Kulis.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Nigar Babayevanın "Bir alim ömrü" yazısını təqdim edir.
Bir atam vardı ...
Məktəbdən öncəki ilk müəllimim, elmə və müəllimliyə olan eşqimin qaynağı. Onun sayəsində məktəbi, elmi və müəllim adını bir övlad məhəbbəti ilə sevdim. O, mənə təkcə bilik vermədi, o, öyrənməyi bir həyat tərzi, bir varlıq qayəsi kimi mənə əmanət etdi. Onun gözündə müəllim – şəxsiyyəti formalaşdıran bir bələdçi, oxumaq – insanın mənəvi ehtiyacı, kitab – isə biliyin ən etibarlı mənbəyi idi.
O, kitaba, elmə olan sonsuz hörməti bizə sadəcə sözlərilə deyil, yerə atılan kağıza, bir kitabın qatlanmış vərəqinə münasibət bildirməklə, bir problemin həllindəki incəlikləri göstərməklə öyrədirdi.
Atam övladlarına və tələbələrinə yalnız elm öyrətmirdi, o, bizim hər anımızı həyati dərin mənalı mesajlarla bəzəyirdi. Onun üçün həyatın özü bir laboratoriya, hər davranış bir təcrübə idi. Boş yerə axan bir su kranını sakitcə bağlamaqla təbiətə qayğını, bir ağacın, bir bitkinin gözəlliyinə diqqət çəkməklə kainatın harmoniyasını aşılayırdı. O, bizə ailənin müqəddəsliyini, böyüyə hörməti, kiçiyə qayğını, ananın və atanın yerini sözlərlə deyil, şəxsi nümunəsi ilə göstərirdi. Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq, daim oxumaq, öyrənmək və inkişaf etmək onun nəfəs qədər dəyərli, həyati prinsipləri idi.
İndi o böyük elm fədaisinin yarımçıq qalan dəftərlərini vərəqləyərkən, içimdəki o balaca qızın atasına ünvanladığı suallar hər gün, daha da çoxalır və dərinləşir: − Ata, yarımçıq məqaləni bitirmək, sənin başladığın o elm yolunu davam etdirmək üçün mənə yol göstərəcəksənmi? − Ata, səninlə yazmağa başladığımız kitabı mən necə tamamlayım?
Həyat və fəaliyyəti
Atam, Babayev Yasin Nağı oğlu 20 iyun 1948-ci ildə Ordubad şəhərində anadan olmuşdur. O, ailənin altı övladından üçüncüsü idi, atasını erkən yaşlarında itirdiyi üçün hələ orta məktəb illərində – 1962-ci ildən etibarən həm çalışmış, həm də təhsilini davam etdirmişdir. O, 1965-ci ildə orta məktəbi bitirmişdir. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirərək aspiranturaya daxil olmuş, 1978-ci ildə qeyri-üzvi kimya ixtisası üzrə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Qiyabi aspirant olduğu AMEA M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQÜKİ) 1971–1976-cı illərdə laborant, baş laborant, mühəndis vəzifələrində işləmiş, ordu sıralarında xidmət etmişdir.
Yasin Babayev 1976-cı ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmiş, 2010-cu ildə professor elmi adı almışdır. O, 1987–1989-cu illərdə universitetdə elmi-tədqiqat bölməsinin rəisi, 1990–1999-cu illərdə iki seçki kimya kafedrasının müdiri işləmiş, 1998–1999-cu illərdə ictimai əsaslarla magistratura üzrə məsul şəxs vəzifəsini icra etmişdir. Yasin Babayev 2000–2008-ci illərdə universitetin Təbiətşünaslıq fakültəsinin dekanı, daha sonra Kimya kafedrasının professoru və “Regionun inkişafı problemləri” elmi-tədqiqat laboratoriyasının müdiri vəzifələrində işləmişdir.
Universitetdə müəllimlik fəaliyyəti ilə yanaşı elmi-tədqiqat işləri ilə də fəal məşğul olan Yasin Babayev 1 ixtira, 3 patentin, 200-ə yaxın elmi işin, o cümlədən Ali məktəblər üçün 2 dərslik, 2 dərs vəsaiti, bir neçə fənn proqramı, metodik xarakterli məqalələrin müəllifidir. Respublika və beynəlxalq əhəmiyyətli bir sıra elmi konfranslarda çıxış etmiş, məqalələri yerli mətbu orqanlarında, ixtisas jurnallarında, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Türkiyədə çapdan çıxmışdır.
Elmi-tədqiqat işlərinin nəticəsi olaraq Y.N.Babayev 2005-ci ilin oktyabrında AMEA KQÜKİ-də qeyri-üzvi kimya ixtisası üzrə dissertasiya müdafiə edərək kimya üzrə elmlər doktoru alimlik dərəcəsini almışdır. O, elmi-pedaqoji kadrların hazırlanması üçün bilik və bacarığını heç vaxt əsirgəməmişdir. Onun elmi rəhbər olduğu dissertant və doktorantlardan ikisi dissertasiya müdafiə edərək fəlsəfə doktoru diplomunu almışdır.
Qeyri-üzvi materialşünaslıq, yarımkeçiricilər kimyası, evtektik çevrilmələr, regionun təbii sərvətləri, onlardan səmərəli istifadə Y.N.Babayevin məşğul olduğu əsas tədqiqat sahələridir.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurası 2006-cı ildəki elmi nailiyyətlərinə görə Y.N.Babayevə texniki və təbiət elmləri üzrə “İlin alimi” fəxri adını vermişdir. O, Azərbaycan Respublikası müəllimlərinin XIII qurultayının (2008-ci il) nümayəndəsi olmuşdur. Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar müəllimi (2007-ci il) fəxri adına layiq görülmüşdür.
Atam həmişə deyərdi ki, “məqsədə gedən yolun əsas açarı nəinki istedad, həm də iradə və davamlılıqdır.” Onun düşüncəsinə görə, “istedad bizə bəxş olunan bir qabiliyyət idisə, iradə – həmin qabiliyyəti dözümlülük və zəhmətlə cilalamaq, çətinliklər qarşısında sınmamaq idi.” Bu yüksək idealları o, bizə sözlərlə deyil, gündəlik həyat nümunəsi ilə aşılayırdı. Müəllimə, şagirdə, kitaba ümumiyyətlə canlı və cansız aləmə bu cür prinsipial yanaşması bizim həyatımızda dərin izlər buraxmışdır.
“Kitaba hörmətsizlik etmisən...”
İbtidai sinifdə oxuyurdum. Atam mənə hədiyyə olaraq bir kitab almışdı. Özü əvvəlcə oxumuş, yanımda kitab haqqında çox yüksək fikirlər söyləmişdi. “Mən də oxuya bilərəm?” – deyə soruşanda “Mütləq oxumalısan, çox maraqlıdır" – cavabını vermişdi. Həqiqətən də, qızıldərililərdən bəhs edən bu kitab oxuduğum ilk roman idi və məni ovsunlamışdı.
Bir gün axşam oxuduğum kitabı axtardım, lakin tapa bilmədim. Evdə hər kəsdən soruşdum, kitabdan heç kimin xəbəri yox idi. Sonda atama müraciət etdim: “Ata, kitabın ən maraqlı yerində qalmışam, amma tapa bilmirəm, oxuyum.” Atam sakitcə cavab verdi: “Kitabı mən götürmüşəm və sənə verməyəcəyəm.” Təəccüblə soruşdum: “Niyə? Axı kitabı hələ bitirməmişəm!” O, isə ciddi bir tonla: “Sən kitaba qarşı hörmətsizlik etmisən, ona görə də verə bilmərəm” – dedi. “Axı, ata, bu cansız əşyadır, ona necə hörmət edim?” – deyə etiraz etdim.
Atam davam etdi: “Kitabı yerdən tapmışam. Oxuyub kitabın vərəqini qatlayıb, yerə atmısan. Kitabın vərəqini qatlamazlar, yerə də atmazlar. Bunlar kitaba qarşı hörmətsizlikdir!”
Ardınca əlavə etdi: “Kitab sənə bilik verirsə, səni olduğun yerdən irəli aparırsa, ona hörmət etmək sənin mənəvi borcundur.” Sonra masanın üzərindən bir A4 vərəqi götürüb səliqə ilə qatladı, kənarını maili kəsərək kitabın arasına qoydu və mənə uzatdı: “Al, indi get davam et.” Üzündən öpüb kitabımı götürdüm və yanından uzaqlaşdım.
Sonralar anladım ki, atam bizə mütaliəni sevdirmək üçün qəsdən belə davranırdı. Kitabı alır, özü oxuyur, məzmununu elə maraqla təsvir edirdi ki, biz də dözməyib “Necə maraqlıdır, ver, biz də oxuyaq.” deyirdik. O, hər zaman deyərdi: “Övladlarınızı necə görmək istəyirsinizsə, əvvəlcə o davranışı özünüz göstərməlisiniz. Şəxsən nümayiş etdirmədiyiniz bir davranışı kimsədən tələb etməyə haqqınız yoxdur.”
Heç “3” də verməzdim…
Kimya fənnini yeni öyrənməyə başlamışdıq və mən bu fənni heç sevmirdim. Nəticədə, rüblük qiymətim “4” oldu. Atam evə gəlib rüblük qiymətlərimə baxanda sual verdi: “Qızım, kimyadan niyə “4” almısan?”. Dedim: “Zənubər verib, məni gözü götürmür”. Atamın ilk sualı belə oldu: “Müəllim dedin yoruldun?” Atamın eynəyinin altından xüsusi bir baxmağı vardı, o baxışı görəndə insan istəyir ki, yer yarılsın, yerə girsin. Həmin an dilim topuq vurmağa başladı. Atam: “Dəftərini gətir, baxım”– dedi. Gətirdim. Dəftərdəki səliqəsizliyə, xüsusilə də arxa səhifələrdəki qaralamalara irad tutdu: “Sənin dəftərin sənin beyninin güzgüsüdür, səliqəli olmalıdır!” Susurdum, səsim çıxmırdı, çünki bilirdim, hələ mövzu bitməyib, ardı gələcək. Atam sual verməyə başladı, cavablarım ya yox idi, ya da səhv idi. Sonda soyuqqanlılıqla dedi: “Sən haqlısan, Zənubər müəllim çox səhv edib sənə “4” verib. Mənim sənin kimi tələbəm olsaydı, heç “3” də verməzdim. Sonra bir neçə mövzunu özü mənə izah etdi. Fənni anlamağa, atamın “kimya dünyasını” sevməyə başladım. O qədər sevdim ki, bu gün də kimya sahəsində fəaliyyətimi davam etdirirəm.
“Heç utanmayacaqsan?”
Universiteti fərqlənmə diplomu ilə bitirib, Naxçıvan MR İslam Səfərli adına 1 saylı tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyətə başladım. Məktəbi, işimi və şagirdlərimi çox sevirdim, dərslərimə atamın həmişə vurğuladığı kimi, böyük məsuliyyətlə yanaşırdım. Bir gün Sahilə adlı şagirdim sual verdi. Ətraflı izah etsəm də, cavabım onu qane etmədi və fikrimlə razılaşmadı. Mən öz izahımın doğruluğuna əmin olsam da, təcrübəmin azlığı şagirdi inandırmağıma mane oldu. Digər şagirdlərin gözündə gördüyüm inamsızlıq və güvənsizlik məni ciddi şəkildə sarsıtdı. Düşünürdüm ki, Sahilə bilərəkdən inadlaşır və məqsədi məni sinif qarşısında alçaltmaqdır. Çox pərt olmuşdum, haqlı olduğum halda, haqsız vəziyyətə düşməyin ağırlığını yaşayırdım. Dərsdən sonra atamla görüşəndə baş verən hadisəni – öz “möhtəşəm” izahımı, Sahilənin inadkarlığını və növbəti dərsdə onu necə utandırıb, qiymət yazmayacağımı böyük bir həvəslə danışdım. Atam heç sözümü kəsmədən, diqqətlə qulaq asdı. Prosesi dərindən analiz etdiyini gözlərindən oxuyurdum. Sonda susqunluğunu yalnız bu sualla pozdu:
– Heç utanmayacaqsan?
Mənim əsl pedaqoji fəaliyyətim məhz bu sualla başladı.
Bu sualın üstündən 25 il keçməsinə baxmayaraq, müəyyən gərginləşdiyim situasiyalarda, səbrimin tükəndiyi, içimdəki canavarın çıxmağa hazırlaşdığı anda atamın sualı və üzündəki həmin ifadə gözümün qarşısına gəlir.
Atam canlı məktəb idi, onun baxışı da, duruşu da, susqunluğu da, danışmağı da, yerində danışdığı hekayələr də bizim dərslərimizdi. “İnsana kömək etmək, insanın insanlıq borcudur.” – deyirdi həmişə.
Ancaq getdi, arxasında gözü yaşlı ailə, minlərlə tələbə və böyük ədəbi irs qoyub getdi…
Düzgünlük, vətənpərvərlik, faydalı olmaq, ədalətlilik, ailə dəyərləri, daim öyrənmək və öyrətmək – onun həyat fəlsəfəsinin təməl prinsipləri idi. Ömrünü bu ali dəyərlərə həsr edən, öz mənəviyyatı, insanlığı ilə bizə örnək olan əziz ATAM, sən mənim ilk müəllimim, elmi rəhbərim, elmi məsləhətçim, mentorum və ən əsası, həyat yolumda ustadım idin. Sən doğulduğun gün bu fani dünyadan köçdükdən (20.06.1948 − 20.06.2025) müəyyən müddət sonra hər kəs təsəllini ailəsində tapdı, ancaq anam o təsəllini tapmadı, sarsıldı, yalnız qaldı, sənsiz…
Ruhun şad olsun! Məkanın cənnət olsun dəyərli insan!
İmaməddin Nəsiminin o ölməz misraları yadıma düşdü: “Gedən cismimdir, ruhum sizinlədir.” Bəli, ata, sənin də bu dünyadan gedən sadəcə cismin oldu, ruhun isə ailənin, övladlarının və sənin elm nurunu qəlbində daşıyan minlərlə tələbənin xatirəsində əbədi yaşayacaq.