İspaniya, Latın Amerikası və Türkiyədən olan tanınmış qələm adamlarını bir araya gətirən 4-cü İbero-Amerika Yazıçılar Görüşü 3–5 noyabr tarixlərində İstanbulda baş tutacaq.
Kulis.az xəbər verir ki, İstanbul Servantes İnstitutu və İspaniyanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə keçirilən üçgünlük proqramda ədəbiyyat, bədii tərcümə və əsərlərin beynəlxalq mühitdə təbliği məsələləri müzakirə olunacaq.
"Barcelo İstanbul" otelində baş tutan tədbirin iştirakçıları arasında İspaniya yazıçısı Manuel Vilas, Kolumbiyadan Uilyam Ospina, Perudan Xorxe Eduardo Benavides və Türkiyə ədəbiyyatının tanınmış siması Ayfer Tunç yer alır.
Tədbir çərçivəsində 20-ci əsr Latın Amerikası avanqard poeziyasının görkəmli nümayəndəsi, Peru şairi Karlos Okendo de Amatın 1927-ci ilə aid unikal əsərinə həsr olunmuş "5 metr şeir" adlı sərgi də açılacaq.
Tipoqrafik təcrübələri və fərqli kitab dizaynı ilə fərqlənən bu sərgi noyabrın 4-dən etibarən oxuculara təqdim olunacaq.