanan bir işıq, nə dalğalanan cümlə, nə də səmadan gələn xəbər var. O sadəcə dayanır və baxışlarımızı axtarır - sanki bizdən bir mesaj istəyir. Amma bizdə də mesaj yoxdur. Çünki cavab vermək üçün əvvəlcə sual olmalı idi, artıq sual da yoxdur, cavab da. Biz onlara baxırıq, onlar bizə. Onlar, bəlkə də, hər şeyi anlayır. Biz isə heç nə başa düşmürük. Lal və kar bir səhnədir, burada nə danışıq, nə də razılaşma mümkündür. Və o anda anlayıram, bəlkə də, bu yeni mələklər artıq mələk deyillər. Onlar qurbanlardır - sözün ilkin, müqəddəs mənasında qurbanlar. Cibimdən həmişə yanımda gəzdirdiyim stetoskopu çıxarıram. Qüllə otağında o baş-bu baş gəzərkən onu sanki sizin sinələrinizə qoyub diafraqmanı ehtiyatla toxundururam. Taleyin səsini eşidirəm. Ürək döyüntülərinizi eşidirəm. Və bu səs başqa bir anın gəlişini xəbər verir. Şoku və çökmə anını. Çünki stetoskop yeni mələklərin hekayəsini açır. Onlar qurbanlardır. Bizim üçün, hamımız üçün qurbanlar. Qanadsız, mesajsız mələklər. Dünya müharibəsinin içində qalanlar. Təkcə silahla yox, təkcə dağıdıcılıqla yox, bircə pis sözlə yaralanan mələklər. Bircə ədalətsiz hərəkətlə. Zəriflikləri, saflıqları qarşısında bir anlıq amansızlıq kifayətdir ki, əbədi yara açılsın. Və bu yaraları on min sözlə belə sağaltmaq mümkün deyil. Çünki bu yara heç bir çarənin olmadığı yerdə açılır.

II

Nə isə… Mələklər haqqında bu qədər kifayətdir. Gəlin, insanların ləyaqətindən danışaq. İnsan… heyrətamiz bir varlıq… sən kimsən?

Sən təkəri icad etdin, odu kəşf etdin, yaşamaq üçün əməkdaşlığın yeganə yol olduğunu anladın. Dünyaya sahib olmaq üçün nekrofagiyanı belə formalaşdırdın. Möhtəşəm bir zəka qazandın, beynin o qədər böyük və mürəkkəb oldu ki, məhz həmin beyinin hesabına bu dünya üzərində - məhdud da olsa - hakimiyyət əldə etdin. Bu da səni bir çox yanlış, amma təkamülə təkan verən qərarlara sürükləyib apardı. Görünməz sıçrayışlarla irəlilədin, Yer üzündə nəslini gücləndirdin, çoxaldın, dəstələrə, cəmiyyətlərə, sivilizasiyalara çevrildin. Ölməmək möcüzəsinə qadir olmadığın halda belə ayağa qalxmağı bacardın, “homo habilis” olaraq daşdan alətlər düzəltdin və onlardan istifadə etməyi öyrəndin. “Homo erektus” kimi odu mənimsədin və sonra kiçik görünən, amma taleyüklü bir detal sayəsində - şimpanzedən fərqli olaraq qırtlaq və yumşaq damağın bir-birinə toxunmadığı üçün - dilin yaranması mümkün oldu. Nitq mərkəzinin inkişafı sənə danışmağı bəxş etdi. Əgər Əhdi-Ətiqin susdurulmuş hissələrinə inansaq, göylərin Rəbbi ilə oturdun, Onun yaratdığı hər şeyə ad verdin. Daha sonra yazını icad etdin və fəlsəfi düşüncəyə qadir oldun, hadisələri birləşdirdin, onları dini inanclardan ayırdın. Öz təcrübənə əsaslanaraq zamanı yaratdın, nəqliyyat vasitələri və qayıqlar düzəltdin. Yerin naməlum yerlərində gəzib talaya biləcəyin hər şeyi taladın, gücün nə olduğunu anladın, gücün toplandığı mərkəzləri qurmağı bacardın. Əlçatmaz görünən planetləri xəritələşdirdin, artıq Günəşi Tanrı, ulduzları taleyin hökmü kimi qəbul etmirdin. Cinsi əlaqəni, qadın və kişi rollarını formalaşdırdın, dəyişdirdin və çox gec də olsa - heç vaxt gec olmadı - sevgini kəşf etdin, hissləri, empatiyanı, bilik iyerarxiyalarını yaratdın. Quşları tərk edib kosmosa uçdun, Aya getdin, orada ilk addımlarını atdın. Bütün Yer kürəsini dəfələrlə məhv etməyə yetəcək silahlar icad etdin. Elmləri elə çevik şəkildə yaratdın ki, sabahı bu gündən üstün tutmağı özünə borc bildin. Mağara rəsmlərindən Leonardonun “Son şam yeməyi”nə, ritmin qaranlıq sehrindən İyohan Sebastian Baxın musiqisinə qədər sənət yaratdın. Və nəhayət - tarix boyu tərəqqinin ortasında - qəfil bir şey baş verdi, sən inamını itirdin. Özün icad etdiyin cihazların təxəyyülü məhv etməsi nəticəsində yaddaşın qısaldı. Bilikdən, gözəllikdən, mənəvi sərvətdən imtina etdin. Ayaqların artıq aşağıya düşən düzənliklərə doğru sürüşür. “Mars!” deyirsən, mən isə anlayıram. Tərpənmə. Çünki bu palçıq səni udacaq, bataqlığa çəkəcək. Amma bütün bunlar - təkamül - hər halda nəfəs kəsəcək qədər gözəl idi. Təəssüf ki, təkrarlana bilməz.

III

İnsan ləyaqəti haqqında da kifayətdir. Gəlin, indi də üsyandan danışaq.

Bu mövzuya “Dünya davam edir” ("The world goes on") kitabımda toxunmağa çalışmışdım, amma yazdıqlarım məni qane etmədiyi üçün yenidən həmin mövzuya dönəcəyəm. 1990-cı illərin əvvəllərində, yağışlı bir günortadan sonra Berlində, aşağı mərtəbədəki U-Bahn dayanacaqlarından birində gözləyirdim. Platforma - U-Bahn sistemində hər yerdə olduğu kimi - elə qurulmuşdu ki, qatar tuneldən çıxıb yaxınlaşarkən, bir neçə metr kənarda böyük bir güzgü yerləşdirilmişdi. Bu güzgü qatar maşinistinin bütün qatarı görməsi, həm də sərnişinlərin minib-düşməsi üçün qatarın dəqiq dayanacağı nöqtəni müəyyən etməsi üçündü. Güzgü maşinistə, qarşısındakı siqnal işığı isə ona hansı anda dayanmalı olduğunu göstərirdi. Minmə-düşmə bitəndə işıq yaşıl olurdu və qatar tunelə, mənim kimi - Ruhleben istiqamətinə - hərəkət edirdi. Tunelin girişilə siqnal işıqları arasında yerə qalın sarı xətt çəkilmişdi, sərnişin heç zaman bu xətti keçməməli idi. Bu, qəti qadağan olunmuş zona idi. Kreuzberq istiqamətindən gələn qatarı gözləyirdim ki, birdən bu qadağan olunmuş yerlərdə kiminsə olduğunu gördüm. Beli ağrıdan bükülmüş, üzündə iztirab izləri olan bir kişi - axmaq biri - relslərin üstündə sidiyə getməyə çalışırdı. Sidiyi o qədər çətinliklə gəlirdi ki, hər damcı sanki əzabdan qopub düşürdü. Nə baş verdiyini dərk edən kimi ətrafımdakıların da bunu hiss etdiyini anladım. Birdən hamımızın içində eyni fikir oyandı, bu, bir qalmaqaldır və dərhal dayandırılmalıdır, axmaq platformaya qayıtmalı, sarı xəttin toxunulmazlığı bərpa olunmalı idi. Əgər işini bitirib sakitcə qayıtsaydı, problem olmazdı. Amma axmaq işini bitirə bilmirdi. Bu an qarşı platformada bir polis peyda oldu. O, demək olar ki, axmaqla üzbəüz idi. Qanunu pozanı sərt səslə xəbərdar etdi ki, dərhal dayansın. U-Bahn stansiyalarında iki istiqamətə gedən qatarlar bir-birindən dərin bir xəndəklə ayrılır. Bir sərnişin tərəf dəyişmək istəsə, sadəcə xəndəyə düşüb o biri platformaya keçə bilməzdi - bu, həm qadağan idi, həm də ölümcül təhlükəli. Ancaq polis də həmin qaydaya tabe idi, o da əvvəl pilləkənlərdən yuxarı qalxmalı, keçidi aşmalı, sonra bizim platformaya enməli idi. Polis qışqırdı, amma axmaq ona məhəl qoymadı. Üzü bizə tərəf çevrilmişdi, sanki rəğbət axtarırdı. Sidik damcıları relslərə düşürdü. Bu, qaydalara, nizam-intizama açıq bir təhqir idi. Axmaq polisə də güvənmişdi, bilirdi ki, polis ona vaxtında çata bilməyəcək. Polis tələsərkən, axmaq işini yarımçıq qoydu və bizim tərəfə - pilləkənə doğru - qaçmağa başladı. Bu, dəhşətli bir yarış idi. Biz susduq. Axmağın qaçışının sonu olmadığı aydın idi. Bədəninin hər yeri titrəyirdi, ayaqları onu daşımaqda çətinlik çəkirdi. Polis isə digər platformada axmaqdan fərqli olaraq iri addımlarla irəliləyirdi. Polis qanunun məcburi Xeyirxahlığını təmsil edirdi. Axmaq isə Şəri. Zaman bir anda dondu, onlar bir-birini gördü. Aralarında cəmi on metr vardı. Polis dəyənəyini əlində sıxmışdı, əzələlərində tullanmağa hazır bir gərginlik vardı. Düşündü ki, bəlkə o on metrlik xəndəyi tullanıb keçə bilər? Amma qayda qaydaydı, o tullanmalı deyildi. O on metr - körpü ola bilməyən o məkan - həmin anda mənim yaddaşımda əbədilik qazandı. Mən hələ də həmin səhnəni görürəm, uzaq platformada tələsən polis, bizim tərəfdə inildəyən, titrəyən axmaq və heç vaxt qapanmayacaq o on metr. Qatar gurultuyla içəri girəndə, polis axmağı tutsaydı belə, mənim içimdəki bilik dəyişməz qaldı. Xeyir heç vaxt Şərə çata bilmir. Hər ikisinin arasında isə ümid yoxdur. Qatar məni Ruhlebenə apardı. Amma içimdəki titrəmə, sual isə məni tərk etmədi. Bu axmaq… və bütün digər pariyalar… nə vaxt, nəhayət, üsyan edəcəklər? Və o üsyan necə olacaq? Bəlkə, qanlı, bəlkə, amansız, bəlkə dəhşətli? Bir insan digərini məhv edərkən olduğu kimi? Xeyr - deyə düşündüm - mənim təsəvvürüm başqa bir üsyanın üzərindədir. Çünki həqiqi üsyan, həmişə, bütünlükdən doğur.

Xanımlar və cənablar…

Hər bir üsyan bütövlüyə aiddir. Və mən indi qarşınızda dayanarkən, evdəki qüllə otağımda addımlarım yavaşlayarkən, bir daha Ruhleben yolundakı o U-Bahn səfəri içimdə canlanır. Stansiyalar bir-birini əvəz edir, mən isə düşmədən, həmin tunelin içindən keçib gedirəm. Artıq bilirəm, insan ləyaqəti, üsyan, mələklər və bəlkə də, hətta ümid haqqında demək istədiyimi demişəm.

# 170 dəfə oxunub

Oxşar xəbərlər

Buxarestdə Fuad İbrahimovun dirijorluğu ilə konsertlər təşkil olunub

Buxarestdə Fuad İbrahimovun dirijorluğu ilə konsertlər təşkil olunub

13:18 12 dekabr 2025
Məktublarımı tapdığını hiss etdim... - Günün mahnısı

Məktublarımı tapdığını hiss etdim... - Günün mahnısı

13:10 12 dekabr 2025
Gürcü heykəltaraş:  "“Heydər Əliyev mənimlə bağlı göstəriş vermişdi" - Müsahibə

Gürcü heykəltaraş: "“Heydər Əliyev mənimlə bağlı göstəriş vermişdi" - Müsahibə

13:05 12 dekabr 2025
İsa Həbibbəyli: "Ramiz Mehdiyevin hərəkətləri onun AMEA-nın həqiqi üzvü qalmasına imkan vermir"

İsa Həbibbəyli: "Ramiz Mehdiyevin hərəkətləri onun AMEA-nın həqiqi üzvü qalmasına imkan vermir"

12:51 12 dekabr 2025
"Kətan ağlayırdı...” - Edvard Munk hansı əsərini çəkəndə belə demişdi?

"Kətan ağlayırdı...” - Edvard Munk hansı əsərini çəkəndə belə demişdi?

12:30 12 dekabr 2025
Film çəkən əllər niyə tətik çəkdi? - Şövkət Ələkbərovanın ov tüfəngi ilə intihar edən həyat yoldaşı

Film çəkən əllər niyə tətik çəkdi? - Şövkət Ələkbərovanın ov tüfəngi ilə intihar edən həyat yoldaşı

12:05 12 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər