Nərgiz nazim
Bir günün şeiri
Axşam düşür, şər qarışır,
Yuxular çəkilir ərşə.
Bütün günün yorğunluğu,
Düşüb yataqda təşvişə...
Xəyallarda min bir sual,
Hərdən qapqara qayğılar
Sarılanda boynumuza,
Deyirəm ki, dincliyimiz heç olmasa gecələrdə
bizdən uzaq, gen düşməyə...
İllərin ağrılarını bir gecədə biz buraxaq
Bu həyatın keçmişinə, dünəninə
Tək gecədən çıxaq sakit gümrah günə...
Zəngli saatları qurub yenə işə biz tələsək,
Səssiz, donuq baxışlarla avtobus nömrəsi gəzək...
Yerimiz pəncərə önü fikirdə bəlkə gələcək...
Beləcənə çatıb işə,
pillələri bir-bir qalxıb
otağın qapısın açaq,
Sonra keçib iş görülən boz masanın arxasına,
Bütün günün yorğunluğu yavaş-yavaş dolsun cana...
Saat olsun axşam altının yarısı
Getmək vaxtı artıq, gözümün qarası.
Saniyələr istəmsizcə ard-ardına sıralansın,
Eyni günlər, eyni anlar yenə eynən təkrarlansın...