Seyid Aynur
Snayperə tuş gəlmişəm
Xəstəyəm, dostum,
Azarlamışam yaman
Bu hər künc, hər addımı dərman qoxan,
Bağlı xəstəxana pəncərəsindən baxmaqdan,
Həyatımın hər gününü – artıq tamam 3 ilini,
Soyuqdan qorumaqdan yorulmuşam.
Bir xəbər də deyim dünən həkimlər
Yaralı göyərçin kimi titrək,
Payız yarpaqları tək saralmış,
Bir cüt yararsız ciyərimin şəklini çəkdilər.
Şəkil dedim, yadıma məktəbdə çəkdiyimiz buludlar düşdü
Topa-topa, buruq-buruq - buludlar,
Anamın hər bazar günü yuyub sərdiyi,
Məktəbli köynəyinə bənzər sırayla,
Göydən asılmış ağ buludlar
Xatırlaya bildinmi heç, yadına düşdümü, görən?!
Sənə bir şey də deməliyəm,
Əgər nə vaxtsa, kimsə sənə bu azarın səbəbinin
Siqaret olduğunu desə, inanma,
Mən heç ömrümdə bu zəhrimarı əlimə də almadım
Bu xəstəliyi siqaretdən tapmır adam
Dərddən tapır - onun, bunun, dərdindən
Müharibələri, köçkünləri, əsirləri,
Qan leysanının yuduğu səhra, çölləri,
Səngərdə düşmən snayperinə tuş gələn əsgəri,
Zibilliklərə atılmış körpələri düşünməkdən tapır, vallah
Elə o vaxtdan – düz üç ildir ki, mən, dostum, mən
Anasının qoxusunu almış körpə tək
Kor ölümün dalısınca iməklərəm...........
Giley
Əllərin soyuyub, hislərin kimi,
Duymuram əvvəlki o hərarəti
Ay zalım balası, necə biləsən?
Ruhumun sevginə əsarətini!
Gileyim bir oyun gəlməsin sənə,
Mənim ki, sinəmdə daş yox, ürəkdir
Qərq etmə qüssəyə, batırma qəmə,
Sevən könüllər yaman kövrəkdir!
Yoxsa, məhəbbəti özgə limanda,
Başqa sahillərdə qonaq etmisən
Şıltaq uşaq tək bu söz-söhbəti,
Özün çıxarmısan, özün demisən!
Möhkəm tutacağam üşüyən əli,
Sən mənə taleyin əmanətisən
De, necə unuda bilərəm səni?
Sən ki, gəncliyimin məhəbbətisən!
Simbioz
Qoşa qaşın altında,
Qara gözlər gecədir
Çoxdandır görüşmürük,
Söylə kefin necədir?
Simbioz yaşayardıq,
Əvvəllər biz ikimiz
Darıxmışam sizinçün,
Doğma “cik” və “bikimiz”
Sevgin qış günəşiydi,
Yalandan parlayardı
Hərdən meyvə verərdi,
Hərdənsə qarlayardı
Daha tövbələr etmə,
Heç aparma başımı
Pozaq bu gündən belə,
Simbioz yoldaşlığı!
Gecələri tez-tez üstünü örtən
Dolu idi sənlə boş evim
Ölülərim diri idi, lap əvvəl
Eyvanda güllərim açardı
Quşlarım vardı çil-çil
Oğlumuz da olmuşdu- adı Ümid
Dənizə gedərdik birlikdə
Sən, mən, o- üçümüz
Mavi gözlərində dənizə baxmaq
Nə gözəl mənzərə idi
Ümid qəsrlər tikərdi sahildə
Dalğaların belinə minib
O yana –bu yana çapardı
Hər şey birdən çox dəyişdi
Sən “Xəyanət” döngəsindən keçən gündən
Ölü oldu dirilərim
Eyvanda güllərim tikanlarıyla
Bağçamdakı quşları qana boyadı
Ümid qəsrdə unudulub qaldı
Mən nəğmələr yazdım
Xəyanəti hecalara, sonra notlara bölüb
Ayrıldığımız gündən narahatam-
Gecələri tez-tez üstünü örtən
İndi varmı gündüzləri sirdaşın?
Gördüm səni illər sonra......
Günahkar saçqıranlar
Sən adlı ünvana çatım deyə
Uzatdım saçlarımı
Əvvəlcə düşmən qayçılarla başladı müharibəm
Qırıq-qırıq etdim
Atdım uzağa ….
Bir o qədər də yaxınıma
Evin sən olmayan küncünə
Uzadırdım saçlarımı
Sən başqasını sevənə
Əlimdən quş olub uçana
Qəlbimdən ruh olub köçənə qədər
Dedim daha hörüklər bağlamayacam
Gecələr hər tük üçün ağlamayacam
Bir insan kimi əsir
Fərd kimi kəsr olmayacam
Bir yandan da.....
Saçqıranlar doğradılar tellərimi
Kəsdilər sən adlı ünvana yolumu
İndi qayçılarla dostam
Səni içimdə öldürmək üçün
Al qırmızı lentlərlə boğuram ruhumu
Hər gün daha çox nifrət edirəm
Sən adlı ünvana yol axtaran
Neçə -neçə saçlarını uzadanlara