Qardaşının arvadını yoldan çıxarmaq istedadı...TEATRDAN REPORTAJ

Qardaşının arvadını yoldan çıxarmaq istedadı...TEATRDAN REPORTAJ
28 noyabr 2014
# 15:00

Adı həməncə teatrla assosiasiya olunan Uilyam Şekspirin 450 illik yubileyinə bizim teatrların hədiyyəsi nə olacaq? Hədiyyə verməyə nə var, iş orasındadır ki, Şekspir həqiqətən də teatr üçün “olum, ya ölüm?” sualıdır. Yəni, özündən deyən bir dramatik teatr məhz onun əsərlərin quruluşları ilə qabındakını bəlli edə bilər; ilin günün bu vaxtı əlinə kəllə alıb pafosla “Olum, ya ölüm?” deyib fəlsəfi-fəlsəfi var-gəl etməklə tamaşaçıları aldada bilməzsən. Bu söhbətlər çoxdan bitib. İndi teatr “olum, ya ölüm?” sualını birinci özünə verməlidir. Hələ bundan da əvvəl bu sualı özünə vermək cəsarəti olmalıdır.

Budur, Gənc Tamaşaçılar Teatrı Şekspirə müraciət edib. Bir cavab alıbmı? Hələ bəlli deyil. Çünki teatrda dramaturqun “III Riçard” faciəsi hələ məşq prosesindədir.

***

Məşqi izləmək üçün ilk növbədə teatrın direktoru Mübariz müəllimdən icazə alıram. Hərçənd, məşqə jurnalisti buraxmamaq həm də və daha çox rejissorun ixtiyarındadır. İstəməzsə buraxmaz. Hər iki ixtiyar sahibi ürəyiaçıqlıqla “Əlbəttə, buyur gəl” deyir. Xidməti girişdə bir balaca gözləyirəm və bu vaxt divardakı teatr elanlarını oxuyuram. Sırf vərdişdi. Uşaqlıqda bizi küncə qoyub cəzalandıranda boyası qopmuş divara yapışdırılmış qəzetləri, oradakı ən dəxlisiz elan xəbərlərini də beləcə bekarçılıqdan oxuyurdum. Adətən, belə məqamlarda adam qəribə uyğunsuz, hətta gülməli cümlələrə rast gəlir. Burada da elə olur: stendə vurulmuş teleqramda Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət aktrisa Almaz Mustafayevanı doğum günü münasibətilə təbrik edir, ona xoş arzularını çatdırır. Burada qəribə nə var? Əlbəttə, heç nə. Teatrdan iki küçə aralıda yerləşən İttifaq niyə Almaz xanımı teleqramla təbrik edir? Poçt şöbəsi hətta 4 küçə o tərəfdədir. Təsəvvür edin ki, Siz İttifaqdan çıxıb, teatrın lap yanından keçib iki küçə də qabağa gedir, poçtxanaya girib, teatra təbrik teleqramı vurursunuz. İnşallah, bu, anlamadığım bir rəsmiyyət-etiketdir, amma nə edəsən, həm də gülməlidir. Ya da sədr teatr adamlarının yumor hissini yoxlayır...

***

Uzaqlaşmayaq, qayıdaq “III Riçard”a. Tamaşa dövlət sifarişi ilə deyil, bunu teatr öz imkanları hesabına edəcək. Bu o deməkdir ki, tamaşa qənaətcil olmalıdı. Eyib etməz. Tamaşaya quruluş verən Cənnət Səlimova minimum imkanlarla işləməyə vərdiş edib, dəbdəbə həvəskarı deyil. Əsas budur ki, qəlb boş olmasın. Cənnət xanım həqiqətin pis iyindən, kasıb, bomj görkəmindən iyrənənlərdən, utananlardan deyil əsla. O, bir-iki texniki məsələ barədə göstəriş verəndən sonra səhnədən düşüb rejissor mizinin arxasında oturur. Tamaşanın rəssamı Elşən Sərxanoğlu bir kənarda dayanıb məşqi izləyir, lazım olduqca qeydlər edir. Hələ ki dekorlar və geyimlər hazırlanmayıb. Səhnədəki isə “Ağ ölüm” tamaşasından qalan dekordur…

Tanış olaq: III Riçard zalımlığı, cinayətləri ilə məşhur olan ingilis kralıdır. Bu tarixi şəxsiyyət Şekspirin “III Riçard” pyesinin qəhrəmanı olmaqla bərabər “VI Henrix” pyesində də iştirak edir. Riçard taxt-tacla arasında dayanan heç kimə rəhm etmir, ən doğmaları belə öldürtdürür. Şekspir əsərini Tomas Morun “Tarix” əsərinə əsaslanaraq yazıb. Hərçənd, lap bu yaxınlarda ortaya çıxan faktlara görə məlum olub ki, Riçard heç də pyesdə yazıldığı kimi qozbel və “qolu iflic” olmayıb. Bu, sadəcə dramaturqun zalım və qəddar qəhrəmanın obrazını dolğunlaşdırmaq üçün istifadə etdiyi cizgilərdir. Və əlbəttə ki, bunu o araşdırmaçılar elə-belə demir: Bu müddət ərzində onlar III Riçardın məzarını tapıb sümüklərini belə tədqiq ediblər, hətta o məşhur kəllənin şəklini belə çəkib mediaya göndəriblər. Amma təzə tapılan həqiqətlər, araşdırmalar III Riçardın zalım obrazını, cinayətlərinin üstünü örtə bilmir. Pyesdə deyildiyi kimi “tökdüyü qanlar onu al rəngə boyayıb”.

***

Gənc Tamaşaçılar Teatrında III Riçardı aktyor Şövqi Hüseynov məşq edir. Cənnət xanım III Riçardı buqələmun kimi cilddən-cildə salır – o, gah Stalin, gah Beriya, gah don Juan (Riçardın qardaşı arvadı Annanı yoldan çıxarmaq istedadı dillərdə gəzib), gah Hitler kimi səhnəyə çıxır. Bütün obrazları əlbəttə ki, görmürəm. Pyesin final səhnələri işlənir:

Gözünü qan tutmuş III Riçard həlledici döyüşdən qabaq yuxuya gedir. Yuxusunda öz qurbanlarını, qanını tökdürdüyü, öldürdüyü adamları görür. Onlar dörd bir tərəfdən onun üstünə gəlir, lənətləyirlər.

Cənnət xanım kölgələri oynayan aktyorların kabus klişesindən çıxmasını istəyir:

- Mən istəyirəm ki, bu bayquş ulartısı musiqisinin temporitminə düşməyəsiz, əksinə, daha canlı olasınız. Siz ruhsuz, amma intiqam hissi ilə onun yuxusuna gəlmisiniz. Bu intiqam enerjisi hiss olunmalıdır.

Eyni hissəni bir neçə dəfə məşq edirlər. Çətin alınır. Hamını bir fikrə cəmləmək, bir havaya salmaq asan deyil. Üstəlik aktyorlar da bir deyil, bütün fikrini tamaşaya qoyan da var- çünki baş qəhrəmanı oynayır, candərdi oynayan var – çünki rolu ona Riçardın yaşadıqlarının yanında kiçik görünür, sözü olmadığına görə inciyən də var, kulisə çəkilib qayğılarını bölüşən də. Yəqin ki, tanrıdan sabahkı döyüşə görə uğur istəyən Riçmond kulisdə aktyorun “140 manat” la bağlı qayğılarını eşitsə, məşhur lətifədəki kimi edərdi: ona bu məbləği artıqlaması ilə verər, tanrının zamanını belə xırda məsələlər üçün almamasını da tapşırardı. Amma hərənin dərdi özünə dəvədir. Bir də, necə olur, kulisdəki aktyor özünü kralın yerinə qoymağa cəhd edir, amma kral özünü 140 manatın dərdini çəkən aktyorun yerində təsəvvür etməyi düşünmür?

***

Rejissoru “III Rİçard” maraqlandırır. Gah aktyorları ruhlandırır, gah tənqid edir, gah da könlünü alır. Eyni səhnəni 3-cü dəfə izləyəndən sonra situasiyanı yenidən izah edir:

- Bütün tamaşanın cövhəri bu səhnədir. Müəllif demək istəyir ki, bax, Riçard, öldürdüyün adamlar buradadır. Sənin yox etməyə çalışdığın, aradan götürdüyün adamlar yox olmayıb, onlar sənin boğazından yapışacaq. Bax, əclafın biri, sən elə bilirdin tanrı yoxdur, amma o var. Heç kəs də heç hara yoxa çıxmır… Bir də başlayaq, xahiş edirəm diqqətli olun.

Səhnə bir də oynanılır. Rejissor aktyorlara təşəkkür edib məşqin bitdiyini elan edir. Amma aktyor Şövqi Hüseynovla məsələ bitməyib. İkilikdə söhbət başlayır. Cənnət xanım özünə xas emosionallıqla aktyora iradlarını deyir:

- Şövqi…. Riçard həyəcanlıdı, gərgindi... Bu onun daxili ritmidir. Sənsə bunu tələskənlik kimi oynayırsan…

Şövqi:

- Cənnət xanım, axı Riçard günahlarını dərk edəndən, ona qurtuluş olmadığını biləndən sonra dayanmalıdır, o isə qan tökməyə davam edir. Onda belə çıxır ki, ya o dərk etməyib, ya da…

Cənnət xanım:

- Qulaq as, Riçard ayılandan sonra özünü itirir. Deyir ki, onu lənətləyiblər. Amma köməkçisi Redklif onu sakitləşdirəndə, onda reallıq hissi yaranır: Mən-kral hansısa Redklifin qarşısında özümü zəif göstərirəm? Hətta bu yerdə o, onu sakitləşdirən Redklifə acıqlana da bilər “Yerini bil, itin biri” mənasında…

Riçard tanrıya müharibə elan etmiş adamdır, o necə dayana bilər?

Oxuculara pyesin finalını xatırlatmaq istəyirəm: (“III Riçard” bu yaxınlaradək Azərbaycan dilinə tərcümə olunmamışdı, bu günlərdə pyesi dilimizə aktyor Şövqi Hüseynov və Dilsuz çevirib) Finalda Riçard məğlub olur, o, tək qalır və boş meydanda ölülərin arası ilə qaça-qaça at arabası istəyir: “Taxt tacımı bir at üçün verirəm” deyə bağıra-bağıra… Riçard bu atla bu dünyadan, günahlarından, özündən qaçmaq istəyir. Və əlbəttə, burada faciə onun tək qalmasında deyil, onun törətdiklərindən, özündən qaça bilməməsindədir. Sonda Tanrı ilə, özü ilə, günahları ilə təkbətək qalanda onu aparan atın olmamasındadır.

Rejissor da pyesdən gələn bu yozumu dərinləşdirir. Şövqi obrazın psixoloji vəziyyətini müzakirə edir. Cənnət xanım həyatdan misallar gətirir. Ziddiyyəti, situasiyanı çılpaqca görməyə çağırır.

Artıq zalda rəssamdan, rejissordan aktyordan və məndən başqa kimsə qalmayıb.

Və reportaja Cənnət Səlimovanın alaqaranlıq, boş zalda daha təsirli səslənən fikirlərindən daha vurucu sonluq tapmaq çətindir:

“Bizim aldanmağımız ondandır ki, özümüz üçün sərhədlər qoyuruq: günahlarımızı səhnədə görəndə sarsılırıq, amma işıqlar yananda ətrafımıza, ətrafımızdakı adamlara baxıb öz-özümüzə deyirik, axı bu teatrdır, bu kinodur… Necə ki, Riçard qurbanlarının lənət oxuduğu yuxunu görəndən sonra özünü sakitləşdirdi; bu yuxudur, dedi… Biz də rüşvət sözünü eşidəndə pis baxırıq, amma realda o bizə normal konvert, normal adamlar, normal pul kimi görünür... Məsələ dərkdədir. Əsl faciə faciənin özündə, formasında deyil, faciənin, günahların dərkindədir…”

# 5828 dəfə oxunub

Oxşar xəbərlər

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

09:39 25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"

Aktrisa yeni serialda - "Kral kaybederse"

09:37 25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
# # #