Aydın Talıbzadə: “Gözə kül üfürmək teatrın belini qırır”

Aydın Talıbzadə: “Gözə kül üfürmək teatrın belini qırır”
19 noyabr 2014
# 10:05

Kulis.az teatrşünas alim Aydın Talıbzadə ilə müsahibəni təqdim edir.

- Bu yaxınlarda keçirilən III Bakı Beynəlxalq Teatr Konfransını izlədiniz, iştirak etdiniz. Təəssüratlarınız necədir? Sizin üçün yenilik oldu?

- Bu konfrans əvvəlki iki konfransdan fərqli olaraq, daha çox işləmək, nələrisə inkar, nələrisə qəbul etmək, qlobal məsələlərlə əlaqəli diskussiyalar, mübahisələr açmaq tendensiyasına köklənmişdi, yəni, sadə hesabatları paylaşmaq şakərinin yerinə aktual fikirləri bölüşmək həvəsi var idi, bu mənada öz kontekstinə görə seçilirdi. Kontekst deyəndə mən məhz müxtəlif təəssüratların konfransla bağlı yaratdığı tekstləri nəzərdə tuturam. Mənim üçün şəxsən bu tədbir həm də onunla əhəmiyyətli oldu ki, konfrans Mədəniyyət və İncəsənət Universitetilə interaktiv müstəvidə təmas qura bildi: workshop və mühazirələr səviyyəsində... Adətən, konfranslardan yenilik, kəşf, ixtira-filan gözləmirlər: əsas ünsiyyətdir, teatr fikirlərinin dövriyyəsidir. Əgər bu, varsa, qismən də olsa, alınıbsa, deməli, konfrans öz missiyasının mühüm bir bəndini yerinə yetirib. Bax belə...

- Aydın müəllim, ümumiyyətlə, bir mütəxəssis kimi milli teatrın bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Belə baxanda, hamının bircə istəyi var: Azərbaycanda teatr sənəti yaşasın və inkişaf eləsin. Səylər, çabalar hədsizdir, amma araba yerindən tərpənmir ki, tərpənmir, hətta kontekstə görə lokal uğur kimi dəyərləndirib bəyəndiyimiz tamaşaların ara-sıra teatr sənətinin gündəminə gəlməsinə baxmayaraq. Və bu uğurlar, əsasən, ötəri xarakter daşıyır. Teatr sanki bir addım irəli atıb, iki addım geri çəkilir. Çox vaxt mən teatr adamlarının nəyi hədəflədiyini anlamıram: sözdə bir şey deyirlər, əməldə isə bunun əksini gerçəkləşdirirlər. Söz demək xatirinə söz demək, iş görmək xatirinə iş görmək, immitasion canfəşanlıqlar, yalanı doğru adına sırımaq, uğuru şişirdib gözə kül üfürmək teatrın belini qırır. Dövlət teatrı olmaq, dövlətdən asılı olmaq heç də pis bir şey deyil. Vay o gündən ki, teatr hər bir məmurdan, hər bir vəzifə adamından asılı olur, onun xoşuna gəlməyə çalışır. Bir də ki peşəkarlıq: o şey ki, heç yerdə müzakirə olunmur. Peşəkarlıq o deməkdir ki, sən bunu bacarmalısan. Bizsə peşəkarlığa azacıq yaxın bir ifa tərzi və ya rejissura görəndə sevinirik ki, şükür...

- Yəni, teatrın ictimai nüfuz qazana bilməməyi bunun üzündəndir?

- Yəni, teatr öz seyrçisini tanımır, kimin üçün işlədiyini bilmir: tamaşaçı da artıq teatra inanmır, ona rəğbətini itirib. Hərdən mənə elə gəlir ki, biz hamımız bunu bilə-bilə yenə də teatr-teatr oynamağa davam edirik... Bu aspektdə təkcə Yuğ Teatrı konkret kimin üçün tamaşa hazırladığının peşindədir: oranın seyrçilərinin özəyi stabildir; əgər yeni tamaşaçılar bu teatra gəlib nəyisə bəyənmirlərsə, qəbul etmirlərsə, gedirlər və bir də bura qayıtmırlar; ya da bu teatra “ilişib” həmişəlik qalırlar... Qismən bunu Pantomima Teatrına da şamil etmək olar...

- Teatrşünasın prosesdə rolu varmı?

- Mən bir dəfə Robert Sturuadan soruşdum ki-bu sorğunun şahidləri də oldu-bəs sizin teatr tənqidinə münasibətiniz necədir? Mən gözləyirdim ki, o, teatr tənqidi haqqında, teatrşünaslıq haqqında öz rejissor şöhrətinin müstəvisindən danışacaq, yuxarıdan aşağı baxaraq danışacaq. O isə tamam əksini dedi: dedi ki, siz məni necə görürsünüzsə, məni beləcə teatr tənqidi formalaşdırıb.

Yəni, Aliyə, teatrşünas, teatr tənqidçisi o adamlardır ki, onlara teatr mühitinin müəllifləri demək olar. Teatrşünas, teatr tənqidçisi teatr mühitini yaradır. Əlbəttə ki, burada söhbət əsl sənət bilicisindən gedir.

- Mətbuat internetləşib. Artıq tələbat və ehtiyaclar dəyişir. Nələr itirilir, nələr qazanılır, sizcə?

- Mənim ingiliscəm zəifdir, yoxsa bu dildə yazaram. Dünyanın prestijli teatr veb-saytı ilə əlaqə saxlayıram. Müasir teatrşünaslıqda hansı mövzuların gündəmə gətirildiyindən, hansı kitablar yazıldığından xəbərim var. Dediyim bu ki, bunu mümkünləşdirən internet cənablarıdır. Müəyyən dövrdən sonra qəzet də yavaşca aradan çıxacaq. Sovet dönəmində bəzi partiya qəzetlərinə insanları güclə yazdırırdılar. İndi kommunal xərcləri ödəmək üçün poçta gedəndə məndən xahiş eləyirlər qəzet alım... Mən də bilgisayar qarşısında əyləşmiş o qadının sözünü yerə salmıram... Bax, bu da teatra güclə bilet satmaq kimi bir şeydir. Bizim gərək cəsarətimiz olsun ki, bəzi məsələləri özümüzə etiraf eləyək. Qəzeti, jurnalı cəmiyyət artıq itirmək üzrədir və bu prosesi geri döndərmək mümkün deyil. İnternet həm kitabxanadır, həm redaksiyadır, həm filmotekadır, həm konsert salonudur və bu sıranı pis sonsuzluğa çatdırmaq olar. Cəmiyyətdə nəyinsə yaşaması üçün, ona sifariş olmalıdır. Müəyyən mənəvi məhsula sifarişin olması üçünsə toplumda zövq, ruhsal məsələlər aktuallaşdırılmalıdır...

- Teatrın, kinonun, ədəbiyyatın ümumiyyətlə, bu sahələrin dövlət siyasəti baxımından təbliğ, təşviq rolu olmalıdırmı sizcə?

- Əgər teatr dövlətin müəssisəsidirsə, niyə də yox... Hərçənd idealda bu, heç bir əhəmiyyət kəsb etmir. Mən şahidiyəm, bir teatrın tamaşasına camaata havayı bilet paylamışdılar, onların çoxusu bileti götürüb tamaşaya getmirdi... Yəni direktiv şəkildə bu məsələni həll etmək olmaz... Məktəblərə də güclə bilet satmağın mən qəti əleyhinəyəm. Bu teatra qarşı həm uşaqlarda, həm valideynlərdə gizli bir aqressiya yaradır. İnsanın içində tamaşaya getmək tələbatı olmayanda, o, teatrın qapısını açmasa yaxşıdır.

- Amma Aydın müəllim, ədəbiyyat və kino teatra münasibətdə-Azərbaycandan gedir söhbət-daha artıq inkişaf edib...

Mən “ədəbiyyat kinoya və teatra münasibətdə” deyərdim. Çünki teatrla kinonun vəziyyəti təqribən eynidir. Orada da kino-kino oynayırlar. Yəni Azərbaycan kinosunun ora-bura festivala getməsi məsələsi də daha çox dövlət qurumlarının Azərbaycanı təmsil eləmək çabasının nəticəsidir. Məhsulun özünün keyfiyyəti isə, əksərən, elə Azərbaycan teatrında olduğu kimidir. Mən bu fikirlə tam razıyam ki, çağdaş Azərbaycan ədəbiyyatı daha intensiv və produktiv inkişaf eləyir. Bu sahəyə gənclərin axını var: burada nəfəs çoxluğu var... Səbəbini mən sənə deyim. Bu günün yazarları həqiqətin gözünün içinə dik baxmaqdan çəkinmirlər: bu zaman onlar yanıla bilərlər, səhv edə bilərlər, ancaq onlar öz dediklərinə, öz mövqelərinə səmimi şəkildə inanırlar.

- Sanıram, “Kəpənək modeli. 102” romanı haqq elədiyi diqqəti qazanmadı. Bəlkə də mənə elə gəlir. Ədəbiyyat üçün nələrsə yazırsınız?

- Ruslar deyirlər ki, əgər sənə elə gəlirsə, onda xaç vur və gözünə heç nə görünməsin. Aliyə, səninlə zarafat eləyirəm, keçmiş bir müəllimin kimi. Bu, səninlə, əgər səhv eləmirəmsə, birinci zarafatımdır. Axırıncı olmasın. Zarafat eləyirəm, qoy elə zənn eləməsinlər ki, biz özümüzü çox ciddi qəbul eləyirik. Fransızlar yazıda və danışıqda “mən” əvəzliyindən imtina etməyə başlayıblar. Çox qəribədir və gözlənilməzdir...

# 2754 dəfə oxunub

Oxşar xəbərlər

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

09:39 25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"

Aktrisa yeni serialda - "Kral kaybederse"

09:37 25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
# # #