Bu hadisə sizin də başınıza gələ bilər - VİDEO

Bu hadisə sizin də başınıza gələ bilər - VİDEO
26 oktyabr 2013
# 07:30

Kulis.Az “Baxılası 50 film” layihəsində Yasudziro Odzunun “Tokio əhvalatı” filmini təqdim edir.

Dünya kinosunun klassiklərindən biri, yapon rejissoru Yasudziro Odzunun (1903-1963) məzarının üzərində yalnız iki hərfdən ibarət “My” (boşluq, heçlik deməkdir) sözü yazılıb.

Vim Venders ona ithaf etdiyi “Tokyo Ga” filmində “My” kəlməsini belə yozur: “Bu, artıq belə sənət və kinonun mövcud olmadığı dünyada hökmranlıq edən boşluqdur”.

Müharibə - başlanğıcda komediya və kriminal janrlarda çəkən Odzunun yaradıclığında dönüş nöqtəsi olur. Məsələ ondadır ki, Odzu yapon-çin müharibəsində iştirak etmiş və 6 ay Böyük Britaniyanın hərbi əsir düşərgəsində qalmışdı.

Müharibədən sonra rejissor yalnız sosial motivlərdən, ailə dramlarından, məişətdən, gün güzərandan danışan ekran əsərləri çəkir. Onun süjetləri yapon ailələrinin gündəlik həyatına istinad edir.

Yaradıcılığının əsas cəhətləri: çox aşağı nöqtədən, yəni yerdə oturmuş adamın nəzər-nöqtəsindən çəkiliş. Bu halda kamera demək olar ki, hərəkətsiz qalır. Tamaşaçıda belə təsəvvür yaranır ki, o, personajlarla eyni məkanı bölüşür.

Təhkiyəsi lakonik, emosiyasızdır, montajın rolu minimuma endirilir, Odzunun filmlərində az, amma əhəmiyyətli detallar var. İnsan kadrda həmişə mərkəzdədir.

Bu gün sizə rejissorun yapon kinosunun şah əsərlərindən sayılan “Tokio əhvalatı” (1953) filmini təqdim edirik.

Məzmun: İxtiyar valideynlər uzaq kənddən Tokioya uşaqlarına baş çəkməyə gəlirlər. Artıq öz ailəsi, iş-güc yiyəsi olan övladlar valideynlərinin gəlişinə sevinsələr də, onlara diqqət göstərmək, vaxt ayırmaq üçün çox məşğuldurlar. Ahıl valideynləri isti qarşılayan yeganə adam müharibədə ölən oğullarının dul arvadıdır. Qocalar övladlarına lazım olmadıqlarını anlayıb geriyə - kəndə dönürlər. Əhvalatın sonunda ana vəfat edir. Ananın yasına gələn övladlar heç nə baş verməmiş kimi aralarında onun əşyalarını bölüşdürürlər.

Film bəşəri və indiyədək aktuallığını itirməyən bir mövzunu, nəsillər arası bağların qırılmasını, doğma insanların tədricən yadlaşmasını anladır.

Ailə üzvlərinin münasibəti, insanların meqalopolislərin iti tempində bir-birindən uzaqlaşması, qayğılarda itib-batması, gündəlik həyatdakı yaşamı incə psixologizmlə, xəfif kədərlə təsvir olunur. Xüsusən də, övladların valideynlərinə nəzakətli, ədəb-ərkanlı davranışındakı özgələşməni, etinasızlığı rejissor ustalıqla həll edib.

Amma müəllif baş verənlərə sanki zərurət donu geyindirir.

Onun yozumunda dövrün, dəyərlərin dəyişməsi, insanın tənhalığı, qocalması və ölümü dramatik, faciəvi nüanslara bürünmür. O, hətta ananın ölümünü də sakit, təmkinli tempdə təsvir edir.

Son kadrlardan birində isə arvadının ölümündən sonra qoca boş evdə tək-tənha oturub. Bu zaman küçədə şütüyən avtobus, sularda üzən paroxod həyatın davam etməsinin ekvivalentidir.

Dayanmadan dəyişən dünyanı, müharibədən sonra qərbləşən, Amerikanı imitasiya edən Yaponiyanı əski ritmində saxlamağın mümkün olmadığını Odzu anlayır.

Bu, zəruri dəyişiklikdir. Pis ya yaxşı.

Ümumiyyətlə, “Tokio əhvalatı” Odzunun müharibədən sonrakı üslubunun, həyata baxışının ümumiləşmiş nümunəsi kimi qəbul edilir. Onun filmləri pafosdan uzaqdır, realizm hissi güclüdür, o, məişət gerçəkliyində sadə şeylərin mürəkkəbliyini göstərir.

Odzunun ruhunu anlamaq üçün filmlərləri ilə yanaşı, onun pərəstişkarı V. Vendersin “Tokyo Ga” sənədli filmini də izləməyi tövsiyə edirəm.

Venders Odzunun şəxsiyyəti və yaradıcılığı fonunda çox dərin, aktual mətləbləri dilə gətirir.

Ümumi planlarda harasa axışan, tələsən, nəhəng sənayeyə qarışan, “vesternizasiya”laşma səbəbindən məğzini, duyğularını itirən insan kütləsi – müasir yaponlar, Odzunun filmlərində özgələşən, bir-birindən uzaqlaşan personajlara çox oxşayır.

Daha bir neçə maraqlı məlumat:

Odzu ömrünün sonuna kimi eyni aktyorlarla işləyib.

1970-ci ilədək rejissor Yaponiyadan kənarda tanınmırdı. Yerli studiyalar xaricdə Odzunun filmlərini ona görə göstərmirdilər ki, Qərbdə ölkənin məişət obrazının, gündəlik həyat tərzinin anlamayacağından ehtiyat edirdi.

Qərbdə Odzu ölümündən, amerikalı rejissor Pol Şrederin “Kinoda transsendental üslub” monoqrafiyası yayımlanandan sonra tanındı. O, monoqrafiyasında Odzunu və fransız rejissoru Rober Bressonu, universal kino formasının iki generatoru adlandırırdı.

Kino mütəxəssislərinin siyahısında “Tokio əhvalatı” ilk sıralarda yer alır.

Onun üslubunun təsiri Aki Kaurismakinin, Vim Vendersin, Alen Renenin, Rayner Fassbinderin, Takeşi Kitanonun filmlərində hiss olunur.

Xaraktercə mühafizəkar, pedantçı, zəhlətökən olan Odzu tez-tez fahişəxanalara baş çəkirmiş. İnternatda oxuyanda isə içkiyə meylliliyi səbəbindən məktəbdən qovulmuşdu.

Filmə burdan baxa bilərsiz.

Vim Venders “Berlin üzərində səma ” filmi

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuar “Oyun qaydaları” filmi.

# 5814 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #