4360-cı Problem

4360-cı Problem
27 noyabr 2014
# 16:18

Büzüşmüş köynəyimin üstündəki ideal qırmızı nöqtə bildiyim hər şeyə əlvida deməyi təlqin edir. Pambıq köynəyin üstündə qızaran, ideal ketçup ləkəsi. Pambıq köynək üstündə qızaran, siqaret közü. Pambıq köynək üzərində qızaran, ümid tonqalı. 50 metr qabaqda şeytan çarxının maksimal hündürlüyə qalxan kabinəsindən mənə sarı uzadılan lazer şüası. Ürəyimin üstündə qızaran, lazer şüası.

Şeytan çarxının ən yüksəkdəki kabinəsindən, Barrett M82 markalı snayper tüfəngi məni hədəf alıb. Texniki xarakteristikalarına nəzər alsaq, anlamaq olar ki, XX əsrin yadigarı olan bu güllə maşınından sağ qurtarmaq şansım, bütün problemlərimin uğurlu həlli ehtimalımdan da azdır.

2 yanvar, mənim çoxlu problemlərim var...

14 kiloqram çəkisinə baxmayaraq, 508 və ya 737 millimetr lülə uzunluğuna sahib, bu ölüm mələyindən güllənin çıxış sürəti 900 m/san-dir. Yəni 3240 km/saat. Əgər nə vaxtsa ən sürətli sərnişin təyyarəsində uçmaq qərarına gəlsəniz, əmin olun ki, o sizə bu sürrət həddinin həzzini yaşada bilməyəcək. Buna bərabər ölüm ancaq, 3240 km/saat sürətlə hərəkət edən təyyarənin gözlənilmədən yerə çırpılmağı ola bilər. Ölümün gəldiyini anlamaq üçün vaxtınız olmur. Tanrı belə bu sürətlə öldürmə gücünə malik deyil. Mənim isə...

30 yanvar, mənim problemlərim həndəsi silsilə ilə artmağa davam edir. Televiziyada boşboğazlıq edənlər, mənim kimi adamlara peşəkar psixoloq məsləhəti almağı tövsiyə edir...

Mənim isə ideal nöqtədən vurulmaq üçün cəmi 4 saniyəm var. Kabinə pik nöqtədə cəmi 4 saniyə asılı qalır. İnsan yalançı qartallıq hissini cəmi 4 saniyəlik icarəyə götürür. Yalançı bulud, yalnız 4 saniyə digərlərindən daha emosional və sərbəst olur. Yalançı Tanrı, yalnız 4 saniyə özündən aşağıdakı surətlərinin təkrarına heç bir şey düşünmədən baxa bilir. Yalançı sevgililər, yalnız 4 saniyə ən romantik halda sevişə bilir. Həqiqi ölüm isə...

15 fevral, problemlərim o qədər çoxdur ki, artıq birinci və sonuncu problemimin nə olduğunu xatırlaya bilmirəm. Araşdıra bildiyim bütün psixoloqları araşdırdım. Ancaq öz problemlərimi hansı ilə bölüşə biləcəyim barədə qərara gələ bilmədim....

Mənim vəziyyətimdə həqiqi ölüm, ancaq bu 4 saniyə ərzində ideal ola bilər. Qırmızı ləkə bir az tərpənir. Görünür ki, onun yolladığı güllənin gəlməsi üçün bədənimi ideal müvazinətdə saxlamıram. Bir az dikəlirəm və bədənimdə tanıdığım bütün əzələlərimi daş kimi sıxıram ki, hətta heykəllər də mənim duruşumu qısqanır. Ölüm qabağı ideallıq. Ölüm qabağı qərarlılıq. İdeallığın süqutuna isə artıq 3 saniyə qalır...

20 mart, problemlərim o qədər çoxdur ki, bacara biləcəyim bütün intihar variantlarını analiz edirəm. Hər dəfə bir variantı qəbul edirəm, ancaq daha sonra problemlərimlə necə vidalaşacağımı tapa bilmirəm. Sonuncu günün keçirilməsi. Sonuncu əyləncələr. Sonuncu xeyir. Sonuncu şər. Ölüm kamerasına sonuncu yemək...

3 saniyə... Lazer pambıq köynəyin üzərində sürüşür və yenidən ürəyimi hədəf alır... Sonuncu geri sayım. 3...

15 aprel, intihar edən qadının sonuncu qeydlərini oxuyuram. “İntihar yeganə aktdır ki, onu özün idarə edə bilirsən. İntihardan başqa bu dünyada heç nəyi idarə etmək mümkün deyil. Hamiləliyi idarə edən dərmanlar belə fiziologiyamı idarə edə bilmirdi. İntihar isə tam olaraq mənim iradəmdən aslıdı. 4 hamiləlik və 4 abort. Dünyada kimin aborta ehtiyyacı yoxdursa, onların gözündə 4 uşaq qatiliyəm. Ancaq onların gözündəki cani obrazım, özlərinə abort lazım olan kimi, qaçınılmazı etmiş bədbaxt qadın obrazına mutasiya edəcək. 4 uşaq qatili olandan sonra, öz qatilim olmaq asan gəlir. Elə bil, kifayət qədər təcrübəyə sahibəm...

İntihara tam hazır olmaq lazımdı, ideal seksə hazırlıq kimi. Bütün təmizlik adətlərinə əməl olunmlıdır. Ən çox etmək istədiyin şeyləri mütləq etmək lazımdı. Son günlər maksimum pozitiv olmaq lazımdır ki, ölümün səni tanıyan insanlar üçün gözlənilməz şok olsun. Varlığında şok hissi keçirməyən insanlar, yoxluğunda şoka düşməyi yoxlasın. Kəndiri dola. Damarlarını kəs. Suya atıl. Transformatora toxun. Ölümcül dozanı inyeksiya et.... Fərq etməz. Buna tam hazır ol”

Bu son qeydləri dəfələrlə oxumasam da. Əvvəlki kimi, hansı üsulu seçəcəyimə və necə hazırlaşacağıma əmin deyiləm.

Luna parkın sərin mehi ətrafdakı səsləri uzaqlaşdırır. Artıq rahatlıqla xəyala dala bilərəm. Ancaq xəyala dalıb, müvazinətimi itirəcəyimdən qorxuram. Ciyərlərimə yığılan hava, öləcək bədənimə növbəti 30 saniyəni yaşamaq üçün kifayətdir. 3 saniyədən sonra öləcək bədən üçün 30 saniyəlik hava. Özümü əsl hava maqnatı kimi hiss edirəm. Elə bil insanların ciyərlərinə daxil olan havanın miqdarını mən tənzimləyirəm. Kosmik stansiyalarda oksigeni qurtaran birinin, ömrünü 27 saniyə uzadacaq qədər artıq hava mənim ciyərlərimdədi. Və o, heç kimin həyatını xilas etmək niyyətində deyil. Ölümlü üçün növbəti ölü həyat mənbəyi...

10 may, problemlərim artmaqda davam edir. Bu gün psixoloqumla ilk görüşməm oldu. Seans müddətində heç danışmadım. O, isə bu anormal halın normal olduğunu dedi və bütün seans boyu üzündəki axmaq gülüş dəyişmədi.

Barrett M82-nin dəqiq nişanalma məsafəsi 1800 metrdir. Mənimlə onun arasındakı, məsafə isə hündürlüyü də nəzərə alsaq 53 metrdən bir az artıq. Bu əsl sonluq məsafədi. Bu əsl xoşbəxtlik məsafəsidi.

14 may, problemlərimin həlli ilə bağlı hələ də heç bir addım atmamışam. Bu gün psixoloqumla 2-ci seansım oldu. Yenə bütün seans boyu o güldü, yenə bütün seans boyu mən susdum. Sonda mənə problemlərimi danışmaq istəmirəmsə, yazmağımı məsləhət gördü. Mən də yazdım. Sonra isə oxudum və anladım ki, növbəti dəfə o psixoloqa müraciət edə bilməyəcəm.

16 iyun, problemlərimin hansı vəziyyət olduğunu bilmirəm. Ancaq onları yazmağa davam edirəm. Problem miqdarı 20 səhifəni keçəndə, onların kifayət qədər çox olduğunu əyani olaraq anladım. İkinci 100 vərəqli dəftəri ləkələməyə başlayanda isə, onların heç bir psixoloqla bölüşə bilməyəcəyim qədər çox olduğunu anladım.

20 iyun, internetdə problemlərdən müvəqqəti uzaqlaşmaq üçün yüngül narkotiklərdən istifadə edə biləcəyimi oxudum.

25 iyun, problemlər sırasına biri də əlavə olundu. Narkotik alarkən polis tərəfindən saxlanıldım. Araşdırma aparıldı və mənim narkodiller olmadığım, istifadə üçün narkotikləri əldə etdiyim aydınlaşdı. Buna 2 günüm getdi və bu növbəti 15 günü dəmir qəfəsdə keçirəcəyimə əsas verdi.

İlk 4 günlük türmə həyatı, mənim üçün psixoloq seansından heç nə ilə fərqlənmədi. Mən yenə danışmırdım. 4 gündən sonra isə tapdığım cırıq bir dəftərə ucu qopan karandaşla problemlərimi yazmağa davam etdim. Yazmaq artıq mənim ehtirasıma çevrilmişdi. Əlim qələm və kağıza dəyən kimi, doğulduğum gündən bu yana yaşadığım bütün problemlər dəqiqliklə xatirəmdə canlanırdı.

Yarım avtomatik snayperin özünün uzunluğu 1450 millimetrdi. Bu dünyanın ən dəqiq ölüm mələyidir. Bu snayperlə heç Əzrayıl da yarışa bilməz. Geri sayım davam edir. 3, 2....

10 gündən sonra, hamı lal olmağım barədə yekdil qərarə gəlmişdi. Nə onlar mənə nəzər salırdı, nə də mən onlara. Biz bir-birimiz üçün mövcud deyildik.

12 gündən sonra hamı mənə “Akademik” deməyə başladı...

13-cü gün “Akedemik” “Filosofa” transformasiya oldu...

14-cü gün isə insanın ən günahkar hissi olan maraq baş qaldırdı. Əvvəlcə hamı bir-bir, yanıma yaxınlaşıb nəsə oxumağa çalışdı. Deyəsən heç biri heç nə görə bilmədi. Ona görə də gəlib, yanıma oturmağa başladılar. Mən isə əks tərəfə çevrilib, yazmağa davam etdim. Ətrafımdakı adamların sayı 6 nəfəri keçəndə və artıq çevrilməyə heç bir istiqamət qalmayanda, mən dəftəri örtüb, insan beynin bütün kirli fikirlərindən qaralmış yastığın altına soxmaq istədim. Ancaq mümkün deyildi. Yastığın üstündə zolaqlı şalvarla əhatələnmiş, baş barmaq hissəsi cırılmış corabla örtülü bir cüt ayaq oturmuşdu. Ayaqların sahibinə baxmağa cürət etmədim. Dəftəri gizlətmək üçün o yan, bu yana çırpınmağa başladım. Ancaq alınmadı. Dəftəri heç nə demədən məndən aldılar. Mən də sakitcə yerimdə oturdum...

Burnuma qorxu qoxusu gəlir. Bunun kimin qorxusu olduğunu bilmirəm. Bəlkə də mənim qorxumdu, bəlkə də yox. Dəfələrlə intihar haqqında fikirləşsəm də, hər dəfə tam hazır olmadığım fikrinə gəlib, bundan əl çəkmişdim. Bəlkə də mənə heç hazırlaşmaq lazım deyildi. Bəlkə də o qadın səhv düşünürdü. İdeal ölüm üçün heç də ideal hazırlıq lazım deyil. Bəlkə də, lazım olan hazırlıqsız halda ölümə yaxalanmaqdı.

İnsan bədənin ən gözəl xüsusiyyəti onun proqramlaşdırılmasıdı. Ancaq o, xoşbəxtlik üçün proqramlaşdırılmayıb. Bədənimiz, çoxalmaq üçün, ovlanmaq üçün, öləcəyimiz ana qədər yaşamağımız üçün proqramlaşdırılıb. Doğulduğumuz andan sonra gedə biləcəyimiz ən uzaq məsafə ölümdü. Deyəsən doğumumun ən uzaq məsafəsindəyəm. Doğuluşun əks qütbü. Həyat hipetonuzu...

11 iyun, həbsxanadakı 14-cü günün davamı... Dəftəri əlinə alan, saqqallı və üzündə etdiyi bütün pis əməllərdən xatirə kimi, qırış saxlayan kişi təsadüfən açılan vərəqə göz gəzdirdi. Təəccübləndi və yenidən bütün vərəqi bir də oxudu.

Bu həmin kişi idi, onu şalvarından və hər iki tayında havalandırma dəliyi olan corablarından tanıdım.

Növbəti vərəqi açdı. Sonra ilk səhifəni açdı. Hamısını bir-bir oxudu. Sonra sağ əlini oxuduğu 15-ci səhifənin üstünə qoyub, mənə dedi:

- Düzdü mən nə psixoloqam, nə də psixoterapevt. Heç əslində bu ikisinin nə pox olduğunu da bilmirəm. Bəlkə də eyni şeydi.

- Hacı, fərqlidi. Biri dərman da yaza bilir. – Otağın o biri küncündən cılız səs eşidildi.

Hacı, səs gələn tərəfə heç baxmadı. Sadəcə susdu. Bu isə hamıya nəfəs belə almadan, sakitcə qulaq asmaq üçün siqnal oldu. O, isə təkrar elədi:

- Bilmirəm. Bəlkə də eyni şeydi. Amma onu dəqiq bilirəm ki, sən axmaqsan. Ya da düşünmədən yazırsan. Öz yazdıqlarını özün də oxumursan.

Mən danışmasam da baxışımın, ona ünvanlanmış anlaşılmazlıq nişanəsi olduğu aydın idi.

- Mən bilirəm ki, sən danışa bilirsən. Elə, burda da yazmısan. Dayan...- Ortancıl barmağını dili ilə isladıb, bir neçə vərəq qabağa çevirdi. Daha doğrusu, 8-ci vərəqə.

- Görün nə yazıb. “Problem № 4311. 10 may. Bu gün ilk dəfə psixoloqumla görüşdüm və bir saatlıq seans ərzində danışa bilmədim. Mənim öz problemlərimi başqaları ilə bölüşə bilməmək problemim var.”

Və mən bütün bu problemləri əzbər bilirəm. İndiyə qədər yaza bildiyim, lənətə gəlmiş 4358 problemi əzbər bilirəm.

- Sən axmaqsan qardaşım. Növbəti problemə baxın. “Problem №4312. Həmişə evə qayıtdığım yolda 2 həftə əvvəl dişi it balalamışdı. O, mənim gəldiyimi görüb, üstümə hücum çəkmişdi. Mən itlərdən çox qorxuram və bunu 114№-li problemimdə qeyd etmişəm. Ancaq bu dişi iti həmin küçədə görəndən, yolumu uzadıb, evə başqa yolla gəlirəm. İndi isə həmin küçədən keçib, itin hələ də orda olub, olmaması öyrənmək mənim üçün problemə çevrilib.”

Və mən bunu da əzbər bilirəm. Çünki bu, hələ də real problemlər sırasındadır.

- “Problem №4314. 13 may. Bu tarixdə yeni ayaqqabı almışdım. Evə gətirib, geyinəndə gördüm ki, ayaqqabının sol tayı, sağa nisbətən ayağımı çox sıxır. Çıxarıb, diqqətlə ölçülərinə baxdım. Sol 42, sağ isə 43 idi. Mənim ayağımın ölçüsü isə 43-dü. Ayaqqabını qaytarmağa cürət etmədim. Elə də geyindim. Hələ də sol ayağım ağrıyır. Geyinməyə isə başqa ayaqqabım yoxdu.”

- Gedin ayaqqabılarını gətirin, görüm.-Hacı burda əsl diktator idi.

Yanıma yaxınlaşan kimi, hər ikisini də ayağımdan çıxarıb, üstümə gələn çəlimsiz məhbusa uzatdım.

- Bax sən hələ buna. Ə, bu doğurdan da düz yazıb. Qardaşım, sən dəlisən. Ayaqqabını problem eləməkdənsə, gedib dəyişərdin də. Mən sənin kimi axmağını hələ görməmişəm.- deyib güldü. Bütün kamera da ona qoşuldu.

- Bura gic-gic problemlərlə doludu. “Problem №4314. 14 may. Psixoloqla ikinci dəfə görüşdüm və yenə danışa bilmədim...”

-“Problem №4315. Problemlərimin bir neçəsəni yazdım və anladım ki, bunları heç kimə deyə bilmərəm...”

- “Problem №4316. Hər gün səhər 7:15 - 7:23 arasında yataq otağımın pəncərəsi ilə üzbə-üz çinar ağacına bir quş qonur və oxuyur. Hər gün bu radələrdə yata bilmirəm.”

- “Problem №4317. Qonşumun kiçik oğlu, hər dəfə zibili qapıma qoyur və onların da zibilini mən atmalı oluram.”

- “Problem №4318. Qonşumun kiçik oğlunun qoyduğu zibillər bəzən iylənir və iy bütün bloka yayılır. Onda qonşular çıxıb, məni söyməyə başlayır. Mən isə heç nə demirəm.”

- “Problem №4319. Son 3 aydır, yuxularıma Barret M82 markalı snayper tüfəngi girir. Hər dəfə yuxudan qorxu içində oyanıram.”

Beləcə onlar, 4358-ci problemə qədər oxuyub gülüşdülər. Mən isə yatdım...

Qorxu qoxusu öz yerini, əyləncə qoxusuna verir. Bütün əzələlərim, asma körpülərin polad kəndirləri kimi bərkiyib və artıq ağrımağa başlayır. Məktəbin 10-cu sinifində oxuyanda bütün oğlalar hansısa qızı sevirdi. Mən isə, Leyla adlı qızın qırmızı güllü donunu sevirdim. Hamı elə bilirdi ki, Leylanı sevirəm, ancaq belə deyildi. Mən həmişə pəncərədən həyətə baxıb, onun donunun havada necə yellənməsini, qırmızı rəngin günəş şualarını necə udmasını və qaçan zaman donun təlatümlə necə yellənməsini izləməyi sevirdim. Yay tətilində isə hər həftə parka gedib, donun dəniz mehini qucaqlamasını seyr edirdim. Bütün oğlanların sevgisi mənimkindən fərqli olaraq daha sabit idi. Çünki havalar soyuyanda bütün qızlar yenə də öz yerlərində qalmışdı, qırmızı güllü don isə ümumiyyətlə yox olmuşdu. Yazda artıq Leyla o qədər böyümüşdü ki, qırmızı güllü don onun bədənini örtə bilmirdi.

İndi gözlərimi yumanda əyləncə qoxan, qırmızı güllü don xəyallarımı oxşayır. Geri sayım davam edir... 2, 1...

15-ci gün. Yuxudan ancaq səhər oyandım. Ayaqqabım çarpayımın yanında, dəftərim isə onun üstündə idi. Mənə qarşı olan maraq ölmüşdü. Yenə görünməz olmuşdum. Heç kim baxmırdı. Qalxıb əl-üzümü yudum. Bu gün azadlığa çıxmalı idim. Ancaq bu mübahisəli məsələ idi. Mənim üçün çöldəki həyatımla burdakı arasında fərq yox idi. Əgər burda qəfəsdə idimsə, deməli çöldə də həbs həyatı yaşayırdım. Yatağım tərəfə qayıdanda, Hacı məni çağırdı.

- Bura gəl, qardaşım.

Sakitcə yaxınlaşdım.

- Sən Həcinin, sözünə qulaq as. Hər şeyi problem eliyib, onu ora-bura yazma. Sən kişisən. Hər şeyi birdəfəlik həll elə! –dayanıb mənə baxdı- Daha get! Sənə deyəcəklərim bunlar idi.

Getdim və Hacının dediklərini düşündüm. “Sən kişisən. Hər şeyi birdəfəlik həll elə!”

2 saat sonra məni buraxdılar. Mən isə hələ də təkrar edirdim:

- “Sən kişisən. Hər şeyi birdəfəlik həll elə!”

- “Sən kişisən. Hər şeyi birdəfəlik həll elə!”

- “Sən kişisən. Hər şeyi birdəfəlik həll elə!”

Bir neçə təkrardan sonra, daha dəqiq desəm, 118 təkrardan sonra, bir anda anladım. Hər şeyi həll etmək üçün ideal zaman məhz indidi.

12 iyun. Həbsxanadan çıxdığım gün. Luna parka getdiyim gün. Lazerin mənim köynəyimlə oynaşdığı gün.

Bura sadəcə şeytan çarxının ən yüksək mərtəbəsinə, saxta tanrılıq mərtəbəsinə qalxıb, qırmızı güllü donu son dəfə beynimdə canlandırıb, sonra da özümü ordan aşağı atacaqdım. Hacının dediyi kimi, hər şeyə birdəfəlik son qoyacaqdım. Həyat hipetonuzum axır ki, ölüm katetinə toxunacaqdı. Proqramımın sonuncu kodu işə düşüb, sistemimi əbədi söndürəcəkdi. Amma, həyat mənə sürpriz bəxş etdi. Barrett M82. Lazer optik nişangahı ilə təchiz olunmuş, ölüm mələyi. Əzrayılın əzəli rəqibi. 20-ci əsrin yadigarı olan, güllə maşını.

Burda dayanıb sonuncu saniyəmi qırmızı dona bağışlayıram. İdeal atışın başlaması və bitməsi üçün sonuncu 1 saniyə. Növbəti 1 saniyə bir daha olmayacaq. “Musculus latissimus dorsi” deyilən bel əzələlirim artıq bacardığı son həddə gərilib. Beynimdə ancaq iki şey canlanır. Qırmızı güllü don və atom saatının geri sayım lövhəsi. 1 saniyə, Seziyum-133 atomunun şüalanma periodunun 9 192 631 770 misli. Artıq ondan da az.

Geri sayım... 1, 0..

Lazım olan müddətdən daha artıq dayandığımı hiss edirəm. Ancaq heç nə baş vermir. Növbəti saniyələrdə baş verəcək qeyri-ideal ölüm də artıq problem deyil. Ona görə gözlərimi açmıram. Qırmızı güllü donun necə incəliklə yuyulmasını düşünürəm. Necə tikilməsini. Necə ütülənməsini. Necə paltar dolabına qoyulmasını. Bütün bunları yüksək dəqiqliklə, təkrar-təkrar düşünürəm.

Bel ağrsına dözə bilmirəm. Bədənimi boşaldıram. Gözlərimi asta-asta açıram və ilk olaraq köynəyimdəki ləkəni axtarıram. Lazer şüası öz yerindədi, ancaq tərpənir. Şeytan çarxının təpəsindəki, qırmızı kabin çoxdan yerə çatıb. Mən öz qatilimi və xilaskarımı axtarıram. Kütlənin içindən işığın mənbəyinə fokuslanmaq istəyirəm, ancaq lazer gözümə zillənir. Bir müddət gözümü qırpmadan baxıram, ancaq bir neçə saniyə sonra sağ gözüm sulanır. Əvvəl sağ gözümü, sonra hər ikisini yumuram. Kipriklərimi aralayanda, işıq aşağından mənə baxır. Təəccüblənməyə çalışıram ancaq alınmır.

4317 və 4318 №-li problemlərimin səbəbkarı qarşımda dayanıb. Lazer yenidən gözümə tuşlanır. Geri çəkilirəm. Qonşumun kiçik oğlu. Bu qədər kütlənin içində, məni tapması və mənim bu qədər vaxt ərzində sırf intihara hazırlaşdığım günü hədəf seçməsi məni özümdən çıxarır. Qaşlarımı düyünləyib, ona baxıram. Hər an əlindəki lazeri alıb, burnunun dibinə kimi soxa bilərm ki, bir də heç kimin işinə o poxlu burnunu soxmasın. Bir neçə saniyəlik sakit baxışmanı o, pozur.

- Nədi? Nə baxırsan? Problem var?

Sakitcə üzümü çevirirəm və deyirəm:

- Hə var. 4359-cu problem.

- Axmaq əmi, eşdirsən? Neçə gündü qapını döyürdüm cavab vermirdin – başımı çiyimin üstündən çevirib, ona baxıram. – Aşağı məhlə it küçükləmişdi. Evdəkilər icazə vermədi, mən də hamısını gətirib, sənin evinə qoydum. Narahat olma, özüm yemliyərəm.

- Bəs açar?

- Sən ehtiyat açarı həmişə qapının qabağındakı, qırıq kafelin arasına soxursan. Eşidirsən, Axmaq əmi? Atama bir kəlmə də demə. Anasını da evə qoymuşam, o özü mən olmayanda yemləyəcək.

Yenidən heykəlləri qısqandırıram.

- Nə axmaq kimi baxırsan? Problem var?

Başımı çevirib, harasa gedirəm.

- Aha. 4360-cı problem.

Uzaqdan səsi yenə eşidilir:

- Axmaq əmi! Zibilləri də at, bütün blok iylənir...

# 2236 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #