30 il ruhi xəstəxanada həbs olunan dahi qadın

30 il ruhi xəstəxanada həbs olunan dahi qadın
3 dekabr 2014
# 11:55

Kamilla Klodel 1864-cü ildə Fransada bank işçisi Lui Prosper və dindar Luisa Atanisinin ailəsində doğulub. Ailənin ikinci övladı olan Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, onları evə gətirdiyi üçün anasının tənqidi ilə üzləşirdi.

Kamilla böyüdükcə heykəllərə marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrdə Fransada qadın rəssam və heykəltəraşlar az olduğundan Kamillanın ailəsi qızlarının incəsənətə olan marağına əhəmiyyət vermirdi. Hələ 13 yaşında Kamilla Bismarkın, I Napoleonun heykəllərini düzəltmişdi. Qızının marağını qəbul etməyən ana Kamillanı bu işdən uzaqlaşdırmağa cəhd edir.

Ananın fikrincə, Kamilla ətrafdakı ailələrin gənc qızlarından xeyli fərqlənir və bu hal onun üçün xoşagəlməzdir. Bütün bu səbəblərdən ana ilə qızın arasında daima gərgin və emosional münasibət yaşanırdı. Anadan fərqli olaraq ailədə avtoritet fiqur olan ata qızının gilə, daşlara marağını yüksək qiymətləndirir və ona dəstək olur. Hətta bu sahədə Kamillanın daha yaxşı təhsil ala bilməsi üçün ailəsi ilə Parisə köçməyə qəti qərar verir.

Məhvedici məhəbbət

1881-ci ildə Kamilla Parisdə qız tələbələrin təhsil almasına o qədər də üstünlük verilməyən Kolarossi akademiyasına yazılır. Üç dostu ilə birlikdə kiçik emalatxana kirayələyən Kamilla bir müddət sonra dövrün ən məşhur heykəltəraşlarından biri Roden Oqyustun tələbəsi olur. Bu tanışlıq Kamillanın həyatında dönüş nöqtəsinə çevrilir. Çünki bir müddət sonra Roden Kamillanın sevgilisi, sonda isə rəqibi olur.

Roden Kamillanın gözqamaşdırıcı istedadından çox təsirlənir. Və birlikdə bir çox işlərə imza ata biləcəklərini düşünür. Həmin ərəfədə Roden “Cəhənnəm qapıları” adlı unudulmaz əsərini yaradır. Amma Rodenin bu əsərinin daha çox hissəsinin Kamilla ilə birlikdə hazırlamışdı. Ona görə bu uğurun tən yarısının Kamillaya aid olduğu dildən-dilə dolaşır. Dövrün bir çox tənqidçiləri, hətta Rodenin ən yaxşı və unudulmaz əsərlərinin məhz Kamilla ilə birlikdə olduğu müddətdə yarandığını dilə gətirməkdən də çəkinmirlər.

İçi qızıl qadın

1890-cı illərdə Kamilla artıq öz əsərləri ilə məşhurluq qazanmışdı. O, öz məşhurluğunun və içindəki potensialın fərqinə varırdı.

Lakin, Rodenlə birlıkdə yaşamasını ailəsi ona bağışlamır. İlk öncə anası, daha sonra digər ailə üzvləri ondan üz çevirir. Ailəsinin dəstəyini itirən Kamilla daha bir itki ilə üz-üzə qalır. O, Rodendən hamilə qalsa da, bilinməyən qəzada uşağını itirir. Bu itkinin ardından o, çoxlu uşaq heykəlləri və fiqurları düzəldir.

Bir müddət keçir. Kamilla artıq yaradıcılığına Rodenin qanadları altında davam etmək istəmir. Azad ruhlu, heç kimdən asılı olmağı sevməyən Kamilla ilə Roden arasında qısqanclıq davaları baş verir. Bu səbəbdən Kamilla Rodendən ayrılıb təkbaşına davam etmək qərarına gəlir.

Amma ayrılıq Kamilla üçün o qədər asan olmur. Rodenlə olduğu müddətdə “Vals”, “Ölüm vaxtı”, “İtmiş tanrı”, “Zəvzək qadınlar”, “Sakuntala” kimi ən yaxşı əsərlərini yaratsa da, ayrılıqdan sonra onun heykəlləri gözəl və canlı görsənsələr belə o qədər heyranlıq doğurmur.

Hətta deyilənə görə həmin illərdə heç bir heykəltəraş heykəllərə Kamilla qədər can verməyi, daşı onun qədər hiss edərək yonmağı bacarmayıb.

Sonralar Roden Kamilla haqqında deyirdi: “Ona qızılı harda tapa biləcəyini söylədim. Amma tapdığı qızıl onun öz içərisindəydi.”

Düşməncəsinə münasibət

Kamilla ailəsindəki kişilərdən nə qədər dəstək görürdüsə, qadınlardan o qədər pis, alçaldıcı münasibət görürdü. Anası və bacısı bacardıqları qədər ondan uzaq durmağa çalışırlar. Atası və qardaşı onun sənətin hörmət edib sahib çıxırlar. Atası həyatdan köçdükdən sonra qardaşı diplomatik işləri ilə əlaqədar Şərqə işləməyə gedir.

O, 1898-ci ildən sonrakı zamanlarda həm qadın sənətçi kimi yaşadığı sıxıntılar, həm də şəxsi həyatındakı fırtınalı hadisələr ucbatından ruh düşkünlüyünə yuvarlanır. Maddi sıxıntılar içərisində çabalayan Kamillanın sağlamlığında problemlər əmələ gəlir. Onda paronoik hallar yaranır. 1906-cı ildə isə onda şiddətli krizlər başlayır. Bir gün o, gecəylə öz əsərlərinin çoxunu sındırıb məhv edir. Digər qismini isə çaya atır. Onun vəziyyətinin pisləşdiyini görən anası və bacısı Rodenin köməkliyi ilə Kamillanı ruhi xəstəxanaya yatırdırlar.

Amansız tənhalıq

Bir sənət adamına ediləcək ən böyük pislik məhz Kamillaya edilir. Xəstəxanada olduğu müddətdə dəfələrlə həkimlərdən palçıq və gil istəsə də onun bu arzusu qətiyyətlə rədd edilir. Onun tək istəyi evlərinə qayıdıb heykəl hazırlamaq olur. Kamillanın bu istəyini həkimi dəfələrlə onun anasına və bacısına desə də, onlar bu arzuya saymazyana yanaşır. Beş ildən bir onu ziyarətə gələn qardaşına yazdığı məktubda Kamilla çəkdiyi əzabları dilə gətirir:

“Ruhi xəstəxanadayam. Evim deyə biləcəyim bir məkana belə sahib olmaq haqqım yoxdur. Bu bir qadının zülmə məruz qalması, sənətkarın isə əzilməsidir. Bilərəkdən məni qaçırdıb xəstəxanaya saldılar. Onlar mənim yaradıcılığımın sərhədlərinə yaxşı bələd idilər. Qurdların gəmirdiyi kələm kimiyəm… Bitən hər yarpağımı qoparıb çeynəyirlər. ..

Bura atıldığım neçə il oldu? Bilmirəm… Ancaq bütün həyatım boyu yaratdığım əsərlərə sahib çıxdıqdan sonra özlərinin yaşamalı olduqları həbsxana həyatını mənə yaşadırlar.

Bütün bunlar Roden deyilən o şeytanın işləridir. Onun beynində bircə qorxulu fikir vardı. Mənim ondan üstün olmağım. O, bunu bilirdi. Ona görə də məni sənətdən uzaqlaşdırıb bura saldırdı.

Bu qədər yalnız qalmaq üçün mən nə etdim? Əsarətdən çox sıxılıram. Evə heç bir zaman dönməyəcəyəmmi? Mən həyatı, eşqi və ümidi sevirdim. Mükafatsız olsalar belə…”

Həyatının ən məhsuldar illərində ruhi xəstəxanaya salınması və otuz ilini orda keçirməsi Kamilla üçün dəhşətli idi. Ən pisi isə sevdiyi sənətdən, gildən, daşlardan və heykəldən uzaq qalması idi.

Kamilla Klodel 1943-ci il 19 oktyabrda ruhi xəstəxanada vəfat edir. O, Monfavet məzarlığında dəfn olunur.

Yazıçı Henrix İbsen onun həyatından bəhs edən kitab yazıb. Kamilla Klodelin həyatından bəhs edən ilk film 1988-ci ildə rejissor Bruno Nyuitten tərəfindən ekranlaşdırılıb.

İkinci bir film isə 2014-cü ildə Bruno Dyumon tərəfindən çəkilib. Həmin filmdə Kamilla obrazını aktrisa Jülyet Binoş ifa edir.

Hazırladı: Samirə Əşrəf

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #