Kulis.az Orxan Adıgözəlin "Səfillər" filmi haqqında yazısını təqdim edir.
“Yadda saxlayın, dostlar. Nə pis ot vardır, nə də pis insan. Yalnız pis sahiblər vardır.”
(Viktor Hüqo)
Bu məqalə “Les Misérables” yəni “Səfillər” romanından yox, “Səfillər” filmindən bəhs edir. Bir şey var ki, oxuduğunuz yazı ədəbiyyat şedevri hesab olunan Viktor Hüqonun “Səfillər”inin ssenarisi əsasında lentə alınan film haqda da deyil.
2019-cu ildə rejissor Lac Li(Ladj Ly) tərəfindən çəkilən “Les Misérables”(“Səfillər”) filmi bugünümizdə baş verən real hadisə əsasında ekranlaşdırılıb.
Hadisələr Montfermeildə cərəyan edir, hansı ki, bura afrofransız, afro-müsəlmanların gettosuna çevirilib. Maraqlısı budur ki, Hüqo “Səfillər”i vaxtı ilə burada qələmə almış, Montfermeili isə “alçaldılmışların, marjinalların monastırı, polis özbaşınalıqların məkanı” adlandırmışdır. Elə qaradərili rejissor Lac Li özü də orada böyüyüb başa çatmışdır.
Beləliklə, süjet barədə: gettoda avtomobil ilə ora-bura fırlanan üç polis, oğurluq barədə şikayət alırlar. Sirkə məxsus aslan balasını hansısa qaradərili uşaq oğurlayıb. Aslanın sahibi qaraçı millətinə məxsus şəxs öz dəstəsi ilə oğurluqda şübhəli bildikləri afrofransızlar ilə insident yaşadığı vaxt polislər onları aralayır və işə qol qoyub aslanı geri qaytaracaqları barədə vəd verirlər. Qısa zamanda oğru tapılır. Sadəcə aslanı götürən İsa adlı uşaq, polislərə müqavimət göstərir və nəticədə xoşagəlməz hal yaşanır. İstənmədən atəş açılır və rezin güllə İsanın üzünü zədələyir. Bütün baş verənlər başqa bir uşağın drona qoşulmuş kamerası tərəfindən lentə alınır. Bu da qütbləşmənin körüklənməsinə səbəb olan əsas vasitə olaraq, filmin motivinə çevirilir.
Biz filmdə polis özbaşnalığını əvvəldən sezməyə başayırıq. Kris hoqqabazdır, o, gettodakıları sevmir və onlara yuxarıdan aşağı baxır. Hər fürsətdə öz polis həmkarlarının yanında gettoda yaşayanlar barədə təhqiramiz sözlər işlədir. O, avtobus dayanacağında dayanan yeniyetmə qızlara yaxınlaşıb, onlarla kobud danışır, hədələyir.
Qvada özü də qaradərilidir, ancaq Krislə işləmək onda da insanlara yuxarıdan aşağı baxmaq xüsusiyyəti yaradıb. O, bəzən Krisə qarşı gəlsə də, ədalətli davranışını əsirgəmiş hala gəlib.
Bir də Stefan var. Krislə və Qvada ilə yeni iş günü Stefan üçün heç də uğurlu başlanğıc olmur. Stefan öz həmkarlarından fərqlənir. O, vicdanlı və mülayimdir. Krisin davranışı onu təngə gətirir. Stefan hər fürsətdə zorakılıqsız və sülh ilə davranmağı təşviq edir.
Film qətiyyən darıxdırıcı deyil. Gərginlik asta addımlarla addımlayır, onları genişləndirir və filmin sonuna doğru iti addımlarla böyük sürət yaradıb, keçdiyi hər yeri yandırıb-yaxır. Yəni izləyicilərin zövqü əvvəldən, sona qədər nəzərə alınıb. Bu sayaq dinamiklik, filmə ciddi təsir edir və onu daha rəngarəng edir.
Fransız filmlərinin əksəriyyətində olduğu kimi daxili inqilab ruhu və politik çalarlar burada özünü göylə aparır. Hətta bu filmə baxdıqdan sonra Prezident Emanuel Makron bildirib ki, həmin ərazilərdəki aztəminatlılara dəstək labüddür.
Miqrantlar, onların məskunlaşdığı gettolar bu gün də Fransa üçün “yaralı” məsələ olaraq qalır. Ümumiyyətlə, qüdrətli dövlətlərin böyük çətinlikləri olur. Filmdəki polis-vətəndaş qarşıdurması isə köhnə problemlərdən sayılır. Bu məsələnin Fransanın özü qədər qədim tarixi var. Bunu klassikləri oxuyarkən də sezirik.
Vizual-texniki xüsusda da keyfiyyət nəzərə alınıb. Bu faktın özü elə filmin ən yaxşı xarici dildə olan film kimi Oskara namizəd olmasının səbəblərindən biridir. Sanki operator uzaqda olan izləyicinin özüdür. O, bilavasitə tamaşaçının duyğularını körükləyən obyektivə gözlərini dikir və qəhrəmanlara kamera ilə toxunmağı bacarır. Əsas fokus iri planlarla edilir və kameranın üz tutduğu yerlər canlı baxışın təcəssümünü yaratmaqla emosiyaları bütöv şəkildə ötürməyə vasitəçi olur.
“Səfillər” filmindən güclü, canlı enerji saçılır və biz müəllifin qəzəbini, təəssüfünü və ürəkdağlayan harayını lentboyu açıq şəkildə duya bilirik. Film belə hayqırır: hakimiyyətin yarıtmaz siyasəti, fəaliyyətsizliyi dağıdıcı toqquşmalara rəvac verir. Halbuki, sülh yolu ilə qütblər arasında sağlam dialoq, dözümlülüyə təşviq edən körpü qurmaq olardı.
“Səfillər” qəddar və aqressiya dolu filmdir. Dinamik süjetə malik film düz xəttlə inkişaf edərək finala doğru zorakılığın hüdudların daha da genişləndirir və izləyicini düşünməyə, fikir çəkməyə məcbur edir. Sözsüz, bu bədii film, mədəni istirahət üçün olan kinolardan deyil. Ona görə, kəskin dramatik kriminal filmlə qarşılaşmaq sizə çox da ağır gəlməyəcəksə, kinoya ürəklə baxa bilərsiniz.
Xoş seyrlər!