IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir

IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında Azərbaycanı Ulucay Akif təmsil edir
13 oktyabr 2026
# 15:00

Moldovanın paytaxtı Kişineu şəhərində keçirilən IV Beynəlxalq “Quadrat” Nəsr Festivalında ( Festivalul Internațional de Proză „Quadrat”) ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində festivalın əsas nəşri sayılan “Quadrat” jurnalının xüsusi antologiya nömrəsində yazıçının “Nərgiz” hekayəsi rumın dilində oxuculara təqdim olunub.

15–18 oktyabr tarixlərində təşkil olunan mötəbər ədəbi forum Moldova Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Kişineu “Mihai Eminescu” Mədəniyyət İnstitutu, Yaş Bələdiyyəsi, eləcə də Moldovanın Yazılı Mədəniyyət Fondunun dəstəyi ilə baş tutur. Festivalın direktoru tanınmış moldovalı yazıçı Nikole Spetarudur. Festivala dəstək olan şəxslərdən biri də həmyerlimiz tanınmış ictimai xadim, iş adamı Vüqar Novruzovdur.

Rumındilli ədəbi xəritədə xüsusi çəkiyə malik olan Beynəlxalq “Quadrat” Nəsr Festivalı ilk dəfə 2018-ci ilin noyabrında Moldova Yazıçılar İttifaqı və Mədəniyyət Fondunun təşəbbüsü ilə təsis olunub. Ölkədə müasir roman və hekayə janrının inkişafını, xarici ədəbi mühitlərlə birbaşa əlaqələri təşviq etmək məqsədi daşıyan layihə ilk buraxılışından etibarən beynəlxalq status qazanıb.

Festivalın fəlsəfəsi onun adında gizlənib. Təşkilat komitəsinin rəhbəri Nikolaye Spatarunun qeyd etdiyi kimi, “Quadrat” yalnız həndəsi dördbucaqlı fiqur deyil, həm də dörd fərqli tərəfin, müxtəlif istiqamət və dünyagörüşlərinin kəsişdiyi ədəbi görüş məkanıdır. Sərhədləri darmadağın edən ədəbiyyat bu dördbucağın içindən çıxaraq xalqlar və mədəniyyətlər arasında möhkəm körpülər qurur.

Festivalın ən mühüm özəlliklərindən biri hər buraxılış üçün nəsr və təsviri visual sənəti birləşdirən mötəbər “Quadrat” jurnal-antologiyasının nəşr olunmasıdır. Ənənəyə görə, jurnala dəvət olunmuş qonaq yazıçıların yeni və ya məşhur əsərləri, həmçinin seçilmiş bir rəssamın heykəltaraşlıq və vizual sənət əsərləri daxil edilir. Builki dördüncü buraxılışın („Forța probantă” antologiyası) bədii kompozisiyası tanınmış usta, heykəltaraş Valentin Vırtosunun monumental silsilə işləri ilə zənginləşdirilib.

Festival üçün nəşr olunmuş sözügedən antologiyada Ulucay Akifin geniş yaradıcılıq yolunu əks etdirən bioqrafik oçerk və onun “Nərgiz” hekayəsi Nikole Spetarunun rumın dilinə tərcüməsində təqdim olunub.



Hekayə maraqlı metanarrativ quruluşu ilə diqqət çəkir. Əsər uzun fasilədən sonra yenidən kompüter arxasına keçən və "ağ word səhifəsi" qarşısında yaradıcılıq xofu yaşayan bir yazıçının süjeti ilə başlayır. Qəhrəmanın yaratdığı personaj – Elnur həyat yoldaşı Nərgizin telefonuna gələn xəyanət görüntülərindən sonra dərin psixoloji sarsıntı keçirir. Hekayə boyu həm ailə dramı, həm də yazı prosesinin özü paralel inkişaf edir. Süjetin kulminasiya nöqtəsində isə yazıçının öz gerçək həyatı ilə kağıza köçürdüyü qəhrəmanın taleyi – evə gətirilən nərgiz gülləri motivi üzərindən gözlənilməz və sarsıdıcı sonluqla birləşir.

Müasir insanın daxili böhranını, münasibətlərdəki yadlaşmanı və sosial medianın yaratdığı dağıdıcı travmanı çılpaqlığı ilə göstərən əsər antologiyanın nəsr bölməsində ilk sıralarda təqdim edilib.


Dörd gün davam edəcək festival zəngin ictimai-mədəni proqramı ilə seçilir. Belə ki, 15 oktyabrda Kişineudakı Rumın Ədəbiyyatı Klassikləri Xiyabanında abidələrin ziyarəti ilə festivalın təntənəli açılışı keçiriləcək. Moldova Milli Kitabxanasında “Quadrat” jurnalının təqdimatı və beynəlxalq kitab imza mərasimi baş tutacaq. Həmin gün yazarlar “Müasir nəsr: ənənə və eksperiment arasında” mövzusunda elmi-ədəbi simpoziumda məruzələrlə çıxış edəcəklər.

16 oktyabr tarixində isə festival iştirakçıları Kişineunun aparıcı lisey və universitetlərində tələbə və müəllim heyəti ilə “ədəbi desant” formatında görüşlər keçirəcəklər. B.P. Hasdeu adına Bələdiyyə Kitabxanasında çağdaş dövrün ən aktual mövzularından biri olan “Süni intellekt (AI) şəraitində ədəbi tərcümə” adlı dəyirmi masa təşkil olunacaq. Axşam isə festivalın mükafatlandırma mərasimi baş tutacaq.

Oktyabrın 17-də qonaqlar Kişineu və ətraf bölgələrin tarixi-mədəni məkanları ilə yaxından tanış olacaqlar.
Tədbirdə Azərbaycanla yanaşı Türkiyə (Aykut Ərtoğrul, Ömər Məhmətoğlu), Ukrayna (Volodimir Danilenko), Rumıniya (Luçian Dan Teodoroviç, Aurel Maria Baros, Simona Modreanu), Macarıstan (Attila F. Balaj), Slovakiya (Zuzana Kuqlerova), Şimali Makedoniya (Aleksandar Prokopiyev), İtaliya (Lilia Biçek-Zanardelli) və İspaniyadan (Xesus del Serro) olan ədəbiyyat xadimləri iştirak edirlər.

Qeyd edək ki, IV Beynəlxalq “Quadrat” Festivalında tanınmış azərbaycanlı şair, tərcüməçi, TÜRKSOY Yazarlar Birliyinin sədr müavini Səlim Babullaoğlu festivalın fəxri qonağı qismində iştirak edir. Festival ərəfəsində şairin antologiyanın «Lirik-Up» bölməsində anasına ithaf etdiyi və böyük poetik kədərlə qələmə aldığı məşhur “Noyabr gündəliyi” uzun şeiri rumın dilində yer alıb.

Proqrama əsasən, oktyabrın 16-da Kişineu mərkəzi kitabxanasında Səlim Babullaoğlunun rumın dilində nəşr olunan “Rumin vaziari” kitabının da rəsmi təqdimat mərasimi keçiriləcək.

# 149 dəfə oxunub

Oxşar xəbərlər

İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

İngiltərə kilsənin sirrini həll etmək üçün ictimaiyyətdən kömək istədi

15:30 13 oktyabr 2026
Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

Bu dil Azərbaycanda ilk dəfə tədris olunacaq

14:55 13 oktyabr 2026
Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur reper xəstəxanaya yerləşdirildi - Səbəb

14:30 13 oktyabr 2026
Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

Mütəfəkkir baxışlarının fonunda "Xəmsə" səhifələri - "Nizami Gəncəvinin portreti"

14:00 13 oktyabr 2026
Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

Bir yandan İran, bir yandan Türkiyə: Azərbaycanın daxili işlərinə qarışılır

13:25 13 oktyabr 2026
Yeni elmi-texniki kitab nəşr olundu

Yeni elmi-texniki kitab nəşr olundu

13:15 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər