Kulis.az Ulucay Akifin "Dünyaya bir daha gəlsəm..." adlı yeni yazısını təqdim edir.
Bu fani dünyaya bir daha gələsi olsam (ki, belə fikrim var, əslində) və məndən soruşsalar ki, "bu həyatında nə olmaq istəyirsən?", heç düşünmədən bir cavab verərdim:
"İdman jurnalisti!"
Bəli. Nə yazıçı, nə həkim, nə prokuror, nə də adi jurnalist...
Yalnız və yalnız idman jurnalisti! Deyəcəm səbəbini. Tələsməyin.
Hələlik bunu qoyub o birinə keçim.
Bir tanışım iki gün qabaq feysbukda şəkil paylaşmışdı ki:
"Bu dünyada hamıdan çox sevdiyim adam, əmim öldü! Belim sındı, ay əmi! Mən necə özümə gələcəm?!"
Biz də feysbuk dostları kimi onun virtual ağlaşmasına qoşulub başsağlığı verir, təsəlli etməyə çalışırdıq. Açığı, mən xeyli üzülmüşdüm. Bir adamın doğmasını itirməyi və o itkisini “belim sındı” kimi ifadə etməsi məni xeyli kədərləndirmişdi.
Bu gün səhər isə görürəm ki, əmisinin ölümündən beli sınan həmin o dost İstanbuldan şəkil paylaşıb və yazıb:
"Yenə gəldik! Bekle beni İstanbul!"
İstədim dişimin dibindən çıxanı yazım şərhə. Yazım ki, “Bekləsin e, qardaş, bekləsin, sözüm yox. Amma o tərəfdə də rəhmətlik əmin bekləyir də. Bir az səmimi ol. Nə lazımdı axı layk üçün belini sındırırsan feysbukda. Bizim də ürəyimizi niyə boş yerə üzürsən, ay qəlbi daş?!"
Həəə... "Ay qəlbi daş" demişkən... Harda qalmışdıq?
Dünyaya bir daha gəlsəm (yenə vurğulamaq istəyirəm ki, belə planım var, böyük ehtimal bir daha gələcəm), mütləq və mütləq idman jurnalisti olacam.
Düzdür, ixtisasım jurnalistdir, publisistik jurnalistika ixtisası üzrə 6 illik təhsilim, iki diplomum var, dissertasiya da yazmışam, müdafiə də eləmişəm, amma mən dünyaya bir daha gəlsəm, idman jurnalisti olacam.
Çünki kef idman jurnalistlərinindi, dünya idman jurnalistlərinə gözəldir.
İdman jurnalistləri tamam başqa dünyada yaşayırlar.
Onlar bu dünyadan deyillər. Lap elə Messi kimi.
Yedikləri qabaqlarında, yemədikləri arxalarında.
Niyə belə düşünürəm?
Çünki indiyə kimi görməmişəm ki, bir Allah bəndəsi, feysbuk istifadəçisi, instagram aludəçisi, tik-tok müjdəçisi hansısa idman jurnalistinin yaxasından yapışıb desin ki:
”Ay filankəs! Filan məsələyə aid fikir bildir! Avtobusda gediş haqqı qalxıb, ondan yaz! Bütün ərzaqların qiyməti artıb, niyə dinmirsən?! Uşaqpulu niyə verilmir?! Qazilər özünü niyə yandırır?!”
Hə. Görməmişəm.
Ya da dövlətdən ev alan hansısa idman jurnalistinin üstünə hücum edən olmur ki, ”Yəqin buna evi sussun deyə veriblər!”.
Susmayıb neynəyəcək e?
Bir dənə “Neftçi”di, onun da udan günü yoxdu, şükür Allaha. Yalandan ““Neftçi” uddu!” yazmayacaq ki.
Yoxsa mən...
Bütün günü nəsə oxu, araşdır, İntibah dövrü mədəniyyətindən gir, Cənubi Amerika ədəbiyyatından çıx, klassisizmdən gir, posmoternizmdən çıx, nə qədər kitab, roman, hekayə, məqalə oxu, bütün ədəbi cərəyanlardan məlumatlı olmağa çalış, yaz, poz, yaz, poz, yaz, poz...
Bu qədər əziyyət çək ki, ortaya yaxşı bir mətn qoyasan, bizim ədəbiyyatımızda da dünya ilə ayaqlaşan bir-iki yeni mətn olsun...
Bir yazıçı dostunu çağır, mətni redaktə elə, orasını-burasını düzəlt, gecə yuxuna da yazdığın mətn girsin, çap elə, sonra ordan başqa bir yazıçı dostun yazdığını tənqid eləsin ki, "alınmayıb! zibildi"...
Feysbukda da axırıncı oxuduğu kitab "Ata yurdu", "Təbiətşünaslıq" olan bir qaşqaldaq (təhqir deyil, quş növüdür - red) da şərh yazsın ki:
"Bundan yazma e! Uşaqpulundan yaz! Uşaqpulundan nə xəbər?!"
ya nə bilim,
"Bunu mənim nənəm də yazar!"
Ay mən deyən, nənəni niyə söhbətə qatırsan? Nənə vaxtıdı? Sənin nənən niyə hekayə yazsın axı?
Belə-belə şərhlər, "fikirlər"...
Lazımdı mənə bu?
Ondansa gedib gül kimi idman jurnalisti olaram da...
"İspaniya çempion oldu", "Neftçi uduzdu", "Barselona çempion oldu", "Neftçi uduzdu", "Ronaldo yeni rekord qırdı", "Neftçi uduzdu", "Messi Amerikaya transfer oldu", "Neftçi uduzdu"...
Ay sonu da maaşını al, qoy cibinə.
Hələ xaricə-zada ezamiyyətə də göndərirlər. Gedib gəzirsən, dincəlirsən, "Neftçi"nin xaricdə uduzmağına da baxıb qayıdırsan...
Bir köpəyoğlu da səndən soruşmur ki, "Bu Neftçi yenə niyə uduzdu?!"
Baba Pünhan demiş, "Pul cibində, əlin belində gəzirsən, sənə nə?!"
Hə. Çox dərinə getməyə gərək yoxdu. Məncə, fikrimi izah edə bildim. İdman jurnalisti olursan, çəkilib durursan qıraqda rahatca.
Yoxsa mən?
O gün metroda bir nəfər basıb gözümü çıxardırdı ki, “Salfetkanın qiyməti qalxıb! Ondan yaz e! Gic-gic köşələr, hekayələr yazmaqla deyil!”
Dedim, yaxşı, ay vətəndaş, baş üstə. Razılaşmasam, qatarın altına atacaqdı məni. Birtəhər alıblar əlindən.
Hazırda “Salfetkanın qiymətinin qalxması” adlı yeni hekayə yazıram, amma ikinci dəfə bu dünyaya gələndə, mütləq, idman jurnalisti olacam.
Sağ olun.