Nolar,
gedəndə elə et ki,
gələnlər ayaq izini görməsin.
Yoxsa,
gələnlər duz basacaqlar,
ayağını basdığın yerə.
Nolar,
itəndə elə it ki,
gözün məni görməsin.
Yoxsa,
Birdə qayıdarsan
elə hey, azdığın yerə.
Nolar,
batanda elə bat ki,
dəniz səni görməsin.
Yoxsa,
mən görüm deyə,
dalğalardan dağ çəkər.
Çəkər, batdığın yerə.
Nolar,
sakit,
səssiz,
izsiz.
Get,
it,
bat.
Yoxsa...
***
Sən uşaqlığımda
itirdiyim qızsan.
Çəmənlikdə itirdim
otların arasında.
Sevgim kimi.
Bəlkə də oyuncaqlar
arasında olsaydın,
tapardım.
Tapardım səni...
Qəmim kimi.
Amma mənim heç
oyuncağım olmadı ki,
çünki oyuncağın
oyuncağı olmur, gözəl.
oyuncaqlar oynaya
bilmir.
Onlar oynadılır,
istifadə edilir,
atılır.
Atıb gedib Allah məni.
Atıb gedib.
sənin kimi...
***
İnanın səmimiyyətimə,
İndi daha çox
bir qadının tellərində
yox olmaq istəyirəm
özü də səmimi qəlbdən...
Bu məmləkətdə insanı
əzmək necədə asandı.
Qadını namus ləkəsiylə,
kişini qeyrət tikəsiylə,
Şairi sevgi kəlməsiylə...