Xəbər verdiyimiz kimi şair, esseist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu “Mədəni diplomatiya və xalqların birliyinə görə” İrpen Ədəbiyyat Mükafatına layiq görülüb.
Kulis.az-ın məlumatına görə, Babullaoğlunun namizədliyini Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev irəli sürüb.
Oktyabrın 17-də İrpen şəhərində, həm sığınacaq, eyni zamanda mədəni salon kimi fəaliyyət göstərən “Karavan-Qala /Blok-post” (“İrpenskiye Lipki “ YM) memorial məkanında mükafatların təqdimetmə mərasimi olub.
İrpen hücumlara, rus hərbi qüvvələrinin aviazərbələrinə çox ciddi şəkildə məruz qalan və
1 ay 1 gün ardıcıl hücumlara mərdliklə sinə gərən ilk forpost sayılır.
Müharibəyə qədər 200 ailənin yaşadığı “İrpenskiye Lipki “ yaşayış məntəqəsinin son sakinləri 2022-ci ilin 17 martında öz evlərini tərk ediblər.
Məhz həmin əraziyə yaxın yerdə, “Karavan-Qala /Blok-post” (“İrpenskiye Lipki “ YM) memorial məkanı yaradılıb və bu məkan Ukrayna uğrunda canından keçənlərin xatirəsini anma, xalqın bölünməzliyinin, bütövlüyünün və mərdliyinin şahidi olan bir rəmzi yerdir.
Səlim Babullaoğlu təqdimat mərasimində iştirak edə bilmədiyinə görə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri, diplomat Fərid Babayev təqdimetmə mərasimində iştirak edib və Səlim Babullaoğlunun adından mükafatı qəbul edib.