Atasını dəfn edən oğul onun cəzasını necə verdi?

Atasını dəfn edən oğul onun cəzasını necə verdi?
30 sentyabr 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Əli İsa Cabbarovun 2008-ci ildə çəkdiyi “Düyün” qısametrajlı filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı gənc kişi Əli (Pərviz Məmmədrzayev) ucqar kəndlərdən birinə atasının dəfninə tələsir. O, yolda arvadı Nərminə (Mehriban Zəki) ilə mübahisə edir, oğulları Emili (Müzəffər Məmmədrzayev) qorxaq böyütməkdə günahlandırır.

Yolda gördüyü bir ağac onu kədərli uşaqlıq xatirələrinə qaytarır.

On beş ildir ki, kəndə atasını görməyə getməyən Əli onun dəfninə çata bilir. Emosional sarsıntı keçirən qəhrəmanın sanki “ikinci nəfəsi” açılır.

Film klassik mövzunu ata və oğul münasibətlərini araşdırır. Avtomobildə uzaq yol gedən cütlük ilk baxışda xoşbəxt ailə təəssüratı yaradır. Ancaq qəhrəmanlar danışmağa başlayana kimi. Əli ilə atasının uzun illik konfliktinin ilk həlqəsi elə yolda avradıyla mübahisəsində açılır. O, arvadını oğlunu kişi kimi böyütməməkdə suçlayır. Bu, əslində daha çox Əlinin özüylə olan mübahisəsidir. Yəni illər boyu içində kök salmış uşaqlıq zədəsinin izindən qurtulmaq mücadiləsi.

Və bu konflikti həll edə bilmədiyindən də ailəsiylə ünsiyyətində ciddi çatlar əmələ gəlir.

Hər halda Əli özündə güc taparaq bunu etiraf edə bilir. Məlum olur ki, uşaqlıqda qoyun sürüsünü canavarlardan qorxduğuna görə qoruya bilməyib. Atası isə buna görə onu cəzalandırıb və səhərədək çöldə gecələməyə məcbur edib.

O, atasına olan küskünlüyünü aradan qaldırmadan evdən gedir və bir daha qayıtmır. Amma bu acı xatirə onu əzab verir, kabusuna çevrilir.

Özü də fərqində olmadan atasının səhvini təkrarlayır. Oğlunun qorxaqlığını gördükcə özünü xatırlayır, ona qəzəblənir, onunla normal ünsiyyət qurmağı bacarmır.

Filmin dramatik epizodu Əlinin Həsən dayının (Şahmar Qəribli) təkidiylə qazılmış qəbrə enib, atasının düyünlənmiş kəfənini düyünlərini açmasıydı. P.Məmmədrzayev obrazının durumunun emosional ardıcıllığını qura bilir. O, düyünlər açmağa qorxuyla, tələsik başlayır, növbəti düyünü aça bilməyəndə emosional partlayış baş verir və gücsüzləşir. Gücsüzlüyü qorxu hissini də dəf edir, yoxa çıxarır. Atasının cansız bədənini qucaqlayıb hönkürür, onu bağışlayır və katarsis keçirir.

Maraqlı epizodlardan biri modern qadın tipi olan Nərminənin kənd qadınlarının məclisindəki davranışıdır.

Müəllif bir epizodda iki müxtəlif mədəniyyətin toqquşmasını göstərir.

Əhvalat daha çox təsvirin diliylə nəql olunur.

Kəfən düyünü daha çox məcazi mənayla yüklənir. Kəfənin düyününü açmaqla ata-oğul bir-birinə sanki halallıq verir və atanın ruhu azadlığa qovuşur.

Film Asif Rüstəmovun "Albalı" hekayəsi əsasında çəkilib.

Ssenari 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin qalibi olub.

Bir neçə beynəlxalq festivalda iştirak edən film İsveç telekanalı tərəfindən alınıb. Kubada jürinin xüsusi mükafatına, Düşənbədə Qran-priyə layiq görülüb. Dərviş Prodüser mərkəzində istehsal olunan ssenari müəllifləri Asif Rüstəmov, Ramiz Fətəliyev, operatoru Adil Abbasovdur. Çəkilişlər Qubanın Yerfi kəndində aparılıb.

# 2154 dəfə oxunub

Oxşar xəbərlər

“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər