"Hamı səni sevənlər burdadı" - Kamal Abdullanı belə təbrik etdilər

"Hamı səni sevənlər burdadı" - Kamal Abdullanı belə təbrik etdilər
4 dekabr 2023
# 13:14


Bu gün Xalq yazıçısı, akademik Kamal Abdullanın 73 yaşı tamam olur.

Kulis.az yazıçıların arzu və təbriklərini təqdim edir.



Sabir Rüstəmxanlı:

"Kamal Abdulla çox zəngin yaradıcılığı olan qələm sahiblərindəndir. Həm alim, həm akademikdir. O, Azərbaycanda Qorqudşünaslığı xeyli inkişaf etdirən, orada yeni söz deyən, demək olar, bütün ömrü boyu Dədə Qorqud boylarının araşdırması ilə məşğul olan bir təfəkkür sahibidir. Digər tərəfdən Azərbaycan dilçiliyi ilə bağlı çox maraqlı araşdırmaları var. İctimai fikrimizdə önəmli rol oynayıb. Bir müddət Prezident Aparatında işləyib. Azərbaycan filoloji elminin inkişafında mühüm rol oynayan bəzi qərarların qəbul edilməsində iştirak edib. Bütün bunlarla yanaşı o şairdir. Çox maraqlı şeirləri var.
Kamal görkəmli nasirdir. Onun nəsr əsərləri postmodernist ədəbiyyatın nümunələridir.
Mənim üçün modernizm, postmodernizm şərtidir. Əsas odur, yazıçının həyata baxışında, yazı tərzində, təhkiyəsində yenilik olsun.
O, nəsrimizə yeni ab-hava gətirsin. Kamalın nəsr əsərləri də belədir. Ona görə "Yarımçıq əlyazma" xeyli mübahisə mövzusu oldu və eyni zamanda çox tərifləndi.

Təsadüfi deyil ki, dünyanın müxtəlif dillərinə çevrilib və yayılır. Başqa nəsr əsərləri də son dərəcə maraqlıdır. Onun romanları ilə yanaşı, hekayələrinə də yüksək qiymət verirəm. Çünki Kamalın hekayələri sıradan deyil, intellektual hekayələrdir.
Kamal həm də pedaqoji fəaliyyətlə məşğul olur. Ali məktəbimizdə rektordur. Başqa rektorlardan seçilir. Kamal orada da fərqlidir. Tələbələrlə çox mehribandır, qapısı həmişə açıqdır. Orada yaradıcı adamlara yüksək qiymət verir. Hətta Universitetin nəzdində ali ədəbiyyat kurslarını əvəz edən ədəbi məktəb açıb.
Düzünü deyim ki, belə geniş ensiklopedik bilik sahibi, geniş fəaliyyət dairəsi olan alimlərimiz çox deyil. Kamal onlardan biridir. Bütün bu xidmətlərinə baxmayaraq, 73 yaşına hələ gənc gəlib çatıb. Ona həm yaradıcı, həm də pedaqoji fəaliyyətində uğurlar arzulayıram..."

Rəşad Məcid: "Yazıçılar Birliyinin yeni bölməsi fəaliyyətə başlaya bilər"

Rəşad Məcid:

"Kamal müəllimə yaxşı, xoş ovqat, sağlamlıq, bol enerji arzulayıram. Yazıb-yaratsın, bizi yeni əsərləriylə sevindirsin. Şeir ovqatı da olsun, esse yazmaq həvəsi də, roman yaratmaq gücü də.
Ürəyi istəyən, darıxmadığı dostları əhatəsindən əskik olmasın.
Səlis məntiqin soyuqluğu və qeyri-səlis məntiqin istiliyi arasında ovsun və heyrəti davam eləsin!
Doğum günü mübarək olsun!"



Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu:

"Elmlə sənətin yolları ayrılandan onları qovuşdurmağa çox cəhdlər göstərilib – dini mətnlərdə (onların da sənət əsəri olduğuna inansaq) elmi həqiqətlər axtarmaqdan tutmuş, elmi düsturlarda poetik gerçəklərin lakonik, gizli ifadəsini aşkarlamağa qədər. Bu cəhdlərin bir görüntüsü (ya bəlkə mərhələsi) XIX əsrdə Emil Zolyanın yazıçıdan, bədii əsərdən hadisələrə, xarakterlərə yanaşmada analitik təfəkkür, elmi bəsirət tələb eləməsiydisə, başqa bir görüntüsü XX əsrdə Eynşteynin ona hər bir alimdən, hətta Qaussdan da çox Dostoyevskinin təsir göstərdiyini söyləməsiydi.

Bir az da uzağa baxsaq, elmlə sənət, ədəbiyyat arasında əməkdaşlığın, müştərəkliyin çox parlaq örnəklərini maarifçilik dövründə tapa bilərik: liberal-demokratik dəyərlər üzərində bərqərar olunan modern cəmiyyətin siyasi-fəlsəfi sütunlarını Con Lokk kimi filosoflar, iqtisadi-fəlsəfi sütunlarını Adam Smit kimi alimlər, ədəbi-fəlsəfi sütunlarını Volter, Didro, Bomarşe kimi ədiblər ucaltmaqla misilsiz bir sosial harmoniyanın yaranmasına nail oldular; obrazlı desək, ən müxtəlif səslərlə, çox fərqli dillərdə danışan musiqi alətləri bir orkestrdə birləşib yeni epoxanın ruhunu heyrətamiz dəqiqliklə ifadə eləyə bildi.

Bəzi pillələrin üstündən adlayıb yaxına baxsaq, ötən yüzilin sonlarına doğru ədəbiyyat sahəsində filoloji təfəkkürlə bədii istedadı calamağa yönəlik yeni təmayülün, Kamal Abdullanın sevimli obrazından yararlanmaqla desək, ştil halından çıxıb çalxalanmağa, dalğalanmağa başladığını görərik. Sovet tənqidinin “literaturşina” adlandırdığı bu prosesi hərəkətə gətirən qüvvə, çox güman, bir yandan dünya filologiya elmində semiotika deyilən yeni bir sahənin ortaya çıxmasının, o biri yandan da Coys, Borxes kimi ədəbiyyat bilicisi olan, qəliz fəlsəfi-filoloji mətləbləri nağıl, əfsanə, rəvayət üslubunda çatdıran konkret müəlliflərin təsirinin nəticəsiydi.

Nəticədə Umberto Eko, Milorad Paviç kimi şöhrətli filologiya professorları ədəbiyyatın nəzəriyyəsiylə praktikası arasına möhkəm körpü atıb elmlə sənəti növbəti dəfə qovuşdurmaqla bədii söz sahəsində yaranmış boşluğu bir xeyli doldurdular. Yaradıcı beyinin hər iki yarımkürəsinin həm oyaqlığını, həm də sıx əməkdaşlığını istəyən bu çətin işi bizim milli ədəbiyyatımızda alim-yazıçı Kamal Abdulla gördü.

Bir zaman gəlmişdi ki, ədəbiyyatımızın köhnə dərdlərə, xəstəliklərə qoyduğu diaqnozlar yeni dövrün, yeni (yaxud da yeniləşmiş) insanın ağrılarını, bəlalarını tam görməyə, köhnə vasitələr yeni dərdlərin mənzərəsini lazımınca göstərməyə yetmirdi. Bundan ötrü yeni alətlər, yeni görmə aparatları tapılmalı, insanın konkret mərəzi konkret zamanın kontekstindən çıxarılıb, ötən minilliklərin anaxronik zamansızlığında, ümumbəşəri kontekstdə, arxetiplər aləmində tədqiq olunmalıydı. Filologiya elmimiz bu metoda az-çox yiyələnmişdi – uzağa getmədən elə Kamal Abdullanın “Gizli Dədə Qorqud”larını misal çəkə bilərik. Qalırdı həmin metodu bədii ədəbiyyata calamaq. Bu işi də Kamal müəllim hələ ötən əsrin doxsanıncı illərindən elmin fəndlərini, üsullarını bədii janrlara tanıdıb mənimsətməklə asta-asta, mərhələ-mərhələ həyata keçirirdi – əvvəlcə esselərin, şeirlərin, ardınca pyeslərin, sonra da hekayələrin, romanların diliylə.

Sonuncu mərhələyə çatanda belə təsəvvür yaranırdı ki, Kamal Abdulla elmlə sənət arasında çəkdiyi çoxtağlı körpünün o tayına daha qayıtmayacaq; yəni elmi həqiqətlər bədii sənətin suvağıyla möhkəmləndirilib ornamentləriylə bəzədiləndən sonra bu qovuşağın, bu neytral zolağın, bu körpünün elm tayına geri dönməyə daha ehtiyac qalmır. Ancaq Kamal müəllimin yenidən o başlanğıca qayıdıb ən son sualtı müşahidə qurğusuyla “Dədə Qorqud” poetikasının indiyəcən varılmayan dərinliklərinə dalması (üç kitab kimi nəzərdə tutulmuş bu silsilənin hələlik birinci cildi işıq üzü görüb) məni sözün yaxşı mənasında heyrətləndirdi. Sən demə, elmlə sənətin (eləcə də miflə tarixin, reallıqla fantaziyanın, hisslə ağılın, birunla əndərunun, Dümayla Coysun…) qovuşması birinin o birinə keçib bitməsi, birinin o birində əriyib itməsi deyilmiş, beyinin iki yarımkürəsinin, iki əlin, iki ayağın, iki gözün əməkdaşlığı sayaq fasiləsiz müştərək proses, aramsız, həm də çox ədalətli bir alvermiş.

“Qovuşaq” situasiyasının əlamətləri Kamal Abdullanın həm yaradıcılığında, həm taleyində, həm də xarakterində özünü büruzə verir. Yeni dövrün nasiri, nəsrimizdə yeni tendensiyanın banisi kimi o, meydana məhz iki əsrin, iki minilliyin kəsişməsində, elmi araşdırmayla bədii uydurmanın, macəra-detektiv üslubuyla fəlsəfi-psixoloji janrın qovuşağında (Dümayla Coys arasında) yazdığı “Yarımçıq əlyazma” romanıyla girdi. Onun romanlarının, hekayələrinin, pyeslərinin, esselərinin bir çoxu aralıq situasiyasında vaqe olur, onun yazıçı kamerası adətən neytral zolaqda – paralel dünyaların həm qovuşduğu, həm toqquşduğu, həm birləşdiyi, həm ayrıldığı bir məkanda qurulur. Paralel dünyaların – o dünyayla bu dünyanın, ruhlar aləmiylə cismani aləmin, yuxuyla gerçəkliyin, reallıqla fantaziyanın, təhtəlşüurla şüurun, duyğularla ağılın, birunla əndərunun, gəncliklə ahıllığın, miflə tarixin, qədimliklə çağdaşlığın, sənətlə elmin, Dümayla Coysun…

Kamal Abdullanın ədəbi taleyini də nəsilləri qovuşduran düyün nöqtəsi saymaq olar. Hələ uşaqlığından, eləcə də sonralar ədəbiyyat aləminə ayaq açmağa başladığı dövrdən azman elm adamlarının, görkəmli sənət xadimlərinin gözü qarşısında, əhatəsində böyüyüb püxtələşib. Vaxtilə özündən otuz-qırx yaş böyük müdrik kişilərlə dostluq-doğmalıq elədiyi kimi bu gün özündən otuz-qırx yaş kiçik müdrik dostları da var. Hekayələri aşağı-yuxarı on beş-iyirmi il bundan qabaq dərc olunmağa başlamış gənc nasir Kamal Abdullanı öz ədəbi nəsildaşı saydığını deyəndə təəccüblənirsən, ancaq hesablayanda görürsən ki, aşağı-yuxarı düz deyir.

Tanıyanlar bilirlər, Kamal müəllim xasiyyətcə də iki qütbün arasında, qovuşağında qərar tutmuş adamdı: bəzən çox sərt (xüsusən iş prosesində), bəzən çox mülayim olur; nə qədər tez qəzəblənib hövsələdən çıxırsa, bir o qədər tez kövrəlib tez yumşalır. Qıraqdan baxana ünsiyyətcil görünməyə bilər, ancaq çox maraqlı, dolu, duyğulu söhbətləri var. Bir an əvvəl acıqlandığı, hətta yıxıb sürüməyə hazır olduğu adamın düşdüyü çətinlikdən bu ovqatın üstündən yel ötməmiş xəbər tutanda onun problemini yubanmadan çözməyə tələsməyi var. Bütün bunları müşahidə elədikcə bir deyimin gerçəkliyinə inanmaq istəyirsən ki, insanın taleyi elə onun xarakteridi.

Tale demişkən, xalqımıza döşündən süd verən anamız Bakıda doğulsa da, Kamal müəllimin dünyaya gəlişi iki qədim şəhərimizin, iki parlaq mədəniyyət ocağımızın – Şuşa ilə Ordubadın qovuşağında baş verib. İndi o gündən yetmiş üç keçir. Bu yetmiş üç ildə başımıza çox işlər gəlib. Bu yetmiş üç ilin üçdə birindən çoxunu Şuşasız yaşamışıq. Şükür, artıq yaman illər arxada qalmaqdadı. Bu gün yenə aralıq dövrdə – işğaldan əvvəlki dönəmlə işğaldan sonrakı dönəmin arasındakı minalanmış neytral zaman zolağında yaşayırıq. O zolağı adlayıb keçməyimiz günlərin-saatların məsələsidi.

Bundan sonra həyat başqa cür olacaq, ömrümüz təzələnəcək. Həm də hər birimizin ayrıcana yox, hamımızın birgə ömrümüz. Mən Kamal müəllimə tər istəklər, təzə diləklərlə süslənib bəzənmiş bu şərikli, ortaq ömrü doyunca yaşamağı arzulayıram..."

Nəriman Əbdülrəhmanlının yeni romanı çap olundu

Nəriman Əbdülrəhmanlı:

"Kamal Abdulla çağdaş Azərbaycan ədəbiyyatının və ümumiyyətlə, mədəmiyyətimizin aparıcı simalarından biridir. Dilçilik, nəsr, dramaturgiya, esseistikada onun öz nəfəsi, formalaşmış üslubu var. Eyni zamanda da o, ədəbiyyatımızı beynəlxalq miqyasda tanıdan qələm sahiblərindəndir. Əminəm ki, Kamal Abdulla yaradıcılığının bu yetkin çağında bizi yeni-yeni əsərlərlə sevindirəcək."

Hay-küy və hiddət” üçün sakit təqdimat - Etimad Başkeçid

Etimad Başkeçid:

"Kamal Abdulla öz yaradıcılığı və şəxsiyyətinin miqyası etibarilə böyük bir dəyərdir. Cəmiyyətdə bu, getdikcə daha aydın hiss olunmaqdadır.
BSU-da təxminən on il onunla birgə işləmişəm. Demək olar, hər gün ünsiyətdə olmuşuq. Yadımdadır, rektorun qapısının üzərində qəbul günləri və saatları yazılmışdı. Amma bu, formal xarakter daşıyırdı – istənilən müəllim və ya tələbəni günün istənilən vaxtında onunla görüşmək imkanı vardı. Əminəm ki, indi də belədir.
Onun iki populyar devizi var, bunlardan birini hər il yeni qəbul olunmuş tələbələrlə görüşdə səsləndirir – «Mən heç bir tələbəni müəllimin ayağına verməyəcəyəm, amma heç bir müəllimi də tələbənin ayağına verməyəcəyəm!». Bu, universitet mühitində öz statusundan və ya mövqeyindən sui-istifadə etməyə amadə insanları cızığında saxlamaq üçün çox təsirli vasitədir. İkinic deviz – «Dosento discimus», latıncadan tərcümədə «Öyrədərkən öyrənirəm» deməkdir. Müəllim – tələbə münasibətlərinə bir səmimiyyət və istilik qatan başqa bir deviz fikirləşib tapmaq çətindir.
Kamal Abdulla insanımıza kitab oxumaq vərdişi aşılamaq üçün təsirli bir üsul fikirləşmişdi: hər dəfə sessiya öncəsi tələbələr xüsusi təşkil olunmuş komissiyaya oxuduğu on kitab haqqında məlumat verməliydi, yalnız bundan sonra imtahana buraxılırdılar. Maraqlıdır ki, «yuxarı»lara anonim məktublar yazıb, bundan şikayətlənənlər də tapılırdı…
Kamal Abdullanın ayrı-ayrı əsərləri haqqında bir neçə yazı yazmışam. Mən onu öz estetikası olan və öz auditoriyasını formalaşdırmış fenomenal yazıçı hesab edirəm. O, belə deyək, yaradıcı kompetensiyası olan az-az sənətkarlarımızdandır. Burada müəyyən texniki vərdişlər və bacarıqlar dışındakı, nə elədiyini bilən yaradıcı insan kompetensiyadan söhbət gedir.
Usta sənətkarın yeni yaşını təbrik edirəm, ona sağlıqlı, hüzurlu ömür-gün arzulayıram..."



Seyfəddin Hüseynliyə ağır itki

Seyfəddin Hüseynli:

"Xalq yazıçısı, akademik Kamal Abdullanı doğum günü münasibətilə təbrik edir, ona möhkəm sağlamlıq, şəxsi həyatında, elmi-təşkilati və ədəbi yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayıram."

Məmmədnəsir tinində - Həmid Herisçinin yeni hekayəsi

Həmid Herisçi:

"Kamal Abdulla nəsrində Azərbaycan ədəbiyyatı yenidən öz itmiş filoloji məzmununu, mətnşünaslıq şkalasını bərpa etməyi bacardı. Razılaşaq, klassik ədəbi məktəbimizdən sonra ədəbiyyatımız “ustad-şəyird” pilləkanını da itirmişdi. Canlı klassiklərimiz ancaq öz müti oxucularının sayını artırmaq azarındaydılar. Buzu Kamal Abdulla qırdı.
Tələbələr yetişdirdi, oxucularını yox. Ağıllıydı. Bilirdi ki, əsl oxucu elə yetişdirdiyi tələbədir. Kamal Abdulla ədəbiyyatımızdakı “təhkimçilik” dövrünə nöqtə qoydu. “Kəndxuda”larını ədəbiyyatdan təqaüdə göndərdi. Bu cırtdan kəndxudalarına, kənd aşiqlərinə istefa ərizəsini könüllü imzalatdı.
Gənc nəsli 60-cıların təhkimçilik qaydalarından da məhz o azad edib. Yazıqlara ildə bir dəfə olsa belə “Yuryev günü” bağışlayıb. Mücərrəd danışmıram. Ünvanlarım dəqiqdir. Dillər Universitetindəki Yaradıcılıq kafedrası, “Simsim” saytlarını nəzərdə tuturam.
Üstüörtülü danışmıram. Ədəbiyyatımızdakı “qara falaqqanın” əli çubuqlu halal sahibiyəm. Çubuğum çoxlarının ayaq pəncəsini göynədib. Bu çubuq hələ havanı çox yaracaq.

Kamal Abdulla isə fərqli cəza tədbirlərinə əl atdı ədəbiyyatda. Tələbə yetişdirdi. Humanist oldu. Xambeybinləri kəndə göndərmədi. Əksinə ədəbiyyatımızdakı kəndləri urbanikləşdirdi.
Futuristik düşüncəlidir. Mən kimi yadplanetlilərlə curdu.
Barəmdə yazılmış yeganə xoş, layiqli cümlələrin sahibidir.
Ürəkdən təbrik edirəm.
“Qılınc və qələm və sehirli çubuq” sahibi şəxsən Həmid Herisçi sizi təbrik edir. Barənizdə qəşəng, təhlilli bir yazı yazmaq istəyərdim. İnşallah."


Şərif Ağayarın romanı Fransada çap olundu

Şərif Ağayar:

"Kamal Abdulla müasir romançılığı öyrəndiyim usta qələm admlarından biridir. Onun “Sirlərin sərgüzəşti” romanını mobil telefondan oxumuşam. Məncə, bu fakt Kamal müəllimə münasibətimi göstərən ən ciddi amildir. Onu həm də hekayəçi, esseist kimi maraqla oxuyuram. Alim kimi isə lap çoxdan tanıyır və sevirəm. Onu həm də qapısını ərklə döyə bildiyim dostum hesab edirəm. Yeni yaşı münasibəti ilə dəyərli ustadımızı, müəllimimizi ürəkdən təbrik edirəm. Ona uzun ömür və sağlamlıq arzulayıram. Qalanını özü hamımızdan yaxşı bilir."

Azərbaycanda sayı on milyon olan bir nəfər yaşayır - Aqşin Yenisey

Aqşin Yenisey:

"73 yaş bir alim, bir yazıçı üçün ustalıq dövrüdür. Kamal Abdullaya yaşının bu ustalıq dövründə asudə yaradıcılıq hücrəsi arzulayıram."

İlıq - Mübariz Örənin hekayəsi

Mübariz Örən:

"Kamal Abdulla mənim sevimli yazıçımdır. Ona görə ki, onun əsərlərində hüdudsuzluq var, ətir var, bəli, rəng var, ən əsası isə, Sirr və Sehr var. Təkcə “Kölgə” hekayəsi, zənnimcə, çağdaş dünya hekayəçiliyinin incilərindəndi; hekayədəki çözülməzlik uzun müddət oxucusunu təsirində saxlayır, kölgə kimi qarabaqara izləyir. Kamal Abdullanın cümləsində sehr var, bəli. Bəzən, elə olur, baxıram, sosial şəbəkələrdə kimsə bu cümlələrin quruluşuna, hətta hansısa sözünə irad bildirir, naqislik axtarır. Belə olanda, sadəcə, gülürəm, içimdə uğunuram. Təbiətin özü qədər orijinal özəlliyi var o mətnlərin; təbəddülatları, bəzən susqunluğu, qabarma-çəkilmələri ilə. Sirr və Sehr də öz yerində!
Doğum günündə Ustada möhkəm can sağlığı, uzun ömür arzulayıram, yaşayıb-yaratsın, bizi yeni-yeni sehrlərə qonaq eləsin..."

Qismət: "Məqsəd yaxşı əsər yazmaq yox, məşhur olmaqdırsa..." - Müsahibə

Qismət:

"Kamal Abdulla dünyada ana kitabımız “Dədə Qorqud”un bir nömrəli bilicisidir. Dəfələrlə onu “Dədə Qorqud”la bağlı danışanda müşahidə etmişəm, inanmıram kimsə bu dastanı onun qədər sevsin, onunla yaşasın, bütün varlığına hopdursun. Türkiyədə iştirak etdiyim konfranslarda, kitab yarmarkalarında tanınmış ədəbiyyat adamlarıyla, alimlərlə söhbətlərdə görmüşəm, eşitmişəm – “Dədə Qorqud”dan söhbət düşəndə, mifologiya məsələsi ortaya çıxanda Kamal Abdullaya necə ehtiram göstərirlər, onun bu dastanın tədqiqatına gətirdiyi yeniliklərə tamam ayrı yerə qoyurlar və düzünü deyim, bunu görmək həmişə içimi sonsuz fərəhlə doldurub.
Məncə, Kamal Abdullanın geniş rezonons doğuran, haqqında çoxsaylı yazılar yazılmış romanları ilə yanaşı, seçilmiş əsərlərinin IV cildində olan, ayrıca kitab kimi də çap olunmuş “Dədə Qorqud poetikasına giriş” kitabını da ciddi ədəbiyyata iddialı olan hər kəs mütləq oxumalıdır. Dünyaya “Dədə Qorqud”un kodlarından baxmaq cəsarətini göstərən bu kitab yaradıcı düşüncə üçün o qədər sonsuz imkanlar açıq ki!
Ustad Kamal Abdullaya can sağlığı, fərəhli günlər arzulayıram!"

Cavid Zeynallı: "Röya “Don Kixot”u oxusa, ona minnətdar olardım" – Müsahibə

Cavid Zeynallı:

"Kamal müəllim tez-tez belə deyir: “Könül xoşluğu arzu edirəm”. Bu alqışın, təbrikin içində hər şey var. Sağlamlıq da, ömür də, ruzi-bərəkət də. Mən Kamal müəllimi öz sözləri ilə təbrik edirəm: könlü həmişə xoş olsun. Qalan hər şey təfərrüatdır. İş qayğıları da, yazmaq narahatlığı da, darıxmaq vərdişləri də. Kamal müəllim xeyirxah və ədalətli insandır. Bu iki böyük dəyəri narahat dünyamızın gələcəyinə aparmaq üçün hələ çox yaşamalı, hələ çox nümunə olmalıdır. Ustadı təbrik edirəm!"

# 2432 dəfə oxunub

Oxşar xəbərlər

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

Dünya bilməlidi bu cinayəti - Xocalı şeirləri

12:00 26 fevral 2024
Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

Osmanlılardan gizlənən, heç vaxt evi olmayan, oğlu ilə bir məzarda basdırılan azərbaycanlı dahi

12:00 24 fevral 2024
"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

"Bu, mətn deyil, gözləntidir..." - Alpay Azərin hekayəsi haqqında

10:00 24 fevral 2024
Stress, tənhalıq, özünəqəsd...

Stress, tənhalıq, özünəqəsd...

21:00 23 fevral 2024
"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

"O gəncə de ki..." - Kamal Abdulladan Vüqar Vana cavab

14:00 23 fevral 2024
"Artıq dramatizm mətni hind kinosuna çevirir" - Hekayə müzakirəsi

"Artıq dramatizm mətni hind kinosuna çevirir" - Hekayə müzakirəsi

12:50 22 fevral 2024
#
#
# # #