Kokain çəkən, terroristləri sevən, sadomazoxist rejissor

Kokain çəkən, terroristləri sevən, sadomazoxist rejissor
22 aprel 2014
# 07:30

Kulis.Az “Baxılası 50 film“ layihəsində alman rejissoru Rayner Verner Fassbinderin “Mariya Braunun izdivacı“ filmini təqdim edir.

“Yeni alman kinosu”nun liderlərindən, maraqlı rejissorlardan biri, şəxsiyyəti mübahisə doğuran Rayner Verner Fassbinder (1945-1982) 37 illik həyatında 43 film çəkib.

Onun haqqında “xarizmatik dahi“, “əxlaqsız zalım“, “başqalarının emosiya və istedadının istismarçısı“ deyirdilər.

Filmlərinin əksəriyyətində rol almış aktyor Kurt Raab deyirdi: “O, həmişə sevginin xiffətini çəkirdi və buna görə də qəzəbli idi”.

Fassbinderin səliqəsiz, dəlisov həyat tərzi vardı, o, narkotik qəbul edir, film çəkir, ağlasığmaz həyat yaşayırdı.

Həkim ailəsində doğulan Fassbinder təhsilini yarımçıq qoyur. 19 yaşında aktyorluq kurslarına gedir, sonra “Süddeutsche Zeitung” qəzetinin arxivində işləyir.

Daha sonra teatrda statist olur, pyeslər yazır. İki dəfə Alman Kino Akademiyasına imtahan versə də qəbul olunmur.

Onun ilk filmlərində (“Sevgi ölümdən daha soyuqdur”, “Katzelmaxer”) Brextin, Qodarın təsiri duyulur.

1970-ci illərin sonunda o, melodram janrına müraciət edir və bunun üçün Hollivudda yaşayan Danimarka əsilli amerikalı rejissor, melodram janrının ustalarından biri Duqlas Sirkin yaradıcılığından təsirlənir.

Fassbinder bu janra yeni yanaşma edərək melodramı siyasətlə qarışdırır. Alman ailəsinin faciəsindən bəhs edən “Dörd fəslin ticarətçisi” kommersiya cəhətdən onun ilk uğurlu filmi olur.

Ərəb mühaciri ilə alman qadının sevgi hekayətini anladan “Qorxu ruhu gəmirir” rejissora dünya şöhrəti və Kannda mükafat gətirir.

“Zibil, şəhər və ölüm” pyesinə görə rejissor antisemitizmdə ittiham olunur. Amerikaya mühacirət etmək istəsə də fikrindən daşınır.

Müharibədən sonrakı Almaniyanın həyatını təsvir edən trilogiya “Mariya Braunun izdivacı”, “Lola”, “Veronika Fossun xiffəti” ona yenidən uğur gətirdi.

Rejissorun son filmi “Kerel” (1982) oldu.

Jan Jenenin qalmaqallı romanının bu ekranizasiyasında homoseksual münasibətlər əksini tapır. Kann festivalında jürinin sədri olan, fransiz rejissoru Marsel Karne filmə əsas mükafatı verməyə çalışsa da, süjetin homoseksual xarakterli olması səbəbindən bu, mümkün olmayıb.

Fassbinder kokain qəbulundan dünyasını dəyişib.

“50 baxılası film” layihəsində rejissorun maraqlı filmlərindən biri, çoxsaylı mükafat alan, əksər ölkədə hitə çevrilən “Mariya Braunun izdivacı”nı (1978) təqdim edəcəyik.

Süjet: Qırmızı Ordu Berlinə yaxınlaşır. Yeni evlənən German və Mariya bu zaman bombardmana məruz qalır. Zifaf gecəsindən sonra Germanı cəbhəyə yollayırlar. Az sonra Mariyaya ərinin ölməsi xəbər verilir. O, amerikalı əsgərlərin toplandığı barda işə düzəlir. Zənci Amerika zabitinin məşuqəsi olur. Günlərin birində əri qayıdır. Hadisələr sürətlə axarını dəyişir, daha da dramatikləşir və faciə ilə bitir.

Filmdə müharibədən sonrakı Almaniyanı xatırladan dekorasiyalar və kostyumlar dəqiq işlənib. Səhnə mizanı, işıqlandırma teatr tamaşa quruluşlarını xatırladır.

Mariya roluna görə Hanna Şiqula “Gümüş ayı” mükafatını aldı.

Filmi avanqard kimi dəyərləndirən tənqidçilər ona daha çox alleqorik yanaşdılar: Mariya Braun Almaniyanın taleyini simvolizə edir. O, soyuqqanlı sahibkara çevrilir, ona elə gəlir ki, həyatında hər şey qaydasına düşüb. Amma sonu faciə ilə nəticələnir.

Sonda Mariya və ərinin qaz sızmasından ölməsinin intihar, yaxud bədbəxt hadisə olması dəqiq bəlli olmur. Ümumiyyətlə, Fassbinder tamaşaçını müəmmalarla qıcıqlandırmağı sevirdi. İndiyədək tənqidçilər filmin sonluğu ilə bağlı birmənalı nəsə deməyə çətinlik çəkirlər.

Maraqlı faktlar

***

Filmin çəkilişi zamanı Fassbinder kokain qəbul edirmiş.

***

Fassbinder, heç vaxt homoseksuallığını gizlətməyib. Eyni zamanda aktrisa İnqrid Kavenlə evli olub. İki sevgilisi intihar edib. Dostlarının dediyinə görə, bu itkilərdən əziyyət çəkən rejissorun yeganə xilası kino idi.

***

Rejissor həm də sadomazoxizmə meylli olub. Aktrisa İrm Hermannın dediyinə görə, onu bir dəfə ölümcül küçədə döyüb.

***

Fassbinder absolyut nonkonformist idi. Sol radikal terrorist təşkilat Qırmızı Ordu Fraksiyasına simpatiyası vardı. Rejissor “Üçüncü nəsil” filmini bu təşkilata həsr edib.

Filmə burdan baxa bilərsiz.

Hovard Houksun “Çapıqlı adam”urdan filmi.

Federiko Fellinin “8 yarım” filmi.

Fridrix Murnaunun “Günəşin doğuşu” filmi.

Fransua Ozonun “8 qadın” filmi.

Alfred Hiçkokun “Psixo” filmi.

Stenli Kubrikin "Portağal mexanizmi" filmi.

Kendzi Midzoqutinin “Yağışdan sonra ayın nağılı” filmi.

Vittorio De Sikanın “Velosiped oğruları” filmi.

Fransua Trüffonunun “400 zərbə” filmi.

Abbas Kiarostaminin “Albalı dadı” filmi.

Karl Dreyerin “Janna Darkı istirabları” filmi.

Sidney Lumet “On iki qəzəbli kişi” filmi.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 3508 dəfə oxunub

Oxşar xəbərlər

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
#
#
# # #