Rövşən İsax: “Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmdir ki?” MÜSAHİBƏ

Rövşən İsax: “Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmdir ki?” MÜSAHİBƏ
17 fevral 2014
# 15:47

Kulis.Az rejissor Rövşən İsaxın APA-ya müsahibəsini təqdim edir.

- Rövşən bəy, hazırda quruluş verdiyiniz “Sonuncu fəsil” serialının nümayişi davam edir. İşlər nə yerdədir?

- İşlər normal şəkildə davam edir. Bütün kollektiv iş başındadır və növbəti seriyaların çəkilişinə hazırlaşırıq. Hazırkı serialdan əvvəl nümayiş olunan “Pərvanələrin rəqsi”nin çəkiliş və montaj prosesində sol gözümdə çox ciddi problem yarandı. Gürcüstanda həkim dedi, hökmən əməliyyat olunmalıdır. Həmin ərəfədə “Sonuncu fəsil”in hazırlığı gedirdi. ATV-nin rəhbəri Vüqar Qaradağlıya təklif etdim ki, serialın yayımına oktyabrdan yox, dekabrdan başlayaq. Vüqar müəllimlə isti münasibətimiz, dostluğumuz var. Onun ərklə “sən gecikdirsən, mən serialı kimdən alacam?” deməsi elə bil əl-ayağımı bağladı. Serialın efirə çıxmağına 15 gün qalmış çəkilişlərə başladıq. İlk seriyaları çəkəndə məkanların çoxu bizə məlum deyildi. Əslində əməliyyata getməzdən əvvəl serialın aktyor heyətini təxminən toplamışdım. Ay yarımdan sonra müalicədən qayıdanda gördüm ki, aktrisa və aktyorların çoxu başqa seriallara çəkilirlər. Mənim qaydam belədir: çəkdiyim serialda oynayan aktyor başqasında rol ala bilməz. Əgər həmin aktyor teatr tamaşasına, bədii filmə təklif alırsa, ona şərait yaradıram. Amma serial üçün bu qadağandır.

- Deməli, aktyorlara verdiyiniz qonorar belə “radikal” qərarlar qəbul etməyinizə imkan verir...

- Mən heç vaxt inanmaram ki, sözün bütün mənalarında mənim aktyor üçün yaratdığım şəraiti kimsə yaradar. Bunu tam əminliklə deyirəm! Bura yaxşı qonorardan tutmuş, aktyorların evə çatdırılmağına qədər hər şey daxildir. Məsələn, çəkiliş gecə üçdə-dörddə bitirsə, xidməti maşın yaşlı qadınları, cavan qızları qapılarının ağzına qədər aparır. Yayın istisində sərin su hökmən olur, hər vaxt çay verilir, çəkiliş nahar və şam vaxtına düşürsə, iki nəfər aşpaz yaradıcı heyətin yeməyini hazırlayır. Yəni peraşki və kolbasa çörəklə özümüzü aldatmırıq. Demək bir az pis çıxmasın, yeri gəlib, bölüşmək istəyirəm: bizim çəkiliş meydançasında yarpaq və badımcan dolması da bişib. Hətta aktyorlardan biri piti istədi, ona piti bişirtdirdim. Aktyor özünü rol üçün tam hazır bilənədək məşq etməyinə şərait yaradıram ki, özünü suda balıq kimi hiss etsin. Söz yox, mən Avropada olan qədər qonorar verə bilmirəm, amma kifayət qədər normal qonorarımız var.

- Kifayət qədər normal qonorarın məbləğini soruşsam, deyəcəksiniz ki, sirdir...

- Bəli, sirdir! Bizdə bir aktyorun aldığı qonorarın məbləğini o biri aktyor bilmir. Bircə onu deyə bilərəm ki, baş rolla digər rolları oynayan aktyorların qonorar fərqi böyükdür. Elə aktyorlar var, onlar günəmuzd çəkilirlər. Məsələn, 50 manat alan da olur, 20 manat alan da.

- Seriallar prezidentin ayırdığı pulla çəkilir. Əgər ortada bəlli məbləğ varsa və bu gizlədilmirsə, rejissorun, yaxud televiziyanın bunu açıqlamamasını nə ilə izah etmək olar?

- Dünyanın heç yerində rəsmi açıqlanmır ki, serialın büdcəsi filan qədərdir. Türkiyədə çəkilən bir azərbaycanlı aktyor var, bir neçə serialda rol alıb. Ondan öyrənmişdim ki, adını sizin və mənim eşitmədiyimiz adi serialın bir seriyasının çəkilməsi 200-250 min dollara başa gəlir. O ki qaldı ayrılan pula, “Sonuncu fəsil” serialı prezidentin ayırdığı pulla çəkilmir. Bu, ATV telekanalının müstəqil serial layihəsidir. Əslində bizim serialın maliyyəsi o qədər böyük deyil ki, bu, söz-söhbətə səbəb olsun. Türkiyədə çəkilən iki seriyanın puluna Azərbaycanda 80-90 seriyalıq serial çəkmək olar. Amma sizə səmimi bir etiraf edim: hələ bilmək olmaz ki, biz 250 min dollara bir seriya çəkməyə layiq rejissorlarıq, ya yox.

- “Pərvanələrin rəqsi”ndə çəkdiyiniz aktyorların əksəri yeni serialda da rol alıblar. İrad bildirən olmayıb ki, Rövşən İsax əsas rolları ancaq öz dostlarına verir...

- Əvvəla, bizim İlqar Cahangirlə tələbəlikdə salam-kalamdan başqa münasibətimiz olmayıb. Biz İlqarla “Pərvanələrin rəqsi”ndə dostlaşmışıq. Şövqi Hüseynovla “Aktrisa” filmində yaxından tanış olmuşam. Şövqi plastilin kimi aktyordur. Ondan qəhrəman rolu da almaq olar, dünyanın ən axırıncı adamının obrazını da yarada bilər. “Pərvanələrin rəqsi”ndə mənim Elxan Abbasov və Rauf Şahsuvarovdan başqa dostum olmayıb. Əgər Ramiz Novruzu nəzərdə tutursunuzsa, biz dost ola bilmərik. Çünki onunla sizlə danışıram, müəllim deyirəm, nə olsun ki, mən rejissoram, o aktyordur, çəkilişdə deyirəm, Ramiz müəllim, xətrinizə dəymirsə, bəlkə bu səhnəni başqa cür edək?! Mən necə qanıramsa, elə yaşayıram və əslində norma belə də olmalıdır. Kəsə desəm, o qənaət səhvdir ki, mən dost-tanışımı çəkirəm. Aktyor heyəti arasında mənim tələbələrim də var. Kimsə deyə bilməz ki, filankəsi filan səbəbə görə çəkmisən. Xeyr! İstedadı və məsuliyyəti olan aktyoru rolda görürəmsə, bunun adına dostbazlıq-qohumbazlıq deyirlər bilmirəm, bəli, o adamlara rol verirəm! Hətta sizə deyim, “Pərvanələrin rəqsi”ndə çəkdiyim bir neçə aktyor vardı, ikincidə çəkə bilmədim deyə, gözüm arxalarında qaldı. Çox istərdim, onları da dəvət edim, amma alınmadı - nə etmək olar?!

- Serial çəkən rejissorun canında həmişə reytinq qorxusu olub...

- Yox, sinəmə döyə bilmərəm ki, reytinq qorxum yoxdur. Canımda reytinq qorxusu olmasa, montaj elədiyim səhnəni təzədən niyə çəkərəm?! Hər dəfə belə olanda fikirləşirəm ki, bəlkə özüm-özümü aldadıram? Bəzən öz-özümə danışıram: yox, Rövşən, sən öz istədiyini yox, camaatın istədiyini çəkməlisən. Nə qədər ki serial çəkəcəyəm, bu qorxu mənim canımdan çıxmayacaq.

- “Kiçik leytenant” və “Aktrisa” filmlərindən sonra iki dalbadal serial çəkmək gücünüzü və enerjinizi tükəndirməyib? Yəni demək istəyirəm, bədii film çəkmək Rövşən İsax üçün daha ciddi iş deyilmi?

- (Uzun sükut) Bədii film üçün burnumun ucu göynəyir. Amma onun qərarını mən vermirəm axı! Nə vaxtsa özləri çağırıb təklif etsələr, bu başqa məsələ. Dəqiq bildiyim bir şey var: heç kimin qapısında boynumu büküb dilənməyəcəyəm ki, mənə film verin. Hər halda, Mədəniyyət və Turizm Nazirliyi mənə bir film verib və “Aktrisa” haqqında eşitdiyim rəylərin az qala hamısı yaxşı olub. ATV və “Space” kanallarında yayımlandı. Telefonumu açanda 100-dən çox zəng, 80-ə yaxın SMS gəlmişdi. Hətta Rusiyadan və Ukraynadan tanımadığım adamlar zəng vurdular. Bir nəfərə deyirəm, qardaş, məni haradan tanıyırsınız, telefon nömrəmi kimdən aldınız? Deyir, internetdən oxudum ki, Gəncədən - bizim yerlisiniz, evimizə zəng elədim, sənin nömrəni Gəncə teatrından aldılar.

- Belə başa düşdüm ki, nazirlik sizə film vermir...

- Özümdən razı danışmağı xoşlamıram. Ən pis ehtimalla bunu deyə bilərəm: rejissor kimi yararsız deyiləm. Başım çıxmır, deyəsən, kino çəkmək üçün elə parametrlər var, mənim ondan xəbərim yoxdur. Görünür, film almaq üçün adam nəsə eləməlidir, onu mən bilmirəm. Kinostudiyanın direktoru Müşfiq Hətəmov mənim tələbə yoldaşımdır. Bir gün dedi ki, hamı gəlib təkliflər verir, sən də bir mövzu gətir. Dedim, İlqar Fəhminin “Aktrisa” povesti var, beş ildir onun üstündə işləyirəm, çəksəm, onu çəkəcəyəm. Mənə çatmır ki, bizdə belə şeylər var: hə, Həsən, al sən bu ssenarini işləyəcəksən. Həsənin əlindəki ssenarini də alıb mənə verirlər ki, Rövşən, al, bunu da sən çəkəcəksən. Dedim, mən belə film işləyə bilmərəm. Ssenarini verəndən sonra qəbul olundu, İlqar Fəhmi ilə tanış oldum və filmə başladıq. Povestlə film arasında çox ciddi fərqlər var. Mən də rejissor kimi öz yozumumu verdim. Mən o adamla işləyərəm ki, film üçün ac olsun! Başqa hansı parametrlər lazımdır, mən onu bilmirəm. Soruşsanız ehtimalınız nədir, onu da bilmirəm. O nədirsə, lazımsız şeydir. Lazımlı olsaydı, xəbərim olardı. Açıq deyim, film üçün məndən pul istəməyiblər, mən də heç kimə pul verməmişəm. Deyiblər, sən yaxşı film çəkməyə çalış, mən də nəyi bacarmışam, onu çəkmişəm. Bildiyim bircə şey var: “Aktrisa” “brak” deyil. Ən azı bunu çəkən adama ikinci filmi verməyə dəyər. Bəlkə fikirləşirlər ki, bu, bizi sayıb gəlib-getmir? Film çəkmək üçün gedib nazirliyin qapısının ağzında yatmalıyammı? Gedib-gəlməyə, əlaqə saxlamağa mənim vaxtım yoxdur. Çünki evdə üç uşaq böyüdürəm, onların çörəkpulunu qazanmaq üçün gecə-gündüz işləyirəm. Qoltuğumda ssenari, qapı ağzında boyun bükə bilmərəm.

- Serialı uşağınızın çörəkpuluna görə çəkirsiniz?

- Niyə, qardaş? Spilberqdən böyük rejissor olacağam? O da serial çəkir! Mənə sabah desələr, multfilm çək, özümü orda görsəm, gedib çəkəcəyəm. Mən serial çəkəndə də ləzzət alıram. Üstəgəl, dolanışığım da oradan çıxır. Məsələn, kolxoz həyatından nəsə çəkə bilmərəm, çünki özümü orda görmürəm. Payız gəldi, yarpaqlar tökülür-filan... Məsələn, televiziyalarda kino mövzusunda yaxşı debat edərəm, çünki yaralı yerimdir. Amma mən televiziya rejissoru deyiləm.

- Azərbaycan kinosunda yaralı yeriniz nədir?

- Deyir, dəvədən soruşdular ki, boynun niyə əyridir, dedi, haram düzdü? Bilirsiniz, kinoya cavabdeh olan adamlar nə mənim sözümə diqqət yetirəcəklər, nə də dediklərim nəyisə dəyişəcək. Ona görə yalandan danışıb niyə özümü yorum? Kino sahəsində bu işə aidiyyəti olan adamlar işləməlidirlər, vəssalam!

- İşləmirlər?

- Xeyr! “Aktrisa”ya baxmısınız, ona görə konkret səhnə ilə misal çəkirəm: filmdə yazıçının “notebook”u bağlayıb getdiyi yer var, təsvir sürətlə bir-birini əvəz edir. Məlum olur, qəhrəman yalnız getmək haqqında düşünür, bu səhnəni özlüyündə canlandırır. Mədəniyyət və Turizm Nazirliyindən Cəmil Fərəcov zəng vurdu ki, Rövşən bəy, sizin filmdə “skaçok” var. Yəni səhnələr atlanır. Dedim, ay Allah, kişi sərrafdır, görəsən, mənim gözümdən nə yayınıb? Gəlib baxıram ki, həmin səhnələri deyir. Necə yəni yeddi “Skaçok”? Mən koram ki, onları görməyəm?

- Son çəkilən filmlər haqqında konkret fikirlərinizi bilmək istərdim...

- Mən Elxan Cəfərovun çəkdiyi filmlərə baxıram. Onun işlərinə baxanda, ürəklə demək olur ki, bəli, bu adam rejissordur. Üslubu var, yanaşması maraqlıdır, peşəkardır və s. Son vaxtlar dərnək səviyyəsində bədii filmlər çəkilir. Axıra qədər baxa bildiyim Elxanın “Dolu” və “Əlavə təsir” filmləridir. Yerdə qalanlara baxmaq istəmişəm, alınmayıb. Allah haqqı, baxa bilməmişəm! Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmdir? Eldar müəllimdən çox-çox üzr istəyirəm, o, film çəkəndə mən stolun altında “soska” yeyirdim. Amma bunu deməyə bilmərəm. Bəzən rejissorlar özləri gətirib filmi veriblər ki, buna bax. Bir dəfə, iki dəfə, üç dəfə... Baxa bilməmişəm. Bizim kinoda düşüncə qocalığı problemi var. Biz iki nəfər əl-ələ verib gedək ki, film çəkmək istəyirik, amma dədə-baba qaydası ilə yox, baba-dədə qaydası ilə işləyəcəyik. Deyəcəklər, yox, çıx get, bizə dədə-baba qaydası lazımdır. “Aktrisa”nın ssenarisini nazirliyə verəndə 1200 kadr idi. Dedilər, get bunu 400-450 kadr elə, dədə-babadan belə görmüşük. Amerikada 90 dəqiqəlik film təxminən 1600 kadrdır.

- Hansı mövzuda bədii film çəkmək istəyirsiniz?

- Yaxşı bir Azərbaycan kişisi haqqında çəkmək istəyirəm. Təklif gözləmirəm, amma bəlkə də gələcəkdə yazıb ssenarini nazirliyə verdim. Bilmirəm, bu gələcəyin işidir. Amma Türkiyədən təklif gəlib, bəlkə yazıb ora göndərdim. Türklər çəksə, Azərbaycan kişisi haqqında film olmayacaq. Yəqin adını dəyişib Mehmet edəcəklər. İmkan olsa, böyük məmnuniyyətlə bədii film çəkərəm. Rejissor dostum Vüqar Əmirova deyirəm, yaşımızın elə vaxtıdır, başımız da yaxşı işləyir, fiziki imkanlarımız da yerindədir. Bir azdan sonra bəlkə başımız yaxşı işləməyəcək, bəlkə sağlamlığımız yerində olmayacaq?!

- Son sual: çağdaş Azərbaycan film siyasətini üç cümlə ilə necə xarakterizə edərsiniz?

- Yerində saymaq yaxşıdır, müasir Azərbaycan kinosu yerində yatır! Bəs elədi?!

# 3269 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #