Qızlarına görə bir-birinə nifrət edən cütlük

Qızlarına görə bir-birinə nifrət edən cütlük
20 sentyabr 2014
# 08:30

Kulis. az “Baxılası 50 film” layihəsində “Yeni Avstriya kinosu”nun nümayəndələrindən, alternativ sənədli və bədii filmin parlaq simalarından biri, kapitalist cəmiyyətinin sərt tənqidçisi, müasir sivilizasiyanın problemlərini, müstəmləkəçiliyin yeni formalarını araşdıran Ulrix Zaydlın (Ulrich Seidl) “İt günündə” ekran əsərini təqdim edir.

Ulrix Zaydl 1952-ci ildə Avstriyada dindar ailədə doğulub, sərt katolik tərbiyə alıb. Ailəsi onun keşiş olmasını arzulayırdı. Hətta bunun üçün onu internat məktəbinə göndəriblər.

Zaydl uzun müddət foto ilə məşğul olub, sürücü, fəhlə, gözətçi, satıcı işləyib. 26 yaşında isə kino məktəbinə daxil olub.

Onun “Heyvan sevgisi” sənədli filmində sevgisini heyvanlara verən avropalının tənhalığını, insana inamının itdiyini təsvir edir. “Heyvan sevgisi” 1995-ci ildə Kann festivalına buraxılmayıb.

Zaydl bu haqda deyir: “Çünki filmdə təhqiramiz, hamıya toxunan şeylər var və bundan sonra kimsə rahat yata bilməz. Göstərilən şeylər hamıya aiddir. Əgər sən özünə vicdanlı münasibət bəsləyirsənsə, boynuna almalısan ki, sən də bunun bir hissəsisən”.

“Sonuncu kişilər” (1994) sənədli lenti avstriyalı kişilərin filippinli qadınlarla evlənməsi haqdadır. Avstriya qadınlarının azadlığını, onlarla eyni statusda olmasını qəbul etməyən avropalı kişilər asiyalı qadınlarla evliliyə üstünlük verir. Asiyalı qadınlara ev qulluqçusu və gəlincik kimi baxan avropalı kişi onlara istədiyini diktə edir. Həm də avstriyalı qadınlarda axtardığı sədaqəti onlarda tapır. Asiyalı qadınlar isə sevdiyi üçün yox, stabil həyat üçün Avropaya can atır.

“Modellər” (1998) sənədli ekran işi amansız model biznesi dünyasında yaşayan qızlardan danışır.

Rejissor “İmport- Export” (2007) bədii-sənədli filmində müxtəlif problemləri gündəmə gətirir. Ukraynalı tibb bacısı əvvəl virtual fahişəlik edir, sonra Vyanaya gedərək qocalar evində xadimə işləyir. Tündməcaz avstriyalı üçün o, burda keyfiyyətsiz, üçüncü insandır. Zaydl eyni zamanda qəhrəmanının fonunda Avstriyadakı qocalar evinin gerçək vəziyyətini anladır. Hər cür şəraitin olduğu qocalar evinin sakinləri özlərini həbsdəki kimi hiss edir, onların insani münasibətə ehtiyacı tükürpədici təsvirlərlə verilib. Filmin digər qəhrəmanı isə Avstriyadan olan adamyovuşmaz işsiz gəncdir. O, əksinə iş dalınca Ukraynaya gedir. Xoşbəxtliyini Avropadan uzaqda axtarır. Hər iki rolu qeyri-peşəkarlar- doğrudan da ixtisasca tibb bacısı olan Yekatirina Rak və işsiz, evsiz, həbsdə yatmış Paul Hoffman oynayıb.

Kannda nümayiş olunan “Cənnət: Sevgi” (2012) dramı üçüncü dünya ölkələrində avropalıların seks-turizm macəralarını anladır. Bu ekran əsərini Zaydl həm tənha qadının hekayəti kimi anladır, həm də dünyanın öz ehtiyaclarını qarşılıqlı mübadilə ilə təmin etdiyini göstərir. Rejissor deyir: “Ümumiyyətlə, kütləvi turizm birinci və üçüncü dünya arasındakı güc münasibətlərini, pulun və müstəmləkəçiliyin əhəmiyyətini təsvir edir. Hamı qurbandır: turistlər də, oteldə çalışanlar da, fahişələr də. Bu nəhəng mövzudur. Biz kasıb ölkələrə istirahətə gedirik, oranın təbiətini, resurslarını, sosial strukturunu məhv edirik və doğrudan da bizim vicdanımız ləkəlidir”.

Trilogiyanın ikinci filmi “İnam”ın (2012) qəhrəmanı ərindən küsüb İsa Məsihə pənah aparır, ona vurulur, inanır. Eyni zamanda onun İsaya fiziki və ruhi sevgisi var. Venesiya festivalında “İnam” tənqid olundu və rejissoru “kafir” adlandırdılar. Bununla belə film Venesiya festivalının xüsusi prizini aldı.

Trilogiyanın üçüncü, “Ümid” filmi (2013) gənc qızın ilk öpüşündən, ilk seksindən danışır və özündən yaşca xeyli böyük kişi onun sevgisini rədd edir.

Zaydlın bu ilki Venesiya festivalında nümayiş olunan son “Zirzəmi” sənədli filmi avstriyalıların evlərinin zirzəmisindəki gizlinlərdən danışır.

Kreativ sənədli filmə üstünlük verən Zaydl ənənəvi rejissor manerasında işləmir. O, ekstremal situasiyaların ustasıdır. Onun filmləri lazım olduğundan daha naturaldır.

Zaydl deyir: “Mən cəmiyyətin xilasedicisi deyiləm və ya kimisə düzgün yola gətirmək haqda düşünmürəm. Həyatda o qədər də xoşbəxt olmayan adamlarla işləyirəm. “Heyvan sevgisi” filmini çəkərkən elə şeylər gördüm ki... Elə evlərdə oldum ki, təsəvvür belə etməzsiz. Bəzən bu, dözülməz olurdu”.

Onun filmlərində vəziyyət həm gülüşə, həm ağrıya yol açır. İnsan tənhalığı, onun alçalması, istismarı, hakimiyyət, seksual münasibətlər yolu ilə də ifadə olunur.

Rejissor hərəkətdə olan təsviri əl kamerası ilə işləyir, ənənəvi anlamda ssenaridən istifadə eləmir. Çəkiliş zamanı ssenarini daim dəyişir, əlavələr edir, təkmilləşdirir. Səhnə və dialoqlar improvizə yolu ilə meydana gəlir.

Filmi xronoloji ardıcıllıqla çəkilir, bu, daim adaptasiyaya və müəyyən epizodların, təhkiyənin inkişafına imkan verir. Çünki bu zaman hadisənin neçə inkişaf etdiyi, nəyin yaxşı, nəyin pis alındığı aydın görünür. Final sənələri açıq qalır. Bədii filmləri sənədli film üçün xarakterik olan şərtlərdə və şəraitdə çəkir. Dekorasiyalarda yox, orijinal, təbii məkanlarda işləyir. İşıqdan minimum istifadə edir.

Adətən eyni filmdə həm peşəkar, həm də qeyri-peşəkar aktyorlarla işləyir. Çəkilişdən əvvəl qəhrəmanları ilə çox vaxt keçirir, bir növ onların həyatını yaşayır, problemlərini bölüşür. Buna görə də qəhrəmanlarının yaşantılarını öz yaşantısı kimi çəkir, və sərt, ifrat realist görüntülərdə müəllifin həm də obrazlarına nəsə bir sevgisi, mərhəməti sezilir. Hər bir filminin çəkilişi aylar, bəzən bütöv bir ilini, illərini alır. Bir qayda olaraq, ekranda maksimal dərəcədə təbii görünə biləcək ifaçıları çəkir. Zaydlın sevdiyi rejissorlar, Pazolini, Bunyel, Erix von Ştroheim, Jan Estaş, Tarkovski, Con Kassavetesdir.

Məşhur alman rejissoru Verner Herzog onun filmləri haqda deyir: “Adama elə gəlir, Zaydl daim cənnətin əksini göstərir və onun filmlərində Tanrı doğrudan da bu dünyadan qaçıb və ya çoxdan ölüb”...

“Baxılası 50 film” layihəsində rejissorun Venesiyada xüsusi mükafatı alan “İt günündə” (2001) ilk bədii filmini təqdim edirik.

Süjet: “İt günündə” cəhənnəm istisində ağıllarını itirən müxtəlif insanların hekayətindən bəhs edir. Valideynlər qəzada qızlarını itirib, bir-birinə nifrət edirlər. Və qadın svinq kluba getməklə ərindən qisas alır. Dul kişi həyatını supermarketlərdə ərzaqların dəqiq çəkilməsinə nəzarətə həsr edir.

İki dost musiqi müəlliməsinin arxasına şam qoyub yandırır, onu dövlət himnini oxumağa məcbur edir.

Anna adlı gənc qadın yoldan keçən maşınları saxlayır, sürücülərdən onu da aparmağı xahiş edir. Və yol boyu onlara “on ən populyar supermarketin, on ən yaxşı avtomobil markanın, on ən populyar heyvanın hansı olması” haqda zəhlətökən ya da qadın sürücülərə “aybaşı hələ olursan?”, “neçə yaşın var?”, “hələ də sevişirsən?” kimi birbaşa ədəbsiz suallar verir.

İnsan tənhalığı haqda olan bu heyrətamiz film Vyananın kinayəli obrazıdır.

Rejissor üç il gözləyib ki, temperatur 37 dərəcə olsun, bundan sonra çəksin.

Anna rolunun ifaçısı Mariya Hofştetter rolun öhdəsindən gəlmək üçün bir ildən artıq ruhi xəstələrin davranışlarını öyrənib.

Rejissor hadisələrin istidə baş verməsini belə şərh edir: “Bəzi insanlar istidən aqressivləşir, bəzisi seksual psixoza məruz qalır. Soyuğun və istinin köməyi ilə həyatın onların çiyninə qoyduğu yükdən, məişətin ağırlığından danışıram”.

O, səhnələrin təbii alınması üçün aktyorları istidən cızıldayan avtomobillərə oturmağa məcbur edib.

Alman jurnalistlərdən biri film haqda yazır: “İt günündə” filminə 10 il bundan əvvəl baxanda dua etməyə ehtiyacım yarandı. Atam pastor olsa da, dindar deyiləm, kilsəyə də tənqidi yanaşıram. Buna baxmayaraq "İt günündə”yə baxanda düşündüm: “Ya ümidsizlyə qapılmaq, ya dua etmək”. Və film məndə belə assosiasiya doğurdu: bu Tanrının tərk etdiyi dünyadı və çıxış yolu əsla yoxdur”.

Rejissor deyir: “Avstriyada hakimiyyətdə uzun müddət sosialistlər idi və onlar belə filmlər çəkməyimi istəmirdilər. ”İt günündə” mənə öyrətdi ki, dünyada hər şey mürəkkəbdir”.

2001-ci ildə, 58-ci Venesiya festivalında jürinin sədri Nanni Moretti “İt günündə” filminə mükafat verilməsinə qarşı olsa da, jürinin üzvü, Trierin prodüserlərindən biri, Vibeke Vindelovun səyi nəticəsində bu ekran əsəri priz alıb.

# 5446 dəfə oxunub

Oxşar xəbərlər

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
#
#
# # #