Sükut - İlkin Özün hekayəsi

Sükut - İlkin Özün hekayəsi
10 fevral 2023
# 18:00

Kulis.az İlkin Özün "Sükut" adlı hekayəsini təqdim edir.

Mənim yalqızlığım insanlarla doludur.

Frans Kafka


Dediklərinə əsasən, həyatda dostumun bəxt üzünə gülməyib. Ona görə də ona Bədbəxt deyə müraciət edirəm. Əslində, Bədbəxt tam təxəyyül məhsulu da sayılmır. O yaşayır... sizin kimi, mənim kimi nəfəs alır, yemək yeyir, yeriyir, ağlayır, gülür...
Dediyim kimi, biz mütəmadi olaraq nələri isə müzakirə və mübahisə edirik. Başqaları ilə bölüşə bilmədiyimiz fikirləri bir-birimizdən əsirgəmirik. Adətən mən başıma gələn hadisələrdən, daha doğrusu ətrafımdakı insanlardan ona söz açıram. O da Viniston paketini açıb bir siqaret götürür, damağına qoyub alışdırır və diqqətlə mənə qulaq asırdı.
Mən siqaretə pul xərcləməyə əli gələn biri olmadığım üçün eləcə ondan birini əkişdirərək yandırır, ləzzətlə bir tüstü qullab vurub, söhbətimə davam etdim:
– Mən, həqiqətən, çox yorulmuşam, bezmişəm hamıdan. Nifrət edirəm hər kəsə, özümdən belə zəhləm gedir... İnanırsan, Bədbəxt, insanlara qarşı nə qədər diqqətli, həssas yanaşsam da, onlar bir o qədər məndən sui-istifadə edir, öz mənfəətləri uğruna yararlanmağa çalışırlar. Məndən istifadə etməyə çalışmaqla, əslində, onlara qarşı duyduğum qum dənəsi böyüklüyündə olan inamımı da puç edirlər. Özümə yaxın hesab etdiyim insanların üzümə gülüb arxamca xaincəsinə planlar qurmaları, düşmən mövqedə çıxış etmələri və çaqqal kimi pusquda durub yıxıldığım anı gözləmələri, həqiqətən, məni çox incidir...
Bədbəxt bir anlıq başını mənə tərəf çevirdi, siqaretini tüstülədib, kinayəli-kinayəli gülümsədi və astaca dilləndi:
– Dostum, sənin dərdin eləcə insanların sədaqətsizliyi, vəfasızlığıdırmı? Yəni səni ağrıdan təkcə bu məsələlərdirmi?
Mən bir az duruxdum. Sonra isə ona diqqətlə baxaraq:
– Bəyəm, güvəndiyim dağlara qar yağması adamı incitməyə bəs deyil ki? – dedim.
– Eeh... dostum, bilirəm, bunlar da xırda problemlər deyil, amma betərin betəri var. Bunu unutma! – deyib siqaretindən bir qüllab da alaraq tüstünü səmadakı müqəddəslərə qonaq yolladı.
Onun mənə baxarkən üz cizgilərinin birdən-birə necə dəyişdiyini görüb öz dərdimi unutdum.
– Bədbəxt, deyəsən, sənin qəm yükün məndən daha ağırdır?
– Başını burax, sənin də, problemlərin az deyil. Danışıb kefini bir az da pozmaq istəmirəm.
– Yox, danışacaqsan. Ümumiyyətlə, mənə deməsən, kimə deyəcəksən ki? Bizim başqa dərd danışmalı yaxınımız var ki, guya?
Bədbəxt bir qədər gözlərimə baxdı, sonra siqaretini kötüyünə kimi sümürüb yerə atdı, yenidən oksigenə sovqat kimi acı nikotini üfürdü. Üzünü mənə tutdu və dedi:
– Sən Cek Londonun Martin İden əsərini oxumusanmı?
Mən özümdən razı bir halda:
– Bəli, oxumuşam, – dedim.
– Oradakı Ruf obrazını hər halda xatırlayırsan? – deyə, təkrar sual verdi.
– Əlbəttə, – deyə, – cavabladım.
– Çox gözəl!
Mən, həqiqətən, söhbətin nədən getdiyini anlaya bilmirdim. O isə gözünü məchul bir nöqtəyə dikib dayanmışdı. Bir qədər sonra qaldığı yerdən sözünə davam etməyə başladı:
– Bir vaxtlar mən də tələbə idim. Mühazirələr dinləyir, seminarlarda dərs danışır və “imtahan savaşı”ında qalib gəlmək üçün müəllimlərlə əlbəyaxa mübarizə aparırdım. Xatırlayıram, o zamanlar kitabxanalarda çox vaxt keçirərdim. Hətta kitabxanalar mənim tapındığım məbəd, ibadətgahım idi. Bir dəfə həmin kitabxanadan Cek Londonun “Martin İden” romanını əldə edib maraqla oxumuş, oxuduqca da o əsərə valeh olmuşdum...
– Heyran olunmayası əsər deyil axı, – deyə, – dilləndim.
– Sözümü kəsmə, dostum!
– Yaxşı, üzr istəyirəm, davam et.
– Əsərdəki Martinin həyatı sanki mənimki ilə eyni idi, lakin bir çatışmayan cəhət vardı; mənim həyatımı dəyişəcək varlıq... Ümumiyyətlə, mənim həyatımda çox qadın olub, amma gəlib-keçici, mənasız. Yəni mən onları heç vaxt istəməmiş, arzu etməmişdim. Belələri isə kiməsə lazım deyil...
Bir gün həmişəki kimi kitabxanaya həmin kitabı qaytarmaq üçün gedərkən girişdə sanki məni ildırım vurdu. O vaxta kimi xaraktercə qadınlara laqeyd yanaşan, fürsət tapdıqca onlardan uzaq durmağa çalışan adamın, yəni mənim kimsə bu cür diqqətimi cəlb eləməmişdi. O qız, deyəsən, ağlımı başımdan almışdı. Ya da həmin anlarda qolumdakı saatın əqrəblərini çaşdırmışdı, bilmirəm. Amma mən bir anlıq başqa aləmə qərq oldum. O, yəqin, müvəqqəti olaraq bizim dünyamıza göndərilmiş bir mələk idi. Fəqət belə bir gözəlliyin mənim qarşıma çıxmağı hər halda əks qütblərin bir-birini çəkməsi ilə bağlı fizika qanunlarına əsaslanan bir reallıqdı və ya axmaq bir hallüsinasiya. Onun uzun, sarımtıl saçları, məsum siması və iri gözlərində daim günəş kimi parlayan paklıq vardı.
Qərəz, həmin dəqiqələrdə məni ildırım yox, deyəsən, don vurmuşdu. Çünki onun əlimdən düşən qalın kitabı mənə uzatdığını bir neçə dəqiqə sonra anlaya bildim.
– Ço... çoox sağ olun – deyib, kitabı geri aldım.
Sonra özümü itirmədən bir taktikaya əl atdım. Onun əlində kitab gördüyüm üçün dedim ki, guya, mütaliəyə təzə başlamışam və məsləhətli kitablara ehtiyacım var. O mənim üzümə baxdı və gülümsədi:
– Açığı, mənim də mütaliəm geniş deyil, amma gedək içəridə, bəlkə, sizə uyğun kitab tapdıq, – deyərək, – məni kitabxanaya dəvət etdi. Eləcə onun simasına baxaraq xəyala dalmışdım.
– Ey, burdasınız? Hər şey, yaxşıdır?
Birdən bu şirin səsi eşitcək sanki yuxudan ayıldım:
– Həə... Həə, yaxşıyam... Gedək...
Kitabxanaya daxil olub bir neçə kitaba nəzər saldıq, poeziya, klassika... bədii kitablar, fəlsəfi kitablar...
Mən ona deyə bilmirdim ki, axı bu kitabların çoxunu oxumuşam... Sonra adını unutduğum şeir kitabından iki dənə götürdük və oxu zalında müzakirə etməyə başladıq. Bir qədər sonra ünsiyyətimiz şirinləşdi. Çünki bir-birimizi başa düşürdük. Lakin oranın məzar sükutunu pozduğumuz üçün mədəni şəkildə bizi uzaqlaşdırdılar...
Bədbəxtin həmin qızı tərif edərkən gözlərinin qamaşmasından artıq hər şey məlum idi. Açığı, danışdıqları, nə klassik sevgi macəralarına nə də, yeniyetmə “sevgi”sinə də bənzəyirdi. Odur ki, nəzakət xatirinə yox, onun başına gələnlər mənim üçün maraqlı olduğuna görə diqqətlə dinləyirdim. “Sonra nə oldu?” – deyə, – gözlərimi uşaq kimi ona dikdim.
– Sonra biz birlikdə kitabxanadan parka doğru addımlamağa başladıq. Bilmirəm niyə, amma o qız da mənim yanımda özünü çox rahat hiss edirdi.
– Qızın adı nə idi? – deyə, – səbirsizcə, yenə onun sözünü kəsdim.
– Sofiya...
Mən özümü saxlaya bilməyib hırıldıya-hırıldıya “yox, bir II Yelizaveta” – dedim.
Bədbəxt üzünü turşutdu: “danışmayacam daha, ölsən də!”, – deyə, – sifətini o yana çevirdi.
“Yaxşı, yaxşı zarafat edirəm, davam elə”, – deyib, – birtəhər könlünü aldım. Hər şeydən əvvəl hadisələrin necə sonlanacağı mənə çox maraqlı idi.
Bədbəxt söhbətinə geri qayıtdı:
– İkimiz də hara getdiyimizi, nə axtardığımızı bilmirdik. Sanki bir neçə saat yox da, bir neçə ildir tanış, iki yaxın kimi idik. O tanıdığım klassik, deyingən, ciyiltili səsli, zəhlətökən qızlardan deyildi... Əksinə gülərüzlü, mehriban, balaca boy, toppuş bir qızdı. Üstəlik bu saydığım cəhətlər ona çox yaraşırdı.
Bir azdan mən onu danışdırmağa başladım:
– Harada oxuyursan? Neçənci kurssan?
(özü demişdi tələbə olduğunu)
– Beşinci kursam, eyni universitetdə oxuyuruq, deyəsən.
– Yaxşı, gedib yaxınlardakı çay evlərinin birində əyləşib bu mövzuları orada müzakirə etsək olar?
– Olar, vaxtım var.
Düzü, onun məndən yuxarı kurs olması ürəkaçan olmadı. Amma bu xırda şeylər mənə o dərəcədə əhəmiyyətli deyildi.
– Doğrudan, kafedə oturdunuz? – deyə, – maraqla soruşdum.
– Hə, əyləşib, uzun-uzadı onunla söhbət etdik. Daha doğrusu, mən sual verirdim, o isə utancaq-utancaq cavablayırdı...
Bir azdan onunla parka qayıtdıq, muzeyə getdik... Deyəsən, heç getməmişdi oraya. Gəzib-dolaşdıq və eləcə günün haradan gəlib-haraya getməsindən xəbərimiz belə olmadı. Mən hələ də özünə gəlməmişdim. Necə olurdu belə bir gözəl qızla bu qədər vaxt keçirmişəm, başa düşmürdüm. Çünki o başqa qızlara oxşamırdı... Mən həmin gün özümü çox xoşbəxt hiss edirdim. Deyəsən, ondan xoşum gəlmişdi... – deyəndə Bədbəxtin səsi titrədi.
– Yaxşısan? – deyə, – soruşdum.
Bir neçə saniyə sonra:
– Yaxşıyam, dedi.
– Davam elə, – deyə, – dilləndim:
– Bir müddətdən sonra münasibətimiz daha da istiləşdi. Aramızda qırılmaz bir bağlılıq vardı sanki..
Biz tez-tez danışmağa bir bəhanə tapır, şairləri, yazıçıları, kitabları və digər məsələləri müzakirə edir, ilk fürsətdə görüşürdük. İlk dəfə tanış olduğumuz kitabxananın həyətində kiçik bir park vardı. Hansı ki, ora hər ikimiz üçün doğma məkan idi. Hər şeydən bezəndə, dalaşanda, küsəndə, bir sıxıntımız olanda oraya sığınırdıq. Təsadüfə bir bax, hər dəfə də, hər şeydən “xəbərsiz” bir-birimizlə rastlaşırdıq. Bir bəhanə tapıb, həqiqəti gizlətsək də, əslində dərdimizə çarə sadəcə özümüz idik. Onun bir gülümsəməsi ilə bütün dərdlərim ağlımdan uçurdu. Əlindən tutmaq məni xoşbəxt etməyə kifayət idi.
Əvvəlkindən fərqli olaraq indiki mən hər gecə onu düşünüb yuxuya getdiyimə, səhərlər yuxudan ayılanda isə onun var oluşundan özümü şanslı hiss etdiyim üçün niyə onu bu vaxta kimi tanımamışam deyə özümü hey danlayır, məzəmmət edirdim...

... Altı ay. Düz yarım il bizim münasibətimiz davam etdi. Və bir gün nə oldu, bilirsən?
Gözlərimi ondan çəkmədən “Nə oldu? – dedim.
Bədbəxt köksünü ötürərək: “həyatda iki şeydən zəhləm gedir: birincisi, yaxşı şeylərin sənə gec rastlaması, ikincisi, həmin yaxşı şeylərin tez sona çatması.
Hadisələrin necə yekunlaşacağı get-gedə məndə həyəcan yaradırırdı. O isə azca fasilə verib sözünə davam etdi:

– Universitetlərdə bir neçə günə dərslər yekunlaşacaq, semestr imtahanları başlayacaqdı. Biz yenə mənasız bir şey üstündə dalaşmışdıq. Ona görə də on beş gün idi ki, küsülü idik. Mənim ondan sarı burnumun ucu göynəyirdi. Özümü çox bərbad hiss edirdim. Onsuz yediyim yeməyin dadı yox idi, yatdığım yuxu, yuxu deyil, kabus idi.
Bir gün... uzun müddət sonra, yalqız, fikrimi dağıtmaq üçün parka çıxmışdım. Sıxıldım. Oradakı kafelərin birinə yaxınlaşdım, elə ağır bir situasiya ilə qarşılaşdım ki... ilk dəfə onu görəndə içimdən keçən elektrik cərəyanı məni xoşhal etmişdisə, indiki mənzərə isə kül etdi. Bəli, o bir başqası ilə əyləşmişdi. Onlar məni görmədilər, mənsə... mənsə arzularımı, ümidlərimi orada dəfn edərək astaca oradan uzaqlaşdım.
Bədbəxtə “o adam kim idi ki?” – deyə, sual verdim:
– Mən də bilmirdim. Axşam üstü zəng edib onu başqası ilə gördüyümü və həmin oğraşın kim olduğunu soruşdum.
O, axşam yeməyindən sonra məni həmişəki görüş yerimizə çağırdı (bilməli olduğum şeylər varmış). Yemək yemədim, birbaşa oraya getdim. Əsəbdən qan beynimə vurmuşdu. Siqareti siqaretə calayırdım. O, az sonra gəlib-çatdı.
Bu dəfəki görüşdə mənə elə gəldi ki, onun simasında gördüyüm o həmin mələk yavaş-yavaş səmaya uçub. Parkın ətrafında dövr edə-edə ikimiz də sadəcə susurduq. Dözməyib söhbəti açdım:
– Nə imiş e, o bilməli olduğum şeylər? Kim idi axı yanındakı cındır?
Sofiya bir neçə saniyə susduqdan sonra sözə başladı:
– Bilmirəm necə deyim. Amma...
– De daha, ürəyim partladı!..
– Bilirsən, mən sənə özümlə bağlı bəzi şeyləri deməmişəm.
– Nəyi məsələn?
– Məsələn, aramızda soyuqluq olduğu zaman kafedə gördüyün adamı... (başını aşağı dikdi)

– Hə, kim idii axı o? (qışqırdım)
– Köhnə sevgilim...
Sonda dediyi sözlər qulağımda dağlarda səsin əks-səda verdiyi kimi bir neçə dəfə təkrarlandı. Hələ də özümü təsəlli edirdim ki, bəlkə, tutarlı bir səbəbi olar, bəlkə qohumudur filan... Birtəhər özümə gəlib kəkələyə-kəkələyə soruşdum:
– Bəs... bəs... sənin məndən əvvəl münasibətdə olduğun kimsə yox idi?
– Var idi, üstəlik üç il biz birlikdə olmuşduq...
– Yaxşı, bəs bunu mənə əvvəl niyə demədin?
– Ona görə ki, səni itirməkdən qorxurdum...
– Bəs necə oldu onunla görüşməyə qərar verdin, buna nə vadar etdi səni?

Sofiya birdən addımlarını saxladı, üzümə baxmadan cavab verdi:
– Ağır olsa da, etiraf etməliyəm ki, ilk dəfə mənim əlimdən o tutmuşdu, ilk dəfə gözlərimə o baxmışdı və ilk dəfə mən onu sevmişdim... Səninlə küslü olduğumuz vaxtlarda özümü çox pis hiss edirdim. Sanki sən yoxdun deyə boşluq yaranmışdı. Təsadüfən həmin vaxtlarda o mənə zəng vurdu. Danışdıq. Sonra isə görüşməyə qərar verdik. Emosiyaya qapıldım, özümdən asılı olmadı qəbul etdim. Görüşdük. İndi isə səninlə yaxın olmaqla yanlış addım atdığımı düşünürəm. Artıq sənə qarşı sevgi hissi də duymuram. Ümumiyyətlə, mən indi anlayıram ki, səni heç zaman sevməmişəm, sadəcə sənə qarşı simpatiyam olub, vəssalam. Məni bağışla...
Mənim gözlərim dolmuşdu. Qırıq-qırıq sözlərlə son fikirlərimi izah etməyə, nəmli gözlərimi isə gizlətməyə çalışırdım: “Mən ilk dəfə sənin əllərini tutub, məsum gözlərinə baxarkən, həqiqətən, əsl sevgiyə inanmışdım. Məni yandıran bütün bu olanlar yox, doğruları görə bilməyəcək qədər səni ilahiləşdirməyim oldu. Təəssüf ki, sən də insan imişsən...” – deyərək, məyus-məyus həmin görüş yerimizdən uzaqlaşdım və bir daha oraya ayaq basmadım. Bilmirəm niyə, ammma özümü nədənsə təqsirkar hesab edirdim.
“Bədbəxt, indi niyə özünü günahkar sayırsan ki? Burada sənin günahın nədir?” – deyə, təəccüblə soruşdum.
O, sonuncu siqaretini də yandırdı və zəhərli tüstünü acgözlüklə ciyərlərinə dartdı, məni diqqətlə süzüb dedi:
– Həmin axşam bir şeyin fərqinə vardım: Sevdiyim Sofiya adlı qız, ümumiyyətlə, mövcud deyilmiş. Yəni mən onu gözümdə həddindən artıq göylərə ucaltmışam. İlk dəfə gördüyüm o parlaq, iri gözlərdəki məsumiyyət, sevgi onun bədəninə aid deyil, ruhunun təcəssümü idi. Sonrakı “tanıdığım” Sofiya isə ilahiləşdirdiyim qızın, əslində, ruhunun intihar etmiş forması idi. Və mən nə qədər kor olmuşam ki, o məsumiyyətin altındakı...
O, sonuncu cümləsini tamamlamayıb yenidən naməlum bir nöqtəyə gözünü dikdi və bir daha heç vaxt danışmadı, ömürlük susdu. Artıq mən də susdum...

# 2208 dəfə oxunub

Müəllifin son yazıları

# # #