"Ən gözəl günahlara səninlə batmışam..." - İlkin Özün şeirləri

"Ən gözəl günahlara səninlə batmışam..." - İlkin Özün şeirləri
19 mart 2026
# 12:00

Bu gün gənc şair İlkin Özün doğum günüdür.

Kulis.az bu münasibətlə onu təbrik edir və yeni şeirlərini təqdim edir.

İyirmi beş yaşın şeiri
Yaş ötdükcə anlayırsan ki,
ad günləri, adi günlərdən
fərqlənmir.

Şikayətlənmək və
deyinməklə də
heç nə düzəlmir...

İlk çəkdiyin siqaretin
markası,
ilk içdiyin içkinin dadı,
ilk sevdiyin qızın adı
yadına gəlmirsə,

deməli, əzizim,
heç nə qaydasınca getmir!

Bax, məsələn, uşaq vaxtı
həvəslə oynadığımız oyunlar
indi kimə gərəkdir?

İndiki “oyun”larımız da
bir müddət sonra
bizə qəribə görünəcəkdir.

Və üç-beş il sonra
Heç kimin yadına belə
düşməyəcəyik...

Unuducaq hamı bizi,
Elə biz də hamını...

Bəlkə, nə vaxtsa
arxivdən tapdığın
ağ-qara fotonu yandırarkən
əllərini göyə açıb deyəcəksən ki,
bağışla məni, Tanrım!


İdealizm
Gözlə görə bilmədiyini inkar elə!
– bu, ibtidai instinktdir.
Gözəl görünəni mənimsə!
– buna ehtiras deyilir.

Demək istəyib-istəməsən də,
boğazına sözləri düyünlə.
Onsuz da ürəkdən gəlmir heç nə...

Yaşamaq mümkün olsa da,
yaşaya bilmədiyin günləri
şüuruna həkk elə...

Təəssüf ki, gözəl günlər
hələ gecikmədədir...

Bundan sonra xatırlayacağın
bütün üzlər
bil ki, yanız məndədir!

İndi isə:
məni inkar et!
Dediklərimi unut,
ehtirasını ovut,
sözlərini ud...

Üzümə bax sakitcə
və sonuncu dəfə
gülümsə...

Modernizm
Şeir yazmaq üçün
QAFİYƏ deyil,
SÖZ lazımdır...

Realizm
Çərçivələri qır!
Gözlə görünən
hər şey poeziyadır!

Feminizm
İnsan bir tarladır,
Əkəni də, biçəni də
Qadındır!

Tanrı, şair və şeir...
Tanrı şeiri sevməsəydi,
Yəqin, səmavi kitabları
“nəsr”lə göndərərdi...
Şairlərin adı ilk dəfə
“Əş-şuəra” surəsidə keçdi...
Allahın şairi tənqid etməsi
Şeirin qüdrətindən irəli gəlir.
“Veda”larda rəvayət edilir:
“Dünyaya bir yaradıcı az,
ikisi çoxdur!”

Nostalgiya
Keçmiş yox,
köhnə xatirələrçün
darıxırıq bəzən.
Ax, nə xoşbəxtmişik
keçənilki dünən...
Adını bilmədiyimiz
bütün illüziyaları
“nostalgiya” adlandırırıq
Heyif, xoşbəxtliyi
fərqli-fərqli ünvanlarda axtarırıq.
Əslində, o, yox idi və
heç vaxt da olmamışdı.
Əslində, dünən də xoşbəxt deyildik,
elə bu gün də...
Sadəcə dünən daha yaxşı idik
bu gündən...
Ey, sən!
Qorxutma, məni getməklə...
Qorxutma, məni gözdən itməklə...
Onsuz hamı məşğuldur tərk etməklə...
Heç sən də gəlmə.
... nə nostalgiya ol,
nə də keçmişimə zəhər qat!
Əgər haçansa gəlsən,
mənə bir qutu siqaret al...

Sonuncu məktub
Bilirəm, hələ tezdir:
doğulmağa,
yaşamağa,
ölməyə...
Fəqət gecdir:
hər şeyə;
sevgiyə,
ayrılığa,
kədərə...

Əks-arqument
Siqareti tərgidərkən
hər yerdə siqaret reklamlarıyla
rastlaşmaqdı
həyatda ən çətin olan...
Bəs indi sən
məni nəylə qorxudursan?!

***

Savablarımdan çox
Günahlarımı sevirəm
Çünki ən gözəl günahlara
Səninlə batmışam...

***

İlk dəfə “QAR” romanından
Öyrəndim ki...
Nəyi?
Üşüməyi...

***

Müharibələr xilas yoludur!
Ya hər şeyi olanlara,
Ya da heç nəyi olmayanlara...

***

Öləziyən lampalar
Közərən ulduzların
Yerini vermir.
Aydınlığa çıxmağın
çətindən çətin...

# 202 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər